adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2019 15:28
43797
MƏDƏNİYYƏT
A- A+

Polad gəldi, polad da getdi... - Onlar Fuad Poladov haqqında danışdılar

24 may bütün fəxri adların və titulların fövqündə olan ustad sənətkar Fuad Poladovun doğum günüdür. Onu xalqa bu dərəcədə sevdirən şey  peşəkarlığı, səsi və xarakterinin vəhdət yaratması idi. Bəli! Fuad Poladov bütöv bir insan idi!

 

Adalet.az mərhum sənətkarın həmkarlarından onun haqqında fikirlərini öyrəndi: 


Xalq artisti Hacı İsmayılov:

Fuad Poladov böyük sənətkar idi. Azərbaycan teatrının, kinosunun, radiosunun tanınmış aktyorlarından biri idi və psixoloji, lirik, dramatik, traqik rolların gözəl ifaçısı idi.

1970-ci illərin əvvəllərində ikimiz də Tofiq Kazımov tərəfindən teatra dəvət almışdıq və teatra eyni vaxtda gəlmişdik. Yadımdadır, Fuad onda gözəl obrazlar canlandırırdı, baş rolları ifa edirdi və beləcə onun yaradıcılıq həyatı başladı. Çox görkəmli, məsuliyyətli, ciddi aktyor idi. Boş-boş zarafatları sevməzdi, tamaşa məşqlərində də çox ciddi olardı. Hətta kiminsə bir balaca cızığından çıxdığını görəndə onları tənbeh edirdi, danlayırdı ki, belə olmaz, gərək sənətə qarşı məsuliyyətli olasan.

Son illərdə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da çox gözəl rollar oynadı.”Boy çiçəyi”, "Şah Qacar” və digər tamaşalarda baş obrazları möhtəşəm canlandıraraq ustad sənətkar olduğunu bir daha göstərdi.  Fuad Poladovla axıra kimi gözəl dostluq münasibətimiz olub. Kamal Xudaverdiyev, Yaşar Nuri, Əli Abbas Səmidov tamaşalardan çıxandan sonra da evə tələsmirdik, gəzirdik, birgə vaxt keçirirdik. Çox təəssüf ki, Fuad xəstələndi və dünyasını dəyişdi. Çox heyfslənirəm, çünki indi səhnəmizdə Fuad Poladov kimi sənətkarlar azdır. Bəlkə az deməyim də düzgün olmaz, heç yoxdur. O, tamaşaçıların qəlbində özünə yer qazandı. Allah rəhmət eləsin, o dünyasını versin!

 


 

Xalq artisti Məmməd Səfa Qasımov:


Fuad müəllim bizim çox böyük sənətkarımız idi və çox təəssüf edirəm ki, Allah onu bizdən aldı. Bu bizim üçün böyük itki oldu, həm mədəniyyət, həm teatr, həm televiziyiya, həm də radiomuz üçün itki oldu.

Radiolarımızın arxivini vərəqləsək, onun səsinin nə qədər gözəl, qulağa yatımlı olduğunu bir daha hiss edərik. Onun səsi indi də qulağımdadır. Filmlərimizə baxsaq onun yerinin nə qədər bilindiyini görəcəyik və hələ uzun illərdə onun yeri görünəcək. Əgər teatrı nəzərdə tutsaq, mən düşünürəm ki, Fuad Poladov əvəzolunmaz sənətkar idi. O nümünə olan sənəkarlardan idi. Bizim Fuad Poladovdan əvvəl də belə sənətkarlarımız olub, Fuad Poladovun da dövründə, yəni indi də belə sənətkarlar var və mən inanıram ki, bizim gələcəkdə də bu cür sənətkarlarımız olacaq. Allah Fuad Poladova qəni-qəni rəhmət eləsin! Sizə də təşəkkür edirəm ki, onu unutmursunuz və belə xatırlatmalar edirsiniz!





Aktyor, rejissor Elxan Cəfərov:

Fuad müəllim haqqında bir gözəl söz yazılmışdı sosial şəbəkədə, mən də oxudum: "Fuad Poladov sənətə polad kimi gəldi, polad kimi getdi!”. Bu fikir çox xoşuma gəldi, çünki bu fikir Fuad Poladovun xarakterini göstərən fikir idi. Allah rəhmət eləsin! Həm böyük sənətkar idi, həm də böyük şəxsiyyət idi.

Yadıma düşür, bir dövr gənclər məni ona bənzədirdilər, səhv salırdılar. Fuad bəy məni uşaqlığımdan tanıyır, amma onunla ilk iş birliyimiz "Dolu” filmində oldu. Çox böyük məmnuniyyətlə işlədik. Fuad Poladov orda da öz peşəkarlığını nümayiş etdirdi. Kinematoqrafiyada "dubl” deyilən bir anlayış var. Fuad bəyin bu filmdəki heç bir kadrı 3, 4, 5 dubla çəkilmədi. O, ən uzağı 2 dubla mükəmməl çıxış edirdi.

Bir maraqlı hadisə də yadımdadır. Fuad müəllim son günlərində bir filmə çəkilmişdi və səhhətində problem yaranmışdı deyə bir səhnə qalmışdı, səsi tutulmuşdu deyə həmin səhnəni səsləndirə bilməmişdi. Çəkiliş qrupu Fuad bəydən nə məsləhət gördüyünü soruşanda o demişdi ki, mənim səsimi yalnız Elxan Cəfərov səsləndirə bilər və mən böyük məmnuniyyətlə filmin kiçik bir hissəsində Fuad Poladovun səsini əvəzləmişəm. Allah rəhmət eləsin! O, bizim sənətimizin sütünlarından biri idi!



 


Ulucay Akif