adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 May 2019 10:15
14795
ƏDƏBİYYAT
A- A+

Ömür - sözün gələcəyi - İnqilab İsaq


(Qələm dostum Rübail Allahverdiyevin xatirəsinə)

Gəlimli-gedimli dünyanın əzəli-əbədi qanunları... Doğulanlar yaşayır sevgi qanadında, söz tilsimində, yerin cazibəsində, göyün nağılında. Çığırlar yola, yollar arzulara uçüş eyləyir. Pöhrələr göz açır, fəsillər fəsilə, nəsillər nəsilə salam söyləyir. Ürəkdən, qəlbdən gizlin bir nida qopur - Həyat, sən necə də şirinsən. Bu həqiqəti ruhu ilə dərkə edib yaşayanlardan biri də söz-sənət adamlarıdır, dünyanı rənglərin içində görən adamlar...

O, ulu Gəncədə doğulmuşdur. Elm, sənət, söz məcnunu idi. 15-dən çox şeir kitabının, elmi monoqrafiyaların müəllifi idi. Ömür vəfa etsəydi bu il onun may ayının 21-də 79 yaşı tamam olacaqdı... Amma neyləməli ki, həyatın bir adı da əbədi ayrılıqdı. Qürürverici məqamlardan biri də odur ki, indi onun əsərləri qədirbilən oxuculrın ixtiyarındadır, sevə-sevə oxunur. Şair ömrü isə xatirələrdə yaşayır, zamanla üz-üzə...

...Rübail yaradıcılığının bir poetik çələngi də onun rübailəridir. Biz də unudulmaz sənətkarın rübai aləminə üz tutduq, sevgiləri, arzuları ilə üz-üzə qalmaq niyyəti ilə.

Rübailər dilə gəlir

Zaman şair ömrünü ölçüsüz-biçisiz doğrayıb gödəltsə də, amma sənətkar qəlbinin haqq bayrağını ucalığa qaldıran qələminə gücü çatmır. Onun qələmdaşı ilahi sehrin pıçıltıları ilə sözə çevrilir. Nə yaxşı ki, sözün və qələmin gücü əlahəzrət zamanın önündə aciz deyil.

Rübail yaradıcılığının çoxcəhətli çalarları onun poetik siqlətində, zəngin mövzu axtarışlarında və həyatı müxtəlif yöndən müşahidə etmək bacarığındadır. Xüsusilə onun sevgi və məhəbbət ünvanlı rübailəri həmişə ömrə və taleyə Tanrı dayağı axtarır, ömür içində ömür yaşayır.

Məhəbbət yeyilmir, yeyib doyasan,

Tapdınmı, saxlamaq deyildir asan.

Bir eşqi həyatda yaşatmaq üçün,

Gərək iki ömrü girov qoyasan.

Rübailin rübailərində məhəbbət, sevgi notları ritorik əhval-ruhiyyə daşıyıcısı deyil, burada həyatın, qəlbin hadisələri işıqla qaranlığın, haqla haqsızlığın, çarə ilə çarəsizliyin qarşılığı ilə həmişə üz-üzə gəlir.

Bu şairin poeziyasının daxili harmoniyasının ölçülü-biçili ruhi vəziyyətidir. Belə olmasaydı onun poetik məntiqlə və həyat qanunları ilə üzvi şəkildə bağlı olan rübailəri fəlsəfi düşüncə qatına yüksəlməzdi. Doğrudur, onun rübai qatarında sevgi, məhəbbət ünvanlı dördlüklər yetərincə olmasa da, burada bir məntiq ortaya çıxır. O, həmişə sevgi şeirlərinə, eşq hadisəsinə zərgər dəqiqliyi ilə yanaşıb.

Şairin rübailərində dostluq onun təbliğ etdiyi ən ali mənəvi dəyərdir. Amma bu dəyər milli-əxlaqi sınaqdan çıxmış dəyərdir. Dostluğun sınaqları möhtəşəm və əzəmətlidir. Görün o, bu əzəməti necə şairənə müqayisələrlə ifadə edib.

Köhnə şərab köhnə dosttək tutdu, buraxan deyil,

Köhnəliyə deyilən tost, tutdu buraxan deyil,

Şərab ilə köhnə dostun təkcə fərqi odur ki,

Köhnə şərab yıxar səni, köhnə dost yıxan deyil.

