adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 May 2019 15:36
57005
LAYİHƏ
A- A+

Beşbarmaq-Qızılburun cəbhə xəttinin döyüşləri

Böyük Qafqaz dağ silsiləsinin quzey-doğu hissəsində yerləşən "altı para əraziləri” (Xızı, Qızılburun, Şabran, Xaçmaz, Quba və Qusar nahiyələrini) özündə birləşdirən Quba qəzasının 1918-1920-ci illərdə qəzalı günləri, ayları Bakı Xalq Komissarları Sovetinin Hərbi-İnqilab Komitəsinin, bolşevik Rusiyasının əski Xoca Tərxan (Həçtərxan) şəhərində yerləşdirilmiş birləşmiş hərbi qüvvələrinin hay-daşnak qulduru A.Srvantsyanın ixtiyarına verilmiş Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının 4 min nəfərlik erməni-rus silahlılarının amansız hücumları ilə başlanılmışdır.

1905-ci il iyul ayının 15-də istifadəyə verilmiş Bakı-Dərbənd dəmiryolu xətti ilə hərəkət edən quldur düşmən silahlılarının 8 hərbi eşalonu Qızılburun (Siyəzən nahiyəsinin əvvəlki adı və yeri) yaşayış məntəqəsində yerləşərək ətraf kəndlərə basqınlar etmişlər. Bu hissədə quraşdırılmış düşmən topları ilə Sədan və Böyük Həmyə kəndləri birbaşa atəşə tutulmuşdur. Ən çox hücuma məruz qalan, dinc insanların tələfatı ilə nəticələnən və ağır maddi ziyanın dəydiyi 15 yaşayış məntəqələri sırasında Böyük Həmyə (keçmiş Ərəb), Sədan, Çarxana, Tuğay, Əlixanlı, Eynibulaq kəndlərinin adı çəkilir, Azərbaycan Xalq Cumhuriyyətinin xalqımıza qarşı erməni-rus vəhşiləri tərəfindən 1918-1920-ci illər ərzində törədilmiş faciələri təhqiq edən Fövqəladə Təhqiqat Komisiyyasının arayışlarında. Belə ki, həmin qətliam-soyqırım faciələrini təqdid edən Komisiyyanın İstintaq qrupunun rəsmi məlumatına görə 1918-ci ilin aprel ayında bu nahiyənin Qara Siyəzən və Nardaran kəndlərində 13 kişi, 1 qadın və 1 uşaq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Daha sonra, Ağ Siyəzən kənd sakini Mir Həmdulla Seyid Zəki oğluna məxsus taxıl, arpa məhsulları, qoşqu atları, mal-mülkü qarət edilərək aparılmış, ona 74 min manat dəyərində ziyan vurulmuş, Qaraşıxı kəndinin 3 min nəfərə yaxın əhalisinin taxıl əkini yandırılmış, yuxarıda adları çəkilən kəndlərin yandırılmış məscidlərində yüzlərlə nüsxə müqəddəs "Qurani-Kərim” süngülərlə yarasız hala salınmışdır.

Həmin qanlı hadisələr barədə Əlixanlı kəndinin yüzbaşısı Mirzəməmməd Dostəli oğlunun, Nəcməddin İsmayıl oğlunun, Gülhüseyn Məhərrəm oğlunun, Sədan kəndinin ağsaqqalı Dadaş Musa oğlunun, Qızılburun kəndindən Baləmi Zülfüqar oğlunun, Hüseynəli bəy Hüseyn bəy oğlunun... məlumatlarından istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, bu şəxslər həm də həyatlarını təhlükə altına qoyaraq A.Srvantsyanın yanına gedərək dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi xahişlərini etsələr də müsəlman-türk qanına susamış erməni-rus quldurları bu müraciətə məhəl qoymayaraq günahsız əhalini qəddarcasına qətlə yetirmiş, tikililəri, maddi-mədəni abidələri yandıraraq yerlə-yeksan etmişlər.

