adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 May 2019 17:43
15071
ƏDƏBİYYAT
A- A+

Məhəmməd Hadinin 140 illik yubileyi qeyd edilib

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı 17 may 2019-cu il tarixdə Kürdəmir şəhər 3 saylı tam orta məktəbdə XX əsr Azərbaycan şeirində mütərəqqi romantizm cərəyanının görkəmli nümayəndələrindən olan Məhəmməd Hadinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirdi.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yubiley tədbirini açaraq türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəyərək şeirlərində yaradıcı şəkildə əks etdirməsindən, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə layiqli yer tutmasından danışdı. Eyni zamanda, o, 1902-ci il Şamaxı zəlzələsindən sonra Hadinin Kürdəmirə köçərək müəllimlik fəaliyyəti ilə məşğul olmasından və 116 yaşlı bu məktəbin onun təşəbbüsü və təşkilarçılığı ilə tikilməsindən bəhs edərək bu səbəbdən də şairin yubileyinin məhz bu məktəbdə keçirilməsini vurğuladı.

Tədbirdə Məhəmməd Hadinin çətin və keşməkeşli həyatından və yaradıcılığından məqamları əks etdirən video çarxın nümayişindən sonra məruzə etmək üçün söz məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayevaya verildi. O,

ömrü boyu bütün varlığı ilə doğma Azərbaycana bağlı olan, xalqı üçün gözəl, azad günlər arzu edən ölməz sənətkarın fəlsəfi görüşlərindən, öz əsərlərində haqsızlığa, ədalətsizliyə etirazından, dövrünün siyasi-ictimai hadisələrinə, mövcud quruluşun yaramazlığına, despotizmə, ətalətə, geriliyə etiraz etməsindən bəhs etdi.

Publisist Tofiq Abdullayev, tarixçi-araşdırmaçı Ağa Zeynalov çıxış edərək Məhəmməd Hadinin Kürdəmirdə yaşadığı, işlədiyi dövrlərdən əldə etdikləri qiymətli məlumatları tədbir iştirakçılarına çatdırdılar.

Tədbir ərzində məktəbin şagirdləri şairin məktəbə, xalqın maariflənməsinə, qadın azadlığına, millətin tərəqqisinə həsr etdiyi şeirlərdən seçmələr səsləndirdilər.

Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əli Ağayev çıxış edərək Hadi yadigarı olan məktəbin tarixindən, ənənələrindən, ilkin fəaliyyətini əks etdirən sənəd və şəkillərdən bəhs edərək tərəqqipərvər şairin arzu və xəyallarının gerçəkləşməsini, məktəbin respublika məktəbləri içərisində hər zaman yüksək nəticələr əldə etməsini qeyd etdi. O, eyni zamanda Dövlətinizin Məhəmməd Hadinin şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən, onun seçilmiş əsərlərinin Azərbaycan dilində və latın qrafikası ilə kütləvi tirajla nəşr edilərək ölkə kitabxanalarına hədiyyə edilməsindən, adının küçə və məktəblərə verilərək əbədiləşdirilməsini vurğuladı.