adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 May 2019 15:24
10817
GÜNDƏM
A- A+

Abituriyentlərə məsləhətim odur ki... - Ekspertlər danışdı

Son illərdə qəbul imtahanlarının qaydalarında tez-tez dəyişikliklərin edilməsinin abituriyentlərin nəticələrinə və psixologiyalarına necə təsir etməsi, həmçinin valideynlərin imtahan ərəfəsində abituriyentlərə necə rəftar etməli olduğu vacib məsələlərdəndir.

Adalet.az bu suallarla bağlı təhsil eksperti Kamran Əsədov və psixiatr uzman doktor Fuad Bəşirovun fikirlərini öyrənib.


Təhsil eksperti Kamran Əsədov: "İlk növbədə qeyd edim ki,  2019-cu ildə ali məktəblərə qəbul və buraxılış imtahanları tamamilə yeni formatda keçiriləcək. İndiyədək keçirilmiş imtahanlardan tamamilə fərqli bir  imtahan prosesi bizi gözləyir. Ən ciddi dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanlarında istifadə olunan test modellərinin bir qismi tamamilə fərqlidir. Əvvəllər yalnız qapalı  tipli test modelləri var idisə, indi açıq tipli, uyğunluğun gözlənilməsi tipli test tapşırıqları, dinləmə tələb edən suallar, situasiya tipli, dinləmə tipli test tapşırıqları var. Bunların qiymətləndirilməsi ilə bağlı, onlara verilən cavabların şablon olub-olmaması ilə bağlı abituriyentlər və valideynlər arasında ciddi şəkildə narahatlıq var. Etiraf edək ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrində artım  müşahidə edirdiksə, gördüyümüz mənzərə 2019-cu ildə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək.

Əvvəllər qəbul və buraxılış imtahanlarında sadə suallar verilirdi. Bu isə o deməkdir ki, həmin şagirdlərin iki ildə ciddi nailiyyət əldə etməsi mümkün deyil. Çünki bizdə tədrisin keyfiyyəti aşağıdır, bizim müəllimlərimiz özləri 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının modelinə tam hazır deyillər. Bu barədə bilmirlər, ənənəvi formada tədrisi qururlar, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarındakı yeniliklərdən biri də buraxılış imtahanların tədris ili bitməmiş, yəni 11-ci sinif proqramı tam mənimsənilməmiş keçirilməsi oldu. Xatırladım ki, əvvəlki illərdə qəbul imtahanlaarı tədris ili başa çatmamış, may ayında keçirilsə də, buraxılış imtahanları tədris ili başa çatandan sonra, iyun ayında keçirilirdi. Bu ildən etibarən isə həm buraxılış imtahanı, həmdə qəbul imtahanı tədris idi başa çatmamış keçiriləcək.

 Dövlət İmtahan Mərkəzi analoqu olmayan "yeniliyə” imza atmaqla abituriyentlərin əslində universitetlərə yalnız repetitor hesabına qəbul olunduğunu təsdiqləmiş oldu. Yəni tədris proqramı tədrisili başa çatmamış ancaq repititor və hazırlıq kurslarında mümkündür.

Vacib bir məqamı qeyd edim ki, buraxılış imtahanındakı test tapşırıqları arasında şagirdlərin orta məktəbdə hələ keçmədikləri , standartların reallaşmadığı dərslərdən də suallar ola bilər. əvvəlki illərdə biz bunun şahidi olmuşuq.

Bildiyiniz kimi, bu il 2017-2018-ci il üçün keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. 2018-2019-cu tədris ilində isə 19 abituriyent tədris ili başa çatmamış tədris proqramınını mənimsəyib 700 bal toplamışdı.  Əlbəttə abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repetitor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Bu da onu göstərir ki, Azərbaycanda qəbul imtahanları çox çətin bir prosesdir, şagirdlər üçün əlçatan deyi.

