adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BƏDBƏXT KİMDİ, XOŞBƏXT KİM?..

BABƏK YUSİFOĞLU
58709 | 2013-05-01 00:21
Vallah, əvvəllər elə bilirdim ki, Qərb, yaxud dünyanın yekə dövlətləri yalnız siyasi məsələlərdə, bir də Dağlıq Qarabağ problemi ilə bağlı proseslərdə ikili, qərəzli mövqe nümayiş etdirirlər. Amma sonradan gördüm ki, bu ikiüzlülər, dəxli yoxdu elə hər şeydə bu standartın ən azı ikiüzlüsünü bizim adımıza pərçimləyirlər. Sonra da hər iclasda, hər dəyirmi masada, hər dördbucaqlı, hər çoxbucaqlı masalarda başlayırlar ağızlarına gələni danışmağa.
Öz aramızdı, kimsə deməsin ki, cəhənnəmə danışırlar. Çünki o qədər haqsız şəkildə təbliğat aparırlar ki, az qalır adam özü-özündən şübhələnsin. İndi də təzə bir metod icad eləyiblər. Cürbəcür araşdırma mərkəzləri yaradıblar və guya onların vasitəsi ilə həqiqətləri üzə çıxarırlar. Bu günlərdə Viakom deyilən bir mərkəz dünyada ən xoşbəxt insanların hansı ölkədə yaşadığını öyrənmək üçün təhqiqat aparıb. Bunda da yalanlarından əl çəkməyiblər.
Çünki bu işin nə qədər ədalətli aparıldığını bilmək üçün nəyisə dəqiqləşdirməyə heç ehtiyac duyulmur. Elə nəticələrin açıqlamasından məlum olur ki, bu Viakomdu-miakomdu, nədi, burada da haranınsa göstərişini yerinə yetirib. Çünki bizim kimi xoşbəx insanları Azərbaycanda qoyub, gedib dünyanın o biri başında, mafiyanın-zadın tüğyan elədiyi bir ölkənin adını göstərib. Yəni, elan olunub ki, guya planetin ən xoşbəxt əhalisi meksikalılardı.
Deyirəm ki, bu qərblilərin heç həyaları-abırları yoxdu də. İnsan nə qədər axı yalan danışar, sonra da onu təsdiqləmək üçün cürbəcür oyunlardan çıxar? Bunların gopologiya sözündən belə çıxır ki, sorğu dünyanın 24 ölkəsində 9 yaşdan 30 yaşa qədər olan insanlar arasında keçirilib (Guya əsas əhalinin bu yaş bölümü əsasdır). Ümumilikdə 15 min nəfərin rəyi soruşulub. Bu zaman nəticələr gösrətrib ki, meksikalı gənclərin 93 faizi özünü xoşbəxt hesab edir. İkinci yerdə isə Argentinadır. Bu ölkə gənclərinin 87 faizi özlərini xoşbəxt sayırmışlar. Braziliyada isə 84 faiz adam özünü xoşbəxt hesab edirmiş.
Ay siz öləsiz! Siz dediniz, biz də inandıq. Əgər bu Viakomun bir fırıldağı yox idisə niyə gəlib bizim məmləkətdə də insanların xoşbəxtliyi ilə maraqlanmırdı? Mən yüz faiz əminəm ki, onlar doğru nəticə əldə etmək istəsəydilər mütləq buralara da gələrdilər və bizdə əhalinin hər gün necə xoşbəxt olduğunu görərdilər. Hansı ölkədə əhalinin ürəyini qabaqcadan üzməmək üçün mənzillərə qazın nəqlinin dayandırılacağını elan etmirlər? Məncə heç bir yerdə. Amma bizimkilər qabaqcadan insanların qazın kəsilməsindən narahatlıq keçirəcəklərini nəzərə alıb qazı elə qəfildən kəsirlər. Özü də sevincin dərəcəsi çox olsun deyə bunun nə qədər davam edəcəyini də kimsəyə söyləmirlər. Hər şey də bundan sonra başlayır. Yəni, səbirsizliklə qaz nəqlinin nə vaxt bərpa olunacağını gözləyən sakinlərin qaz gələrkən necə sevindiklərinə tamaşa edən olsa deyir yəqin bu yazıqlar birinci dəfədi qaz görürlər. Ə kişilər, bu bir bayrama dönür ey...
Hansı mənəm-mənəm xoşbəxt ölkədə ictimai nəqliyyat bizdəki kimi işləyir? Əminəm ki, heç bir yerdə. Avtobusa minmək üçün qəti əziyyət çəkib o zəhrimar "ostanovka"ya-zada getmək lazım döyül. Elə harada yola çıxıb avtobusa minmək istəyirsənsə bir balaca əl eləməyin kifayətdi. Yekə, zırıltı bir avtobus heç nəyi, heç kimi vecinə almadan qarşında mıx kimi dayanacaq. Görüm, sizin təriflədiyiniz Meksikadakı adamlar bir yerə gedərkən belə xoşbəxtlikləri yaşayırlamı? Ay yaşadılar ha...g
Heç çox uzağa getmirəm. Təriflədiyiniz Meksikada, Argentinada, olsun Braziliyda... bizdəki qədər şadlıq evləri varmı? Özlərini öldürsələr də bu mümkün döyül. Vallah, bizim təkcə "Vosmoy" dediyimiz ərazidəki şadlıq evlərimizin sayı bütövlükdə Latın Amerikası ölkələrindəki "şadlıq evləri"ndən çox olmasa demək mənim öz ölkəmizdən xəbərim-zadım yoxdur. Mən nahaqdan şadlıq evlərini misal kimi göstərmirəm. Ada fikir verin. Şadlığın evi. Əgər bir ölkədə ki, şadlığın on minlərlə evi varsa və xoşbəxt ölkəni axtaran o ikiüzlü araşdırma mərkəzləri bunu görməzdən gəlirlərsə demək burada da bizim dediyimiz o ikili standartlar hökm sürür.
Əlbəttə, çox şeyləri sadalamaq bir qəzet səhifəsində mümkün olmadığı üçün təkcə bir faktı qeyd etməklə kifayətlənirəm. Bizdə vaxaşırı əhalini kütləvi şəkildə xoşbəxt etmək üçün böyük bir qurum Tarif Şurası - el arasında ona Qiymətqaldırma Şurası da deyirlər - fəaliyyət göstərir. İndi əcnəbilər deyəcəklər ki, bu Şuranın mətləbə nə dəxli var? Onlar bilmirlər ki, elə belə şeyləri başa düşmədikləri üçün bədbəxtdirlər və bədbəxt olaraq qalacaqlar. Çünki...
Bir də görürsən, filan nazirlik Qiymətqaldırma Şurasına müraciət elədi ki, bəs bilmirsinizmi, bizdə filan şey çox ucuz olduğu üçün onun qiymətini qaldırmaq lazımdı. Onda görürsən ki, əhalinin canına vəlvələ düşdü. Hamı ürək qoppacası içində günləri saymağa başlayır ki, bu bədbəxlik nə vaxt baş verəcək. Hətta kimiləri nəzir-niyaz verir, kimi bir ay piyada gəzəcəyini əhd eləyir, bəziləri qurban boyun olur, tay belə olmazın müsibətləri yaşanır və... Və birdən Tarif Şurası bildirir ki, bu il həmin filan şeyin qiymətini qaldırmayacaq. Bax onda insanların xoşbəxtliyi fontan vurur. O Viakomdu-nədi onun nümayəndələri həmin vaxt əhalinin necə xoşbəxt olduğunu görsələr, Həzrət Abbas haqqı heç bir sorğu-sual keçirmədən hər il bizi ən xoşbəxt əhali elan edərlər.
Bəlkə düz demirəm?!
Gəlin bundan sonra heç olmasa bu xoşbəxtlik məsələlərində öz sözümüzü Qərbə sübut edək. Qoymayaq ki, bizim haqqımızı yesinlər. O biri işlər inşallah düzələr...
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV