adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 May 2019 10:05
24000
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli - Varın ölüm əzabı


(hekayə)

1.

Yorğan-döşəyə düşəndən bəri atamı gözüaçıq görə bilmirdik. Bütün günü başını çiyninə çəkib, əlini sol yanağına qoyub, sağ böyrü üstə uzanıb, üzü divara yatırdı. Elə ki, hava qaralırdı, şam süfrəsi açılır, yeyib-içib, hərə çəkilirdi öz otağına. Onda birdən atam dirçəlirdi. Gecənin həniri kəsilər-kəsilməz yerindən qalxıb, barmağının ucunda çıxırdı eşiyə. Dalıyca da anamın yarı-yuxulu səsi dolurdu qulaqlarıma:

-Hara gedir ey, bu kişi?!

Atam qayıtmaq bilmirdi ki. Sübh açılana yaxın ayağını sürüyə-sürüyə girirdi içəri.

Tez-tez çığırıb, yuxudan ayıldığını da deyirdi anam.

Axırda atamın axşam gəzintilərindən şübhələnməyə başladım.

Bir gün də şam süfrəsi üstə hamının eşidə biləcəyi səslə dedim:

-Uşaqlarla tor süzməyə gedirəm Qəhrmanbəyli cühürünə , gec gəlsəm, narahat olmayın. - Rəhmətlik xaloğlum Vaqif demişkən, dava paltarımı geyib, evdən çıxdım. Fikrimdə ən təhlükəsiz yeri də bəlləmişdim - ot tayası. Nərdivanla qalxıb, qarnı aşağı uzandım yonca bağlarının üstünə. Burdan həyətimizin künc-bucağı əl içi kimi görünürdü. Heç yarım saat çəkmədi, atam da qapını açıb çıxdı çölə. Əvvəlcə yan-yörəsinə baxdı. Sonra da tövləyə tərəf yeridi. Ot tayasına söykəli nərdivanı görəndə, dayandı - ürəyim düşdü... Başını qaldırıb yuxarı baxsaydı, məni görəcəkdi.

-Nə səhlənkar uşaqdı ey, bunlar - bizim qaramıza deyinib, nərdivanı götürüb uzatdı çəpərin böyrünə. Yenidən diqqətlə ətrafına nəzər yetirdi. Yəqin ki, təhlükə olmadığını görüb, arxayın addımlarla əl damına sarı getdi. Çatıb, qapını ba-sıb, girdi içəri. Çox çəkmədi qoltuğunda balınc, əlində bel çölə çıxıb, oğurluğa gedirmiş kimi birayaq-birayaq çəpərimizin ayağında bitmiş şax-şəvəlli qoz ağacına sarı yeridi.

Ağacın dibinə yetişən kimi, üsulluca balıncı yaşıl otların üstünə qoydu. Beli sahmanlayıb, torpağa sancdı. Bir çim götürüb, qırağa atdı. Ağır-ağır qazır, torpağı çalanın qırağına yığır, hərdən də bel sapını çalanın içinə salıb çıxarırdı. Yəqin ki, dərinliyini ölçürdü. Belin sapı çalada yarıyacan görünməz olanda yavaşca balıncı götürdü. Əziləcəyindən ehtiyat edirmiş kimi, astaca qoydu çalanın dibinə. Belin ucuyla torpaq götürüb, üstünə tökməyə başladı. Axır ki, çalanı yerlə bərabər elədi. Tələsik qoz ağacından aralanıb, sürətlə dama tərəf getdi. Beli qoyub, qayıdıb girdi evə.

"O nə balıncdı, görəsən" deyə fikrimdə götür-qoy eləməyə başladım. Bir saatdan sonra tayanın üstündən sürüşüb düşüb, asta addımlarla yeriyib, qapımızdan girdim.

-Kimdi?! - Atam həyəcanla soruşdu.

-Mənəm, ata...

-Gecənin bu vaxtı hardan gəlirsən?

-Bayaq dedim, yəqin eşitməmisən, tor süzməyə getmişdim uşaqlarla.

-Bir şey tuta bildiniz?

-Balıq qəhətə çıxıb, ata! Gecən xeyrə qalsın.

-Xeyrə qarşı.

Haqdı yerimə girdim, səhərəcən yuxum aparmadı.

Səhər də durub, heç kimə, anama belə bir söz demədən, çıxıb getdim işə.

2.

Bu axşam da hamı yerinə girəndən sonra eşiyə çıxdım. Həyətə düşüb, tövlənin yanına gəldim. Nərdivanı götürüb dirədim ot tayasına. Atılıb ilan kimi dırmaşdım yuxarı. Ayağımla itələyib nərdivanı yanıüstə saldım yerə ki, atam şübhələnməsin. Özüm də arxayınlıqla uzandım yonca bağlarının üstünə, başladım atamın yolunu gözləməyə. Demirsənmi yuxu aparar məni.