Qəbul imtahanlarını tədris ili başa çatmamış təyin edən Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarını orta məktəb proqramına, dövlətin təsdiq etdiyi tədris cədvəlinə uyğun olaraq yox, repetitor proqramına uyğun olaraq həyata keçirir.

Hesab edirəm ki,  İmtahan tapşırıqları çox asanlaşmalıdır. Əhalini oxutmağa çalışmalıyıq. Amma əlinə qılınc və qalxan götürüb, uşaqların qarşısını kəsmişik ki, ali məktəbə girməsinlər. Bu, kimə, nəyə qulluq edir? Azərbaycan xalqına, ya Azərbaycan xalqının düşmənlərinə? 17-18 yaşlı cılız gənclərimiz 3-4 dəfə imtahan prosesindən keçir. Nə qədər əsəb və stres keçirir, sağlamlıqlarını itirirlər. Niyə? Bunların ali məktəbə qəbulun fəlsəfəsindən xəbəri yoxdur. Təhsilin siyasətindən xəbərsiz insanlar təhsilə bu cür müdaxilə edirlər.Çox inkişaf etmiş ölkələrdə orta məktəbi bitirən 100 şagirdin hamısı ali təhsilli olmaq istəyir. Universitetdə yer olmadığına görə qəbul imtahanı verirlər. Bizim kimi ölkələrdə heç qəbula ehtiyac yoxdur. Bilirsiz niyə? Çünki bizim orta məktəbi bitirən hər 100 uşağın 16-17-si ali məktəbə qəbul olur. Halbuki, 100 nəfərdən 50-si ali məktəbə qəbul olmalıdır. Belə olan təqdirdə heç qəbul imtahanına ehtiyac yoxdur. Olsa da, həddindən artıq nominal bir şey olmalıdır. Bunu mən 20 ildir ki, deyirəm. Amma qəbulda nə varsa, bütün Azərbaycanı aşağı səviyyəyə salıb. Cənubi Koreyada orta məktəbi bitirən hər 100 uşağın 95-i ali məktəbə qəbul olur. Orada test imtahanına ehtiyac var? Bütün inkişaf  etmiş ölkələrdə belədir.

 

Psixiatr uzman doktor Fuad Bəşirovdan isə imtahanlar ərəfəsində valideynlərin abiturientə rəftarı necə olması və abituriyentlərin nələr etməli olduğu haqqında suallar yöndəndirdik. Fuad Bəşirov sualları belə cavablandırdı:"İmtahan sistemində dəyişikliklər edildikdən sonra əvvəl tələbələr bir qəbul imtahanı verirdisə, artıq iki imtahan verirlər. Bunların hamısı abituriyentlərin həyacanını, təşvişini artırır ki, bu da anlaşılandır. Burda əsas iş düşür müəllimlərin və valideynlərin üzərinə. Valideynlər abituriyentlərin  dərsləri ilə rahat məşğul olması üçün şərait yaratmalı və "Mütləq qəbul olmalısan!”, "Mütləq pezident təqaüdü almalısan!” kimi gözləntilərini tez-tez dilə gətirməməlidirlər.  Hətta "Artıq oxuduğunu oxumusan”, "Qəbul olmasan da dünyanın sonu deyil” kimi təskinlik verərək onların qayğı və təşvişlərini azaltmaq olar.

Abituriyentlərə məsləhətim isə odur ki, oxuduqlarını yadda saxlamaq üçün mütləq gecə yuxusunu yatsınlar. Bəzən çox oxusalar, daha çox şeyi yadlarında saxlayacaqlarını düşünürlər, amma gecə yuxusu yaddaşlarının daha iti olması üçün şərtdir. Gecə yuxusunu yatan adamların gündüzlər səhv etmə riski artır, həmçinin səbirsizlik halları da azalır və dolayısıyla imtahandan daha uğurlu nəticə qazanmaq ehtimalı artır. Digər tövsiyyəm isə düzgün qidalanmaqdır”.

 

Ulucay Akif