adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 May 2019 09:19
7539
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: GECƏ SAATLARI...

Sirr deyil ki, bu il respublikamızda avtobus və mikroavtobusların sərnişin daşınması ilə bağlı bir çox problemlər mövcuddur. Əlbəttə, bu məsələlər uzun müddətdir ki, adiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılsa da, yenə görürsən ki, müəyyən anlarda qəzalar qaçılmaz olur. Və bu qəzaların da başvermə səbəbləri məlum qurumlara yaxşı bəllidir. Ya görünür məlum qurumlar mövcud problemləri həll edə bilmir, ya da görülmüş tədbirlər yetərli olmur.

Nazirlər Kabinetinin qüvvədə olan qərarı var. Həmin qərara əsasən gecə saat 12-dən səhər 6-ya kimi avtobus və mikroavtobuslarla Bakıya sərnişin daşınması ilə bağlı məhdudiyyətlər mövcuddur. Elə ən çox hadisələr də məhz gecə saatlarında, yəni bu radələrdə baş verir. Bu da təbii ki, sürücülərin istirahət etmədən 15-16 saat sükan arxasında əyləşməsi və həmin məqamlarda onların yuxulamasıdır.

Qəzalarla bağlı aparılan araşdırmalar göstərir ki, isti yay günlərində və kondisionersiz mikroavtobuslarda sərnişin daşımaq elə ölümə bərabərdir. Birincisi ona görə ki, həmin avtobus sürücüləri istirahət etmədən nəqliyyat vasitəsini idarə edirlər. İkincisi də gərək uzaq məsafəyə gedən avtobus və mikroavtobuslarda iki sürücü olsun. Yəni onun biri yorulanda digəri həmin sürücünü əvəzləsin. Əlbəttə, tək bir sürücü yorğun halda həmin maşını idarə edəndə onun qəza törətməsi şübhə doğurmur. Çox təəssüf ki, aparılan təbliğat və maarifləndirmə işlərinə baxmayaraq, bu günün özündə də Nazirlər Kabinetinin mövcud qərarı ayrı-ayrı şirkətlər tərəfindən və o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən pozulur. Başqa sözlə demiş olsaq, avtobus şirkətlərinə, MMC-lərə adını çəkdiyimiz nazirlik yetərincə nəzarət edilmir. Nəzarət də edilməyən də bax, belə qəzaların baş verməsi qaçılmazdır.


Çox uzağa getməyək. Bir neçə gün bundan əvvəl Bakı-Ələt avtomobil yolunda yüksək sürətlə sürücünün idarə etdiyi mikroavtobus yük maşınına çırpılıb. Hadisə iştirakçılarının dediyinə görə, sürücü mikroavtobusu saatda 120 ilə idarə edirmiş. Üstəlik də yorğun olduğu üçün sükan arxasında yatıbmış. Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər isə yaralanıb. Yenə sürücü səhlənkarlığı və sürücü məsuliyyətsizliyi! Axı bu barədə dəfələrlə sürücülərə yol polisi xəbərdarlıq edib. Təəssüf ki, bundan bəzi sürücülər nəticə çıxarmırlar. Həmin ərəfədə Yevlax rayonunda da mikroavtobusun aşması nəticəsində 2 nəfər – Sevindik Tamerlan qızı İmanzadə və Səadət Mahir qızı Musayeva ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəribədir, camaatın, sərnişinlərin nə günahı var ki, mənzilbaşına gedəndə dünyasını dəyişməlidir. Deməli, burda yenə günah sürücüdə və onun məxsus olduğu şirkətin rəhbərliyindədir. Gəlin onunla razılaşaq ki, sərnişin daşıyan əksər sürücülərin təcrübəsi və sürücülük hüququ yoxdur. Kimin kefi necə istəyir, elə də sərnişin daşıyır.

