adalet.az header logo
  • Bakı 7°C
24 May 2020 12:08
162861
MƏDƏNİYYƏT
A- A+

Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır - Eminquey yazır

Sevgilim, mən öləndə...

Bu misraların müəllifi sanki elə Fuad Poladovun özüdür.

Otuz ildir çalışdığı Səməd Vurğun adına Rus dövlət dram teatrının səhnəsində onun əziz xatirəsinə həsr edilmiş "Köhnə telefon" tamaşası başlayacaq. Tamaşa başlayıb qurtarana kimi bilmirdim ki, baş rolda Fuad Poladovun özü olacaq. Amma bircə şeyi dəqiq bilirdim – bu tamaşa, Lalə xanımın dediyi kimi, heç bir teatrın repertuarında yer almayıb, heç bir teatrımızda səhnəyə qoyulmayıb. Layihənin rəhbəri Estoniyada Azərbaycan mədəniyyəti, incəsənəti, teatrını tanıdan həmyerlimiz Sənəm Əliyevadır.



Yavaş-yavaş zal dolur, hərə öz yerini tapıb əyləşir. İki qadın məni öz yerimdən didərgin eləməkçün plan qurmuşdular elə bil. Centlimenlik xətrinə onlara yer verib özümə başqa yer axtarıram. Bu dəfə qismətimə Gülzar Qurbanovanın oturduğu sıra düşür, özü də düz yanındakı boş yer. Səlim Babullaoğlu və iki adam mənim keçməyim üçün ayağa qalxır. Açığı utancaq olduğum üçün Gülzar xanımın yanında əyləşməyə çəkinirəm:

- Səlim bəy, olar siz orda əyləşəsiniz, mənsə sizin yerinizdə?

- Niyə?

- Başımı yelləyirəm.

-Olmaz! Sən elə keç öz yerində əyləş...

Tamaşaçılar arasında görkəmli mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər, tanınmış simalar əksəriyyət təşkil edirdilər. Fuad Poladovun oğlu Ağarəhim də öz nişanlısı ilə burada idi.

Tamaşa başlayır.



Uzun paltolu, şlyapalı bir adam monitordan parkda gəzişən göyərçinlərə tamaşa eləyir. Bu, Hikmətdir. Hikməti elə iki il qabaq bu vaxtlar tanımışdım. Ramazan ayında. Lalə xanım tanış etmişdi bizi. Hikmət şeirimi səsləndirəcəkdi. Hikmət şeirimi səsləndirməyindən tanımışdım. Möhtəşəm idi. O, mənim şeirdəki səsimi çox gözəl tutmuşdu. Hikmətdən sonra mən o şeiri heç vaxt özüm oxumuram. O şeir sanki elə Hikmətindir.

Qayıdaq tamaşaya. Hələ ki, qəhrəmanın adı bilinmir. Qəhrəman onlara dən səpir və göyərçinlər uçur. O, qəfil uşaqlığından söz açmağa başlayır. Elə hər şey də buradan başlayır.

Hikmət bizi anidən uşaqlıq dövrünə aparır. Məlum olur ki, baş qəhrəmanın adı Polarddır. Polard! Tamaşanın rejissoru Abdulqəni bəy bu hekayəni nahaqq yerə seçməyib. Ən xırda detalına qədər bizə bir nəfəri işarə verir. Polard! Bu ad oxşarlığı sizə bir şey demir ki? Fuad Poladovu xatırlatmır ki?!



Rus dram teatrında ilk dəfə olurdum. Açığı teatrın səhnəsi mənə o biri teatrlara nisbətən bir qədər balaca göründü. Abdulqəni bəy dünya miqyaslı Fuad Poladovu nəinki bu kiçik səhnəyə, hətta daha kiçik məkana sığışdarmaq niyyətində imiş, tamaşanın sonunda aydın olur hər şey. Tamaşa boyu Hikmət sürətlə başqa-başqa obrazlara dönür. Gah Polardın uşaqlığı olur, gah atası, gah da telefon ustası.

Polardın anasını oynayan Münəvvər Əliyevanın və bacısını oynayan Fidan Bayramovanın oyunları da təbii və gözəl idi.

Hər şey Polardın evdə tək qaldığı vaxt o telefonu götürüb kiməsə yığmağı ilə başlayır. Bu mənə Anarın "Mən, sən, o və telefon” hekayəsini xatırlatdı. Qəhrəman bəxt-ilahi bir nömrə yığır və onunla danışan qadına vurulur. Onlar bir-birilərini telefonda sevirlər.

Polard telefonun otayındakı sehirli səsin sahibi qadınla hər gün danışır, ondan məsləhət alır. Bu məqamda səhnənin arxa fonunda böyük qırmızı dodaq gəzişir. Rejisssor tamaşanın sehrini çatdırmaq üçün bu kimi çox detallardan istifadə edir. Arxa fonda rəqs edən qadın silueti görünür.

Özümü rejissorun yerinə qoyub deyərdim ki, bu tamaşa bəlkə də Polardın qadınla dialoqları üstündə qurulub, nəinki fransız kimyaçı Paul Villardın "Köhnə telefon” əsəri üzərində. Çünki əsas mesajlar bu dialoqlardadır.

Bir azdan bu səs obraza çevriləcək və biz onu görəcəyik. Jurnalist-aparıcı Lalə Əliyevanın səsidir o səs. Saatlarla yorulmadan onun səsinə qulaq asmaq olar.


Film, musiqi, rəqs, hətta bir məqamda aktyorların birləşib lövhədə əlləri, barmaqları ilə rəqs nümayiş etdirmələri çox gözəl düşünülmüşdü. Hikmətin etiraz dolu monoloqu isə möhtəşəm idi.

Polard səyahətə çıxır, qızlarla əylənir, əyləncə salonlarında vaxt keçirir... Bu səyahət boyu Hikmətlə Fidanın rəqsi də olduqca gözəl idi. Polard ona yaxınlaşan gözəlçədən bir anlıq diksinir və telefondakı o sehrli səsi xatırlayır.

Aeroportda taksafon görüb yaxınlaşır və nömrəni yığır. Həmin sehrli səs artıq qocalıb. Səsinin sahibinin adı Salli imiş. Salli ona ünvanını verir. Polardsa onun mütləq görüşəcəyini deyir. Belə də olur. Amma...

Polard Sallinin evinə gələndə bir qız ona qadının bir neçə gün qabaq öldüyünü deyir.

Bu ölüm xəbərinin üstünə qəfil zaldan azan səsi gəlir. Və zala çönürəm... Bəzi adamlar qabaqcadan özləri ilə su butulkası gətiriblər. Azan səsini eşidən adamlar oruclarını açırlar. Amma o sehrili səs kim idi?


İradə İsakın yazısını xatırladım.

"İllərdir ondan ayrılan Fuad Poladov isə son nəfəsinə qədər sevgisi Vəfanın yastığının yanından əl çəkmədi. O, arıqlayıb çuxura düşmüş üzünü, damarlı əllərini öpə-öpə Vəfaya çirkinləşdiyini bildirmədi. Onun tökülmüş saçlarını daradı. Vəfa Fuad Poladovun qollarında keçindi".


Tamaşanın sonunda sonuncu kart açılır. Böyük ekranda Fuad Poladovun şəkli görünür. Hə, deməli, o sehirli səsin sahibi Vəfa xanım imiş. Polardsa dediyim kimi Fuad Poladov. Onlar tamaşada da qovuşa bilmədilər.

Alqış səsləri başlayır. Mənsə hələ də Fuad Poladovun şəklinə baxa-baxa ətrafdan təcrid olmuşam. Tamaşa boyu bircə kəlmə belə kəsmədiyim, utandığım Gülzar Qurbanova mənə tərəf əyilir:

- Bu, Fuad Poladovdur. Onu ayağa qalxıb alqışlamasan ayıb olar.

Arxaya çönəndə gördüm ki, hamı ayaq üstə əl çalır. Utandım. Mən bu vaxta kimi heç bir teatrda bu qədər uzun və coşğulu alqış səsi eşitməmişdim.

Fuad Poladov ekrandan bizə baxırdı. Çox böyük baxırdı, çox. O, öz tələbəsi Hikmətin oyunundan da, bu tamaşanı ərsəyə gətirənlərin işindən də məmnun idi. Və sanki deyirdi:

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Elə bil bu dəqiqə hərə bir küncə çəkilib xısın-xısın ağlayacaqdı...


27 may 2019