adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2019 17:37
18507
MƏMLƏKƏT
A- A+

QAX: NƏ GÖZƏL DUYĞUDUR SEVİNC BƏXŞ ETMƏK...

(əvvəli ötən sayımızda)

Rüb ərzində məhsul istehsalçıları tərəfindən 730 hektar taxıl sahəsində taxıl böcəyinə qarşı, 4007 hektar taxıl sahəsində dövlət vəsaiti hesabına, 200 hektar sahədə məhsul istehsalçılarının vəsati hesabına alınmış preparatlardan istifadə olunmaqla gəmiricilərə qarşı, 3270 hektar sahədə alaqlara, 4000 hektara yaxın sahədə isə "sarı pas" xəstəliyinə qarşı kimyəvi mübarizə işi aparılmışdır.

Hesabat dövründə rayon ərazisində ekoloji durumun yaxşılaşdırılması, florasının zənginləşdirilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması sahəsində məqsədyönlü tədbirlər davam etdirilərək Şəki Regional Meşə təsərrüfatı Mərkəzinin Qax Meşəbəyiliyi tərəfindən 5 hektar dövlət meşə fondu torpaqlarında yeni fındıq bağları salınmışdır.

İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərinin və xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir. Qoruğun illik fəaliyyət proqramına uyğun olaraq qoruqətrafı yaşayış məntəqələrində əhalinin ekoloji maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə Qax şəhər 3 saylı, Qaxbaş kənd 1 və 2 saylı, Qaxingiloy, Çüdüllü və Ləkit tam orta məktəbərində ekoloji dərs proqramı saatları keçirilmiş, eləcə də ekskursiya və praktiki çöl dərsləri təşkil edilmişdir.

Hesabat dövründə rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. Belə ki, rüb ərzində 1256 baş inək-düyə yüksək məhsuldar törədici toxumlarla süni yolla mayalandırılmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 baş çox olmuşdur. Süni yolla mayalandırılmış inək-düyələrdən 760 baş buzov alınmışdır. Hesabat dövründə süni mayalanma nəticəsində doğulmuş balalara görə mal sahiblərinə 23 min manat məbləğində subsidiyanın verilməsi təmin olunmuşdur. Qoyunçuluqda döl kompaniyası müvəffəqiyyətlə başa çatmış, hər 100 ana qoyundan orta hesabla 95 baş salamat quzu alınmışdır. Hesabat dövründə 5 özəl inkubasiyada 280 mindən yuxarı bir günlük çücə çıxarılaraq satışı təmin olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rüb ərzində ət istehsalı 2.7 ton artaraq 560.4 tona, süd istehsalı 18.1 ton artaraq 2602.5 tona, yumurta istehsalı 16 min ədəd artaraq 2 milyon 34 min ədədə çatmışdır.

Hesabat dövründə torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması məqsədilə 108 min m3 həcmdə lildən təmizləmə, 12 ədəd hidropost və 12 ədəd hidroqurğuda təmir işləri aparılmışdır.

Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə daşqın və selə qarşı 245 min m3 məcratəmizləmə işləri aparılmış, 413 m3 qabion və 963 m3 daş-beton bəndlərdə sahilbərkitmə işlərinin aparılması üçün təmir işləri görülmüşdür.

"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamına uyğun olaraq cari ildə rayonun 14 yaşayış məntəqəsində artezian quyularının qazılması nəzərdə tutulmuşdur. Rüb ərzində rayonun Qazmalar, Almalı, Tanqıt, Qaysarlı, Qorağan, Şotavar, Zəyəm və Tasmalı kəndlərində artezian quyuları qazılmışdır. Digər yaşayış məntəqələrində də artezian quyularının qazılması üçün hazırda müvafiq işlər aparılır.

Yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına şəhərin M.Müşfiq küçəsi döngə-1, Babək, Şirvani, M.Hüseynzadə, H.Cavid, Bakıxanov, H.Tağıyeva, M.Əmirov və H.Aslanov küçələrində yol və səkilərin təmiri, Cəlayir kəndinin giriş yolunun əsaslı təmiri, H.Tağıyeva, M.Əmirov və H.Aslanov küçələrində isə abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. Hesabat dövründə bu işlərin görülməsi üçün müvafiq sənədləşmə işləri həyata keçirilmişdir.

Hesabat dövründə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi (96 km) - Qax-İlisu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, işlər hazırda davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hesabat dövründə 48 mənzilli yaşayış binasının tikintisi ilə bağlı sənədləşmə işləri aparılmışdır. Ötən müddət müddət ərzində binanın tikintisinə başlanılmış, işlər hazırda davam etdirilir.

Hesabat dövründə Tasmalı və Əlibəyli kəndlərində tam orta məktəblərinin tikintisi, Qaxingiloy kənd 19 saylı və Qum kənd 16 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilmişdir. Qaradolaq, Qarabaldır, Əmircan, Qapıçay, Çinarlı, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəblərin tikintisində isə son tamamlama işləri aparılmışdır. Rüb ərzində Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının tikintisi işləri davam etdirilmişdir.

Cari ilin birinci rübü ərzində rayon icra hakimiyyəti tərəfindən 15 fərdi yaşayış evinin tikintisinə, 14 fərdi yaşayış evinin istismarına, eyni zamanda 2 sahibkarlıq obyektinin tikintisinə və 3 sahibkarlıq obyektinin istismarına icazə verilmişdir. Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarının birinci mərhələsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2019-cu il tarixli Sərəncamı ilə rayon Uşaq Gənclər İdman Şahmat Məktəbənin təlimatçısı və məşqçisi Dilarə Əhmədova "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Şəki şəhərində keçirilən fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda Qax rayonundan 50 nəfər iştirak etmişdir. IX-XI sinif şagirdlərinin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən "Sabahın alimləri" müsabiqəsində rayon 3 layihə ilə təmsil olunmuşdur. Şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi "Nistaqmoskop" layihəsi ilə müsabiqənin gümüş medalına layiq görülmüşdür.

"Şahin" hərbi-idman oyunu üzrə rayon komandası zona yarışlarının qalibi olmuş, respublika yarışında iştirak etmək hüququ qazanmışdır.

Cari ilin birinci rübündə rayon Mərkəzi Xəstəxanasının 109 nəfər həkimi və 402 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.

Hər il olduğu kimi bu il də rayonda 11 fevral tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Ötən müddət ərzində əhalinin 20983 nəfəri tibbi müayinədən keçmiş, onlardan 1916 nəfəri ambulator, 18 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 10 nəfəri Bakı şəhərinə müalicəyə göndərilmiş, 1 nəfəri isə əməliyyat olunmuşdur.

Rüb ərzində cərrahiyyə şöbəsində 121 əməliyyat aparılmışdır ki, bunlardan da 18-i təcili və təxirəsalınmaz əməliyyat olmuşdur. 15 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 1 nəfər orta tibb işçisi ixtisasartırma kursunda olmuş, 4 nəfər həkim və 6 nəfər orta tibb işçisi isə sertifikasiya komissiyasından keçmişdir.

Hesabat dövründə 45 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 30 min manatlıq dərman preparatları verilmişdir.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