adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 May 2019 09:46
25992
ƏDƏBİYYAT
A- A+

Üzrxahlıq edən şair ... Oxucudan gələn duet təklifi... - Ramiz Rövşənin imza günündən REPORTAJ

- Ulucay, dur, tez elə, getməliyik.

- Hara?

- Sual vermə, vaxt azdı.

Tez-tələsik Nəşriyyatdan çıxırlar. Uzaqdan qızlı-oğlanlı üç dörd gənc bir qızı sürüyə-sürüyə gətirirlər.

- Emin, yüz faiz sevdiyindən ayrılıb, o qədər ağlayıb ki, ürəyi gedib.

- Hə, bunların sevgidən başqa dərdi yoxdu da.

Hüseyn Cavid parkında hər kəs xoşbəxt görünür. Başına quşlar qonmuş Hüseyn Cavidin heykəli də.


- Emin, səncə nə vaxtsa sənin də heykəlini qoyacaqlar?

- Elə mən özüm heykələm də, amma başımda quşlar əvəzinə adamlardı. Oturublar başımda, ayaqlarını da sallayıblar aşağı.

Onlardan bir az qabaqda bir oğlan dondurma aparatının arxasında camaata dondurmasına dolayıb. Maraş dondurmasını adəti üzrə müştərini aldatdıqdan sonra verir. İşə bax da?! Həm pul verirsən, həm də səni dolayırlar.

Qəfil Eminquey Ulucaya dönüb deyir:

"Yenə bu şəhərdə üz-üzə gəldik

Neyləyək ayrıca şəhərimiz yox...”


Yolun o üzündə "Libraff” kitab mağazası görünür. Hələ də hara getdiyini bilməyən Ulucay əliylə mağazanın önündəki izdihamı göstərir:

- Görəsən orda adam ölüb-eləməyib?

- Heç kim ölməyib. 50 ildir ölümə şeir yazan Ramiz Rövşənin üç dənə gözəl balası dünyaya gəlib. Tfu! Balası yox e, kitabı. Elə ora gətirirdim səni.

Ulucayla Eminquey içəri keçən kimi özlərini kainatın boşluğuna düşmüş kosmonavt kimi hiss edirlər. Və içəridən gələn səs dünyadan gələn səslə birə-bir eyni idi, heç nə başa düşmək olmur.


Hamı əlinə bir kitab alıb qarışqa kimi ora-bura şütüyür.

- Ulucay, gör Ramiz Rövşən yerindədi? Harda oturacaq?

- Harda oturacaq? Başı kəsik gözəl kötükdə.

Ramiz Rövşən gəlmədikcə insanları təlaşı, həyəcanı bir az da artır. Hamı bir-birinə eyni sualı verir:

- Ramiz Rövşən hardadı?

Qəfil şair qapıdan içəri daxil olur. Adamlar bir-birinə onun gəlişindən xəbər verir, onların başları domino daşları kimi Ramiz Rövşən tərəfə dağılır. Ona ilk yaxınlaşan adam elə ilk fürsətdəcə şairi qucaqlayır.


Şair az qalsın insanların qucağında oturacağı "başı kəsik gözəl kötükə” çatır və əyləşir.

Ramiz Rövşənin əyləşdiyi yerin düz yanında əllərində şairin"Gizlənmişəm, tap məni” kitabı olan uşaqlar oturub.

Adamlar gecikdiyinə görə üzrxahlıq edən şairin cavabını alqışla verirlər. Çap olunan yeni kitabları haqqında danışan şairə hər tərəfdən fərqli mövzularda suallar yağmağa başlayır.

Bir qadın ayağa qalxır:

- Ramiz bəy, mənə çox maraqlıdır ki, bu yaşda belə yazdığınız sevgi şeirləri hansı bəxtəvərə ünvanlanır?


Sualı eşitməmiş kimi davranan şair özünə vaxt qazanır və bir qədər düşündükdən sonra cavab verir:

- O qadın elə evimdədir.

Bütün xanımların ürəyincə olan bu cavab yenidən gur alqışla qarşılanır. Bu an şair əlavə edir:

- Amma mənim bir ilham pərim var ki, o ildə iki dəfə yanıma gəlir.

Bütün qadınların simasında təlaş və məyusluq yanarır. Ramiz Rövşənin növbəti cümləsi isə onların ürəyinə su səpir:

- Nəvəm ildə iki dəfə Türkiyədən yanıma gəlir.

Bu məqamda bir qara paltarlı qadın əlində mikrofon şairə yaxınlaşır, onun şeirilə sözə başlayır. Qadın bir nəfəsə misraları ard-arda düzdükcə, şairin üzündə qəribə gülüş yaranır. Hətta arada qadın sözləri unudur, şair ona kömək eləyir.

Qıraqdan dayanan Eminquey Ulucaya pıçıldayır:

- Ulu, qorxuram ki, bir az da davam eləsə, bu qadın bizim də şeirlərdən oxuyacaq.

Qadının sevincdən gözləri yaşarır. Şeirin sonunu şair özü gətirir:

- Yeri-yeri,qara paltarlı qadın,

Kiri-kiri,qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama...

Bu misralardan sonra qadın vəziyyəti başa düşüb susur və izdihama qarışır.

Bir azdan bir qız əlinə mikrofonu alıb sual verəcək:

- Mənə maraqlıdır ki, sizin Sovet dövrü ədəbiyyatından sevdiyiniz şairlər kimlərdi?

- Mənim qəlbimdə iki şair taxt qurub. Biri Füzulidi, biri Mikayıl Müşfiq. Amma Hüseyn Cavidi, Səməd Vurğunu, Xəlil Rzanı, Rəsul Rzanı da sevirəm.

- Bir arzum da var, Ramiz müəllim. Sizin məşhur "Ayrılıq” şeirini birlikdə duet şəklində səsləndirək.

Bu məqam Ulucay Akifin ağlından ikinci Afət Fərmanqızı fəlakəti keçir. Şair vəziyyəti görüb deyir:

- İkimiz oxusaq, bu ayrılıq olmayacaq axı.

İzdihamdan gülüş səsləri yarpaq xışıltısı kimi zala yayılır, dalınca da alqış səsləri yağış kimi bu yarpaqları isladır.


Bu təbiət hadisəsinə bir adam əli daxil olur. Təşkilatçı Aysel xanım üzünü adamlara tutub deyir:

- Xahiş edirəm, artıq dərəcədə rica edirəm, kitabları imzalamağa sol tərəfdən gəlin, sağ tərəfdən çıxıb gedin ki, qarışıqlıq yaranmasın.

Buna baxmayaraq adamlar qənd görmüş qarışqa kimi şairin üstünə şığıyır. Hərə Ramiz Rövşəndən bir imza qədər şirinlik qoparıb xoşbəxtliyə qovuşur.


Hazırladı: Eminquey

               Ulucay Akif