DONUZUN HƏSƏNQULUYA MƏKTUBU

AQİL ABBAS
24959 | 2009-11-14 02:39
Həsənqulu! And olsun sənin bütün inanmadıqlarına. Niyə sənin inanmadıqlarına and içirəm? Çün sənin inandıqlarına and içmək günahdı. Çün sənin inandıqlarına görə mən dünyanın ən murdar və ən haram məxluquyam. Amma donuz olsam da bir şeyi başa düşmürəm ki, əgər mən dünyanın ən murdar məxluquyamsa, niyə yaradılmışam?
   
   Əvvəla, deyim ki, dünyada mənim kimi yazıq, sakit və daha çox məhsuldar bir məxluq yoxdur. İnək balasını çığnıyır, eşitmisən bir donuz balasını çığnasın? İt yiyəsini tutur, amma hələ bir donuz yiyəsini tutmayıb. At yiyəsini belindən atır, hələ bir donuz yiyəsinin üzünə ağ olmayıb. Belə misallar nə qədər istəsən çəkə bilərəm.
   
   Hələ bir donuz atasını öldürməyib, anasını öldürməyib, bacısını-qardaşını öldürməyib. Hələ bir donuz başqa bir donuzun var-dövlətini tutub əlindən almayıb. Hələ bir donuz başqa bir donuzdan oğurluq eləməyib. Hələ bir donuz dövləti başqa bir donuz dövləti ilə müharibə eləməyib, başqa bir donuzun dövlətinin donuzlarını qırmayıb, balalarını əsir götürməyib, yurd-yuvalarını yandırmayıb, evlərindən-eşiklərindən qaçqın salmayıb. Eyy, nə qədər belə misallar çəkə bilərəm.
   
   İndi gör dünyanın ən murdar yaradılmışı mənəm, yoxsa yuxarıdakı əməlləri törədənlər?
   
   Darvin deyir ki, yeri-göyü yaradan əməyin hesabına meymunu insan edib. Yəni insan meymundan yaranıb. İndi sual eləyirəm, indi niyə meymun insana çevrilmir?
   
   Sənin bir dostun var ey, Aqil Abbas, bir povest yazırdı, yarımçıq qaldı. Adı bilirsən nə idi: "Allahın meymunlara yazığı gəldiyindən, sonradan onları insana çevirmədi".
   
   Həsənqulu! And olsun sənin inanmadıqlarına, biz donuzlar qripin nə olduğunu bilmirik. Bizə şər-böhtan atırlar, dünyanın ən yazıq məxluqu olduğumuza görə bu qripi bizim adımıza qoşublar. Bu qripi insanlara dovşan kimi baxıb üzərlərində təcrübə keçənlər yaradıblar və indi təcrübələrini həyata keçirirlər. İndi üstünüzdə təcrübə keçənlərə gücünüz çatmır, onlarla savaşa bilmirsiniz, düşmüsünüz biz yazıq donuzların üstünə.
   
   Əgər bu donuz qripidirsə, niyə mənim 24 balamdan biri qrip olmur, amma sizin bir-iki balanız var qrip olur.
   
   Əgər bu donuz qripidirsə, niyə mən, mənim qohum-əqrəbamdan biri ölmür, türklər ölür, ukraynalılar ölür, bir də ABŞ-dakı zəncilər.
   
   İndi görün bu xəstəliyi Afrikaya yaysalar, məndən də pis gündə yaşayan afrikalılar nələr çəkəcək?
   
   Həsənqulu! Əslində bu qripin adı "ABŞ qripi"di, mənim adıma çıxıblar. Siz məndən qorxmayın, ABŞ-dan qorxun. Başınıza nə bəlalar gəlsə donuz qripindən gəlməyəcək, "ABŞ qripi"ndən gələcək.
   
   "ABŞ qripi" təkcə İraqda 1 milyon 500 min nəfərin ölümünə səbəb olub. Hələ mən Əfqanıstanı demirəm, Koreyanı demirəm, Vyetnamı demirəm.
   
   Həsənqulu! Nahaq da məndən iyrənirsən. Bircə dəfə dadıma bax, məndən əl çəkməyəcəksən. Sizin atalar deyir ki, "yeməmisən qaz ətini, bilmirsən ləzzətini". Bizim atalar da deyir ki: "Yeməmisən donuz ətini, bilməyirsən ləzzətini". Həmişə öz atalarının sözünə qulaq asmısan, bir dəfə də bizim ataların sözünə qulaq as. Peşman olmazsan. İnanmırsan, donuz əti yeyənlərdən soruş. Sizə hər şeyi qadağan eləyənlər özləri hər əməldən çıxdıqları kimi, donuz əti haram olsa da yeyirlər. Sadəcə, adını dəyişib qoyurlar qaban. Guya filan deyil, babam eləyib. Qaban donuz deyil ki? Sənə bir sekret də açım? Restoranlarda mənə ceyran deyirlər. İnanmırsan, gir Bakıda lyuboy restorana, de ceyran kababı gətir, mənim kababımı gətirəcəklər. Gör məni nə qədər sevirlərsə restoranlarda adımı dəyişib ceyran qoyurlar.
   
   Eh, nə isə Həsənqulu, özünü donuz qripindən qoruma, bizdən sizlərə heç bir pislik gəlməz! Siz özünüzü "ABŞ qripi"ndən qoruyun. Bu sizə göndərilmiş ən böyük bəladı. Odur ey Türkiyə, bütünlüklə "ABŞ qripi"nə tutulub, kim "ABŞ qripi"nə tutulmayıbsa, onları da hökumət tutub.
   
   Hörmətlə;
   
   Moskva donuzçuluq
   
    fermasının Baş Donuzu

TƏQVİM / ARXİV