Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən ictimai təşkilatlar və
dövlət orqanlarının ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və
milli mənlik şüurunun inkişafı istiqamətində apardığı maarifləndirmə işləri
gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Məhz bu səbəbdən də qədim və zəngin tarixə malik Azərbaycan
xalqının hərb tariximizdə olan şəxsiyyətlərinin tanıdılmasına çox böyük ehtiyac
duyulur.
Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində
Rusiya çarlığı azərbaycanlıları hərb sənətinin incəliklərinə yiyələnməkdən uzaq
tutmuş, xalqımızın nümayəndələri demək olar ki, hərbi xidmətdən məhrum
edilmişdilər. Yəni müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür
vergilər ödəyiblər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən
ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər
və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti
yaranmışdı ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri
göstəriblər.
Bu yazımızda haqqında söhbət açacağımız şəxs
məhz hərb sənəti tariximizdə izlər qoymuş, üç müharibə görmüş general-mayor
Tərlan bəy Əliyarbəyov da belə yüksək sərkərdəlik nümunəsi göstərmiş
azərbaycanlılardandır. Azərbaycanın görkəmli sərkərdələrindən olan - "həyatını,
sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək” devizi ilə
yaşamış general-mayor Tərlan bəy Əliyarbəyov Azərbaycan tarixinə iki cahan
müharibəsində iştirakçısı olmuş, Azərbaycan Milli Ordusunun təşkilində yaxından
fəaliyyət göstərmiş görkəmli sərkərdə kimi daxil olmuşdur.
Müsahibimiz görkəmli sərkərdəmizin nəvəsiAygün Əliyarbəyovailə
söhbətimizdə gənclərimiz üçün örnək olacaq belə bir fəxrli azərbaycanlının
həyat yolu və onunla bağlı xatirələri qələmə almışıq. Öncə onu vurğulayaq ki,
Aygün Əliyarbəyova Azərbaycan Tibb Universitetində Histologiya, embriologiya və
sitologiya kafedrasının tədris hissə müdiridir, tibb üzrə fəlsəfə doktorudur.
-Aygün xanım, öncə oxucularımıza babanız haqqında ətraflı məlumat
verərdiniz.
-Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın 28-də füsunkar təbiətli Şamaxı
şəhərinin Ağsu kəndində zadəgan ailəsində anadan olub. Uşaqlıq illərini
Şamaxıda keçirən Tərlan bəy yaşadığı torpağın çörəyini yemiş, suyunu içmiş,
havasını udmuşdur. Beləliklə, onun xarakter və iradəsinin formalaşmasında doğma
ocağın, təbii iqlim şəraitinin xüsusi rolu olub. Müdriklər demişkən, "su öz
keyfiyyətini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və pis
cəhətlərini doğulduğu diyardan götürür”. Tərlan bəy 1908-ci ildə Şamaxıdakı
altıillik şəhər məktəbini bitirib və ordu sıralarına könüllü olaraq piyada kimi
yollanıb. Ordu sıralarından qayıdan 18 yaşlı Tərlan bəy 1910-cu ildə atası
Abdulla bəyi itirsə də, təmkinliyini pozmayaraq bütün ailənin yükünü öz üzərinə
götürüb. Qardaşları və bacısına "Ata”, anasına "Arxa, dayaq” olub. Sonralar
atasının ölümünü ilk aldığı yara -"Ata yarası” kimi xatırlayan Tərlan bəy
Vətənə xidmət edib, hərbçi olmaq arzusu ilə 1911-ci ildə 3-cü Qafqaz piyada
alayının əlaçı əsgəri olub. Daha sonra T.Əliyarbəyovu Tiflisdəki Mixaylovsk
hərbi piyada məktəbinə oxumağa göndəriblər. 4 illik təhsili zamanı birincilər
sırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy hərbi məktəbi
birinci dərəcəli diplomla bitirərək, həmyaşıd və həmkarlarından mərdliyi,
alicənablığı, humanistliyi, xeyirxahlığı ilə fərqlənib. Beləliklə, podporuçik
Tərlan bəy Əliyarbəyov ilk hərbi vəzifə xidmətinə Şamaxıdakı 205-ci piyada
alayında başlayıb.
1914-cü ilin yayında başlayan Birinci Dünya müharibəsi zamanı Əliyarbəyovun
xidmət etdiyi 205-ci alay Qərb cəbhəsinə göndərilib. Elə bu vaxtdan etibarən
gənc zabit olan babamın çətin sınaq günləri başlanıb. Gününün çox vaxtını
od-alov yağan səngərlərdə əsgərlərin yanında keçirən Tərlan bəy komandirin
verdiyi tapşırıqları can-başla yerinə yetirir, hər döyüşdən qələbə ilə çıxaraq
həmkarlarının sevimlisi olurmuş. Onu rota komandirindən batalyon komandiri kimi
məsul vəzifəyə təyin ediblər. Batalyonunu qələbədən-qələbəyə aparan
ştabs-kapitan Əliyarbəyovun igidliyi bütün Qərb cəbhəsinə yayılaraq, dillərə
dastan olub.
-Bildiyim qədəri ilə onun əfsanəvi general Əliağa Şıxlinski ilə də
yolları qovuşub...
-Haqlısınız. Şücaətlə vuruşan Əliyarbəyov həmin illərdə üç dəfə yaralanıb da...
Belə ki, 1916-cı ildə Verden ətrafında gedən vuruşmaların qızğın çağında ilk
dəfə Tərlan Əliyarbəyovun general Əliağa Şıxlinski ilə görüşləri olur. Maraq
üçün onların arasında olan dialoqu da diqqətinizə çatdıra bilərəm. 10-cu
ordunun komandanı general Əliağa Şıxlinski hərbçi qaydası ilə onu başdan-ayağa
süzüb deyibmiş ki: "Səsini-sorağını eşitmişəm, eloğlu, əsl igid kimi
vuruşursan”. Hətta əlini onun çiyninə qoyub - "Böyük şair Puşkin vaxtilə Şamaxı
gözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin Şamaxı Tərlanının
qəhrəmanlığını qələmə alsın”-deyib. Sonra maraq dolu baxışlarını Tərlana
zilləyib: - Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul? - Tiflisdəki
hərbi gimnaziyanı... General Şıxlinski sevinclə: - Hə, demək ikimiz də bir
yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda sevindirdin məni, oğul.
Babam bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilməyib, həmişə fəxr və
qürurla xatırlayırmış.
1916-cı ilin yayında alayı ilə məşhur Brusilov hücumunda iştirak edən
Əliyarbəyov qızğın döyüşlərdə yenidən sinəsindən ağır yaralanıb. Həkimlər onun
tam sağalacağına əmin olmasalar da, bir müddət Brest hərbi hospitalında müalicə
olunduqdan sonra onu müalicəsini davam etdirmək üçün Bakıya göndəriblər.
Yarasının ağırlığına, həmçinin müharibə qanunları ilə yaşayan Bakıda lazımi
dava-dərmanların çətinliklə tapılmasına baxmayaraq Vətənə və sənətinə olan
sevgisi Əliyarbəyovu məğrurcasına ayağa qaldırır və yenidən hərbi xidmətini
davam etdirib. Artıq müharibə qurtardıqdan sonra T.Əliyarbəyov Rotmister
rütbəsində təxris olunur, onun sinəsini üçüncü dərəcəli "Müqəddəs Stanislav” və
üzərində "İgidliyə görə” yazılmış dördüncü dərəcəli "Müqəddəs Anna” ordenləri
bəzəyib.
-Bəs onun AXC ordusunda olan xidmətləri barədə nələri bilirsiniz?
-1918-ci ilin avqustunda o vaxtı Müsavat ordusu adlanan orduya çağırılan Tərlan
bəy Əliyarbəyov 2-ci piyada alayının komandir köməkçisi vəzifəsinə təyin
edilib. O, yeni qurulan orduda gündüz vaxtı çıraqla axtarılan bir peşəkar idi.
