adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 May 2019 17:24
21943
ƏDƏBİYYAT
A- A+

Eltun TÜRKEL: BİZDƏN UZAĞIQ

Hicranın yolunu əzbər bilirik,

Vüsalın saldığı izdən uzağıq.
Acı danışmaqdan dil zəhər olub,
Bir şirin söhbətdən, sözdən uzağıq.

Ağlar gözümüzün yaşı silinmir.
Dərdimiz azalmır, yarı bölünmür.
Bu necə sevgidir fəsli bilinmir,
Elə hey qış olur, yazdan uzağıq.

Sən mənə, mən sənə bir yadıq indi,
Qovuşmaq arzumuz xəyala döndü.
Bu eşq ocağının alovu söndü,
Külü göz önündə, közdən uzağıq.

Ümiddən yol saldıq hər ötən günə,
Sanmıram birlikdə olarıq yenə.
Sən sənə yaxınsan, məndə ki, mənə,
Bizi birləşdirən bizdən uzağıq.
14-05-2018


MƏRMƏR


Nurla yoğrulmuşdu sanki xəmirin,
Gözəllik İlahi payın olmuşdu.
Gündüzlər min rəngə çalan parıltın,
Zülmət gecələrdə ayın olmuşdu.

Həsədlə baxırdı sənə qayalar,
Nə qəmli, qüssəli, nə də dərdliydin.
Yerində ağırdın, dəyərin vardı,
Daş idin amma ki, daşdan fərqliydin.

Heyf çox çəkmədi bu xoş günlərin,
Qiymətli daş kimi satdılar səni.
Vüqarlı dağlardan qoparıb, kəsib,
Hərrac bazarına atdılar səni.

Sonda cilalandı qıraq-bucağın,
Canından can alıb saray tikdilər.
Yetmədi qiymətli mərmər olmağın,
Üzünə bir insan şəkli çəkdilər

Bir vaxt parıltına qamaşan gözlər,
İndi sənə baxıb tökür göz yaşı.
Adın da dəyişib elin dilində,
Sən mərmər deyilsən- mərmər baş daşı.

16-10-2018


AY QOCALIQ GÖRÜŞÜNƏ GƏLİRƏM


Yollarında göz nurumu itirib,
Gəncliyimdən xatirələr gətirib.
Vədə çatıb, ələ çəlik götürüb,
Ay qocalıq, görüşünə gəlirəm.

Rəngi solmuş, qırış tutan üzümlə,
Taqətsizcə, tir-tir əsən dizimlə,
Heç kim gəlmir, təkcə özüm özümlə,
Ay qocalıq, görüşünə gəlirəm.

Günlərimi bircə-bircə sayıram,
Cavanlığı ötən gündə qoyuram.
Yaxındayam, hənirtini duyuram,
Ay qocalıq, görüşünə gəlirəm.

Xəzan olub gül-çiçəkli baharım,
Quruyubdur budaq üstə nübarım.
Vağzalına çatıb ömür qatarım,
Ay qocalıq, görüşünə gəlirəm.

Aç qapını, aç, qalmaram əbədi,
Desən ki, sus, səs salmaram əbədi,
Qorxma sənə yük olmaram əbədi,
Ay qocalıq, görüşünə gəlirəm.
25-10-2018


ÜÇ GÜNLÜK ÖMÜR


Deyirlər ki, insan ömrü üç gündür:-
Birinci gün ərk edirsən.
Ikinci gün dərk edirsən.
Üçüncü gün tərk edirsən.

Birinci gün uşaqlığım:-
Ərk edirdim tellərimə,
Sığal çəkən hər bir kəsə.
Ağlayardım tez küsərdim,
Atam-anam, nənəm-babam,
Acıqlanıb bir söz desə.

Birinci gün hiss etmədim,
Nur içində zülmətini.
Ikinci gün dərk elədim,
Bu dünyanın hikmətini.

Bilə-bilə, qana-qana,
Gəncliyimi vurdum başa.
Öz odumda yana-yana,
Gəlib çatdım ahıl yaşa.

Budur artıq əl çatmazdı,
Ərk etməyim, dərk etməyim.
Bircə qalıb üçüncü gün,
Bu dünyanı tərk etməyim.
05-11-2017


SƏN MƏNƏƏLVİDA DEDİYİN GÜNDƏN


Doğmalar içində bir yad kimiyəm.
Toz basmış kamanın qırıq simiyəm,
Kədər dənizində üzən gəmiyəm,
Sən mənə əlvida dediyin gündən.

Fələk öz sazında min hava çaldı,
Yadımda ayrılıq nəğməsi qaldı.
Əzabın sevgindən vəfalı oldu,
Sən mənə əlvida dediyin gündən.

