BiZ HƏLƏ HEYDƏR ƏLiYEVDƏN çOX ŞEY ÖYRƏNMƏLiYiK

AQİL ABBAS
26511 | 2009-11-25 05:27
Türkiyə ilə Azərbaycan arasındakı bayraq qalmaqalı şükürlər olsun ki, hind filmlərində olduğu kimi xoşbəxt sonluqla başa çatdı. Bayraq hər bir millət üçün onun inancı qədər, yəni Tanrısı qədər, torpağı qədər, ata-babalarının məzarları qədər müqəddəs olduğu, millətin onuru və şərəfi olduğu hər kəsə gün kimi aydındır. Bayrağa çoxlu tərif yazmağa da bir lüzum yoxdu.
   
   İran Bayrağımızı tərsinə asdığına görə hökumətdən qabaq bütün Azərbaycan mətbuatı az qala üsyan elədi. Bizim qəzetlərin bəziləri də İran bayrağını tərsinə çap elədi. Mən yenə Bayrağa sayğı göstərərək İran bayrağını tərsinə çap eləmədim, etiraz əlaməti olaraq İranın dövlət başçısının şəklini baş-ayaq çap elədim.
   
   Biz başqa dövlətlərdən və başqa xalqlardan Bayrağımıza sayğı göstərməyi tələb edirik. Bu, belə də olmalıdır. Amma məsələ ondadır ki, özümüz öz Bayrağımıza sayğı göstəririkmi?! Yaxın günlərdə bu mövzuda yazı yazıb Bayrağa sayğı göstərməyən bəzi nazirliklərin və təşkilatların adlarını açıqlamışdıq, yenidən təkrar eləməyə ehtiyac görmürəm. Bəs, onda bu yazını niyə yazıram? Ona görə yazıram ki, görürəm nə qədər yazırıq, nə qədər deyirik, amma hələ heç nə dəyişmir. Yenə Bayrağımız tərs asılır. Mən buna sayğısızlıqdan daha çox məsuliyyətsizlik və laqeydlik deyərəm.
   
   Dövlət Bayrağıyla əlaqədar möhtərəm Prezidentimizin fərmanı var. Bu günlərdə möhtərəm Prezidentimizin 9 noyabrı Dövlət Bayrağı günü elan eləməsi ilə əlaqədar yeni bir sərəncamı da imzalandı. Yəni Dövlət Bayrağı həmişə dövlətin diqqət mərkəzindədir.
   
   Amma təəssüf ki, Bayrağımıza yenə sayğısızlığın və laqeydliyin şahidi oluruq.
   
   Məsələn, "Dövlət Bayrağı haqqında Qanun"da bayrağımızın haralarda asılmağı dəqiq göstərilir. Lakin yenə görürsən hansısa şirkətsə, hansısa bir mənasız təşkilatsa, hansısa bir mağazasa Dövlət Bayrağını binasının üstündən asıb. Hətta eləsi var ki, nəinki Bayrağı binanın üstündən asıb, hətta binaya həkk eləyib.
   
   Məsələn, Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişdiyi yerdə bir mebel mağazası var. Mağazanın alnına Azərbaycan Bayrağı həkk olunub. Halbuki bu, "Bayraq haqqında Qanun"a ziddir. Yaxşı, bunu ona bağışladıq. Mən bağışladım ey, bilmirəm hökumət bağışlayır, yoxsa yox. Amma məsələ bundadır ki, Bayraq binanın alnına tərsinə həkk olunub.
   
   Və məsələ ondadır ki, şəhərimizdəki mağazaların və ofislərin əksəriyyətində ya masanın üzərinə qoyulmuş, ya divarlardan asılmış bayraqlar da tərsinə asılıb. Müşahidələr aparmışam və görmüşəm ki, bunların bəziləri bilməməzlikdən bunu edirlərsə, bəziləri bilərəkdən edir. Bilərəkdən edənlərin də çoxu ya əcnəbi iş adamlarıdırlar, ya da əcnəbi iş adamlarının nəzarətində olanlardı. Belə hallara ən çox İranla bağlı təşkilatların ofislərində və yaxud onlarla bağlı mağazalarda rast gəlinir. Yəni bunlar yaşıl rəngi yuxarı qaldırmaqla İslamı Türkçülükdən öndə göstərmək istəyirlər.
   
   Bu sirr deyil ki, qardaş Türkiyədə də dini millətdən önə çəkmək istəyən təriqətlər var və bu gün də artıq Türkiyəni bu təriqətlər idarə edir. Həmin təriqətlərin əlləri uzundur və Azərbaycanda da işləyir və onlar da Türkiyədə dini millətdən və dövlətdən yuxarıda tutduğu kimi, Azərbaycanda da bu təbliğatı aparırlar. Və bunun da qarşısı alınmalıdır . Bunun qarşısını almaq üçün də xüsusi bir orqana və ya təşkilata ehtiyac yoxdur. Bələdiyyələr bu işi həyata keçirə bilər və Bayrağımıza sayğısızlıq və laqeydlik göstərənləri cəzalandıra bilər. Dəxli yoxdur ki, bu sayğısızlığı özümüz edirik, ya da özgəsi.
   
   Sözarası. Millət özünün dövlət rəmzlərini qorumalı və sevməlidir. Və biz millətimizdə bunu artıq görürük, getdikcə bu sevgi də güclənir.
   
