adalet.az header logo
  • Bakı 18°C
23 May 2019 17:33
21202
ƏDƏBİYYAT
A- A+

ÜÇ FIŞTIRIQ - Fazil SƏNAN yazır

Elə bil cibindən daş sallanmışdı. Tez-tez şüb­həli-şübhəli ətrafına boylanırdı. Arxadan gələn ayaq səslərini eşidən kimi «Dayan, bizimlə gedəcəksən» fikri beynin­dən keçirdi. Heç bir hadisənin baş vermə­diyini gördükcə yavaş-yavaş öz-özünə toxtaqlıq verirdi. "Arvad düz de­yir, qorxağam. Mənlə bir yerdə işləyənin hamısının evi-eşiyi, altının maşını, dolanışığı, nə bilim nəyi… Mən­­sə aldığım maaşla yarı ac, yarı tox bu ayı o biri aya güclə çatdırıram. Xeyir-şərin birinə gedəndə beşini də təxirə salıram. İş yoldaşlarım var-dövləti, maşını, uşaqlarına yarat­dıqları şərait ilə öyündükləri halda, mən də həmişə «Təmiz adamdır» titulu ilə öyünmüşəm”. Bir də onda ayıldı ki, mərkəzi bazarın qapısına çatıbdır. İki böyük torba alıb bazarlıq etməyə başladı. Kabablıq ətdən tut­muş, göy-göyərtiyə kimi hər şeylə torbanı doldurdu. Hət­ta yarım litirlik bir araq da aldı və bazardan çıxıb yo­la düzəldi. Arvadının deyəcəyi xoş sözlərin müqa­bilində torbaların ağır olduğunu hiss etməyərək evə tez çatmağa tələsdi. Qorxunu tamam yadından çıxar­tmışdı. Başa düşmədiyi bir se­vinc içini çulğamışdı. Ömründə bir dəfə arvadının gülərüzlə «A kişi, maşallah olsun, bu nə ba­zar­lıqdı etmisən? Lap bazarı yığıb gətirmisən ki. Neçə ildi arvadınam, sənin bu cur əli dolu evə gəldiyini gör­məmişəm, gəl bir səni maç edim…» kimi sözləri fikrin­də canlandıraraq gülümsədiyi məqamda, qəf­lətən çalı­nan fit səsilə birgə «Dayanın!» sözlərini eşidər-eşitməz torbaları əlindən yerə düşdü, rəngi kəfənə döndü və qıl­çaları titrəməyə başladı. Qolun­dan tutan polisin üzünə baxaraq udquna-udquna:

– Bağışlayın, vallah bir də eləmərəm.

– A kişi, nəyi eləməzsən? Maşın sizi vurmuşdu. Pi­yadalar üçün keçid var, oradan gedə bilmirsən? – de­yən polis başladı yola dağılmış ayın-oyunu torbaya yığmağa.

Heykəl kimi donub qalmışdı. Handan-hana toxda­ya­raq özünü ələ alıb dilləndi.

– Nə bilim ay oğul, fikirli idim.

– Fikirli olsan da, ətrafa baxmaq lazımdı. Xüsu­səndə yolu keçəndə.

Səkidə torbaları yerə qoyan polis; «Di sizə yaxşı yol» deyib geri dönmək istəyəndə «Çox sağ ol, oğul» deyən müsahibinin sifətinə gözü sataşdı.

– Siz Qəzənfər müəllim deyilsiniz?

– Bəli, Qəzənfər müəlliməm.

– Xoş gördük, müəllim. Necəsiniz? Polis, se­vin­cək müəllimin boynunu qucaqlayıb üzündən öpdü.

– Bağışlayın, oğul, tanıya bilmədim.

– Ramizəm, müəllim. Siz yaxşı müəllimsiniz. Si­zin mənə hörmətiniz keçib.

– Nə hörmətim, oğul?

– Təmənnazsız qiymət yazmısınız mənə. Siz kris­tal adamsınız. Sizin kimi təmiz adamlar çox azdır.

Polisin sözlərindən bədəninə bir xəcalət təri gəldi. Səkiyə qoyulmuş dolu torbalara baxdıqca Qəzənfər mü­əl­limi elə bil boğurdular. Ona elə gəlirdi ki, yanlarından keçənlər «Siz kristal adamsınız» sözlərinə istehza edə­rək gülürlər.

– Sağ ol, oğul. Oxumusan, almısan.

– Xeyir, müəllim, elə də oxuyan tələbə deyildim. De­yirdiniz ki, insafım yol vermir. Mənim yazdığım «qey­ri-kafi» qiymətindən başqaları qazanc götürür. Ona gö­rə də heç kəsə «qeyri-kafi» yazmıram.

– Düz deyirsən, mən tələbəyə elə indi də «qeyri-ka­fi» yazmıram.

– Qəzənfər müəllim indi də ali məktəbdə işlə­yir­siniz?

– Bəli, indi də işləyirəm.

– Ayda nə alırsınız?

– Üç yüz, üç yüz əlli, belə də.

– A müəllim, sizin ayda aldığınız 300 manatı, mən üç fıştırığa alıram.

– Necə yanı, üç fıştırığa alırsan. Düzü başa düş­mə­dim. Rəngi durulmuş Qəzənfər müəllim gülümsündü.

– Bir az gözləyin, bu dəqiqə deyim müəllim. Polis işıqforun qırmızı işığına məhəl qoymayıb keçən xarici maşının əylənməsi üçün fit çaldı. Sürücü maşını yolun kənarına çəkib saxladı.

– Bağışlayın, Qəzənfər müəllim. Bu dəqiqə gəli­rəm, – deyən polis maşında əyləşmiş sürücüyə yaxınlaş­dı. Xeyli söhbətdən sonra Ramiz Qəzənfər müəllimin yanına döndü.

– Gördünmü, müəllim?

– Nəyi, oğul?

– Həm işıqforu düz keçmədi, həm də içmişdi. Yal­var-yapış etdi, yaxın bir adamın adını çəkəndən son­ra and içdi ki, cibimdə bir yüzlük var, o da sənin olsun. İn­di müəllim, həmin yüzlüyü sizin cibinizə qoyuram.

– Mənim cibimə niyə? Özünü itirdi Qəzənfər mü­əllim.

– Müəllim, heç olmasa birlikdə bir stəkan çay iç­mə­­liydik. Mən indi iş başındayam, sonra da görüşək-gö­rüşməyək, onu bilmək olmaz.

– Yox, yox, nə danışırsan, Ramiz, oğul. Qəzənfər mü­əllim etiraz etdi.

– Bilirəm, müəllim bu pulu rüşvət hesab edirsiniz. Çirkli pul kimi iyrənirsiniz. Həqiqəti deyim ki, bizdə tə­miz pul tapmaq bir az qəliz məsələdir. Amma xahiş edi­rəm sözümü yerə salmayın. Bilirsinizmi, bir fitlə sizi ölü­mün ağzından almışam. Uzun illərdi ki, sizi gör­mür­düm. Xatirimdə təmiz bir müəllim kimi qalmısınız. Ra­miz əlindəki yüzlüyü Qəzənfər müəllimin ci­binə qoydu və yaxşı yol arzulayaraq ondan ayrıldı.

Qəzənfər müəllim cibindən pulu çıxardaraq bir yüzlüyə və bir də xidməti polis maşınına doğru gedən Ramizin arxasınca baxaraq öz-özünə pıçıldadı:

– Çox maraqlıdır, bir fıştırığa yüz manat verirlər. Sonra dərindən bir köks ötürərək torbalar əlində, yüzlük isə cibində yoluna düzəldi.