adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 May 2019 14:50
16799
ƏDƏBİYYAT
A- A+

Oruc tutun, Namaz qılın, sağlam olun!

Oruc tutan, namaz qılan idi ağbirçək nənəm. Sübhdən onun oxuduğu dualar dolardı qulaqlarıma. Namaz qılmağın əhəmiyyətini necə gözəl təhlil edərdi, xudaya! Namaz qılmayan adamları benamaz adlandırardı nənəm.

Nənəm deyərdi: «Bizi yaradan Allah namazı, orucu öz bəndələrinə borc göndərib. Bütün müsəlmanlar o borcu qaytarmalıdırlar. Əgər qaytarmasalar onlar cəhənnəm oduna yanacaqlar». Sonra namazın əhəmiyyətini elmi cəhətdən necə gözəl təhlil edirdi nurani nənəm. Sübhdən qalxmağın, sübh namazı qılmağın xeyrindən danışırdı. Sübh gecə ilə gündüzün təhvil-təslim dövrüdür. Bu zaman hava süzülüb təmizlənir, havanın tərkibində yodbrom olur. Təmiz hava ilə tənəffüs etmək orqanizmdə oksidləşməni gücləndirir. Bundan sonra dəstəmaz başlayır. Bu zaman bədənin seçmə üzvləri yuyulur. Buruna su çəkmək onu iltihaba qarşı dözümlü edir, boğazı su ilə qarqara etmək badamcıqları möhkəmləndirir. Hamı bilir ki, burun qripp, boğaz angina xəstəliklərinə tez tutulur. Biz çox eşidirik: «Ona soyuq su vermə boğazı angina olar». Amma nənəm buz kimi suyu çəkərdi başına olardı buz baltası kimi. Bütün damarların üzə çıxan yeri dirsəkdir. Dirsək bir yerə toxunanda elə bil adamı tok vurur. Əmgək deyilən yeri hamı tanıyır. Ora daş dəysə adam o dünyalıq olar. Oranı sərtləşdirmək çox faydalıdır. Bunların hamısından sonra namaza durardı nənəm. Fikir verin, əllər qulağın ardına gedir. Başı 3 dəfə qaldırıb göyə baxmaq boyunu hərəkət etdirir. Dizləri qatlamadan qaməti əymək, səcdəyə enib alnı möhürün üstünə qoymaq heç də biz düşündüyümüz kimi deyil. O, ürəyi masaj edir. Bu proseslərdən sonra oturub Allah qarşısında dua edərdi nənəm.

Allahım! Səni and verirəm izzəti cəlalına, məni, mənlə oturub duranları, qohum-əqrəbaları, bütün müsəlmanları şəri–şeytandan, quru böhtandan, məkri zənandan hivz elə! Ya Rəbbim, bizi çörəkdə imtahana çəkmə, müşkül işləri asanlaşdır, insanların könlünə insaf sal, yer üzündə sülh-əminamanlıq olsun. İlahi, səni and verirəm ali əbaya, beş kimsəyə yolumuza nicat, qolumuza qüvvət, dizimizə taqət ver. Sonra nənəm möhürü üç dəfə öpüb qoyardı gözünün üstünə, cenamazı qatlayıb qalxardı ayağa.

Namazdan sonra adam gümrah halda yapışır işin qulpundan. Açığını deyim ki, namaz qılan adam şər işlərə meyl etmir. Onun qəlbində həmişə xeyirxah əməllər yaşayır. Qara fikirlər onu haqlayana qədər günorta namazının vaxtı çatır… Nənəm deyərdi:- dostluq, sədaqət, halal duz-çörək, inam, öz şəxsiyyətini tanımaq, nəzakətli olmaq, müdriklərə hörmət, özünün və başqasının sirrini saxlamaq, yersiz danışmamaq, şirin dillə başqalarının qəlbinə girmək kimi gözəl xüsusiyyətlər diləyərdi nənəm yer üzünün əşrəfi olan insanlara. Geri qayıtması mümkün olmayan şeylər üçün təəssüflənməyə dəyməz deyərdi. Deyilmiş söz, açılmış güllə, keçmiş ömür, baş vermiş qəza heç vaxt geri qayıtmaz.

İnsanın xoşbəxtliyini düz danışmaqda, sirri möhkəm saxlamaqda, halal maya kəsb etməkdə, özünü həmişə sadə aparmaqda görürdü nənəm. Səbr etməsən arzuya çatmarsan, təvazökar olmasan məhəbbət qazanmazsan, səy göstərməsən elm əldə edə bilməzsən, deyərdi müdrik nənəm. İnsanları paxıllıqdan, xəsislikdən, namərdlikdən uzaqlaşdırmaqla bərabər böyük əngəllər törədən şeyləri nifrətlə qarşılayardı. Ləclikdən rusvayçılıq, acıqdan peşmançılıq, nalayiq danışmaqdan düşmənçilik, təmbəllikdən alçaqlıq baş verə biləcəyini dönə-dönə beynimizə yeridirdi nənəm. O, bildirirdi ki, yalançıda tam insaniyyətlik, paxılda xoşbəxtlik, həsəd aparanda rahatlıq, bədxasiyyətdə böyüklük, müdriklik olmaz.

Ağıl və bilik, ədalət və doğruçuluq, səbr və həya insana hava və su kimi lazımdır. Hazırda müstəqil respublikamızda qədim məscidlər əsaslı şəkildə bərpa olunur, möminlər həmin məscidə axışırlar. Ciblərində «Bəyaz», «Qumru» gəzdirirlər. Hər il müqəddəs ziyarətgahlara 10 minlərlə zəvvar gedir. Məşədi, Kərbəlayi, Hacı olurlar. Bunların hamısı islam dininə olan etiqadın bariz nümunəsidir. Məscid tikdirən xeyirxah xeyriyyəçilərin Allah könüllərinə insaf salaydı. Onlar həm də gələcəyimiz olan balaların təhsil aldığı təhsil ocaqlarını da heç olmasa beş ildən bir təmir edəydilər.

Peyğəmbərimiz Həzrəti Məhəmməd Mustafa Sələllahı Əleyhi və səllam öz fərmayışlarının birində buyurmuşdur: «Gündoğanda bir müsəlmanın əlinə batan tikanın ağrı-acısını günbatandakı müsəlman duymalıdır». Nə, gözəl kəlamdır. Bu, həm də müsəlamanın birliyi, ittifaqı deməkdir. Lakin çox təəssüflər olsun ki, Əfqanıstan, Çeçenistan, İranda, İraqda, Tacikistanda, Azərbaycanda müsəlmanın qanı sel kimi axanda din qardaşlarımız «məndən ötdü» dedilər. Müsəlmanın tökülən qanını görmədilər. Ulu peyğəmbərimiz demişdir: - Bir saat elm öyrənmək altmış il ibadətdən sərfəlidir, beşikdən qəbirədək elm öyrənmək lazımdır, qiyamət günü Allah hüzurunda alimin mürəkkəbi şəhidin qanından qiymətlidir, alimlər peyğəmbərlərin varisləridirlər, elm uzaq Çində də olsa, ardınca get.

İlin ayları arasında Ramazan ayının xüsusi yeri var. Nə üçün mübarək Ramazan ayı həm də müqəddəs aydır? Ona görə ki, müqəddəs kitabımız, dünya müsəlmanlarının inanc yeri olan Qurani-Kərim on bir ayın sultanı olan Ramazan ayında nazil edilmişdir. Allahın Rəsulu Həzrəti Məhəmməd Əl-Mustafaya da peyğəmbərlik həmin bu ayda verilmişdir. Müsəlmanların qibləgahı olan Allah evi- Məkkə Ramazan ayında fəth edilmişdir. Gör nə gözəl aydı bu. Oruc tutmaq müsəlmanlara tanrı tərəfindən Ramazan ayında buyurulmuşdur. Artıq müsalmanların mübarək Ramazan ayıdır. Müqəddəs ayda ən vacib məsələlərdən biri oruc tutmaqdı, bu Allah borcu kimi bəndələrə göndərilib. Bütün müsalman dünyasının inanıb etiqad etdiyi Qurani- Kərimin Əl-Bəqərə surəsinin 183, 184,185-ci ayələrində oxuyuruq:

«Ey iman gətirənlər! Oruc sizdən öncə gəlib keçmiş hümmətlərə fərz edildiyi kimi, sizə də fərz edildi. Lakin bir məsələ var ki, xəstələr, hamilə qadınlar, gücdən düşmüş halsız qocalar, səfərdə olanlar oruc tutmaqdan azad olunurlar»… «Ramazan ayında qəsdən bir gün orucunu pozan bütün ömrü boyu oruc tutsa belə kifayət etməz».

İndi gəlin görək oruc tutmağın insan orqanizmi üçün əhəmiyyəti nədir? İnsanın ildə bir dəfə məzuniyyətə çıxması çox vacibdir. İldə bir dəfə orqanizmdə dinclik yaradılmasa məhsuldarlıq azalar, adam özünü gümrah hiss etməz. İnsan bütün maddi nemətlərdən maksimum dərəcədə istifadə edir.

Fikir verin. Bir qoyun bir kq. ət yığmaq üçün nə qədər örüş dolanır, ot-ələf yeyir. Amma biz onu kəsir, ətini bol-bol həzm-rabədən keçiririk. Bir bal arısı bir milli qram nektor yığmaq üçün «n» sayda tər çiçəyə qonmalı olur. Biz Allah bəndələri isə pətəkdən şanı çıxardıb doğrayır və ləzzətlə yeyirik. O cümlədən meyvədən, tərəvəzdən istədiyimiz qədər istifadə edirik.

İnsanın bədənində bir laboratoriya- nizamla işləyən həzm sistemi var. Biz müxtəlif qidaları xam material kimi bu laboratoriyaya tökürük. Lakin bu sistemin necə işləməsindən və bu dəzgahın içində xam materialın kimyəvi dəyişilməsindən xəbərsiz oluruq. Biz ət, göyərti, çörək, meyvə, tərəvəz və başqa qidalarla qidalanırıq, su içirik. Bizim mədəmiz bir belə qida maddələri arasından özünə lazım olanları seçib götürür və lazımsızları tullayır. İnsanın mədəsi yağları və başqa zəruri maddələri xəznə edir ki bədənin qidası çatışmadıqda aclıqdan həlak olmasın. Bildiyimiz kimi insan 42 gün ac qala bilər, çünki həmin xəznədə olan maddələr onun köməyinə çatır. Bu işlərin hamısı insanın xəbəri olmadan görülür.

Ona görə də bədənin «dəyirman daşı» hesab edilən mədə dişəkdən düşür, orada piylənmə gedir, qarın nahiyyəsi şişir, adamın çevikliyi, oturub-durmağı, geyinib-soyunmağı çətinləşir. Əmək qabiliyyəti zəifləyir, şuxluğu itir, bədənin quruluşu dəyişir. Ona görə də şuxluğunu, çevikliyini, əməkdə fəallığını itirmək istəmirsənsə mütləq mübarək Ramazan ayında oruc tutmalısan. Orucluğun bir xeyri də var. O da ondan ibarətdir ki, zəkat və xums, yəni dini vergi verilir. Cəmiyyətdə varlı- kasıb, imkanlı-imkansız, mənfi, xeyirxah qüvvələr, səmimi və doğruçu insanlar var. Bu baxımdan orucluq riakar və dələduzdarı, para, mənsəb, şöhrət və vəzifəbazları xeyirxah adamların sırasına dəvət edir. Mənsəbpərəstlər altuna, mənsəbə, silaha güvənsələr də Allahın qəzəbindən yaxa qurtara bilməzlər. Onlar da savab işlərə qoşulmalı, ac qarın doyurmalı, çılpaq əyin geyindirməlidirlər. Dini vergidən heç kəs boyun qaçıra bilməz.

Mübarək Ramazan həm də müqəddəsdir, ona görə ki, bu bayramı dünya əhalisinin bir milyard müsalmanı qeyd edir. Bu, o deməkdir ki, bu bayram dünya müsəlmanlarının birliyindən, əqidə möhkəmliyindən, möhkəm ittifaqından xəbər verir, insanda dözüm yaradır. Lakin yuxarıda qeyd etdiyim kimi təəssüfedici haldır ki, uzun müddətli amansız ateist təbliğatı bizi bu birlikdən, möhkəm ittifaqdan məhrum edib. Halalla haram, günahla savab mühasib dəqiqliyi ilə ölçülüb biçilməyib. Güclülər və zəiflər, əzənlər və əzilənlər, zülmkarlar və qurbanlar kimi iki qüvvə üz-üzə, qarşı-qarşıya dayanıb.

Allahın varlığını inkar etmək, günahı olmayanı döyüb günahkar etmək ibadət evlərini, insanları xeyirxahlığa haraylayan məscidləri dağıtmaq, Qurani- Kərim kimi dünya elmlərindən xəbər verən müqəddəs kitabı yasaq eləmək dinimizi, donumuzu, haqqa inamımızı əlimizdən almaq bizi fəlakət uçurumuna, allahsızlığa aparıb çıxartdı. Şükürlər olsun ki, haqq nazildi, ancaq üzülmədi. Yadımdadır. Sumqayıt bir vaxtlar az qala «allahsızlar şəhərinə» çevrilmişdir. Allahın adını tutmaq bizə yasaq olmuşdu.

Kəsər yastığımın yanını, Allah,

Məndən əsirgəməz canını, Allah.

Babamın istəkli gəlini, Allah,

Elimin ismətli, qızı anamdır.

Mənim bu şerimi «Senzura» buraxmadı ki, burada allahın adını çəkmisən.

Vəzifə sahibləri ölü yerlərinə getməyi belə qəbahət sayır, yasxananı dinlə bağlayırdılar. Mərhumun üstündə Quran oxutdurmaq çox gizli olmalı idi. Çünki dini savadı olanlar, Quran oxumağı bacaranlar özlərini suçlu sayırdılar. Şükr Allahın böyüklüyünə. «Allahsız şəhər» dininə qayıtdı, özünə qayıtdı, dini adət ənənələrinə qayıtdı. Sumqayıtda əzəmətli məscid binası tikildi, dindarların sayı gündən –günə artdı, bir vaxt dini tənqid edənlər, indi cild-cild kitablar yazır, dini təbliğ edir. Mən bunları dinimizin uğuru hesab edirəm. Sübhdən qalxıb dərgaha üz tuturam, ona qarşı etdiyimiz hörmətsizliyimizi günaha yazmamasını xahiş edirəm. Oruc tutun, Namaz qılın, sağlam olun! Sağlamlıq insan üçün ən gözəl varlıqdır.

Əvəz Mahmud Lələdağ