adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2019 17:45
13585
ƏDƏBİYYAT
A- A+

Ramazan İslam dininin namus pərdəsidir

İslam dünyası artıq fövqəlbəşər olayın - Ramazanın məxfirət ongünlüyünə qədəm qoyub. "Əvvəli rəhmət, ortası məxfirət, sonu cəhənnəmdən qurtuluş" (həz.Məhəmməd) olan Ramazan, Hicri-Qəməri təqviminin 9-cu ayının adıdır. Bəzi məxəzlərə görə, bu ayın ilk adı "Nətiq" (danışan, xəbər gətirən) olub. Sonradan o, isti mövsümə təsadüf etdiyi üçün dəyişdirilərək "Ramazan" adını daşıyıb. Əksər mənbələr isə hesab edir ki, Ramazanın əzəldən mənası "yanmaq" deməkdir. Çünki bu ayda oruc tutan və tövbə edənlərin günahları yanar, yox olar: "Ramazan ayı gələrkən Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənərlər" (həz.Məhəmməd).

Ramazan Quranın nazil olması və müsəlman orucunun fərz bilinməsi baxımından çox bərəkətli aylardan biridir. Onun ilahi rəhmət əsəri olduğunu önə çəkən Rəbbimiz buyurub: "Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar". Bu ayın bərəkəti barədə həz.Ömər deyib: "Ramazan çox xeyirli və mübarək bir aydır. Bu ayda gündüz tutulan oruca, gecə qılınan namaza və verilən sədəqəyə Allah çoxlu savab verər". Mötəbər İslam mənbələrinə görə, Ramazanfa edilən ibadətlər başqa aylardakı ibadətlərdən 70 dəfə əfzəldir.

Biruni (970-1050) Ramazanda müqəddəs hesab edilən Quranın nazili və orucluqdan başqa xatirə tutulacaq aşağıdakı günləri də dəyərli hesab edib: 6 Ramazan - Kərbəla şəhidi imam Hüseynin doğum günü; 10 Ramazan - Peyğəmbər(ə)-nin həyat yoldaşı həz.Xədicənin ölüm günü; 17 Ramazan - Bədr döyüşü günü; 19 Ramazan - Məkkənin fəthi günü; 21 Ramazan - həz. Əli və imam Rzanın ölüm günü; 22 Ramazan - həz.Əlinin anadan olan günü.

Orucun mənası

Oruc farscadakı "ruzə" sözündən türkcəyə "oruzə" şəklində keçən termindir. Ərəbcədəki sinonimi "savm, siyamdır". Hərfi mənası "hərəkətsiz olmaq" deməkdir. Oruc, imsak (nəfsi saxlamaq, orucun başlancığı) vaxtından, yəni Günəş çıxmazdan qabaq göydə görünən qırmızılıqdan öncəki müddətdən Günəşin batmasından bir az sonra keçən zamana qədər heç bir şey yeməmək, içməmək və cinsi əlaqədə olmamaq deməkdir. Oruc tutmağa imsak da deyilir. Onun ziddi iftardır. Yəni, orucu açmaqdır.

Orucun mənşəyi

Məlumdur ki, Rəbbin əmr və qadağaları Onun mütləq obyektiv ədalətinin tərkib hissəsidir. Mahiyyətcə onlar həm sosial, həm də kosmik planda tənzimləyici xarakter daşıyırlar. Bəşər həyatını nizamlayan belə ibadət formalarından ən birincisi orucdur. Peyğəmbər (ə) buyurub: "Bütün ibadətlərin qarşılığı veriləcək, lakin oruca bərabər ibadət yoxdur".

Elə həmin səbəbdən bütün peyğəmbər və övliyaların şəxsi həyat və təbliğlərində bu ehkam xüsusi yer tutur. Belə ki, böyük çarlığın hökmdarı olan Davud (ə) 365 günün yarısını, Musa (ə), İlyas (ə), İsa (ə) və digər peyğəmbərlər ildə 40 gün oruc tutublar. Rəbbin İsa (ə)-nin anası Məryəmə xitabən: "Belə de: Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir etmişəm. Ona görə də, bu gün heç kimlə danışmayacağam" (Məryəm, 26) Quran ayəsi təsdiq edir ki, xristian orucunun növlərindən biri də sükut orucudur. Şübhəsiz ki, Məhəmməd (ə) Məkkə dövründə yəhudi və xristianların oruclarından xəbərdar idi və yəqin ki, o, ilk müsəlmanlar arasında onların orucunu təbliğ də edirdi. Mənbələr göstərir ki, Peyğəmbər (ə) Mədinəyə hicrət etdikdən sonra orada yəhudilər kimi Aşura günündə oruc tutmağı əmr edib. Bəs səbəb nə idi ki, Quran Aşura orucunun yerinə Ramazan orucunu əmr etdi? Bu barədə irəli sürülən müxtəlif fərziyələrdən ən tutarlısı aşağıdakı arqumentlərdir:

1. İslamiyyətə görə, yəhudi və xristianlar oruclarını Allahın əmr etdiyi kimi tutmadıqları üçün, müsəlman orucu Peyğəmbər (ə) vasitəsilə doğru şəklində yenidən icra edilən ibadətdir.

