CAHANGiR ƏSGƏROVUN TƏYYARƏLƏRiNiN iTMƏKLiYi

AQİL ABBAS
31027 | 2009-11-13 02:39
"Azal"ın prezidenti...
   
   ... Ötən illərdə prezident statusu ilə bağlı bir yazı yazmışdım. Yazmışdım ki, bir ölkədə nə qədər prezident olar? Filan cəmiyyətin prezidenti, qüşçuluq birliyinin prezidenti, filan komitənin prezidenti və sair və ilaxır. Görünür, bəzi adamlar ölkə prezidenti olmaq istəyirlər, amma buna əlləri çatmayanda bir cəmiyyətdən, bir firmadan, bir təşkilatdan yaradıb, orda da bir prezident statusu formalaşdırıb özlərini prezident elan edirlər və bundan ləzzət alırlar.
   
   Görkəmli şair Nüsrət Kəsəmənli (qəbri nurla dolsun) bir firma yaratmışdı, özü də firmanın prezidenti idi. Bir əla da vəsiqə düzəltdirmişdi, vəsiqənin üstündə ölkənin gerbi və "prezident" sözü yazılmışdı, içərisində də Azərbaycan və ingilis dillərində məlumat vardı.
   
   Rayona gedərkən şairi bir yol polisi saxlayır. Şair çıxarır vəsiqəsini göstərir, yol polisi vəsiqəyə baxıb vahimələnir. Açır ki, içini oxusun, təbii ki, ingilis dilini bilmir, latın əlifbasına da təzə keçmişik, onu da oxuya bilmir, soruşur:
   
   - Qardaş, sən haranın prezidentisən?
   
   Nüsrət Kəsəmənli gülüb deyir:
   
   - Türkmənistanın...
   
   ... İndi "Azal"ın prezidenti Cahangir Əsgərov ağır blokada şəraitində yaşayan Naxçıvan camaatına öz imkanı daxilində əlindən gələn pisliyi elədi, təyyarə biletlərini birdən-birə 50 faiz qaldırdı. Bəlkə "Azal"ın əli aşağı düşüb?! Buna inanmaq çətindi.
   
   Milli Məclisdə deputat Qüdrət Həsənquliyev öz çıxışında bildirdi ki, Cahangir Əsgərovun şəxsi təyyarəsi, şəxsi vertolyotu, hətta at zavodu var. Olsun, istəməyənin gözü çıxsın. Nə Qüdrət Həsənquliyevin, nə bizim, nə də Məmmədhəsən əminin kiminsə varında, dövlətində gözü yoxdu.
   
   Amma o, şəxsi təyyarədə uçanda hərdən yuxarıdan aşağıya da bir baxmaq lazımdı, o təyyarəyə minə bilməyən insanları da görmək lazımdı. 20-25 manata ehtiyacı olan Məmmədhəsən əmini və məmmədhəsənəmiləri də görmək lazımdı.
   
   Görəsən "Azal"ın prezidenti bilirmi ki, qardaş Türkiyədə və keçmiş böyük qardaşımız Rusiyada daxili reyslərin qiyməti, ən uzaq məsafələrə belə 50-100 dollar arasıdı. İstanbuldan Qarsa təxminən 1500 kilometrdi, təyyarə bileti isə 50-60 dollar civarındadı. Yəni bizim pulla pulsuz. Və onu da qeyd edək ki, Türkiyədə minimum əmək haqqı 600 dollardı.
   
   Bakıdan Naxçıvana isə 500 kilometrlik bir məsafə var, biletin qiyməti 100 dollardı. Minimum əmək haqqı 75 manat, orta aylıq əmək haqqı isə 300 manatdır.
   
   İndi də nə olub? Əvvəllər Naxçıvana gündə 7 reys vardısa, indi bu reyslərin sayı 4-ə yenib. Bu belə. Blokadada yaşayan Naxçıvan camaatı indi Bakıya və əks istiqamətə İrandan keçməklə avtobuslarla gəlmək məcburiyyətində qalıb. Bu isə ən azı bir sutka vaxt itirmək deməkdi. Bəli, insanlar Bakıya gəlib-getmək üçün əvvəllər 2 saat vaxt itirirdilərsə, indi 48 saat vaxt itirmək məcburiyyətindədirlər. İnsan ömrünün nə qədər qısa olduğunu nəzərə alsaq, deməli Naxçıvan camaatı və ya Naxçıvana getmək istəyən hər bir kəs ömrünün yarısını yollarda keçirməlidir.
   
   Bizim qəzetdə Məmmədhəsən əmi...
   
   O Məmmədhəsən əmi ki, Xudayar bəy tutub eşşəyini əlindən almışdı və yazıq da Həcc ziyarətinə getmək bir yana, ömrünün bu ahıl çağında pay-piyada qalmışdı. Oğlu da bir tərəfdən zır-zır göz yaşını tökürdü...
   
   ... "Azal"ın prezidenti Cahangir Əsgərova bir məktub ünvanlamışdı. Və çox xahiş edirdi ki, Mirzə Cəlilin xatirinə ona bir "skidka" eləsinlər. Çünki aldığı pensiya yalnız bir tərəfə çatır, qayıtmağa pulu qalmır.
   
   Eh, Məmmədhəsən əmi! Elə həmin sadəlövhlüyündə qalmısan. Qadan alım, ay əmi, əgər "Azal"ın prezidenti Cahangir Əsgərov o boyda Milli Məclisin, o boyda Milli Məclisin 125 deputatının xahişini eşitmirsə, sənin xahişinimi eşidəcək?!
   
   Məmmədhəsən əmi, hökumət bu işə əl bulamasa, sən Bakıya gəlib oğulunla göruşəsi olmadın.
   
   Sonda. Naxçıvan camaatına bir məsləhət. Bakı-Dubay reysinin qiymətini "Azal" 463 manat müəyyənləşdirmişdi. İndi Birləşmiş Ərəb Əmirliyi Bakı reysi açıb və biletlərin qiyməti 230 dollardı. "Azal" həmin reysi ölkəyə buraxmaq istəməyib. Birləşmiş Ərəb Əmirliyi də bildirib ki, onda biz də sizin təyyarələrinizi ölkəyə buraxmayacaşıq. Hörmətli Cahangir Əsgərov geri çəkilmək məcburiyyətində qalıb.
   
   İndi siz də bir hava nəqliyyatı firması yaradın və qiymətlərinizi də özünüz müəyyənləşdirin. Özü də təkcə Bakıya yox, həm İstanbula, həm Moskvaya, həm Peterburqa. Allaha şükür, Ulu Öndərimiz Naxçıvanda beynəlxalq standartlara cavab verəcək bir aeroport tikdirib. Və qiymətləri də "Azal"ın qiymətlərindən aşağı müəyyənlişdirin, onda nəinki bütün Azərbaycan camaatı, hətta yüksək ranqlı məmurlar da İrana-Turana Naxçıvandan gəlib uçar.

TƏQVİM / ARXİV