adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 May 2019 13:03
34361
İDMAN
A- A+

DÜNYANIN ƏN UNİVERSAL FUTBOLÇUSU

Çoxları Alfredo di Stefanonu dünya futbolunun ən dahi oyunçusu hesab edir. Lakin Pelenin pərəstişkarları bu sözləri küfr sayırlar. 50-60-cı illərdə Avropa stadionlarında di Stefanonun məftunedici oyu­nunun şahidi olan milyonlarla futbol həvəskarı həqiqətən onun dahi futbolçu olması ilə razılaşırlar. Təkcə ona görə yox ki, di Stefano həmi­şə yüksək səviyyəli oyun nümayiş etdirirdi. O, Madridin "Real” klubu­nu beş dəfə Avropa Çempionlar Kubokunun qalibi etməklə bərabər, həm də beynəlxalq futbolun möhtəşəm ilhamvericisi olub.

Başqalarından fərqli olaraq di Stefano qarşıya qoyulan məqsədə çatmaq üçün daim bacarıqla fərdi ustalığını kollektiv oyunun təşkili ilə birləşdirərək çox dəqiq və effektli nəticə əldə edirdi.

Alfredo di Stefanonun ümumdünya futbolunun korifeylərindən biri sayılması heç kimdə şübhə doğura bilməz. İspaniyada nəşr olunan və idman ulduzları haqqında material­lar çap edən "AC” jurnalı onu "elinkomporable” (müqayisəolunmaz) adlandırmışdı. Bir vaxtlar İs­paniya və Argentinada gənc futbol ulduzu parlamağa başlayanda onun haqqında belə deyirdilər: "Bu fut­bolçu ikinci di Stefano olacaq”.

Tərcümeyi - halı və göstərdiyi nəticələr

Alfredo di Stefano 1926-cı il iyulun 4-də Buenos - Ayresin ya­xınlığında yoxsul ailələrin yaşadığı əyalət şəhərciyi Barrakasda doğu­lub. Həvəskar futbolçu olan atası bu oyuna qazanc mənbəyi yox, əy­ləncə kimi baxırdı. Elə ona görə də oğulları Alfredo və Tulio yerli klubların yeniyetmə komandaların­da futbolçu koryeralarına başlayan­da o, öz narazılığını bildirmişdi. Buna baxmayaraq. 1944-cü il av­qustun 18-də Alfredo "River Pleytin” sağ kənar hücumçusu yerində debüt matçını keçirəndə atası daha heç nə deyə bilmədi.

Arayış: Di Stefanonun oynadığı klublar - "River Pleyt” (Argentina) - 1943-45 və 1947-49 illər, "Urakan” - 1946 il, "Millionares” (Kolumbi­ya) - 1950-52 illər, "Real” (İspani­ya) - 1953-63 illər, "Espanyol" (İs­paniya) - 1964-65 illər. Argentina yığmasında - 5, İspaniya yığmasın­da - 31 görüş keçirib. Yaşıl meydan­da çıxış etdiyi illər ərzində 1126 matçda 819 qol vurub.

1947-ci ildə Argentina millisi­nin heyətində Cənubi Amerika çempionu olub. Madridin "Real” klubunun tərkibində beş dəfə Av­ropa Çempionlar kubokuna və bir dəfə Qitələrarası Kuboka sahib çı­xıb. 1957 və 1959-cu illərdə "Frans-futbol” həftəliyinin "Qızıl top” mükafatını alıb. Alfredo di Stefano 1963-cü il oktyabrın 23-də Londonun "Uembli” stadionunda "Əsrin matçı”nın iştrakçısı və dün­ya yığma komandasının kapitanı olub. O, XX əsrin rəmzi seçmə ko­mandasına daxil edilib.

Di Stefanolar milliyətcə italyan olublar

Milliyətcə italyan olan Alfredonun babası XX əsrin əvvəlində Kapri adasından Argentinaya köçüb və orada məskunlaşıb. Ancaq Alfredo özünü argentinalı sayır.

