adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 May 2019 16:18
20420
SİYASƏT
A- A+

Tahir Rzayev: İndiki məqamda mitinq lazımdırmı? - Yox!

"Müxalif qüvvələr tərəfindən may ayının axırlarında kütləvi mitinqlər keçirilməsi ilə bağlı səsləndirilən çağırışlar insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Azərbaycan vətəndaşını mitinqlərin nə üçün təşkil edilməsi və orada hansı məsələlərin gündəmə gətirilməsi düşündürsə də, ancaq vətənpərvər insanlar bu yığıncaqların əhəmiyyətsiz olduğunu, özbaşınalığa, araqarışdırmaya, boşboğazlığa istiqamətləndirildiyini yaxşı bilirlər."

Bunu millət vəkili Tahir Rzayev bildirib.

O, qeyd edib ki, çünki mitinqləri təşkil və orada çıxış edənlər, söz deyənlər, demək olar ki, eyni simalardır və bu, təkrarlanan bir oyunbazlıqdır.

Millət vəkilinin sözlərinə görə, bu oyunbazlığı onu təşkil edənlərin özləri də anlayırlar, ancaq başqa yol tapa bilmirlər:"Seçdikləri yolu insanları aldatmaq, onların etimadını qazanmaq, öz havadarlarına, ağalarına xoş gəlmək üçün başlıca vasitə hesab edir və bundan bəhrələnirlər.Çox təəssüflər olsun ki, bu oyunbazların yalanlarına bəzi sadəlövh insanlar inanır və onları xalqın cəfakeşi rolunda görürlər. Əslində isə belə deyil.Bu gün meydanlarda hay-küy salmağa çalışanların çoxu 1988-1993-cü illərdə siyasi səhnədə öz rollarını biabırcasına oynamış və xalqımızı bir çox bəlalara düçar etmiş insanlardır.Əlbəttə ki, onlar söz düşəndə səhnədə olduqları vaxtı qısaltmağa, bir il hakimiyyətdə olduqlarını deməklə, özlərini sığortalamağa çalışırlar.Əslində isə belə deyil.Qarabağda münaqişələr başlayan ilk gündən bu qüvvələr meydanda idilər və rayonlarda baş verən çaxnaşmaların, silahlı yolla hakimiyyətdə olanların, rayon rəhbərlərinin dəyişdirilməsinin, qruplaşmalar yaradılmasında fəal iştirakçıları olublar.Heç bir qabiliyyəti, savadı olmayan adamları onlar vəzifələrə təyin edirdilər.

Kütləvi mitinqləri, qarşıdurmaları onlar yaratmırdılarmı?

Bir-birilərini ittiham edən, ünvanlarına təhqiramiz ifadələr işlədən, sirdaşlarını xəyanətdə suçlayan, çətin anda qaçıb gizlənənlərin çoxu bu insanlar idi.Bəs bu adamlar nədən dönüb dünənlərinə baxmırlar? Etdikləri əməllərdən çəkinmirlər?Vətənpərvər donuna girib ölkədə yenidən çaxnaşmalar salmaq əzmindədirlər.Uzaqgörən insanlar yaxşı bilirlər ki, onların başqa yolu yoxdur.Yalan, iftira, özbaşınalıq, şantaj yolunu tutublar.Götürdükləri öhdəliklər müqabilində bu yoldan heç vaxt çəkinməyəcəklər. Təəssüf edirəm ki, özünü siyasətçi hesab edən, hətta partiya rəhbəri olan bəzi insanlar da radikal müxalifətin ab-havasına uyub, bir çox hallarda onların dediklərini təkrarlayırlar, xırda nöqsanları, faktları elə şişirdirlər ki, adam qulaqlarına inanmır.Bu faktların haradan götürüldüyünü soruşduqda isə onlar müxtəlif xarici mənbələrə, deyilənlərə əsaslandıqlarını bildirirlər. Ancaq bu faktların çoxu yalan çıxır…”.

Millət vəkilinin qeyd etdiyinə görə, o, bugünlərdə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi ilə "Yeni Müsavat”-ın təşkil etdiyi debatındakı çıxışına baxandan sonra bir daha bu qənaətə gəlib:

"Mən heç kimin şəxsiyyətinə toxunmaq istəməzdim, ancaq sayı, yeri, fəaliyyəti bilinməyən bir partiya sədrinin YAP-a istehza ilə baxması, özündən razılığı və söylədiyi bir çox faktı əsaslandıra bilməməsi məndə təəssüf doğurdu.Əgər Əli Əliyev deputatların əmək haqlarını bir neçə dəfə şişirdirsə, bəzi ölkələrin dövlət büdcəsi barədə məlumatlı olmadığı halda, onu dövlət büdcəmizlə müqayisə edib, xarici ölkələri tərifləyirsə, yol çəkilişinə sərf edilən xərclərin miqdarının bir neçə dəfə artırıb səsləndirirsə və bunu milyonlarla dinləyiciyə sırımaq istəyib, yalandan hər vəhclə doğru donu geydirməyə çalışırsa, o, yaxşı vətəndaş, kamil siyasətçi, obyektiv insan ola bilməz.

Sual oluna bilər: Partiya sədri yalan rəqəmlərə əsaslanmaqla, başqa dövlətləri bizə nümunə göstərməklə, digər partiyaları aşılamaqla nə demək, hansı obrazını yaratmaq istəyir?

O hiss etmirmi ki, insanlar onun söylədiyi faktları yaxşı bilirlər?!

Elə debatın gedişində bu sübut olundu və onun yalanı üzə çıxarıldı.

Bir partiya sədrinin timsalında gətirilən belə nümunələr çoxdur. Hər bir ölkədə çatışmamazlıqlar və problemlər var.Azərbaycan da dünyanın bir parçası olaraq bu problemlərdən sığortalanmayıb.Ancaq çətinliklərin, vacib məsələlərin həll olunması, insanların həyatının yaxşılaşdırılması, iqtisadiyyatımızın, müdafiə qüdrətimizin inkişafı, möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzumuzun artırmaq sahəsində ölkəmizdə çox işlər görülüb.Mühüm proqramlar, layihələr, tədbirlər həyata keçirilib. Bunu dilə gətirməmək, yalan faktlarla insanları çaşdırmaq siyasətə, həm də insanlığa ziddir.Bunu Azərbaycanı azad, demokratik, gələcəyi uğurlu bir dövlət görmək istəyən hər bir kəs yaxşı bilməlidir və dönə-dönə bu barədə düşünməlidir”.