ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Göz yaşları...

10479    |   2019-05-17 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(hekayə)

1.

Atamdan ayrılandan sonra anamı tanıya bilmirdim, – çiçəyi çırtlamışdı. Bir ayağı da evdən qaçaq.Səhərin gözü açılar-açılmaz soyuq suda çimir, 70 faizlik şokoladla bir fincan qəhvə içib, tələsik çıxırdı evdən. Pəncərədən dalıyca baxırdım – elə gedirdi, elə bil dünyanın ən əziz adamıyla görüşə gedir. Axşam bir az da gec qayıdırdı. Ye­mə­yini də azaltmışdı.İncəlib cavan qız olmuşdu.

–Ay bala, canına qəsd eləmə, üzülərsən! – Nənəm axır ki, narahatlığını dilə gətirdi.

–Direktorumuzun acığı gəlir kök qadınlardan, ay ana!

–Direktorunuzun?! – Nənəmin gözləri açıla qaldı. – Direktorunuzun acığı arvadından gəlsin!

Anam mənalı-mənalı gülümsəyib, gözünü zillədiüzümə.

–Ay ana, biz kimik bəs?!

–Nəəəə?! – Nənəm az qala bağırdı.

–Elə-belə deyirəm ey, fikrinə başqa şey gəlməsin. İdarə işi bizi, bənzətməylə desək, direktorla az qala ər-arvad eləyib. Gedirsən işə, olursan bütün günü gözünün qabağında. Danışdığın sözü də onunla danışırsan, elədiyin qeybəti də onunla edirsən. Baxırsan ki, ürəyində gizli bir sirrin qalmayıb, açıb hamısını qoymusan çinadanına. Axşam da evə qaçırsan, başın qarışır biş-düşə. Özün yorgun, fikrin xörəkdə, ər çıxır yaddan. Ər də bir ər ola. And içərəm mən başı batmışın üzünü direk­torun üzündən min dəfə az görürdüm. Yadından çıxıb deyəsən, atamın səninlə sözə gəldiyi vaxtlar: "Ay ar­vad, sənin ərin mənəm ey, mən– hirslə yumruğunu da vururdu sinəsinə, gupp eləyirdi, – bu işə az bağlan!”.

Nənəm elə bil birdən büzüşdü – əvvəl mənə baxdı, sonra da anama. Mızıldadı:

–Elədi, ay bala...

2.

Hərdən Şeytanın qıçını sındırımağı vardı anamın– məni yanına salıb, məktəbə aparırdı. Görürdüm ki, fikri məndən çox yol keçən adam­lardaqalıb. Tez-tez dəsifəti işıqlanırdı. Hiss eləyirdim ki, özündən razıdı. Bir dəfə dözmədim:

–Nə olub, ay ana?

–Görmürsən?!

–Nəyi?

–Bax da, kişili-qadınlı adamların gözü qalıb mamanda.

–Niyə?

–Niyəə?! Bunun sözünə bax, sən Allah!

–Nə dedim ki?!

–Başı batmış atan görürdü gözəlliyimi, sən də görəsən?!

Tərs-tərs üzünə baxdım.

–Gəl, görüm. – Əlimdən dartdı.

3.

Həftənin şənbə və bazar günləri anamın işi-gücü telefonla danışmaq olardı. Bilirdim direktorla danışır. Qəs­dən yanına gedirdim. Bir anda qaşları çatılır, üzü uzanır, sifəti boğulurdu. Sözünü dəyişib, xudahafizləşir, dəstəyi yerinə qoyub, dik qal­xırdı.

Hərdən sancırdım onu:

–Kim idi, ay ana?

–Direktorumuz.

–Nə deyirdi?

–Sözüm qalmışdı.

–Ay ana, sözünün hamısını işdə niyə demirdin?!

–Elə söz var, yaddan çıxır da.

–Bəs məni danlayırsan ki, yadından heç nə çıxmasın.

Az qalırdı üstümə atılıb, boğazımı üzsün:

–Atan itib, indi də sən bitmisən?!

–O nə deməkdi?!

–Sən mənə göz verib, işıq verəcəksən?!

–Nə qədər istəyirsən – işıq... Günün qabağını kəsmişəm?!

4.

Qohum-əqrabalı deyildik. Anam idi, nənəm idi, bir də babam. Elə bir doğma adamımız da yox idi ki, tez-tez bizi axtarsın. Odur ki,telefonazənggələn kimi bilirdim anamın direktorudu, qaçıb götürürdüm:

–Bəli.

Yastı-yastı başlayırdı:

–Sa-lam, qı-zım. Ay-tən bə-yi-mi olaaar?

Eşidilməsin deyə yavaşca, amma hirslə deyirdim:

–Olmaz!

Dəstəyi atırdım telefonun üstünə.

Anam yelli-yepələk yüyürübgəlirdi:

–Kim idi?

Üzünə də baxmırdım:

–Bilmirəm!

–Qulaqların kar olmuşdu?!

–Kar niyə olur, ey?!

–Niyə demirsən kim idi?

Başlayırdım direktoru yamsılamağa:

–"Ay-tən bə-yi-mi olaaaar?” – Dalıyca da əlimi əlimə vurub, bərkdən gülürdüm.

Anamın gözləri az qalırdı hədəqəsindən çıxsın. Üzünü mətbəxə tutub, çığırırdı:

–Anaaa!

Nənəm tələsik gəlirdi:

–Nə olub?!

–Bu yaramazı görürsən?!

–Uşağı söymə, ay bala.