Bir neçə il "River Pleyt”in hə­vəskarlar komandasında oynayan Alfredonun atası arzularının reallaş­masını iki oğlunun peşəkar futbol­çu karyerası ilə bağlayırdı. Ailənin istəklisi sayılan Alfredo özündən bir yaş kiçik olan qardaşı Tuliodan və yoldaşlarından fərqli olaraq fut­bol oynamağa çox da can atmırdı. Bir dəfə yeniyetmə komandalar ara­sında keçirilən yarış zamanı "Los Kardales” komandasının bir futbol­çusu oyuna gəlməmişdi. Uşaqlar qərara gəldilər ki, Alfredonu mey­dana dəvət etsinlər. Lakin aradan çıxmağa çalışan balaca Alfredonun cəhdi baş tutmadı. Özünün ilk oyu­nunda sağ kənar hücumçusu yerin­də çıxış edən di Stefano 20 dəqiqə ərzində üç qolun müəllifi oldu. Kim bilir, bəlkə elə vurulan qolların se­vincli anları onu həmişəlik olaraq futbola bağladı? Gənc Alfredo öz yaşıdlarından texnika cəhətdən bir az zəif görünsə də, çoxgedişli kombinasiyaların uğurla nəticələnmə­sində onlardan daha fərasətli idi. Məhz bu keyfiyyətlərinə görə o, 1943-cü ildə dördüncü divizionda çıxış edən "River Pleyt” klubuna dəvət olundu.

Argentina klubunun Braziliya səfəri

1946-cı ildə klub rəhbərliyi pe­şəkar karyerasına başlamamış di Stefanonu "Urakan” klubuna icarə­yə verdi. Bir ildən sonra isə gənc istedadlara ehtiyacı olan "River Pleyt” geniş reklam olunmuş Brazi­liya səfərinə hazırlaşırdı. Bu məq­sədlə məşqçilər yenidən Alfredonu öz heyətlərinə çağırdılar. İlk bey­nəlxalq oyunlar göstərdi ki, "River Pleyt”in futbolçuları braziliyalılar səviyyəsində texnika nümayiş et­dirsələr də, kollektiv oyunun təşki­lində və taktiki oyun anlamında rəqiblərinə uduzurlar. Buna görə də argentinalılar öz hücum xəttində yenidənqurma işləri aparmağa məcbur oldular. Tezliklə məşqçilər di Stefanonu mərkəz hücumçu ye­rindən komandanın yarımmüdafiə xəttinə keçirərək, dispetçerlik vəzi­fəsini yerinə yetirməyi ona tapşır­dılar. Meydanın mərkəzində oyna­mağı çoxdan arzulayan Alfredo di Stefano hücumların konstruktoru olmaq bacarığını məharətlə icra et­məklə yanaşı, həm də əsl qoleodor olduğunu göstərdi. 1947-ci ilin ölkə çempionatını "River” görünməmiş rekord nəticə ilə başa vurdu. Möv­süm ərzində vurulan 90 topun 27-si Alfredonun payına düşmüşdü. Hə­min ili Argentina milli komandasın­da oynayan di Stefano Ekvadorda keçirilən Cənubi Amerika birincili­yinin qalibi oldu.

1949-cu ildə Argentinanın pe­şəkar futbolçuları tətil elan etdiklə­ri üçün klub rəhbərləri onları gənc həvəskarlarla əvəz etdilər. İşsiz qalmış peşəkarları isə Kolumbiya klublarına icarəyə verdilər. Bu ha­disə ilə əlaqədar di Stefano 1950- 52-ci illərdə məşhur "Millionares” klubunun şərəfini qorudu.

İspaniyaya səfər uğurların başlanğıcı oldu

1953-cü ildə "Millionares” so­nuncu dəfə Avropada səfər matçları keçirərkən İspaniyada Madridin "Real” klubu 50 illik yubileyi ilə əlaqədar turnir təşkil etmişdi. Hə­min turnirdə di Stefanonun oyununu görən "Real”ın prezidenti don Santyaqo Bemabeu Alfredonu klubuna almaq üçün bütün imkanlarını işə sa­lır: "Necə olursa olsun bu fiıtbolçu mütləq "Real”da oynamalıdır”. Alf­redonun taleyi beləcə həll olundu. Avropa futbolunda oynamaq istəyən argentinalı ulduz bu sövdələşməyə etiraz etmədi. Üstəlik o, İspaniya vətəndaşlığını qəbul etdi.

"Real” klubunda oynadığı illər di Stefanonun peşəkar futbolçu kar­yerasının ən parlaq və maraqlı səhi­fələridir. Tezliklə Kral klubunun kapitanı seçilən Alfredonun göstər­diyi nəticələrə bir çox ulduzlar hə­səd apara bilərdi. İlk iki mövsümü di Stefano "Real”ın heyətində ölkə çempionu, beş mövsüm ardıcıl olaraq isə Avropa çempionlar kuboku­nun sahibi olub. Qitə Kuboku turni­rində Alfredo, demək olar, hər matçda qol vururdu və bu sahədə o, rekord nəticə (49 top) göstərə bil­mişdi. Ümumi hesabda isə di Stefano "Real”ın heyətində çıxış etdiyi 510 matçda rəqib qapılarına 418 top vurmuşdu. Qeyd etmək lazımdır ki, Alfredo 1960-cı ildə "Real”ın Çem­pionlar Kubokunun əfsanəvi final matçında Frankfurtun "Ayntraxt” klubunun qapısından üç top keçir­mişdi. Qlazqo şəhərində keçirilən 7:3 hesabı ilə nəticələnən həmin görüş futbol tarixinə ən gərgin və maraqlı oyun kimi daxil olub.

Don Santyaqo klubuna ulduz futbolçular alırdı

Don Santyaqo Bernabeu sahibi olduğu klubun uğurlarını davam etdir­mək məqsədilə böyük məbləğdə pul xərcləyərək, bir neçə futbol ul­duzunu satın almışdı. Ümumiyyətlə, "Real”ın qələbələr qazanmasın­da fransalı Kopa, braziliyalı Didi, macar Puşkaş, uruqvaylılar Mateos və Santamariya habelə yerli futbol­çulardan Xento və Markitas böyük pay sahibi olmuşlar.

Di Stefano "Real”ın lideri olub

Don Alfredonun taleyi elə gə­tirmişdi ki, o, dünya çempionatla­rında iştirak etməmişdi. Ancaq id­man şərhçilərinin fikrincə, "Real”ın Avropa miqyaslı yarışlarda uğurlar qazanmasının əsas səbəb­karı di Stefanonu hesab edirdilər. Onun yüksək fiziki və texniki ha­zırlığı, soyuqqanlılığı, möhkəm ira­dəsi və böyük təcrübəsi, ən çətin anlarda düzgün qərarlar qəbul et­mək bacarığı, taktiki müdrikliyi və ən nəhayət, hücumları kulumunasiya həddinə çatdırmaq qabiliyyəti nüfuzlu mütəxəssislər tərəfindən də çox yüksək qiymətləndirilib. "Real”da Alfredo ilə birgə oyna­mış, sonra isə məşqçi olmuş Migel Munyos onun haqqında belə demişdi: "Di Stefano meydana çıxarkən, o, istənilən mövqedə tək iki nəfəri əvəz edə bilirdi”.

Yaxşı məlumdur ki, ulduzlar həmişə ictimaiyyətin diqqət mərkə­zində olurlar. Bu baxımdan "Real”ın uzun müddət futbol "Olimpin­də” qərar tutmasına baxmayaraq, komandanın kapitanı haqqında bir çox şaiyələr və söz - söhbətlər gəzirdi. Deyirdilər ki, Alfredo çətin xasiyyətli, adamayovuşmaz, kiminləsə ünsiyyətdə olmağı sevməyən, bəzən də meydanda həddindən ar­tıq deyingən adamdır.