Onu artıq tanıyan general Əliağa Şıxlinski T.Əliyarbəyovu batalyon komandiri
vəzifəsinə təyin eləyib. Onun alayı ölkədə sabitliyi bərpa etməklə, döyüş
hazırlığını artırmaqla məşğul olurmuş. 1919-cu ilin yayında Rusiyanın
ağqvardiyaçı generalı A.Denikinin ordusunun Azərbaycana hücum təhlükəsi
yarananda 2-ci piyada alayı sərhədlərimizin mühafizəsini gücləndirmək üçün Qusarda
yerləşdirilib. Tərlan bəy Əliyarbəyov tabeliyində olanları qələbə ruhunda
tərbiyə edirmiş, öz silahdaşları ilə yorğunluq, yuxusuzluq bilmədən Azərbaycan
ərazilərində soyqırımı törədən daşnak dəstələrinə qarşı vuruşurmuşlar. Belə ki,
Tərlan bəy Qarabağda erməni daşnaklarına qarşı bir sıra döyüşlərdə fərqlənib,
torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə müstəsna xidmətləri olub. O,
bütün şüurlu həyatını Azərbaycanda hərbi quruculuq işlərinə həsr edib.
İyirminci ilin baharında rotmistr Tərlan bəy Əliyarbəyov Bakı Hərbi İdarə
rəisinin müavini və alay komandiri vəzifəsini icra edirdi. 1920-ci ilin yazında
Sovet Rusiyası qoşunları Azərbaycana daxil olanda Sovet hakimiyyəti hərbi
kadrlara olan tələbatı nəzərə alaraq Tərlan bəy Əliyarbəyovu digər azərbaycanlı
zabitlər kimi yeni yaradılan Azərbaycan Qızıl Ordusu sıralarına daxil ediblər.
Tərlan bəy haqqında bolşeviklərin verdiyi əmrlərin birində yazılıb:
"Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Dəniz Xalq Komissarlığının
1922-ci il 9 dekabr tarixli 525 nömrəli əmri: "Mənə etibar olunmuş
Komissarlığın qərargah rəisi yoldaş Tərlan Əliyarbəyov Azərbaycanda Sovet
hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli
olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar
hakimiyyətinə sədaqəti ilə fərqlənmişdir. Hərbi işi tam bildiyini göstərmiş və
Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının təşkili işinə böyük qüvvə və
qayğı sərf etmişdir. 1920-ci ildə Bakı qəzasında və 1921-ci ildə bütün
respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir. Hazırda Hərbi Dəniz
Xalq Komisarlığı qərargahı ləğv edildiyi üçün Əliyarbəyov yoldaşı Azərbaycan
SSR Hərbi Komisarlığının müavini vəzifəsinə təyin etməklə inanıram ki, onun öz
biliyi və Sovet hakimiyyətinə sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi
həmişə yüksək səviyyədə olacaqdır. Təxminən üç il müddətində hərbi idarədə
birgə çalışdığımız vaxtlar gənc Sovet Azərbaycanının yaradılması işinə böyük
zəhmət və enerji sərf etdiyinə görə Tərlan Əliyarbəyova rəhbərlik adından
təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın. Hərbi
Dəniz Xalq Komisarı və Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab Şurasının üzvü
Əliheydər Qarayev. Qərargah rəisi əvəzi Məğrubov”.
Arxivdən əldə edilən bu əmrdən artıq hər şey aydındır. Məlumdur ki, bolşeviklər
qara qaşa, qara gözə aşiq olan deyildilər. Bilirdilər ki, Tərlan bəy onlara nə
cür faydalar verəcək. Bu ehtimalları da düz çıxdı. Onun savadının, biliyinin,
əsgər və kiçik zabitlərlə rəftarını yaxşı bilən o vaxt qərargah rəisi
vəzifəsini icra edən Qambay Vəzirov 1927-ci ildə onu Moskvaya təhsilini
artırmağa göndərib. 1927-ci ildə Frunze adına hərbi akademiyada ali komanda
heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Tərlan Əliyarbəyov öz
istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf edib.
