adalet.az header logo
  • Bakı 20°C
27 May 2019 11:51
13942
ƏDƏBİYYAT
A- A+

ŞƏHƏRCİK

TEFFİ


Bu balaca bir şəhərcik idi – qırx min nəfərə yaxın əhalisi, bir kilsəsi və saysız-hesabsız aşxanaları var idi.

Şəhərciyin içindən çay keçirdi. Çox qədim dövrlərdə adına Cekvana, sonralarsa Sena deyilirdi.Üstündə şəhərcik salındıqdan sonra sakinlər onu "onların Nevası” adlandırmağa başladılar. Amma buna baxmayaraq,aradadabir köhnə adını da dilə gətirirdilər. Güzəranlarından söz düşəndə deyirdilər: "Pis yaşayırıq – Senadakı itlər kimi”[1].

Əhali ya Pasya, ya da ki, Riqovoş qəsəbələrində cəmlənmişdi – sıxlıq idi. Gənclər əsasən yük daşımaqla məşğul olurdular – sürücülük edirdilər.Yaşlılar aşxana saxlayır və yaxud həmin aşxanalarda çalışırdılar: qarayağızlar qaraçı və qafqazlı, sarıyağızlar maloroslar[2] qismində.

Qadınlar bir-birlərinə paltar tikir, şlyapa düzəldirdilər.Kişilərsə bir-birlərindən borc alırdılar. Şəhərciyin əhalisi kişilər və qadınlardan savayı bir də nazirlərdən və generallardan ibarət idi. Onların çox az qismi yük daşıyırdılar, əksəriyyəti borclanmaq və memuar yazmaqla məşğul olurdu.

Memuarlar öz adını tərifləyib göylərə qaldırmaq və silahdaşları ləkələyib rüsvay etməkdən ötrü yazılırdı. Memuarlar arasındakı fərq ondan ibarət idi ki, bəziləri əllə, bəzilərisə yazı makinalarında yazılırdı.

Həyat çox yeknəsək idi.

Bəzən şəhərcikdə hansısa teatr peyda olurdu. Orda hay-həsir qopardan tarelkalar və rəqs eləyən saatlar göstərilirdi. Vətəndaşlar özlərinə havayı biletlər tələb edir, tamaşalarasa qərəzli yanaşırdılar. Müdiriyyət havayı biletlər paylayır və kütlənin təntənəli söyüşləri altında sakitcə itib-batırdı.

Şəhərcikdə qəzet də var idi. Hamı onu müftə almaq istəsə də, qəzet buna mətanətlə sinə gərir, təslim olmur və yaşayırdı.

İctimai hadisələrlə az maraqlanırdılar. Daha çox rus borşu şüarı aldında, özü də kiçik qruplarla toplaşırdılar, çünki hamı bir-birinə o qədər nifrət edirdi ki, on nəfəri digər on nəfərlə düşmən olmayan iyirmi adamı bir yerə yığmaq mümkün deyildi. Olsa da tezliklə onlar da düşmənə çevrilirdilər.

Şəhərcik çox qəribə məkanda yerləşirdi. Onu nə boş düzəngah, nə meşələr, nə də vadilər əhatə eləyirdi, onu möcüzəli muzeyləri, rəsm qalereyaları, teatrlarıyla dünyanın ən gözəl paytaxtının küçələri dövrələmişdi.Ancaq şəhərciyin sakinləri paytaxt əhalisiylə qaynayıb-qarışmırdılar, yad mədəniyyətin bəhrəsindən faydalanmırdılar. Hətta maqazinləri də ayrıydı. Muzey və rəsm salonlarına nadir hallarda kimsə ayaq basardı. Kimsə, nə vaxtsa...bir də axı nəyə lazımdır– yox sən də, təkcə elə muzeyimiz çatışmır.

Paytaxt sakinləri nə vaxtsa mədəni dünya asteklərlə maraqlandığı kimi əvvəl-əvvəl onlara maraqla tamaşa edir, davranışlarını, vərdişlərini, məişətini öyrənirdilər. Nəsli kəsilməkdə olan qəbilə... Bəşəriyyətin qürur duyduğu həmin o böyük, şərəfli insanların nəsilləri!

Sonra maraq söndü.

Onlardan yaxşı sürücülər və bizim sexlər üçün tikmə tikənlər çıxıb. Rəqsləri məzəli, musiqiləri maraqlıdır...

Şəhərciyin sakinlərinin qəribə jarqonda danışsalar da , filoloqlar orda asanlıqla slavyan kökləri tapırdılar.

Öz tayfalarından kimsə oğru, dələduz və ya satqın çıxanda şəhərciyin adamları sevinrdilər. Bundan əlavə onlar kəsmiyi və telefonla uzun-uzadı danışmağı da xoşlayırdılar.

Onlar heç vaxt gülmürdülər, daim acıqlı və hirsliydilər.

Tərcümə: M. Cavadoğlu



[1]Rus dilindəki "kak na sobaka na sene” ("özüyeməyən, özgəyə də verməyən it kimi”) məsəlinə işarədədir.

[2]Maloros – kiçik ruslar. Əvvəllər ukraynalılara belə deyirdilər. Malorossiya, yəni Kiçik Rusiya toponimindən.