"Mən eqoist deyiləm”

Bütün deyilənlərə cavab olaraq, di Stefano öz xa­tirələrində belə yazırdı: "Mən heç vaxt eqoist olmamı­şam, yoldaşlarımın vurduğu qol­lara öz qollarını kimi sevinmi­şəm. Həmişə topu əlverişli vəziy­yətdə olan oyundaşıma ötürmə­yə çalışmışam”. "Real”ın qazan­dığı qələbələr təkcə mənim yox, bütün komanda üzvlərinin birgə zəhməti və ustalığı sayəsində əl­də olunub. Fransisko Xento, Ferents Puşkaş və Raymon Kopa ilə uzun illər dostluq əlaqələrini saxlamışam. Lakin hesab edirəm ki, hər bir komandada dispetçer­lik vəzifəsini bir futbolçu yerinə yetirməlidir. Əks balda hərə "arabanı müxtəlif istiqamətə dartacaq”.

Alfredo prezidentdən narazılıq edirdi

"Bir də deməliyəm ki, prezi­dentimiz don Santyaqo bəzi vaxt tələsik qərarlar qəbul edirdi. O, heç kimlə məsləhətləşmədən bir - birinə oxşar futbolçuları klubu üçün almağa çalışırdı. Кора, Didi və mən, eyni vaxtda bir xətdə yarımmüdafiəçi Кора "Real”da sağ kənar hücumçusu ye­rində çıxış etməli olurdu. Mən isə bəzən mərkəz hücumçusu yerin­də, bəzi vaxt isə Didi ilə növbələ­şərək yarımmüdafiə xəttində meydançaya çıxırdıq. Belə olan halda tezliklə əvvəlcə Кора, son­ra isə Didi "Real”a əlvida dedi. Göründüyü kimi, bu eksperi­mentlərin, müsbət nəticəsi olma­dı. Necə deyərlər, hər sürünün bir çobanı olmalıdır”.

Veterana assistent tapdılar

Alfredo di Stefano əfsanə­vi futbolçu sayılır. 1962- ci ildə 36 yaşı olmasına baxmayaraq, o "Realda çıxışların davam etdirirdi. Bu zaman məşqçi­lər ona köməkçi assistent tapmağı lazım bildilər. Fransadan dəvət olunmuş gənc, istedadlı və əməksevər Lüsyen Müller təcrübəli futbol­çu ilə ümumi dil tapa bildi. Sonrakı illərdə onlar Barselonanın müxtəlif klublarında oynasalar da bir-biri ilə əlaqə saxlayırdılar. Di Stefano hesab edir ki, veteranlar komandaya qəbul olunmuş gənc futbolçulara qayğı ilə yanaşmalı, öz bilik və ba­carığını onlara öyrətməyə çalışmalıdırlar. Komandada oyun intizamı­nı həmişə şəxsi nümunəsində gös­tərən futbol ulduzu, eyni zamanda oyunda yaradıcı fantaziya, ekspromt və improvizə elementlərini də göstərməyin tərəfdarıdır.

Əsl universal futbolçu

İntellektual futbolçu sayılan Alfredo harmonik olaraq dispetçer və solist rolunu məharətlə ifa edir­di. Geniş diapozonda hərəkət edən Alfredonun əməksevərliyi və fiziki kondisiyaları heyratamiz idi.

1980-ci illərdə İtaliya yığması­nı çalışdıran Entso Bearzot argentinalı futbol ulduzu barədə bu sözlə­ri demişdi: "Futbolda məktəb ya­ratmış olan di Stefano dahi id­mançıdır. Onun oyunu bu gün də gənclərə nümunə olmalıdır”.

Futbolçu karyerasını "Espanyol” klubunda başa vuran Alfredo di Stefano Argentina və İspaniya klublarında məşqçi işləyib. Sonra "Real” klubunun vitse- prezidenti olub.

Alfredo di Stefano 7 iyul 2014-cü ildə 88 yaşında İspaniyanın paytaxtı Madrid şəhərində vəfat etmişdir.

Həsən TAĞIYEV