NiYƏ ŞAGiRDLƏRiN SAYI AZALIR?!

AQİL ABBAS
34484 | 2009-11-18 00:13
Biz orta məktəbdə oxuyanda hamımız müəllim olmaq istəyirdik. Çünki müəllim cəmiyyətdə hamıdan hörmətli idi və hamıdan qəşəng geyinirdi. Ona görə oxuyurduq ki, biz də müəllim olaq.
   
   Biz orta məktəbdə oxuyanda həkim olmaq istəyirdik. Çünki həkim cəmiyyətdə hamıdan hörmətli idi və çox yaxşı yaşayırdı. Biz də oxuyurduq ki, həkim olaq, həm hörmətli olaq, həm də hamıdan yaxşı yaşayaq.
   
   Biz orta məktəbdə oxuyanda şair, yazıçı olmaq istəyirdik. Çünki şair, yazıçı cəmiyyətdə hamıdan hörmətli idi. Rayona bir şair gələndə bütün rayon onun pişvazına çıxırdı. Məclisə bir şair girəndə məclis ayağa qalxırdı. Ona görə oxuyurduq ki, biz də şair, yazıçı olaq.
   
   Biz orta məktəbdə oxuyanda rəssamları barmaqla göstərirdilər. Biz də oxuyurduq ki, rəssam olaq, bizi də barmaqla göstərsinlər.
   
   Biz orta məktəbdə oxuyanda alimlər cəmiyyətin ən ali zümrəsi idi. Adamlar az qalırdılar alimlərin əllərindən öpsünlər. Biz də oxuyurduq ki, alim olaq, biz də cəmiyyətdə əli öpüləsi insanlara çevrilək, cəmiyyətə xeyir verək.
   
   Biz orta məktəbdə oxuyanda mühəndislər hamıdan hörmətli idilər. Biz də oxuyurduq ki, mühəndis olaq, bizə də hörmət etsinlər.
   
   Biz orta məktəbdə oxuyanda prokuror da olmaq istəyirdik, çünki prokurorlardan qorxurdular, sayırdılar. Prokuror olmaq üçün də oxumaq lazım idi. Biz də oxuyurduq ki, prokuror olaq, bizi də saysınlar, bizdən də qorxsunlar.
   
   Biz orta məktəbdə oxuyanda kosmonavt olmaq istəyirdik. Biz də kosmosa uçub ordan dünyaya baxmaq istəyirdik. Bunun üçünsə oxumaq lazım idi, ona görə də oxuyurduq.
   
   Biz orta məktəbdə oxuyandaYusif Məmmədəliyev olmaq istəyirdik, Xudu Məmmədov olmaq istəyirdik, Azad Mirzəcanzadə olmaq istəyirdik. Onlar olmaq üçün isə oxumaq lazım idi, ona görə oxuyurduq.
   
   Biz orta məktəbdə oxuyanda məktəblərə, küçələrə, hər yerə Leninin bir fikrini asmışdılar: "Oxumaq, oxumaq, yenə də oxumaq!" Biz də oxuyurduq, oxuyurduq, yenə də oxuyurduq.
   
   İndi şagird müəllim olmaq istəmir. Çünki şagirdin əlindəki telefon müəllimin bir illik maaşı eləyir. Şagirdin qolundakı saat müəllimin bütün ailəsinin geyim-kecimi eləyir. Biz oxuyanda müəllim şagirdi dərs oxumadığına görə döyürdü, indi şagird müəllimi döyür dərs oxutduğuna görə.
   
   İndi şagird həkim olmaq istəmir. İndi şagird görür ki, həkim elə də sayılıb-seçilmir və onun bir illik maaşı bir normal ailənin bir aylıq dolanışığı deyil.
   
   İndi şagird şair, yazıçı olmaq istəmir. İndi cəmiyyətdə ən yazıq gündə yaşayan şair və yazıçılardı.
   
   İndi şagird rəssam olmaq istəmir. Çünki ailələri ilə birlikdə rəssamlar 20-25 kvadratmetrlik emalatxanada yaşadıqlarından o rənglərin iyindən xəstəlik tapırlar.
   
   İndi şagird alim olmaq istəmir. Çünki alim, professor əlində iki kilo kartof, yarım kilo ət, bir kilo soğan, iki dəstə də göy dayanacaqda avtobus gözləməkdən ayağı ağrıyır.
   
   İndi şagird mühəndis olmaq istəmir. Mühəndislər qəpiyə güllə atırlar. Əyinlərindəki paltar da o qədər geyinilib ki, parıldayıb kristalona oxşayır.
   
   İndi şagird prokuror olmaq istəmir. Çünki nə prokuroru sayan var və nə də ondan qorxan.
   
   İndi şagird kosmonavt olmaq istəmir. Çünki day kosmonavt olmaq üçün oxumaq lazım deyil. Pulun varsa, bilet al, uç kosmosa, nə qədər istəyirsən ordan öz kəndinə bax.
   
   İndi şagird Yusif Məmmədəliyev, Xudu Məmmədov, Azad Mirzəcanzadə olmaq istəmir. Çünki bu xalq bu adları çoxdan yadından çıxarıb.
   
   İndi şagird müğənni olmaq istəyir, şoumen olmaq istəyir, tamada olmaq istəyir, idmançı olmaq istəyir. Çünki cəmiyyətin ən seçilən, ən gözəl yaşayan zümrələri bunlardı.
   
   Bunlar olmaq üçün isə oxumaq lazım deyil. Nə elm, nə kitab, nə məktəb, nə müəllim?..
   
   İndi bildiniz şagirdlərin sayı niyə azalıb və məktəbə gedənlər də niyə oxumurlar? Bir ölkədə də 25 faiz şagird attestat almaya bilərmi?
   
   Sonda əziz balalarımıza bir məsləhət.
   
   Əziz balalar, Nizaminin də, Füzulinin də, Nəsiminin də, Əcəmi Naxçıvaninin də, Nəsrəddin Tusinin də, İbn Sinanın da, Axundovun da, Mirzə Cəlilin də, Sabirin də dövrlərində müğənni də olub, şoumen də olub, təlxək də olub və onlardan da yaxşı yaşayıblar, amma bir milyon tarixçi axtarsa onların adını tapa bilməz.
   
   Bu millət elələrinin deyil, nizamilərin, tusilərin çiynində yüksəlib və yaşayıb. Bu milləti yaşatmaq istəyirsinizsə və siz də əbədi yaşamaq istəyirsinizsə, gəlin Leninin sözünə qulaq asın: "Oxuyun, oxuyun, yenə də oxuyun!"
   
   Leninin sözünə qulaq asmaq istəmirsizsə, onda Məhəmməd peyğəmbərin sözünə qulaq asın: "Beşikdən məzaracan oxuyun".

TƏQVİM / ARXİV