adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2019 17:38
47734
MƏDƏNİYYƏT
A- A+

Musiqi və Teymur Göyçayev

... Həyat eşqi duymaqdır,–

Son dəfə nəfəs alırsanmış kimi

ciyərlərini hava ilə doldurmaqdır.

Bütün yaşananların üzərindən xətt

çəkib bir başlanğıc doğmaqdır

Və nəğmə oxumaqdır...

Günlərin bir günü metro ilə şəhərin mərkəzinə gedirdim. Saatın neçə olduğu dəqiq yadımda qalmasa da, vaqonlarda sərnişin az idi və demək olar ki, mənimlə üzbəüz oturacaqda cəmi-cümlətani yaz paltosunu qolunun üstünə aşırıb kitab oxumaqla məşğul olan bir nəfər əyləşmişdi. Onun üzünə diqqətlə baxmağa başladım, əlbəttə, üzünə baxmağım səbəbsiz deyildi, amma yaddaşım köməyimə çatmayacaqdı deyə,ağlımdan "Hardan tanıyıram, necə tanıyıram?” kimi suallarkeçmədi. Orasını da qeyd eləyim ki, məhşurların üzünə baxmaq adətim yoxdur; onlarla rastlaşanda tələsik gözümü yayındırıb başqa səmtə baxdığım üçün ancaq və ancaq ilk qarşılaşdığımda qeyri-iradi nə görürəmsə, o olur.

Baxışlarıma sahib çıxmamağımın səbəbi vaqon yoldaşımın sıradan biri olmadığını hiss etməyim deyildi, o, kitab oxuyurdu, mən qiraətçinin üz cizgilərini. Desəm ki, ucaboyu, yaraşıqlı görkəmi diqqətimi cəlb etmişdi, yalan danışmış olaram, amma o, insanın gözəl görünməsi üçün əsas amil sayılan xoşbəxt görünüşü ilə hafizəmdə F. Nitşenin fövqəlinsanını canlandırmağa başladı, axı xoşbəxtliyin də çalarları müxtəlif olur. Bu,bütün növ xoşbəxtliklərin mahiyyətinə varid olmağı bacarmaq xoşbəxtliyi idi ki, əksini söyləmək kökündən yanlışdır.

Fikrimizin izahına yanlış olandan başlamaq üçün kiçik bir haşiyəyə çıxaq: "İnsanı cismani, maadi arzuları ilə qovuşduran firavan həyatın gətirdiyi xoşbəxtliklər çöhrədə iz buraxa bilmir, əksinə, bəzi anadangəlmə cığırları da hamarlayıb tanınmaz hala salır. Məsələn, dodaq gelindən istifadə edən qadınların üz-gözlərini bağlayıb ancaq dodaqlarını açıq saxlasalar, onları bir-birindən fərqləndirmək xeyli çətin olar. Yalançı xoşbəxtlik də belədir; səbəblər müxtəlif olsa da, üzlərdə buraxdığı iz eynidir və həm də bu yalançı xoşbəxtlər təmtəraqlı həyatları yoxdur deyə, həqiqi xoşbəxtləri qəbul etmirlər. Hətta dahi N. Gəncəvivə mən əminəm ki, bu belə idi, o dünyadan təşrif gətitrib söyləyə: "Mən dörümün ən xoşbəxt insanı idim”, inanmayacaqlar, lakin Sultan Səncərin xoşbəxtliyi ağlabatandır, axı mənəvi, idraki, ilahi xoşbəxtliyin nəşəsi müəyyən təbəqədə insanlar üçün əlçatandır”.

Bəli, vaqonda mənimlə üzbəüz əyləşən adamı yüngül əl hərəkətlərindən daha çox musiqiçiyə bənzətsəm də, musiqinin ifa dairəsi çox geniş olduğuna görə, kimliyini üz cizgilərindən təyin etməyə çalışırdım.

Hər kəsə idraki səviyyəsi müqabilində zövq verən sənət nümunələrinin – ədəbiyyatın, rəssamlığın, heykəltəraşlığın adi adamlar üçün əlçatan olması üçün həmişə şərhə ehtiyacı var, lakin musiqi dinləyicini özü yaradır və bu mənada eyni musiqi onu dinləyən hər kəsə eyni zövqü yaşatmaq qüdrətindədir, hətta bayağı musiqilər belə, insanı bayağılaşdıra bilər. Əgər bu belə olmasaydı, kütlə şüurlu ilə hər hansı musiqi bilicisi eyni musiqidən eyni həzzi duyardımı?Axı musiqi su kimidir; iynənin ucu boyda oyuq yaratdı, qranit qayaları da dəlib keçəcək. Nyutonun ikinci – "Təsir əks təsirə bərabərdir” qanunu, fiziki hadisələrxaric, ancaq not sənəti üçün həmişə öz hökmünü qoruyub saxlayır.