Ayılanda, ha göz gəzdirdim, kişini görəmmədim. Qoz ağacının dibində də deyildi. Elə bil biri dedi, evin kəlləsinə tərəf bax. Gördüm atam söyüd ağacının dibini qazır. Eynən dünənki kimi torpağı çalanın ətrafına yığır, belin sapını salıb quyunu ölçürdü. Axır ki, işini başa vurdu. Əlini uzadıb, balıncı üsulluca götürüb qoydu çalanın dibinə. Üstünü də ehmallıca torpaqlayıb, beli götürüb getdi. Mən də yarım saat ləngiyib, tayadan sürüşüb düşdüm. Yavaşca qapını aralayıb, girdim evə.

-Kimdi?! - Atam dünənki həyəcanla soruşdu.

-Mənəm, ata...

-Həəə... bir şey oldu?

-Balıq qəhətə çıxıb...

-Gecən xeyrə qalsın.

-Xeyrə qarşı.

3.

Bir ay ərzində atam balıncı bu ağacın dibindən çıxardıb, o biri ağacın dibində gizləyirdi. Bir gecə də qoz ağacının dibinə basdırıb, yorğun-arğın evə qayıtdı.

Sübhə yaxın anamın təlaş dolu səsini eşitdim:

-Ay uşaqlar, atanız çağırır.

Bir anda yığıldıq kişinin başına.

Tikan üstündə oturmuş kimi bir ay idi bu saatı gözləyirdik. Həkim sirr gəlmişdi ki, kişinin 1-2 aylıq ömrü qalıb.

Atam, heç nə ifadə eləməyən soyuq nəzərləriylə bir-bir üzümüzə baxdı. Sonra da gözünü zillədi pəncərədən eşiyə - həyətin o başında Ay işığında yarpaqları titrəşən qoz ağacına. Handan-hana yorğun səslə dedi:

-Cavanlıqda qohumlarımdan biri borc istəmişdi məndən. Atama məsləhət elədim. Dedi, min dəfə pis olmaqdansa, bir dəfə pis olsan yaxşıdı. Yəni, vermə. Odur ki, heç kimin mənə borcu yoxdu. Heç kimə də borclu deyiəm. Bir də, çalışın öləndə gözünüz bu dünyada qalmasın. Demə, ondan böyük əzab yox imiş.

Anamın üzünə baxdıq.

-Bu nə sözdü, ay kişi?

-"Qara gün üçün" var-dövlət yığmayın. Qara gün - ölüm deməkdi. Ölümə yığılan var ya halal olar, ya haram. Onda halal olar ki, yasa gedər, onda harama dönər ki, başqası yeyər.

İkincisi də bu həyəti satmayın. Yoxsa qəbrim od tutub yanar.

-Həyəti niyə satırıq, ay kişi?! - Az qala xorla cavab verdik. Kişi yüngülləşən kimi oldu. Buna baxmayaraq bizi bir-bir "Quran"a and içdirdi.

Sonra da gülümsəyib, gözlərini yumdu. Elə bildik yatdı. Ayağa qalxmaq istəyəndə anam başıyla "otutrun" elədi. Çevrildik ki, gözləri haqqa dirənib atamın.

4.

Haqdı, kişini dəfn edib, qayıtmışdıq, amma balınc bir an belə fikrimdən çıxmırdı. Atamın üçünü verən gecəsi beli götürüb, getdim qoz ağacının dibinə. Ucunu torpağa sancıb, çimi qaldıran kimi elə bil biləyimi məngənəylə sıxdılar. "Oh!" elədim. Barmaqlarım öz-özünə açıldı - bel tappadan düşdü yerə. Cəld yan-yörəmə baxdım. Özümdən, qoz ağacından başqa heç kimi görmədim. Yenidən beli götürüb üsulluca burnunu torpağa basıb, çimi qaldırdım. Bu dəfə qolumdan elə bir zərbə aldım ki... çim əllə qoyulmuş kimi qayıdıb düşdü yerinə. Bel də bir-iki metr kənara sıçradı. Bərk üşəndim. Qaçaraq çıxdım qoz ağacının dibindən, dalıma baxmadan qaçdım.

-Nə olub, ay bala, - anam təəccüblə üzümə baxdı, - rəngin niyə qaçıb?

-Heç... bərk gəlmişəm. - Deyə qapını arxadan bağlayandan sonra həyəcanım yatdı.

5.