Həsrətin dumanı yolumu kəsdi,
Ruhumu üşüdən küləklər əsdi.
Bəxtim üz döndərdi, taleyim küsdü,
Sən mənə əlvida dediyin gündən.

Qəlbimdə sızıltı, üzümdə qəhər,
Yenə oyanıram sənsiz bu səhər.
Sükuta qərq olub səs-küylü şəhər,
Sən mənə əlvida dediyin gündən.

Otağım soyuyub məzar olubdur,
Göz yaşım göllənib "Xəzər" olubdur,
Dedilər Eltun da yazar olubdu,
Sən mənə əlvida dediyin gündən.
08-12-2018


UCUZLAŞIB


Boyayla rəngini dəyişən günnən,
Həyadan qızaran üz ucuzlaşıb.
"Kişilər" ədayla yeriyir, Allah,
Qadına yaraşan naz ucuzlaşıb.

Bir vaxt qızıl kimi əyarı vardı,
Çəkidə saflığı, meyarı vardı,
Dünən ucalığı, dəyəri vardı,
Bu gün bilmişəm ki, söz ucuzlaşıb.

Pula əsir olan canı neynirsən,
Şöhrəti neynirsən, şanı neynirsən?
Ay Eltun, sən beşi, onu neynirsən,
Əlli dəbdən düşüb, yüz ucuzlaşıb.
10-01-2018


BAZAR GƏZİRƏM


Dünya ağrılarım çaşdırıb məni,
Qurumuş ağacda nübar gəzirəm.
Dörd fəsli qış keçən ömür payımda,
Arzular cücərdən bahar gəzirəm

Səbrimin qılıncı kəsib özünü,
Taleyim bir küncə qısıb özünü.
Göz yaşım kiprikdən asıb özünü,
Dəfninə üzümdə məzar gəzirəm

Alnımdan kədərin izini silib,
Dilimdən "dərdliyəm" sözünü silib,
Fələyin yazdığı yazını silib,
Yenidən bəxt yazan yazar gəzirəm.

Ümidlər yurd saldı quyu dibində,
İllərim can verdi zaman ipində.
Eltunam, yoxluğun varı cibində,
Xoşbəxtlik satılan bazar gəzirəm.

27-01-2019


QARA BULUD


Qara bulud!
Söylə niyə qaralmısan?
Yoxsa şimşək qamçılayıb,
İz açıbdır kürəyində.
Yerin, göyün ağrıları,
Məskən salıb ürəyində.
Damcı-damcı səpələnir,
Yer üzünə qanın sənin.
Tab gətirmir ağrılara canın sənin.
Zaman-zaman torpaq ilə görüşməyin,
Cəzasıdır,sən çəkirsən.
Duman olub torpaq ilə görüşməyin cəzasıdır, sən çəkirsən.
Rəvadımı yaranandan,
Göz yaşınla sevdiyini qoruyursan.
Rəvadımı yaranandan,
Göz yaşının buxarıyla,
Böyüyürsən, doyursan
Göz yaşınla qovuşursan sevdiyinə,
Öz canından can ayırıb,
Can verirsən sevdiyinə.
Sən göylərin övladısan,
Torpaq yerin,
Bu sevgidə bitməyəcək dərdin, sərin.
Qara bulud!
Bu sevgidən əlini üz,
Ayını üz, ilini üz.
Yoxsa dünya var olduqca şimşək qamçın,
Çəkəcəkdir kürəyinə yara, bulud.

04-04-2019


ANALIQ HİSSİNİ DAŞIYAN QADIN


Ömür budağından yarpaq qoparıb,
Bələyər gecələr öz körpəsinə.
Dolanar başına üzərlik kimi,
Qoymaz heç vaxt dəyə göz körpəsinə,
Analıq hissini daşıyan qadın.

Günəşdən tez duran, günəş də sənsən,
Gecələr gözündə kiçilər, sənin.
Hər yerdə, hər zaman ucalığıyla,
Adın da adlardan seçilər, sənin,
Analıq hissini daşıyan qadın.

Nə qədər nəfəsi dövr edir canda,
Ürəyi mərhəmət ritmində vurar.
Müqəddəs Qur'an da belə buyurub,
Cənnətdən bir pillə yüksəkdə durar,
Analıq hissini daşıyan qadın.

Ana nəfəsinlə qızınmayan ev,
Soba istisinə qızası deyil.
Milyon bəstəkar da yığılsa vallah,
Bir ana laylası yazası deyil,
Analıq hissini daşıyan qadın.

02-05-2019