adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 May 2019 14:24
28956
DÜNYA
A- A+

«S-400»lər TÜRKİYƏYƏ PROBLEM YARATMAQDADI

Birləşmiş Ştatların hökumət orqanları ABŞ-da türk hərbi pilotlarının təlimlərini dayandırmaq barədə ciddi düşünür. «Reuters»in verdiyi xəbərə görə, buna səbəb Ankaranın Rusiyadan S-400 raket sisteminin alması ilə bağlı razılığa gəlməsidir.

Agentliyə yaxın mənbələrin məlumatına görə, bununla əlaqədar son qərar hələ verilməyib. Türkiyədən olan pilotlar Arizonanın Lyuk aviabazasında beşinci nəsil F-35 qırıcılarını idarə etməyi öyrənirlər. Təlimlərin dayandırılacağı təqdirdə pilotların ölkədən ayrılmaq məcburiyyətində qalacağı və ya əksinə, proqramı sonadək başa vuraraq ölkədə qalmağı bacara biləcəkləri hələ məlum deyil.


Ekspertlər hesab edirlər ki, belə bir addım iki ölkə arasındakı yaxın əlaqələrə ciddi təsir edəcək. Bu ixtilafların başqa səbəbləri də var: Suriya strategiyasına fərqli baxışlar, İrana qarşı sanksiyalar və Türkiyədəki Amerika konsulluğunun əməkdaşlarının saxlanması.

Daha əvvəl də məlum olmuşdu ki, ABŞ hələ 22 mayda Türkiyə hökumətindən iki həftəlik Rusiya ilə müqavilədən imtina etməyi və «Patriot» Amerika raket əleyhinə müdafiə sisteminin satın alınmasını tələb etmişdi. Tələblərə əməl edilmədiyini görüncə, isə Vaşinqton Türkiyəni beşinci nəsil F-35 qırıcılarının tədarükünü ləğv etməklə və sanksiyaların verilməsi ilə təhdid edib. Və bildirilib ki, F-35 təyyarələrinin çatdırılması S-400 raket müdafiə sistemi ilə bağlı danışıqların davam etdiyi müddətdə gecikdiriləcək.

Elə həmin gün də Kremldən bildirildi ki, Rusiya öz ərazilərində türk hərbçilərinə S-400-lərlə istifadə qaydasını öyrətməyə hazırdır.
Deyəsən, artıq Türkiyə seçimini edib: "Hara getsək hamı S-400 komplekslərini soruşur. Bizlər də deyirik ki, bu öz işimizdir, hər şey tamamdır və bu iş bitib. S-400 komplekslərinin iyulda təhvil verilməsi nəzərdə tutulurdu, amma ola bilsin daha tez verildi. Amerika tərəfindən davamlı bizi təhrik edirlər, NATO-nun belə yanaşması yoxdur”-deyə prezident Ərdoğan bildirib.

Ekspertlərin fikrincə, F-35 qırıcılarından imtina Ankara üçün acınacaqlı nəticələr doğuracaq. Türkiyə bu proqrama indiyədək 1,25 milyard dollar yatırıb və həmin pullar batacaq. Türkiyə nəzərdə tutduğu 100 F-35 qırıcısını ala bilməyəcək və daha az müasir və effektivliyi aşağı olan qırıcılarla kifayətlənəcək. Hansı ki, bu qırıcılar ancaq bir neçə il sonra Türkiyənin əlində ola bilər.

Mehriban CƏFƏROVA