Digər xatirələri də bölüşə bilərəm. Məsələn, Azərbaycan diviziyasının komandiri
Cəmşid xan Naxçıvanski və hərbi komisar Hüseyn Rəhmanov ona verdikləri
atestasiyada yazırmışlar: "Ali komanda heyəti kursunu bitirən Tərlan bəy
Əliyarbəyov biliyi və bacarığı ilə diviziyanın hərbi məşq və manevrlərində
yüksək komandirlik məharəti ilə iştirak edir".
Həmçinin pedaqoji keyfiyyətləri ilə seçilən Tərlan bəy Əliyarbəyova Azərbaycan
Neft İnstitutunda (indiki Neft Akademiyası) tələbələri hərbi işə hazırlamaq
tapşırılmış və o bu işi can-başla yerinə yetirib.
1934-cü ildə Zaqafqaziya hərbi dairəsindən ali məktəblərdə hərbi dərslərin
səviyyəsini yoxlamağa gələn polkovnik Slujekov Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun hərbi rəhbəri Tərlan bəy Əliyarbəyova verdiyi xarakteristikasında
yazırdı: "Ali məktəblər üçün çox qiymətli hərbi pedaqoqdur. Yaxşı
təşkilatçıdır. Rus və Azərbaycan dillərində aydın və səlis danışıq
qabiliyyətinə malikdir. Tərlan bəy məhz ali məktəblər üçün istedadlı
mütəxəssisdir”.
-Doğrudan
da keşməkeşli həyat yolu olan babanızın hərbi bilikləri yüksək səviyyədə olub. Əks-təqdirdə onu bir müsəlman, azərbaycanlı kimi ordu sıralarında
yüksək pillələrə cəlb etməzdilər.
- Nəinki cəlb etməzdilər, sürgünə də göndərərdilər. Amma qarşıda hələ onu dünya
tarixinin qanlı səhifəsi olan Böyük Vətən müharibəsi dediyimiz ikinci cahan
savaşı gözləyirmiş. Bu söhbətimizə qədər artıq babamın iki müharibədə şərəflə
iştirak etməsi haqqında söz açmışdıq. 1937-ci ilin təlatümlü hadisələri
başlayanda Əliyarbəyovun da başının üstünü qara buludlar alıb, o,
vəzifədən-vəzifəyə köçürülüb. Təbii k, zadəgan ailəsinə mənsub olması ona
"xalq düşməni" damğası vurmağa kifayət idi. Lakin Moskvaya
-M.V.Frunze adına Ali Hərbi Akademiyaya göndərilməsi amili də onu yerli
cəlladların əlindən xilas edib. 1941-ci ildə Tərlan bəy akademiyanı bitirəndə
artıq müharibə başlamışdı. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi
vəziyyəti nəzərə alaraq SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli
diviziyaların sayını artırmışdı. Milli zabitlərə olan ehtiyacı ödəmək üçün
azərbaycanlı zabitlər bu hissələrə təyinat alırdılar. Hökumət rəhbərliyi
tərəfindən Tərlan bəyə yaxşı mütəxəssis olduğu üçün 416-cı diviziyaya
zabitlərin yığılması, onların hərbi hazırlığına nəzarət, bir sözlə komandanlıq
tapşırılıb. Artıq polkovnik rütbəsində olan T. Əliyarbəyov 416-cı milli
Azərbaycan atıcı diviziyasının komandir müavini, üç ay sonra isə komandiri
təyin edilib. Bildiyiniz kimi, 416-cı atıcı diviziya müharibədə çox fəal
iştirak edib. Məharətlə idarə olunan diviziya faşistlərin müdafiə xəttini
asanlıqla yarırmış, bir sıra mühüm əhəmiyyətli yaşayış məntəqələrini azad
edirmiş. Xalqımızın igid oğullarından ibarət olan bu diviziya inamla vuruşaraq
asanlıqla düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini məhv edirmiş. Hücumları
müvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan Əliyarbəyov həmişə ön cəbhədə
olur, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradırmış. 44-cü ordunun tərkibində
yerləşən bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda 350 kilometrlik döyüş
yolu keçərək, onlarla şəhər və kəndi düşməndən azad edib. Dəfələrlə ordu
