adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 May 2019 17:52
41545
GÜNDƏM
A- A+

Əvəz Şükürov: Mənim kimdə hayıfım qalıb?!

Bu üzüntü, təəssüf bildirən "heyif" kəlməsi deyil. Biz tərəflərdə Kəlbəcərdə, Qarabağda "hayıf" söz intiqam mənasında işlənir.

Köçkünlükdən sonra Gəncədə yaşayan kəlbəcərlilərin çoxunun yadında olar. O zaman icra başçısı vəzifəsində çalışan Əvəz Şükürovun keçirdiyi bir iclasın gedişi zamnı mən də oraya getdim. Əvəz kişi görən kimi:

- Sən bura gəl, mənim yanımda otur, - dedi.

Yəni məni "rəyasət heyəti" dediyiniz yerə dəvət etdi. İclasın bir məqamında kimsə:

- İndi biz qaçqınıq, Şükürov. Kimdənsə hayıf çıxmaq vaxtı deyil, - dedi.

Əvəz kişi ayağa qalxdı:

- Bax! Bütün kəlbəcərlilər buradadır. Elə bir kənd-kəsək yoxdur ki, onun heç olmasa bir sakini bu iclasda iştirak eləməsin. Hamınız bilirsiniz, mənim kimdə hayıfım qalıb ki, onu bu qaçqınlıqda-köçkünlükdə çıxım? Heç o namərlərdə, nakişilərdə də hayıfım qalmayıb.

Erməniləri deyirdi. Oğlunu, Şahları namərdcəsinə, nakişiliklə qeyri-bərabər döyüşdə qətl edən erməniləri. Bəziləri kimi mən də bilirdim - Əvəz kimi bu hayıfı sözlə yox, qanla çıxmışdı. Mənim bildiyim 12 namərdin qanıyla. Bəs edərdimi? Yox!


O 12 erməni heç Azərbaycanın Milli Qəhrəmanı Şahların ayağının tozuna bərabər deyildi. Nə 1-si, nə 120-si, nə 1.200-ü… Əvəz kişi bununla özünə təskinlik verməyə çalışırdı. Amma mən onu heç vaxt rahatlıq tapan görmədim.

O, icra başçısı olarkən Murov əməliyyatı gedirdi. Döyüşlər ara vermirdi. Xeyli ərazini erməni işğalçılarından təmizləmişdik. Qələbə beş-on addımlıqda idi. O günlərdə Əvəz kişinin döyüşçülərə dediyi sözlər sosial şəbəkələrdə hələ də paylaşılır:

- Ə, adamsız, ə, kişiliyiniz olsun?

Yəni "qorxmayın, az qalıb, Kəlbəcərə çataçatdayıq" demək istəyirdi. İndi o intiqam almaq, hayıf çıxmaq fürsətində olan bir ata deyil, qələbə uğrunda çarpışan rəhbər, komandir idi. İndi torpaq uğrunda, yurd uğrunda, Vətən uğrunda savaşırdı. Qələbə istəyirdi, Böyük Qələbə!

O Qələbədə Şahların da payı vardı. Sərdarın da, Rüfətin də, o biri gənclərimizin, fidanlarımızın, igid oğullarımızın da. Vallah, bizi satdılar, xəyanət elədilər, yoxsa Kəlbəcəri işğal edə bilməzdilər. Məgər o alçaq, əcayib çıxış yadınızda deyilmi? O zamanın mətbuat rəhbəri televiziya ekranından belə bir bəyanat səsləndirdi:

- Kəlbəcərin verilməsi (???!!!) indiki (?!) iqtidarın siyasi (?!) addımıdır.

Bax, belə! Bu qədər! Yoxsa Şahlar kimi oğulları olan, Rüfəti, Sərdarı, Spartak Kamili… olan bir el-oba erməniyə yol verərdimi? Sən onların siyasi (?!) addımına bax. O torpaq uğrunda qanından keçən igidlərin canını hecə saydılar. İndi isə millətə nağıl danışırlar. Onların bu "siyasi addımı" ucbatından ermənilər bu günlərdə Kəlbəcərdə "kətə bayramı" keçirir. Zavod tikir, yurdu talan eləyir. Biz isə…

Qələbəni düşünürük. Böyük Qələbəni. Bu yurdun sinəsindən qopan bir hayqırtı eşitmək, ona qatılmaq ümidi ilə yaşayırıq. Kəlbəcərin ortasında dizimizi yerə qoyub, o torpağı öpmək istəyirik. Bax, onda deyirik ki…

- Əvəz kişi, bax indi heç kimdə hayıfımız qalmadı. Biz də buradayıq, siz də, Şahlar da, şəhid olmuş başqa övladlarımız da. Bu torpaq bizimdir! Bura Kəlbəcərdir! Şahların böyüyüb, boya-başa çatdığı Kəlbəcər! Dədə Şəmşirin, Bəhməni, Ənvərin, Sücaətin, Qənbərin, Mehdixanın, Yusifin, Xəqaninin… yurdu Kəlbəcər!

Bax, o zaman sizin də, Şahların da ruhu şad olar!

Yalnız o zaman!!!

Hidayət Elvüsal