   Yaxın keçmişdə toylarda oynayanların başına pul səpələmək, şabaş tökmək adi bir hal idi. Adamlar pulun üstündə oynayırdılar. Pul da dövlətin atributlarından biridi. Dövlət atributlarını təhqir eləmək isə cinayət əməlidir. Məsələn, sovet dönəmində 70-ci illərdə Ağcabədi rayonunun Bayat kəndində bir kolxozçu toyda hirslənib pulu cırdığına görə düz 6 il iş vermişdilər. Düzdür, pulu oynayanların başına tökürdülər, tapdanırdı, buna göz yumurdular. Amma elə ki, müstəqil Azərbaycan dövlətinin özünün pulu kəsildi, insanlar dövlətlərinin müstəqilliyinin bu atributuna hörmət əlaməti olaraq daha toylarda pulu yerə səpələyib tapdalamadılar. Millət Milli dövlətin atributuna hörmət elədi. Güman ki, burda Məmmədəmin Rəsulzadə və Nizami Gəncəvi faktoru da vardı. İnsanlarımız böyük Azərbaycan şairi Nizami Gəncəvinin və 1918-ci ildə Cumhuriyyətimizin banisi Rəsulzadənin şəkillərini tapdalamaq istəmirdilər. Beləliklə, toylarımızdan bir iyrənc ənənə ortadan qaldırıldı.
   
   Məşhur rus şairi Yevtuşenkonun gərək ki belə bir şeiri var: "Lenini pulun üstündən götürün". Yəni şair demək istəyirdi ki, əgər pula əl çirki kimi baxırıqsa, əl çirkinin üstünə Leninin şəklini vurmazlar. Amma sonra o pulu tapdalamayan millətimiz ona "Məmmədəmin" deməyə başladı. Və yaxşı ki, sonra elə o Yevtuşenkonun dediyi kimi, Məmmədəmini pulun üstündən götürdük.
   
   Qayıdaq Bayrağa. Bu mövzuya yenidən qayıtmağımın səbəbi bu günlərdə çox yüksək vəzifəli dövlət məmurlarının iştirak elədiyi bir iclas oldu. İclas gərək ki, gənclərlə bağlı idi. Salonun səhnəsində iki dövlət bayrağımız asılmışdı, ikisi də tərsinə. Və Azərbaycanın bütün dövlət yetkililəri, ziyalılar da orda idi. Və heç kim bunun fərqinə varmamışdı.
   
   Əgər dövlət yetkililəri fərqinə varmırsa, mağazada və ya yeməkxanada bayrağı tərsinə asmış savadsız bir yeməkxana işçisindən nə umaq?! Və yaxud İrana nə nota verək?!
   
   Məsələ bu.
   
   Bir hadisəni dərs üçün, örnək üçün yazıram.
   
   
   
   70-ci illər. Ulu Öndər Heydər Əliyev Sabirabadda zona müşavirəsi keçirir. Millət yığılıb, vəzifəli şəxslər yığılıb. Ulu Öndər maşından yenir və qarşılayanlarla görüşə-görüşə meydandan keçib rayon Partiya Komitəsinin binasına tərəf gedir. Meydana da səliqə ilə daş düzülüb. Həmin vaxt Sabirabad rayon partiya Komitəsinin birinci katibi Sosialist Əməyi Qəhrəmanı Məmməd Məmmədov idi. Ulu Öndər gedə-gedə Məmməd Məmmədova deyir:
   
   - Deyəsən, ustalarınız erməni olub.
   
   Məmməd Məmmədov:
   
   - Düz deyirsiniz, yoldaş Əliyev. Nədən bildiniz?
   
   Ulu Öndər başını ehmalca buluyaraq deyir:
   
   - Heç, bir meydana bax.
   
   Və girir iclasa. Katib işin nə yerdə olduğunu anlayır, dərhal göstəriş verir, meydana döşənmiş daşlar sökülür və təzədən döşənməyə başlanır. Bilirsiniz niyə? Ulu Öndər nə vaxtdan bəri heç kəsin görmədiyi bir şeyi maşından yenən kimi görmüşdü. Heç demə, meydana döşənən daşlar erməni xaçları şəklində döşənibmiş. Heç kəsin aylarla, illərlə fərqinə varmadığını Ulu Öndər bir anda fərqinə varmışdı.
   
   Belə bir olay həmin dönəmdə Ağdamda Mədəniyyət Evində də olmuşdu. Erməni ustalarının çox böyük ustalıqla gizlətdikləri xaçları Mədəniyyət Evinin qarşısında görmüşdü və dərhal da sökdürmüşdü.
   
   Amma bizim bu gün dövlət yetkililərimiz 2-3 saat bir iclasda otururlar və orda Bayraq tərsinə asılmış olur, bunun fərqinə varmırlar. 29 oktyabrda Türkiyənin Milli İstiqlal Günü münasibətilə Gülüstan sarayında keçirilən ziyafətdə də Bayrağımız tərsinə asılmışdı, heç kəs də fərqinə varmamışdı.
   
   Bəli, biz hələ Ulu Öndər Heydər Əliyevdən çox dərs almalıyıq, çox şey öyrənməliyik. Təbii ki, buna qabiliyyətimiz çatırsa!
   
   

TƏQVİM / ARXİV