adalet.az header logo
  • Bakı 19°C
27 May 2019 17:35
14495
ƏDƏBİYYAT
A- A+

Oqtay RZA: AZƏRBAYCAN

Ay-ulduzlu bayrağın var,

Qədim, ulu torpağın var;

Özün boyda çırağım var,

Əsrlərdən sorağın var.

Əsirgəmir uğrunda can

Min-min igid Azərbaycan!

Yaşa, eşqi çiçək açan

Azad, vahid Azərbaycan!

İstiqlalın yolu çətin,
Məskənisən bol sərvətin;

Dövran bizi bağışlamaz

Qorunmasa təbiətin.

Azıxdır ilk ünvanımız,

Qobustan – daş dastanımız;

Xudafərin körpüsündən

Yenə keçər karvanımız.

Bakı daim şöhrətimiz,
Xəzər mavi qüdrətimiz;

Heykəl kimi ucalacaq

Qürurumuz, qeyrətimiz.

Əsirgəmir uğrunda can

Min-min igid, Azərbaycan!

Yaşa, eşqi çiçək açan

Azad, vahid Azərbaycan!

***

Karpatın haçabel başından aşdıq,

Nəğməm bələdçinin xoşuna gəldi;

Dunay sahilində səhəri açdıq,

Nağıllı günümüz sanki gödəldi.

Yunan gözəlinə qərənfil verdim,

Çexlər bayatımı əzbərlədilər;

Macar mətbəxində plov bişirdim,

Yedilər, "afərin”, "əhsən” dedilər.

Tatar şairləri məclis qurdular,

Söz düşdü Vurğundan, Musa Cəlildən;

Bir neçə rübai oxutdurdular,
Qorqudu soruşdum türkdilli eldən.

Qarmonda çaldığım "Bayatı-Şiraz”

Dolaşdı Beşkekin küçələrini;

Çində dilləndirib "Çüçələrim”i,

Alqış yağışında yuyundum bir az.

Başlanır haradan, nədən yollarım?

Sərhəddə qırılır hərdən yollarım;

Məni millətimə bağlayan teldir

Bakıdan hər yana gedən yollarım!

Duyğular bəzəyir könül bağımı,

Görüb-götürməyə hazıram yenə;

Ay dost, bildiyimi, bacardığımı

Anam Azərbaycan öyrədib mənə!