komandanlığının təşəkkürünə layiq görülüb. Taqanroq şəhərinin düşməndən azad
edilməsində böyük qəhrəmanlıq göstərdiyi üçün bu qələbəyə görə ona
"Taqanroq diviziyası" fəxri adı verilib. Bir sıra mühüm döyüşlərdə
uğurla iştirak edən bu diviziya həmçinin Berlinə ilk dəfə daxil olan hərbi
hissələr içərisində də olub. Onun komandiri olduğu məhz 416-cı diviziyanın
1054-cü alayı 1945-ci ilin martında "Qırmızı bayraq" ordeni, 1368-ci alayı-
"Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr
Nevski" ordeni ilə təltif edilib. Diviziya həm də cəbhələrdə vuruşan milli
Azərbaycan diviziyaları üçün zabit və əsgər kadrlarını hazırlayıb. Tərlan bəyin
yetişdirdiyi milli hərbi kadrların sorağı bütün cəbhələrdən gəlirmiş. Onlar öz
sərkərdəlik məharətlərinə görə ilk növbədə Tərlan bəyə təşəkkürlərini
bildirirmişlər. 416-cı diviziyadakı fəaliyyəti o qədər gözəl idi ki, 402-ci
diviziyadakı nisbətən boşluq, zəifliyi nəzərə alaraq Qafqaz cəbhəsinin
komandanının əmri ilə Tərlan bəy Əliyarbəyovu 402-ci milli atıcı diviziyaya
komandir təyin edirlər. Onun komandanlığı ilə demək olar ki, Ukraynada 300 km
olan məsafə almanlardan xilas olunub. Bütün bu xidmətlər nəzərə alınaraq ona
dəfələrlə təşəkkür edilib.
Sonralar 58-ci korpusun komandir müavini kimi məsul vəzifələrdə çalışan babam
özünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib, xidmət etdiyi
hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub. Peşəkar hərbçi, igid
general Tərlan bəy Əliyarbəyov hərb işinin yenilikləri ilə daim maraqlanıb,
yeni-yeni hərbi fəndlər təklif edirmiş. Onların bəziləri elə cəbhədəcə tətbiq
olunub. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik
olub. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun hərbi xidmətlərini yüksək
qiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayor
rütbəsini verib.
-Hərb yolu haqqında çox geniş və əhatəli məlumatlar verdiniz. Bəs
başqa ictimai-siyasi fəallığı olubmu?
-Tərlan bəy Əliyarbəyov 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin üzvlüyünə namizəd seçilib, Azərbaycan SSR Ali Sovetinin 2-ci
çağırış deputatı da olub. 1946-1948-ci illərdə Azərbaycan SSR Maarif nazirinin
müdafiə işləri üzrə müavini olub, 1948 -ci ildə istefaya çıxıb. 1956-cı il
fevral ayının 15-də general Tərlan bəy Əliyarbəyov 63 yaşında Bakı şəhərində
vəfat edib. Amma bu gün onun təltifləri barədə də geniş danışılmasını istərdim.
Xidmət illərində Tərlan bəy dəfələrlə təltif edilib. Müharibənin ağır sınaqlarında
həqiqi sərkərdə şöhrəti qazanan general Tərlan bəy Əliyarbəyovun sinəsini Çar
Rusiyasının "Müqəddəs Georgi" ordeninin 4 dərəcəsinə və
"Müqəddəs Stanislav" ordeninin 3-cü dərəcələri, Sovet İttifaqının
Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və çoxlu medallar
bəzəyirmiş. Qeyd edim ki, 1769-cu ildə Rusiya imperatoru II Yekaterina
tərəfindən təsis olunmuş "Müqəddəs Georgi" ordeni Rus imperiyasının
süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırmış. "Əla xidmət və
cəsurluğa görə" devizini daşıyan "Müqəddəs Georgi" ordeninə
yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıq
göstərən" hərbi qulluqçular layiq görülürdülər. Bu orden 4 azərbaycanlıya
təqdim edilib: Fərrux Ağa Qayıbov, Tərlan bəy Əliyarbəyov, Teymur Ağa Novruzov,
Qalib bəy Vəkilov.
