adalet.az header logo
  • Bakı 13°C
29 May 2019 09:50
7155
MƏMLƏKƏT
A- A+

Bu gün zərurət yaranacağı təqdirdə metro səhərə qədər fəaliyyət göstərəcək - RƏSMİ

"Bakı Metropoliteni"nin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub:

"Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək. Zərurət yaranacağı təqdirdə isə metro səhərə qədər fəaliyyət göstərəcək. Məqsədimiz final oyununu izləyən sonuncu azarkeşə qədər təhlükəsiz və rahat mənzil başına çatdırmaqdır. Hələlik gecə saat 04:00-a qədər işləməyi planlaşdırırıq. Əgər həmin vaxtdan sonra sərnişin qalarsa, onların da daşınması üçün fəaliyyət göstərəcəyik. May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda üzərində könüllülər əcnəbilərə bələdçilik edəcək".