Sonralar daha bir neçə dəfə metroda onunla rastlaşdıq; adını, soy adını da öyrənmişdim: Teymur Göyçayev...Maraqlıdır, Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş drijoru, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Azərbaycan Respublikasının Xalq Artisti işə metro ilə gəlib-gedirdi. Nə böyük sadəlik, nə sadə böyüklük!Böyüklük heç nəyə yiyələnmədən hər nəyə sahib olmaq qabiliyyətidir.

Mən Teymur Göyçayevi necə görürdüm?

Fonda böyük xoşbəxtlik, öndə xoşbəxtliyin sonsuz sevincini nəhayətsiz ciddiliklə müşayiət eləyən mükəmməllik təsvir olunurdu. Üz cizgilərilə hərəkətləri tam harmoniya təşkil edir və hərdən başını qaldırıb ətrafa nəzər salsa da, baxışları çox uzaqdadır kimi gəlirdi nəzərə. İstəyim gözlərindəki dərin uzaqlığın mənasını izləmək idi.

Musiqiçinin üzünü görməyə ehtiyac yoxdur. Dinləyici hisslərə yaxından təsir eləyən şeir, yaxud musiqiyə gözüyumulu qulaq asır və ifaçı özü də ifa zamanı eyni səbəbdən gözünü yumur, yəni daxili yaşanan zövqün zahiri təcəssümü baş verir.Onu da qeyd etmək yerinə düşər ki, musiqiləri dinləyicilərə çatdırmaq üçün ifaçıların boğaz, barmaq kimi müxtəlif orqanları fəaliyyətdə olur.Bəs drijorlarda necədir?

Musiqi insan ruhunu idarə eləyir, drijorlar isə musiqini. Tərkibinə daxil olan alətlərin sayından və növündən asılıolaraq okestrin adı müxtəlif olsa da, çalğı alətləri və çalğıçılar, yaxud çalğıçılarla solist arasındakı əlaqəni drijor yaradır. Özü susur, əvəzində bütün zahiri orqanları danışır, amma onun nə söylədiyini ancaq orkestr başa düşür, necə deyərlər, "lalın dilini anası bilir”. Eynən uşaqlığımda gördüyüm toybaşılar kimi əllərində çubuqları da olur..Toybaşı toydakıları nizam-intizama dəvət edir, drijor orkestri, amma sonuncuları bütün musiqiçilərdən fərqləndirən yeganə cəhət jestlərdir və təbii ki, jestlər üz cizgilərinə təsirsiz ötüşmür.

Şaxtalı havalarda pəncərə şüşəsinin iç tərəfinə düzülən naxışları hamımız görmüşük. Bu naxışların nizamlı sırası təbiətin dərk olunmayan müdrikliyindən xəbər verir. Musiqinin də nə olduğu dərk olunmur, amma Teymur Göyçayevin üz cizgiləri dərk olunmuş ideyanın – kamil musiqinin bəxş etdiyi ülvi duyğuların sonsuz trayektoriyasından təşkil olunmuşdu...

Musiqi bəzən canlı, bəzən cansız ifa olunan canlı varlıqdır ki, dadını hamı bilir, sirrinə vaqif olan yoxdur: mahiyyəti ilə üst-üstə düşür. Bəs drijor kimdir? Drijor skeleti kompozisiya olan musiqinin beynidir.

Musiqiçi olmadığım üçün Teymur Göyçayev sənətinin incəliklərinə nüfuz etmək bilik fəzama aid olmasa da, onun üzündəki şər qüvvələrlə döyüşdən üzü ağ çıxmış hisslərin arxayınlıq – müqəddəs yorğunluğun sükuta dalmış təntənəsini qeyd etməyə bilmirəm; bəlkə də, xoşbəxtliyindən nigarançılığı vardı, amma ölümsüz görünürdü, axı yaşanan, fəth olunan xoşbəxtliklərin yolu əbədiyyətdən keçir.

Göyərçin Kərimi

Şair-yazıçı-publisist,

AYB-nin üzvü