2. Məlumdur ki, hicrətdən 17 ay sonra Peyğəmbər (ə)-yə tabe olanlarla ondan üz döndərənləri ayırd etmək üçün qiblənin Qüdsdən Məkkəyə çevrilməsi əmri Quranla təsbit olunub. Güman etmək olar ki, bu hadisədən bir ay sonra Aşura orucunun Ramazan orucu ilə əvəzlənməsi də həmin səbəbdən, yəni İslam ibadətlərini qeyri-islam ehkamlarından fərqləndirmək üçün edilib.

Orucun hökmü

"Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" (Bəqəra, 183-185) əmri, Mədinədə, hicrətdən (622-ci il) 1,5 il sonra, Şaban ayının 10-cu günü hökm edilib. Bu il (miladi 2019-cu il, hicri-qəməri 1440-cı il, hicri-şəmsi1388-ci il), Ramazan ayının və orucluğun birinci günü mayın 6-na təsadüf edib. Digər ibadətlərdən fərqli olaraq, oruc sırf Allah üçündür. Rəbb buyurub: "Oruc sırf Mənim rizam üçün edilən ibadətdir. Onun mükafatını da Mən verəcəm".

Oruc vəfa abidəsidir

Peyğəmbər (ə) buyurub: "Oruclunun iki sevinci var: biri iftar açan vaxtı, digəri isə Rəbbinə qovuşduğu, yəni oruclu olduğu müddətdəki sevincidir". Hədisin hikmətindən aydın olur ki, oruc tutan şəxs Allahın sifətlərinin təcəllisini özündə daşıyır. Zira Allah yemək-içməkdən münəzzəhdir. Oruclunun ağzının qoxusu aclıqdan qaynaqlanar. Bu qoxu isə qiyamət günü Rəbbin hüzurunda Mişki-Ənbərdən daha gözəl, təmiz və sevimlidir. Oruc vəfa duyğusunun təzahür etdiyi saf ibadət, Allahla qul arasında bir əhddir. Bu durumu qazanan bəndə, ictimai və fərdi planda vəfa abidəsinə çevrilir. Oruc, əmanətə sadiqlikdə ən mükəmməl tərbiyəçidir. O, səhərdən axşama qədər bu əmanəti mühafizə edir. İnsan oruc vasitəsilə nəfsin ona təklif etdiyi şeytani işlərin qarşısına sədd çəkir. Bu zaman o, yeməyə, içməyə, qadına, ümumiyyətlə dünyaya qarşı qapalı olur. İslam aləmində il boyu edilən günahların təhlili göstərir ki, Ramazan ilin 11 ayına nisbətən daha əminamanlıdır.

Orucun dünya və axirət, fərd və ictimai faydaları:

1. Səbr və şükür tərəfi

İmanın iki qanadı var: səbr və şükür. Ümumən səbr, Allah rizasını qazanmaq üçün bəndənin bəla və müsibətlərə tab gətirməsi deməkdir. Həmin səbəbdən, səbr həm zirvəni fəth edənlərin, həm də zirvələşmə yolunda olanların güc qaynağıdır. Bəndənin aclığa, suszluğa tab gətirib, haram şeylərə yaxınlaşmaması səbrlə mümkün olduğu üçün, səbr orucun tacıdır.

Şükür, verdiyi nemətlərə görə bəndənin Allaha minnətdarlığıdır. Adi vaxtlarda insanlar ac qalmadığı üçün, onlar nemətin həqiqi qədrini lazımınca bilmirlər. Bəndə bir loxmanın əsl qiymətini və ona olan ehtiyacını iftar vaxtı bilir. Bu zaman ən ümdə məsələ bəndənin nemət sahibinin Rəbb olduğunu bilməsi və şükrünü xalqa yox, Xaliqə etməsidir. Zira deyilib: "Yeyib doyandan sonra Rəbbə şükür edən insanın qazandığı savab, səbr ilə oruc tutandan əfzəldir" (həz.Məhəmməd).

2. İctimai həyat baxımından

Oruc tutan varlı insanın vicdanı 11 ay ərzində çoxluq təşkil edən yoxsulun nələr çəkdiyini ona bildirir. Rəbb oruc vasitəsilə varlını kasıba yardım etməyə dəvət edir ki, heç olmasa, bu ay ərzində iki təbəqə arasında fərq nifrətə çevrilməsin. Oruc sosial partlayışa zəmin yaradılmaması üçün ilahi hikmətdən doğan bir zərurətdir. Deməli o, bilavasitə potensial ədavəti tənzim edən ibadətdir. Fəqət, fasiq (əxlaqsız) insanın il ərzində cəmiyyətdən oğurladığının cüzi hissəsini ona qaytarmaq cəhdi də, hidayətə yetişmək üçün çox müşkül məsələdir. "De ki: istər könül xoşluğu, istər zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiqsiniz" (Tövbə, 53).