Bu rübaini oxuya-oxuya bir el məsəli yada düşür: "Hər şeyin təzəsi, dostun köhnəsi". Bu tarixi həyati məntiq poetik ifadə üçün şeirə sanballı poetik sonluq verir.



Bildiyimiz kimi, rübai elə şeir formasıdır ki, o, şairdən zəngin həyat təcrübəsi, fikrin lakonik ifadə olunma bacarığı, dəyərli, düşündürücü mətləblər tələb edir. Yerin və göyün sonsuz qanunlarında belə qəlbin və zamanın suallarına poetik cavab tapılır. Elmi idrak və poetik təfəkkür əlbir olduqda söz yeknəsəklikdən xilas olub poetik mənaya yönəlir. Bu da rübai cazibəsinin, rübai şeir poetikasının daxili məntiqindən doğur.

Bu imkanlardan görkəmli şair Rübail Allahverdiyev həmişə ustalıqla istifadə edib. Poeziya həmişə ucalığın və həqiqətin tərəfindədir. Bulud da, daş da, dağ da insan hisslərinin ifadəçisi olduqda poetk ovqat artır, məna dəyəri yüksəlir.

Dəniz nakamların göz yaşlarıdır,

Şimşək buludların savaşlarıdır.

Hər ölən qovuşmur əbədiyətə,

Dağlar ölməzlərin baş daşlarıdır.

Rübail poeziyasında tale, ömür-gün sıxıntıları həmişə diqqəti çəkən yaşantılardır.

Mühit və şərait ən güclü xarakterli varlığı belə faciə ilə üz-üzə qoyur. Bu rübaidə olduğu kimi:

Qəfəsdə pələnglər yaşar firəvan,

Ətini, suyunu verərlər hər an.

Fəqət, əl qaldırsan qırpar gözünü,

Pələng qorxaq olur qəfəsdə yaman.

Bəli, bu acı bir həqiqət, sərrast poetik müşahidədir. Şair zamanın bu dərdlərini ictimai məzmuna çevirərək rübai dili ilə ustalıqla ifadə edə bilib. Bir varlığın faciəsini zamanın ağrısı kimi ittiham edir. Bu ağrılar isə tapdanmış həqiqət, buxovlanmış azadlıqdır.

Rübail poeziyasında diqqəti çəkən məqamlardan biri də odur ki, o, həyatın ağrı-acılarına şair gözü ilə ciddi məna verməsidir. Taleyin ağrı-acıları isə bir deyil, beş deyil. Söz isə ömrümüzün günlərini əriş-arğac eyləyib yaddaşa çevirir, ağlı-qaralı rənglərlə.

Beş il qara çörək yedik sərasər,

Qara gün doğardı, onda hər səhər.

İndi qaralar da ağ çörək yeyir,

Çıxmaz yadımızdan qara çörəklər.

Şair üçün ən adi həyat detalı belə poetik mənaya çevriləndə fəlsəfi, məqamlar gündəmə gəlir.

Meşədə əyri-düz yüz ağac olar,

Qayğılı pöhrələr tez ağac olar.

Buludlar savaşıb şimşək çaxanda,

İldırım qurbanı düz ağac olur.

Həyatın və cəmiyyətin təkzib olunmaz qanunları var. Düzlər, dözümlü adamlar əzablara daha çox tuş gəlir. Kipriyi ilə od götürənlər, şamsız və ocaqsız, qovrula-qovrula yaşayırlar. Rübail poeziyası da dərdə çarə, vətən ağrılarına məlhəm, yiyəsis dünyaya yiyə axtaran poeziyadır. "Əkdiyim çinarlar ucadır məndən!" deyən şair bir həqiqəti bütün varlığı ilə hiss edir ki, torpağın ağrısı, yerin ağrısı söz adamının ürəyidir. Bütün ağrılar şair ürəyindən keçir. Amma onun poeziyası gələcəyə həmişə ümidlidir. Odur ki, şair deyirdi: "Dünəni, bu günü deyə bilmərəm, onu bilirəm ki, bir gələcəyəm!"

Ruhun şad, söz gələcəyin mübarək, Şair!