Eynibulaq kənd məscidinin mollası Əlihəsən Kərbəlayi Tağı oğlu yandırılmış məsciddə qalmış "Qurani-Kərim” nüsxəsinin qalıqlarını İstintaq qrupunun üzvlərinə təqdim edib. Hay daşnak və rus-bolşevik silahlıları Sədan kəndində evlərini tərk edə bilməyən xəstə sakinlərindən Qərib Məlik oğlunu, Şahnaz İbrahimxəlil qızını, azyaşlı Püstə Məmmədbəy qızını işkəncə ilə öldürmüşlər. Sədan kəndində həmin illərdə 80-90 ev olub (Mirşan qazması, Allahqulu qazması, Dərgah qazması, Paşa qazması...) və bu kənd qədimliyi ilə ətraf obalardan fərqlənmişdir. Belə ki, bu obada 3 qəbirstanlıq var, ən qədimi 500 ildən çox yaşa malik "Pir Mahmud qəbirstanlığı”dir. O illərdə yandırılmış evlərdən biri, Ağasəlim Yunus oğlunun (1855-1925) tikilisinin yanıq divarları 1950-ci illərədək qalırdı. Kənd sakini Rzaqulu Mürsəl oğlunun (1901-1983) bildirdiyinə görə hay-daşnak və bolşevik quldurları kənddən şimal-şərq tərəfdə, 50-70 m aralıda səngər qazaraq əhalini top atəşinə tutmuşlar. Əhali sığınmaq üçün 2-3 km aralıdakı Sədan meşələyinə ("Hidayət bağı”, "Ağarəşid bağı”, "Məhəmmədşah bağı”... deyilən yerlərə), Qəleyhundar dağı (bu toponim əski türkdilli hun tayfalarının adı ilə bağlıdır) istiqamətinə üz tutub, amma cavanlar silaha sarılaraq düşmənə müqavimət göstərməkdə davam ediblər. El döyüşçülərindən Süleyman Ağası oğlu (1875-1935), Səlim Mahmud oğlu (1885-1947), Veyis İsmayıl oğlu (1882-1962)...xüsusilə fərqlənmişlər. Sonrakı illərdə həmin səngər yerləri 5 para kəndi əhatə edən "Sovet” kolxozunun taxıl əkin yerləri altında qalaraq unudulmuşdur.

Sədan kənd sakini Adil Rzaqulu oğlu Eldarov (1941) bu məlumatları bildirdikdə Şəhid oğlu Eldarın (1972-1993) Qarabağ cəbhəsinə yollananda dediyi sözü də xatırladı:

-Ata, sən həmişə mənə söhbət edərdin ki, 1918-ci ildə ermənilər-ruslar kəndimizə neçə vəhşicəsinə basqın edərək dinc əhalini qanlarına qəltan etmişlər. İndi həmin hadisələr Qarabağda baş verir, mən necə pahat otura bilərəm ki, orada ana-bacılarımız yağı düşmənə əsir düşsün...

Və O, 1994-cü il may ayının 18-də cəbhənin Murovdağ istiqamətində Şəhid olmuşdur.

Qəzanın düşməndən azad edilməsi məqsədilə bölgəyə daxil olan 5-ci Qafqaz İslam Ordusunun səhra düşərgələrindən biri də Beşbarmaq dağının (445 m) qərb hissəsində qurulmuşdu...

Ümumilikdə, o dövrdə Qızılburun nahiyəsində (indiki Siyəzən rayonu ərazisində) quldur dəstələrinin törətdikləri vəhşiliklər nəticəsində 60 nəfər (55 kişi, 3 qadın, 2 uşaq) qətlə yetirilib, 53 nəfər yaralanıb, 6 məscid, 175 ev, 2 dəyirman, 121 yardımçı tikililər yandırılaraq məhv edilmiş, 1209 baş mal-heyvan qarət edilərək aparılmış, nəticədə əhaliyə 58 milyon manat dəyərində maddi ziyan vurulmuşdur.

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi