adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 May 2019 15:24
13521
GÜNDƏM
A- A+

Prezident Sabunçu dəmir yolu vağzalının açılışında - FOTO

Mayın 21-də Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin -Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

Dövlət başçısı qeyd edib ki, bu binanın tikintisi hər bir qəsəbənin problemlərinin diqqət mərkəzində olduğunu bir daha göstərir: "Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir".

Prezident bildirib ki, demək olar ki, hər gün ölkədə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin - istər sosial obyekt, istər infrastruktur obyekti - açılışı olur: "İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək".

Sakinlər diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkür ediblər.

Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəlib, alıcılar və satıcılarla söhbət edib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən ilin iyunundan başlanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra xatirə şəkli çəkdirilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına layihə üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, layihəyə əsasən Bakı dairəvi dəmir yolu xətti üzrə görülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil keçidi, həmçinin Kürdəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikilib.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Qeyd edilib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.

Dövlət başçısı Bakıxanov dayanacağında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi isə 15 min kvadratmetrdir. Dayanacaqda iki turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandırma dirəkləri, oturacaqlar quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında yaradılan şəraitlə tanış olub.

Diqqətə çatdırılıb ki, Nərimanov stansiyasının binası da əsaslı təmir edilib, platformalar və buradakı yerüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri ilə quraşdırılıb. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.

Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

10.48

Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətbaşçısına minnətdarlıqlarını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.
Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəlib, burada yaradılan şəraitlə tanış olub.