O gecə yerimə girən kimi yuxu apardı məni. Gördüm, qoz ağacının dibindəyəm. Belin ucuyla torpaqdan bir çim götürdüm ki, kənara qoyum, qoluma kəlbətin keçdi elə bil, dik qalxdım. Baxdım ki, atamdı. Allah! Allah! Gözləri od saçırdı.

-Burda neylirsən, ay bala?!

-Ata... nə yaxşı dirildin?!

-Ölmüşdüm bəyəm?!

-Səni dəfn eləmişdik axı!

-Dəfn edilmək ölmək deməkdi?!

-Bıy... bəs nə?!

-Ay bala, öləndən sonra adamın diriliyi başlayır.

-Bəs evimizə niyə gəlmirsən?!

-Kim deyir, gəlmirəm?! Bütün günü başınızın üstündəyəm.

-Ay ata, bura basdırdığın nədi bəs?

-80 illik sevincim. İndi sən də çıxarıb onu, puç eləmək istəyirsən, hə?!

-Sevincindisə niyə səninlə deyil?!

-Nə demək istəyirsən?

-Torpağın altında niyə qalsın...

-Deməli, var əzabını çəkən mən, yeyən siz?! - Hirslə üzümə baxdı - az qalırdı gözü hədəqəsindən çıxsın. - Heç Allah da bunu götürməz!

Qorxu mənə necə güc gəldisə, bağırdım:

-Atam dirilib! Atam dirilib!

-Bismillah! Bismillah! Nə olub, ay bala?!

Ayılıb, durub oturdum yerimin içində:

-Atam yuxuma girmişdi, ay ana.

-Qoy yuxunun sehri sınsın, sabah danışarsan. - Çevrilib gedib, bir fincan suyla qayıtdı. - Cəftəni yaxalayıb gətirmişəm, iç, qorxuluğunu götürsün.

Bir-iki qurtum güclə keçdi boğazımdan. Başımı balınca qoyan kimi yenidən yuxuya getdim. Yenidən atamı gördüm - qoz ağacının dibini qazırdı. Torpağı səliqəylə çalanın qırağına yığıb, balıncı götürüb vurdu qoltuğuna. İti addımlarla dar-vazaya tərəf yeridi. Birdən Toplan hirslə-hikkəylə hürməyə başladı. Axırda necə dartındısa zənciri qırıb irəli sıçradı. Atam quş kimi atılıb çəpərin üstündən yola düşdü. İt də onun dalıyca hürə-hürə girdi kolun altına ki, gəzdən keçsin...

Qan-tər içində ayıldım. Gün günorta yerindəydi - pəncərədən döşəməyə düşən işıq zolağının içində toz zərrəcikləri səyrişirdi. Bir xeyli fikirləşdim. Yuxumu götür-qoy eləməyə başlayan kimi yerimdən qalxıb, paltarımı geydim. Qaçaraq evdən çıxıb, qoz ağacının dibinə gəldim. Baxanda gözlərimə inanmadım - çalanın torpağı dağım-dağım olmuş, balınc da yoxa çıxmışdı.

-Toplan! Toplan! - Başladım itimizi çağırmağa.

-Ay bala, səhərdən gözümə dəymir. - Anam idi.

-Qonşuda olmaz?!

-Qonşuya niyə getsin, yeyib qurtara bilmir qabağaına tökdüklərimi.

Gəzmədiyimiz yer qalmadı - nə balınc tapıldı, nə Toplan. Üç gün keçməmiş həyəti üfunət bürüdü. İyi tutub gedib çıxdım çəpərimizin yola baxan tərəfinə. Əyilib kolun altına diqqət eləyəndə, diksindim. Toplan, dişləri balınca kilidlənmiş halda, çəpərin altında ölüb qalmışdı.

-Ay ana!

Anam tələsik gəldi:

-Bu nə balıncdı, ay bala?

Əhvalatı əvvəldən axıracan danışdım.

Anam həyəcanla soruşdu:

-Balınca əl vurmamısan ki?!

-Yox.

-Allaha şükür!

-Niyə "Allaha şükür!", ay ana?

-Balıncın içində olsa-olsa qızıl-gümüş olacaq. Özün də görürdün ki, dolanışığımız pis deyildi. Amma atan nə bəzək-düzək alırdı mənə, nə də bir qəpik artıq pul verirdi. Deyirdim, vallah, bu kişi arvad saxlayır. Demə, qara gün üçün var-dövlət yığırmış.

-Bəs bu itə nə deyirsən?

-Güman ki, balıncın içinə zəhər qoyubmuş atan. Yazıq kişi qiyamətəcən nigaran yatacaq.