Anam az qalırdı partlaya:

–Sən qudurtmusan elə bunu!

–Nə eləyib ki?!

–Canına dərd eləyib, gözünə azar. Direktorumuza odboy verib.

–Kim deyir?! Odboy verməmişəm!

–Bəs niyə çağırmadın məni?

–Lazım bilsəydim, çağırardım. Amma cavab vermişəm.

–Nə demisən?!

–"Olmaz!”

Anam cumub məni vurmaq istəyəndə tez atılmışam nənəmin qucağına.

–Bu uşaq deyil ey, sırtılıb bu! Atası cəhənnəm olub gedəndən sonra mənimlə düşünüşüb lap!

–Elə eləmə, ay bala, ananı işdən çıxardar, çörək tapmarıq yeməyə! – Nənəm sinəsinə sıxardı məni.

–Market doludu çörəklə!

–Havayı çörək yoxdu, qurban olum. Ananın işinə qarışma!

Anam dözməzdi:

–Gözün tökülsün!

Çil xoruz kimi üzünə durardım:

–Taxsırım nədi?!

–Çox şey!

–Yad birindən ötrüdoğma qızına qarğış eləyirsən! Özündən xəbərin var?!

–Niyə təhqir etmisən o boyda kişini?!

–Atam idi bəyəm?!

–Necə?!

–Dedim da!

–Atan olmalıydı?!

–Aç qulağını eşit, mən atamdan başqa bir kişininsənə zəng eləməsini istəmirəm!

–Atan haranın iti idi ki, mənə hələ birzəng də eləyəydi?!

–Mənə "küçük” demə!

–Bıyyy... başı xarab olub ey, bunun!

–Niyə başım xarab olur?! Atam it olanda, mən gülməşəkər olacağamış?!

Nənəm əliylə ağzımı tutub, basıb aparırdı məni mətbəxə.

5.

İllər keçdi, mən də böyüyüb, ailə qurdum. Dövran da dəyişdi. Hər şey pisliyə doğru getməyə üz qoydu. Bir gün də anamgilin idarəsi bağlandı. İşçiləri də ixtisara düşdü. Direktoryəqin hardasa iş tapdı özünə.Anam tək qal­dı – çı­xıb oturdu evdə.

Hiss eləyirdim ki, anam fikir eləyir. Bir dəfə soruşdum:

–Ay ana, Qəmxar müəllimlə danışıb eləyirsən heç?

Səsimdəki mehribanlığı görüb, təəccüblə üzümə baxdı:

–Sənin ki, acığın gəlirdi ondan?!

–Bilmək istəyirəm.

–Bayramdan-bayrama zəng eləyirəm.

–Niyə özü zəng eləmir?

–Niyə?! – Gülümsəyib, məzəmmətlə dedi, – sənin qorxundan!

–Nə danışırsan?!

–Anam canı!

–Təzəlikçün?!

–Onda elə qorxuzmuşdun gözünü, telefon nömrəmizi də yadından çıxartmışdı. Elə mən özüm də az qorx­mur­dum səndən. Acığına getməsin, qızımdan çox dönüb olmuşdunqaynanam!

–İt peşmanı olmuşam, ay ana!

–Niyə, ay bala?

–Atamdan ayrıldığın üçün intiqam alırdım səndən! İndi başa düşürəm ki, lap nahaq yerə qorumağa çalış­mı­şam səni!Onsuz da atam başqa qadınla evlən­mişdi. – Anam üzümə baxmadan razılıqla başını yellədi. –Heç olmasa Qəmxar mü­əl­lim, almasa da, saxlayardı səni.

–Ay bala, bəlkə yerinizi dar eləyirəm?!

–O nə sözdü, ay ana, nə danışırsan?! Allaha şükür, yeməyə çörəyimiz, yatmağa da genə-bol evimiz. İrağ olsun, sən olmasan, neyləyərdim onda?!

Qaşları çatılıb, sifəti qayğılandı birdən:

–Zahiri parıltıya aldandım, ay bala. İndi baxıram ki, atan da pis adamdeyildi heç. Bir az səbr eləsəydim, Allahın bəxtəvər qadınlarından biri də mən olacaqdım.Artıq gecdi. Rəhmətlik Məmməd Araz demişkən, –

Çalış ki, birinci aldanmayasan,

Təəssüf ikinci məğlubiyyətdi!

–Neçə yaşın var?

–Guya bilmirsən?!

–Ay ana, 40 yaş nədi ki?!Qadına bu yaşdan sonra ər lazımdı.

Dodaqları qaçdı:

–Ərə gedim deyirsən, ay qızım?!

–Nəyi pisdi ki?!

–Ərimə nə gəlib?!

Gözüm kəlləmə çıxdı:

–Ola bilməz!

–Niyə ola bilmir?!

–Altdan-altdan iş görürsənmiş ki, Allah saxlamış!

–Neyləməliydim bəs?!

–Nə vaxtdandı?!

–İki ilə yaxındı?!

–Bıyyy... Nə danışırsan?!

–Mama canı!

–Kimdi?

Böyük oğlumu qucağına çəkib, yanaqlarından öpdü:

–Mübarizdən yaxşı ər?! – Qurban olum buna!

–Yaman qorxuzdun məni!

–Niyə?

–Vallah, hələ də hazır deyiləm atamdan başqa biriylə ailə qurmağına!

–Ürəksiz qızı ürəksiz!

Bir-birimizə qoşulub gülüşdük.

Anamın səsi göz yaşları içindəydi.

19.04.-17.05.2019




İmza:
SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK