adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 May 2019 16:47
19950
ƏDƏBİYYAT
A- A+

ULU OCAQ

ULU OCAQ

Körpə-körpə közlərimin,

sovrulduğu ocaq,hey!

Qanlı-qanlı dizlərimin, quruduğu ocaq, hey!

Odlu-odlu sözlərimin,

qovrulduğu ocaq, hey!

Altındakı izlərimin,

qarıdığı ocaq, hey!

Dərdə qatlana-qatlana,

bu ildən o ilə keçdik.

Səndən atlana-atlana,

dilim-dilim alov içdik.

Kösöv köksümə saplana,

nəyi əkdik, nəyi biçdik?

Yenə igidlər toplana,

yarıdığı ocaq, hey!

İstisinə yarımadıq,

tüstüsünə kor olanda,

Niyə, nədən aramadıq,

yerimizdə qor olanda?

Budaqların daramadıq,

ağacların dar olanda,

Tanrı qutsal soramadıq,

aradığı ocaq, heyyy!!!

Vətən

Deyirlər qartala oxşayır, amma...

Qurd yemiş yarpağa bənzəyir Vətən!

Naxçıvan aralı, Qarabağ darda,

İncimiş torpağa bənzəyir Vətən!

Çox sorğu-sualvar dilimiz üstə,

Kəsilir başımız dinimiz üstə,

Araz da "dağ olub" sinəmiz üstə,

Susamış dodağa bənzəyir Vətən!

El-eldən ayrılıb düşüb aralı,

Biri can üstədir, biri yaralı,

Yıxıb evimizi, yıxıb "haralı?",

Kərkükdə irağa bənzəyir Vətən!

Zamanın üstündə çəkildin dara,

Başın hara düşdü, bədənin hara,

Bölünüb dörd yerə, oldun dörd para,

Qırılmış çarmıxa bənzəyir Vətən!

Göyçə

professor Eldar Qocayevə

Cilovlayıb qəzəbini, səbrini,

Göyçəlilər dağıldılar Göyçədən!

Tərk eləyib Ələsgərin qəbrini,

Göyçəlilər dağıldılar Göyçədən!

Göyçə gölü baxıb qara bağladı,

Köçənlərin arxasınca ağladı,

Yurd həsrəti ürəkləri dağladı,

Göyçəlilər dağıldılar Göyçədən!

Ağrı dağı nələr gördü, yaşadı,

Köçən elin ağır yükün daşıdı,

Sızıldayan ürəyimin başıdır,

Göyçəlilər dağıldılar Göyçədən!

Elsiz aşıq, dur sazını çal indi,

Havalanıb tellərini yol indi,

Ha baxsan da geri dönmür yol indi,

Göyçəlilər dağıldılar Göyçədən!

Köçkünlərin gözlərindən qəm baxır,

Yağı düşmən tariximə kəm baxır,

İrəvanım xalsız qalıb darıxır,

Göyçəlilər dağıldılar Göyçədən!

Şuşa

Başının üstündə nəm çəkən bulud,

Suyunda gözümün suları, Şuşa!

Qəhr olsun zəmanə, qəhərini ud,

Göynəyir qəlbimin qübarı, Şuşa!

Səndə əsrlərin yanğılı səsi,

Ovunmaz Seyidin, Xanın naləsi,

Böyük Üzeyirin ölməz həvəsi,

Qaldı Natavanın məzarı, Şuşa!

Lalələr göz açıb üzə güləndə,

Sənsiz yaz gələndə, bahar gələndə,

Düşmən qəh-qəh çəkib bizə güləndə,

Gələrmi könlümün baharı, Şuşa?!

Çiçəklər çiçəyi- xarıbülbülü,

Qoydu qəm içində yarı bülbülü,

Hicran atəşində sarı bülbülün,

Düşməni kəsibdir yolları, Şuşa!

Sən könül mülkünün sultanı idin,

Qoca Qarabağın tərlanı idin,

Acı xəyanətin qurbanı idin,

Tarix unudarmı bunları, Şuşa?!

Xocalı qırğını

Bu sənin qan yaddaşın,

Bu sənin tarix daşın,

Harda qaldı qardaşın,

Kəsilən zaman başın?!..

Baxın, diqqətlə baxın

Soyqırım tarixinə!..

Bu hansı dinə yaxın

Sığar bu hansı dinə?!

Nə qocaya acıyıb

Nə uşağa baxdılar...

Dişlərini qıcayıb

Süngülərə taxdılar!

Gəlinləri qul kimi,

Əsir apardı düşmən...

Qırılmış sazın simi

Mənəm əti çimçəşən!

... Xocalı eli vardı,

Bir zamanlar burada,

Torpağı qan suvardı,

Kimsə yetmədi dada!..

Olmadı

Sərraf Şiruyəyə

Üzü dönük dostlarla bir

Düşmənimiz mərd olmadı.

Allah bizə verdi səbir

Kasıbçılıq dərd olmadı...

Yolumdan yığanda daşı,

Çoxunun çatıldı qaşı.

Allahın mənlə nə işi,

Dua etdim vird olmadı...

Mənəm "Göyçə gülü ” solan,

Xain qonşu - əfi ilan

Babalardan miras qalan,

Nəvələrə yurd olmadı...

Tər içində odun yardıq

Ustad, alovsuz yanardıq,

Nərd olanda zər axtardıq,

Zər olanda nərd olmadı...

Götürmə məni

Beşikdən sallana-sallana,

baxıb ağına-bozuna,

bu Allah sevgisiylə,

qışda üşüyə-üşüyə,

yayda qızına-qızına,

bir ox kimi
çıxmaq istəyirəm zamandan,
heç əzəldən yox kimi,
çıxmaq istəyirəm oyundan...

İşıq sürəti ilə,
bu Yerin ətrafına,

fırlana bilsəm əgər,

üç saniyə içindəbu nə işdir, İlahi,

burda milyon il keçər?!

Qısılıb zamansızlığın,

bir yaşıl gecəsinə,
qulaq asa biləydim,

Peyğəmbərin səsinə!..

Təmizlə ruhumu, təmizlə sözüm,

izlərin içində görünsün izim!

Babamın qırışlı əlləri kimi,

Arazın lilli dilləri kimi,

Mənə dərd verilib özümdən böyük,

Bu dərd bu dünyanın gözündən böyük,

Torpaq, bu dərdlə götürmə məni,

bu DƏRD hər kəlməmdən, sözümdən böyük,

Torpaq bu dərdlə götürmə məni!..

Bayraq

Qaldırdığın bu bayrağın,

Vətən üçün öl altında!..

Külək sovurdu qalmadı

Bircə közün kül altında?!..

Gül açdı güllər üstünə

Uzandı əllər üstünə.

Töküldü illər üstünə

Qaldın neçə il altında!

Dörd yol ayrıcında otur

Hər gedən bir yoldan batır.

Tanrının hikməti yatır

Düzəltdiyi gil altında!..

Söz qanadlı kəhərim var

Açılası səhərim var,

Bircə damcı "zəhərim” var

Ölmək üçün dil altında!

Moskva gecələri

əmim Əlipənaha

Bura Moskvadır, hər üzü soyuq,

Donur kipriklərdə göz yaşları da!

Burda qəriblərin qəlbləri sınıq,

Yad olur ən yaxın yoldaşları da!

Burda məzarlar da qəribdir, qərib,

Don vurub şaxtadan göyün üzü də,

Bu qərib məzarlar doğma istəyir,

Gəlib nəfəsiylə onu isidə!..

Bura Moskvadır, burda ümidlər,

Boy atıb soyuqdan cücərə bilmir,

Gəlib qəribliyə düşən igidlər

Burda axıradək bacara bilmir!