Ən narahatedici məqam ondan ibarətdir ki, avtobus və mikroavtobusların iştirakı ilə baş verən qəzalarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsuliyyətdən yaxasını kənara çəkir. Onlar nəyin bahasına olursa olsun, Nazirlər Kabinetinin qüvvədə olan qərarını qüvvədən salmağa çalışırlar. Çünki gecə saatlarında, yəni qadağan vaxtı avtobusların və mikroavtobusların fəaliyyəti onların büdcəsinə xeyli vəsait gətirir. Yəni kimlərinsə pul qazanması üçün həmin qərar yetərincə icra edilmir. O da bəllidir ki, istirahət etmədən sərnişin daşıyan sürücülər gecə saat 4-5 arasında yuxulayır və nəticə də faciəli sona çatır.

Bütün rayonlarda vağzallar fəaliyyət göstərir və o vağzallar da aydındır ki, yuxarıda adını çəkdiyimiz qurumların tabeliyindədir. Əgər Nazirlər Kabinetinin gecə saat 12-dən 6-ya qədər məlum qərarı qüvvədədirsə, bu barədə bütün rayon avtovağzallarının müdirləri heç şübhəsiz məlumatlandırılıb. Məlumatlandırılıbsa deməli, onlar insan taleyinə biganə yanaşmamalı və qadağanedici saatlarda avtobus və mikroavtobus sürücüləri sərnişin daşımamalıdır. Çünki hər avtovağzalda dispeçer, nəzarətçi və müdir ştatları var. Əgər bu ştatlar varsa, həmin şəxslər də öz vəzifə borclarını yerinə yetirməyə məsuldular.

Bununla yanaşı, sürücülərin ən çox sükan arxasında yatması halları isti yay aylarında olur. Yəni iyun, iyul və avqust ayları kondisioner sistemi olmayan avtobus və mikroavtobuslarla sərnişin daşınmasının qarşısı həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və DİN-ni Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınmalıdır. Çox təəssüf ki, bəzi hallarda bu qurumlar öz vəzifələrinə yetərincə diqqətli yanaşmırlar.

Məsələn, Yol Patruı Xidməti Alayının 12-ci tağımında sərnişindaşımaya qarşı mübarizə bir o qədər də yüksək səviyyədə təşkil edilməyib. Hacıqabul-Horadiz istiqamətində xidmət aparan tağımın əməkdaşları bir də görürsən ki, hərəkətin təhlıükəsizliyini təmin etmək əvəzinə ağacların arxasında durub hansı sürücünüsə güdürlər. Əgər doğurdan da xidmət aparırsansa, təbii ki, sürücünü gizlənib pusmalı deyilsən. Artıq 2017-ci ildən gizli xidmət aparmaq da ləğv edilib. Çox təəssüf ki, bu tağımda kifayət qədər kobud qayda pozuntularına qarşı mübarizə də günün tələblərinə cavab vermir. "Təmiz hava” aylığında tağımın göstəriciləri aşağı səviyyədə olub. Üstəlik də tağım komandiri Şahmar Süleymanovu çox vaxt yerində tapmaq olmur.

Havaların istiləşməsi yol polisinin üzərinə çox böyük məsuliyyət qoyur. Və bir faktı da deyək ki, Yol Patrul Xidməti Alayının əksər tağımları bu vəzifələri yüksək səviyyədə icra edirlər. Buna görə də qabaqlayıcı tədbirlər görür, maarifləndirmə işləri aparırlar. Bu isə o demıkdir ki, isti yay günlərində sürücüləri gözləyən təhlükə yol polisi tərəfindən maksimum səviyyədə aradan qaldırılacaqdır.

Amma gəlin onula razılaşaq ki, avtobus və mikroavtobusların iştirakı ilə baş verıə biləcək qəzaların qarşısını almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Yol Polisi İdarəsi bundan sonra da birgə addımlar atmalı və mövcud nöqsanların qarşısını vaxtında almalıdırlar. Çünki bu camaat yazıqdır. Onlar ayrı-ayrı səhlənkar sürücülərin günahı üzündən yollarda qırılıb məhv oldular.