adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 May 2019 17:35
61081
MƏDƏNİYYƏT
A- A+

TEATR RƏSSAMI:”BİZƏ GÖSTƏRİLƏN QAYĞINI ƏMƏLİ İŞİMİZLƏ DOĞRULDACAĞIQ”

Məzaim Qurbanovu çoxdan tanıyıram, lap çoxdan. Təqribən 40 il bundan öncə o - şəhərli balası, mən isə kənd uşağı "Leninçi”, indiki "Lənkəran” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən ədəbi birliyin məşğələlərində iştirak edərdik. Məzaim əsasən hekayə yazardı və qələmə alığı bədii nümunələr vaxtaşırı qəzet səhufələrində işıq üzü görərdi. Ümumilikdə götürəndə Məzaim o dövrkü nəsrin ümidverici nümayəndələrindən biri kimi tanınırdı.

Sonradan uzun müddət Bakıda yaşaşamalı olduğumdan Məzaimdən heç bir xəbərim olmadı. Yalnız 1986-cı ildə yenidən doğma Lənkərana qayıdandan sonra bildim ki, mənim köhnə dostum Məzaim Qurbanov Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrında quruluşçu rəssam vəzifəsində çalışır.

O, 1973-cü ildən - teatr fəaliyyətə başlayan dövrdən bu sənət ocağındadır. "Bəs nə üçin ədəbi yaradıcılıqdan ayrıldın? Axı, istedadlı yazıçı kimi təsdiqini tapmışdın?”- sualına Məzaim çiyinlərini çəkərək:”Vallah, nə bilim, görünür taleyin qisməti beləymiş,”- deyə cavab verdi və bir anlığa fikrə dalaraq sözünə davam etdi:” Əslində rəssamlıq sənətinə lap uşaq yaşlarından həvəsim olub. Yazdığım hekayələrə də ideyasına müvafiq illüstrasiyalar çəkmişəm. 1967-1971-ci illərdə Bakı şəhərində Rəssamlıq Məktəbində təhsil aldığım dövrlərdə səhnə sənətinə marağım məni teatr rəssamı olmağa sövq etdi. 1973-cü ildə Lənkəranda teatr yaradılanda məni də buraya dəvət etdilər və həmin müddətdən ta bu günə kimi düz 46 ildir ki, bu sənət ocağında işləyirəm. 1984-1985-ci illərdə isə Moskvada Ümumittifaq İxtisasartırma kurslarında bir daha «Quruluşçu rəssam» ixtisasına yiyələnmiş, keçmiş SSRİ-nin paytaxtında fəaliyyət göstərən teatrların ən görkəmli rəssamlarının sənətindən çox şey əxz etmişəm”.

-Teatr da dünya kimi insan xarakterləri və əməyin müxtəlif formaları ilə zəngindir, - deyə həmsöhbətim sözünə davam edərək deyir. - Teatra bağlı olan hər hansı peşə və ya sənət əslində yaradıcı iş sayılır. Məsələn, teatrın direktoru, inzibatçısı, səhnə quraşdırıcıları, rejissorlar, dərzi, butaforçu, işıqçı və kollektivin bütün başqa üzvləri cəm halında yalnız bir məqsədə - tamaşanın bütövlüyünə nail olmaqla tamaşaçıların estetik zövqünü oxşamağa xidmət edirlər.

M.Qurbanovla söhbətdən məlum oldu ki, o, quruluşçu rəssam kimi teatrda50-dən çox tamaşanın səhnə tərtibatını verib. Bunların sırasında Məmmədhüseyn Əliyevin "Ana fəryadı”, Səməd Vurğunun "Fərhad və Şirin”, Camal Yusifzadənin "Səhər qatarı”, Fikrət Qocanın "Məhkumlar”, Şəkər Aslanin "İki tərəfli hərəkət”, Sofoklun "Şah Edip”, Hidayətin "Məni qınamayın” , Maarif Məmmədovun "Sovqat”, Əli Əmirlinin "Köhnə ev”, Süleyman və Həmdiyə Lətipovların "Şah və əks-səda”, Əlibala Əsgərovun "əlibaba və qırx quldur”, Lev Korsunskinin "Kələkbaz”, Hafiz Mirzənin "Moskvaı gəlin”, Mar Bayciyevin "Şənbə axşamı” və s. tamaşalar daha yaddaqalan olub.

"Çox şadam ki, dövlətimiz biz sənət adamlarından diqqətini, qayğısını əsirgəmir, - deyə Məzaim müəllim razılığını ifadə edərək deyir.- Cari il aprelin 17-də "Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında ” Prezident sərəncamı kollektivimizin hədsiz sevincinə səbəb oldu. Bu sərəncamla ölkənin 12 teatrına verilmək məqsədilə Mədəniyyət Nazirliyinə 1,8 milyon manat vəsait ayırıb. Həmin teatrlar arasında respublikanın digər sənət ocaqları ilə yanaşı bizim Lənkəran Dövlət Dram Teatrı da vardır. Bir neçə gün sonra isə ölkə başçısının digər Sərəncamı ilə aylıq əmək haqlarımız 50 faiz artdı.

Əslində hələ indiyə qədər ölkə ­teatrlarına bu həcmdə yardım göstərilməmişdir. Söz yox ki, bu, cənab Prezidentin teatrlarımızın inkişafına xüsusi diqqətinin bariz nəticəsidır.
Fürsətdən istifadə edib bizə göstərilən bu qayğını yüksək qiymətləndirir, cənab Prezidentə öz adımdan, iş yoldaşlarım adından dərin minnətdarlığımı bildirirəm.

Var-qüvvəmizlə çalışacağıq ki, dövlət tərəfindən bizə göstərilən qayğını əməli işimizlə doğruldaq”.

Ağaddin BABAYEV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Lənkəran.

Şəkillərdə: Məzaim Qurbanov; rəssamın quruluş verdiyi tamaşalardan eskizlər.