adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 May 2019 16:59
20566
ƏDƏBİYYAT
A- A+

“Açıq qapı”lardan üçü - Etibar CƏBRAYILOĞLU


Mədəniyyət Nazirliyinin təşkil etdiyi media-turdan qeydlər

Ölkəmizdə növbəti dəfə Beynəlxalq Muzeylər Günü qeyd olundu. Mədəniyyət Nazirliyinin təşkilatçılığı keçirilən silsilə tədbirlərin sırasında aparıcı KİV-ləri təmsil edən jurnalistlər üçün media-tur da var idi. Mətbuat nümayəndələrini gün ərzində maraqlı səyahət gözləyirdi. Onlar "Açıq qapı” günü çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Milli İncəsənət Muzeyi və dünya şöhrətli bəstəkar Qara Qarayevin ev muzeyi ilə tanış olacaqdılar.

Birinci qapı

Media-tura Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan start verildi. Paytaxtın 65 kilometrliyində yerləşən bu qədim yaşayış məskəninə gedərkən Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova Beynəlxalq Muzeylər Günü ilə bağlı media-tur iştirakçılarını ətraflı məlumatlandırdı. Nazirlik təmsilçisinin sözlərinə görə, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən başlayaraq bu əlamətdar gün dünyanın 150-dən çox ölkəsində qeyd olunur, 1993-cü ildən isə İCOM-un Azərbaycan Milli Komitəsi təsis edilib. "Açıq qapı” və bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd muzeylərə ictimaiyyətin diqqətini daha da artırmaq, xalqımızın mədəni sərvətlərini xüsusi ilə gənclər arasında təbliğ və təşviq etməkdir.

KİV nümayəndələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna çatanda muzey binasının qarşısında qələbəlik var idi. Bakının ayrı-ayrı orta məktəblərinin müəllim və şagirdləri, müxtəlif ölkələrdən gələn əcnəbi turistlər muzeydəki eksponatlarla tanış olurdular.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərlə söhbətində bildirdi ki, burada əsasən orta daş dövrünə aid abidələr sərgilənir. Qədim yaşayış məskəni Qobustanın elmi cəhətdən tədqiqi ötən əsrin 30-cu illərinin sonundan başlayıb, görkəmli arxeoloqlarımızdan biri, mərhum professor İshaq Cəfərzadə bu sahədə çox mühüm işlər görüb. Məhz onun fədakarlığı və illər uzunu apardığı araşdırmalar nəticəsində 750 qaya üzərində döymə, qazma və sürmə üsulu ilə çəkilən 3500-dən çox insan və heyvan rəsmi, müxtəlif işarəli yazılar-petroqliflər, 20 qayaaltı sığınacaq aşkar olunub. Müxtəlif illərdə aparılan tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin tariximiz üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSRİ Nazirlər Soveti 1966-cı il sentyabrın 9-da Qobustan Dövlət Qoruğunun yaradılması ilə bağlı qərar verib. Qoruq əsasən üç dağın- Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi təxminən 4500 hektar ərazini əhatə edib.

Vüqar İsayevin sözlərinə görə, 2006-cı ildə qoruq milli status alıb, bir il sonra isə növbəti mühüm hadisə baş verib: "2007-ci ildə Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Dünya Mədəni İrs komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Maddi-Mədəni İrs Siyahısına daxil edilib. 2011-ci ildə qoruqda yeni və dünya standartlarına uyğun muzey binası istifadəyə verilib”.

Vüqar İsayev onu da vurğuladı ki, Qobustan Tarixi-Bədii Qoruğu ölkəmizə gələn əcnəbi turistlərin daim diqqət mərkəzində olduğu üçün Mədəniyyət Nazirliyinin rəhbərliyi burada xidmət səviyyəsinin daha da artırılması barədə tapşırıqlar verib. Qoruğun kollektivi də qarşıya qoyulan bu tapşırıqları yerinə yetirmək üçün səylə çalışır.

Direktorun sözlərinə görə, üç gün ərzində davam edəcək "Açıq qapı” tədbirinin elə ilk günündə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna iki minə yaxın ziyarətçi gəlib.

"Açıq qapı” günü Abdulla Şaiq adına Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyasının qoruğa qonaq gəlməsi tədbirlərə xüsusi rəng qatdı. İstedadlı yazıçı-dramaturq Səidə Haqverdiyevanın rəhbərlik etdiyi teatr-studiyanın gənc ifaçıları maraqlı konsert proqramı ilə qoruğa səyahətə gələn məktəblilər və əcnəbi turistlər qarşısında çıxış etdilər.



İkinci qapı

Qobustandan qayıdan media-tur iştirakçıları paytaxtın Nizami küçəsi 49 saylı ünvanda yerləşən muzeyə də baş çəkdilər. Bura şəhərimizin sakinlərinə və qonaqlarına yaxşı tanışdır. Dünya şöhrətli bəstəkar, Lenin mükafatı laureatı, akademik Qara Qarayevin ev-muzeyi məhz burada yerləşir. Görkəmli bəstəkarın uşaqlıq və gənclik evləri bu mənzildə keçib, dünya mədəniyyətinə bəxş etdiyi musiqi əsərlərinin bəzilərini də burada yazıb.

Ölkə rəhbərinin sərəncamı ilə ötən il Qara Qarayevin 100 illik yubileyi təntənə ilə qeyd olunub, dünya şöhrətli pedaqoq-bəstəkarın da ev-muzeyi 2018-ci il oktyabrın 1-də qapılarını ziyarətçilərin üzünə açıb. Muzeydə Qara Əbülfəz oğlunun həyat və yaradıcılığını özündə əks etdirən 300-dən çox nadir material toplanıb. Ziyarətçilər rəsmi sənədlər, əlyazmalar, konsert və tamaşa afişaları, foto şəkillər, eləcə də bəstəkarın şəxsi əşyaları ilə tanış olurlar. Bu nadir eksponatların əksəriyyəti uzun illər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub-saxlanılıb.

Ev-muzeyinin üç otağı əhatə edən ekspozisiyasını gəzərkən nadir sənədlərlə tanış olmaq mümkündür. Qara Qarayevin tələbəlik illərində tutduğu konspektlər, Cövdət Hacıyevlə birgə yazdığı "Ayna” operasının partiturası, 1942-ci ildə böyük ədib Mir Cəlalın Akademik Dövlət Dram Teatrında oynanılan "Mirzə Xəyal” tamaşasının afişası nümayiş olunur. Afişadan aydın olur ki, Səftər Turabovun quruluş verdiyi tamaşaya gənc Qara Qarayev musiqi bəstələyib. Ölkənin əsas teatrında səhnəyə qoyulan Şekspirin "Antoni və Kleopatra” tamaşasının afişası da maraq doğurur. Görkəmli rejissor Tofiq Kazımovun 1964-cü ildə hazırladığı bu səhnə əsəri Dövlət Mükafatına layiq görülüb və tamaşanın böyük uğurundan bəstəkar Qara Qarayevə də pay düşüb.

Muzeyin kolleksiyasındakı A 190070 saylı diplom da maraq doğurur. Bu diplomu Qara Qarayev 1946-ci ildə Çaykovski adına Konservatoriyanı uğurla bitirdikdən sonra alıb.

Yaxınları, onu tanıyanlar insanlar bilir ki, böyük bəstəkar həm də foto həvəskarı olub, boş vaxtlarında şəkillər çəkirmiş. Ev-muzeyində onun müxtəlif markalı fotoaparatları, xarici səfərləri zamanı lentə aldığı şəkillər də nümayiş etdirilir.

Qara Qarayev sovet dövrünün ən nüfuzlu mükafatı sayılan Lenin mükafatını qazanan nadir azərbaycanlılardandır. Eksponatların arasında 1967-ci ildəki "İzvestiya” qəzetinin nüsxəsi də var. Həmin sayda dərc olunan rəsmi xəbərdə bildirilir ki, Qara Qarayev "İldırımlı yollarla” baletinə görə Lenin mükafatına layiq görülüb.

Ev-muzeyində tez-tez müxtəlif tədbirlər, təqdimat mərasimləri və müzakirələr keçirilir.

Üçüncü qapı

Media-tur iştirakçılarının baş çəkdikləri sonuncu ünvan Milli İncəsənət Muzeyi oldu. Muzey rəhbərliyi bu günlərdə təmiri başa çatan yeni korpusdakı zalları gəzmək üçün jurnalistlərə şərait yaratdılar.

Məlum olduğu kimi, 1936-cı ildə yaradılan bu sənət ocağı Azərbaycanda ən böyük incəsənət muzeyidir. 17 mindən çox eksponatın qorunduğu Milli İncəsənət Muzeyi iki qonşu və tarixi məkanda- "De Burun sarayı”nda və "Marinski Qadın Gimnaziyası”nın

binasında yerləşir.

Ümumilikdə 60 otaqda təşkil edilən daimi ekspozisiyada 3 mindən çox sənət əsəri sərgilənir. Təmirdən yenicə çıxan korpusda Şərq və Avropa zalları ilə tanışlıq media-tur iştirakçılarının marağına səbəb oldu. Həmin zallarda sərgilənən qiymətli və nadir sənət əsərləri barədə ətraflı məlumat verildi.