-Son olaraq babanızla, onun övladlarına, nəsil şəcərəsinə qoyub
getdiyi örnək xatirələrlə bağlı nələri deyərdiniz.
-Bu gün də bəşəriyyəti faşizm girdabından xilas edənlərin ön sıralarında olan
general Tərlan Əliyarbəyovun adı fəxrlə yada salınır. Belə ki, Bakıda
Fəvvarələr meydanından başlayan və Neftçilər prospektində başa çatan küçə,
Şamaxıda əsas küçələrə onun adı verilib, Şamaxı Tarix Diyarşünaslıq Muzeyində
generalın ayrıca guşəsi yaradılıb: ona aid olan əşyalar, geyim dəstləri, silahı,
təltif olunduğu medalları burada saxlanılır.
Hər il 9 May Qələbə günü bizim üçün çox fərqli olub, Tərlan bəy Əliyarbəyov
haqqında danışılan verilişləri, çəkilən filmləri sevərək, qürurlanaraq seyr
edir və bizdən sonrakı nəslimizin yeniyetmə və cavanlarına örnək kimi
kökümüzün, babasının həyat yolunu təqdim edirik. Sağlam və yaraşıqlı,
şəxsiyyətinə qibtə edilən general-mayor Tərlan bəy Əliyarbəyov ona bəxş olan
həyatını başı uca yaşamış, Vətənə son nəfəsinə qədər sədaqətlə və namusla
xidmət etmiş, nəsil kökü üçün təmiz ad və soyad qoyub. Bu soyadı daşıyan bütün
Əliyarbəyovlar onun ruhu qarşısında baş əyir, Vətən uğrunda qanı və canıyla
mərdlik, şücaət, sədaqət göstərən babanın övladları olduğumuzu unutmuruq.
Bioloji və ictimai varlıq kimi insanlara, iradəsindən asılı olmayaraq, bir ömür
payı ayrılıb. Hamı ömrünü yaşayır, sonra isə bu işıqlı dünyanı əbədi olaraq
tərk edir. Vəzifə, peşə, məşğuliyyət və sənətindən asılı olmayaraq xoşbəxt o
insanlardır ki, onlar Vətəninə, xalqına, millətinə, dövlətinə namusla xidmət
edir, el obanın hörmət və məhəbbətini qazanır, insani keyfiyyətləri və sədaqəti
ilə xatirələrdən, yaddaşlardan, ürəklərdən heç vaxt silinmir. Tərlan bəy
Əliyarbəyov bütün nəslin işıqlı yol göstərən mayakı oldu. Biz onun nəvələri,
nəticələri, kötücələri həmişə bu familiyanı alnı açıq, üzü ağ daşıyaraq öz
kökümüzlə fəxr etmiş, qürur duymuşuq. Son olaraq qeyd edim ki, əvvəllər Milli
Azərbaycan Tarix Muzeyində babamla bağlı ayrıca guşə və yaşadığı binada
barelyefi olub. Təəssüf ki, hər ikisi artıq götürülüb... Çox istərdik ki,
aidiyyatı qurumlar yenidən bu məsələni diqqətdə saxlasınlar və hər iki xatirə
bərpa olunsun. Həmçinin çox istərdik ki, onun qəbri Fəxri xiyabana köçürülsün.
Çünki o vaxtı Tərlan Əliyarbəyovun dəfn mərasimini təşkil edən qardaşı,
övladları, qardaşı uşaqları sadəlik və təvazökarlıq göstərərək onun Fəxri
xiyabanda dəfn olunmasını istəməmişdilər. Bu gün belə bir fəxrli, dünya hərb
tarixində izi olan birinin Fəxri xiyabanda olması arzuolunandır...
Tural Tağıyev