Burda rast gələrsən hər addımbaşı,

Ümidin itirmiş qərib izinə,

Axar ürəyinə gözünün yaşı,

Gecələr xaç çəkir Ayın üzünə!..

Köçür

Adil Şirinə

Qələmi dəryazdır, fikri yaşıl ot

Alıb qələm ilə özünü biçir.

Laçın dağlarında şirin yuxular

Əyilib bulağın gözündən içir!

Hərəyə bir qismət yazıb ilahi

Hər şeyi yerinə düzüb ilahi!..

Yaman səbirlisən, dözüb ilahi,

Bu qədər haqsızlıq ömürdən keçir!

Ürəyin ağrıyır yurd itkisinə

Dağlar haray verər qurdun səsinə.

Qocalan zamanda düşən nəşinə

Qartallar ən uca zirvəni seçir!

Get-gedə soyuyur yaman havalar,

Gözləyər sahibin qərib yuvalar.

Laçın dağlarından keçən durnalar

Bir şair könlüdə sizinlə köçür!

Yataqxanada

Oyandım bu ömrün "çığırtısına”

Bu nə "səs-səmir”dir yataqxanada.

Bu uçuq divarlar, bu lal divarlar

Ömrümü gəmirdi yataqxanada...

Bir ev arzu kimi çəkildi göyə,

Yedilər haqqımı, yedilər niyə?!..

Gözlərim yol çəkir ümidsizliyə,

Ürəyim əsirdir yataqxanada...

Acı bağırsaq tək uzanır ömür

Batan bir arzunu çıxan ha görmür!

Siqaret kötüyün sümürhasümür

Əllərim kömürdür yataqxanada...

Uçub dəhlizində yox olur ətir,

Havası kiflənib gözümü didir,

İlahi, bu ömrü kirayə götür,

Bu da bir ömürdür yataqxanada...

Qoruyum vətən

De, hansı yarana məlhəm bağlayım,

De, hansı yaranı sarıyım, Vətən?!

Qürurum yol vermir, sıxım, ağlayım,

De, necə işinə yarayım, Vətən?!

Axan sularında yuyum başımı,

Qoyum dizlərinə, qoyum başımı,

Dönsəm küləklərə, çatma qaşını,

Ağaran saçını darayım, Vətən!

Müqəddəs nemətdir torpağın, suyun

Məni öz yurdumda torpağa qoyun.

Günahım var isə yağışlar yusun,

Soyuq daşın kimi quruyum, Vətən!

Sən ülvi diləksən, diləyim içrə

Havamsan, suyumsan çörəyim içrə,

Çəkim xəritəni ürəyim içrə

Səni ürəyimdə qoruyum, Vətən!

BAĞIŞLAMA

general-polkovnik cənab Zakir Həsənova

Keçirib qılınc altından

Yalıncığı bağışlama!

Mərdləri salıb atından?

Alçağlığı bağışlama!

Vur namərdi vermə aman

Vurub olsan da peşiman!..

Fürsət tapsa əfi ilan

Olur yağı, bağışlama!

Çörəyi dizi üstündə

Olan qalsın yaman gündə...

Düşmənə dərs ver, yerin de

Yapalağı bağışlama!

Həsrətdən gözləri dolan

Yurd- yuvası talan olan,

Şəhid qanıyla yoğrulan

Bu torpağı bağışlama!

ŞUŞANIN İŞĞAL GÜNÜNƏ

Şuşanın işğal günündə

İnlədi Şuşa, ağladım.

Albertin tankı önündə

Yazılan daşa ağladım.

Şəhidlərin baş daşına

Qara yazıldı yaşına...

Qardaş darda qardaşına

Düşmədi başa ağladım...

Əsir düşdü xarıbülbül

Uçub getdi yarı- bülbül

Açılırmı Şuşada gül

Bu əcəb işə ağladım?!..

Qacara boyun əyməyən

Zirvəsi buluda dəyən...

Ağ atlımız- başsız yüyən

Kəsilən başa ağladım...