3. Nəfsin tərbiyəsi üçün

Nəfs Allah əmrinə tabe olmaq istəməz. O, ilahi nemətlərdən heyvani şəkildə istifadə etməyi arzular. Nəfsi ram etməyin ən effektli metodu isə, onu sevdiyi şeylərdən məhrum etməkdir. Məsələn: "Aclıq və susuzluqla. İmperator Avqust demişkən: "Əgər soruşsalar ki, nə üçün özünü incidib oruc tutursan, de: "ipə-sapa yatmayan atı, yalnız aclıq və susuzluqla ram etmək olar".

4. Duanın qəbulu baxımından

Peyğəmbər (ə) buyurub: "Üç adamın duası rədd olunmaz: iftar edənə qədər oruclunun, ədalətli dövlət başçısının, məzlumun".

5. Quran nazili ilə əlaqəsi

Orucun Ramazanda fərz bilinməsi və ilk vəhylərin həmin ayda nazil edilməsi eyni vaxtda olduğu üçün, bu ibadət Quran ruhu və hikmətilə son dərəcədə həmahəngdir.

6. Axirət baxımından

Peyğəmbər (ə) buyurub: "Oruc, qiyamət günü oruclu üçün şəfaətçidir". Bu ayda Quran oxumaq və oxunanlara əməl etmək, yetim və atılmış qocalar evlərinə, xəstəxanalara, orduya, kasıblara kömək etmək bəndənin bəzi günahlarının silinməsinə və onun savab qazanmasına vəsilədir.

7. Tibbi baxımdan

Oruc il ərzində müxtəlif yemək və içkiləri qəbul edən yorulmuş əzaların "istirahəti"dir. "Hər şeyin bir zəkatı var. Bədənin zəkatı da orucdur". Peyğəmbər (ə) kəlamına görə, sərvətdən zəkat vermək onun paklaşmasına səbəb olursa, orucla da bədəndəki zəhər və ərplər yox olur. Bu baxımdan, iftar vaxtı yeməyə yaşamaq üçün müalicə vasitəsi kimi baxılmalıdır. Yeri gəlmişkən, oruc tutan həkim Allaha çox yaxın olduğu üçün onun müalicəsi orucsuz həkimin müalicəsindən daha effektli olur. Cinə tutulan ruhi xəstələri müalicə edən İsa (ə) buyurub: "Onlar (cinlər), dua və orucdan başqa heç bir şeylə çıxmazlar" (İncil, Mark 9:29)

8. Mənəvi saflıq baxımından

Ümumiyyətlə, həm adi günlərdə, həm də xüsusən Ramazan iftarında mədə elə yüklənməlidir ki, qəbul edilən qida Allahı dərk etməyə mane olmasın. Həz. Əli demişkən: "Bir para oruclunun əldə etdiyi ancaq aclıq və susuzluqdur. Gecələrini ibadətdə elə keçirənlər var ki, onların əldə etdiyi şey yuxusuzluq və yorğunluqdur. Təfəkkür sahibinin isə yuxusu və yeməyi də gözəldir".

Deməli, oruc tutan şəxs maddi pəhrizinə əməl etməklə yanaşı, həm də mənəvi saflığını gözləməlidir. Zira kamil insanın orucu bədən pəhrizi ilə ruh tərbiyəsinin vəhdətindən ibarətdir. Bunun üçün oruc təkcə mədə ilə yox, bütün orqan və duyğularla, göz, qulaq, qəlb, əl və s. dəyərlərlə tutulmalıdır. Bu isə o deməkdir ki, rüşvət, zina, əyyaşlıq, təxribat, böhtan, yalan, qeybət, həsəd, qətl və s. əxlaqsız hərəkətlərə adi günlərdən fərqli olaraq, həmin ayda əsla rəvac verilməməlidir. Mənəvi orucun mahiyyətini açan İslama görə, "qəlbin orucu dil orucundan, dil orucu isə mədə orucundan xeyirlidir".

9. Aclıq aksiyası ilə orucun fərqi

Bütün ibadətlərdə olduğu kimi, orucda da əsas şərt saf niyyətdir. Məhz səmimi niyyət vasitəsilə aclıq aksiyası orucdan fərqlənir. Oruc pozitiv və istəkli ibadətdirsə, zülm və haqsızlığa qarşı keçirilən aclıq aksiyası isə qəzəb və etirazın rəmzidir.

10. Milli birlik, din və torpağa sahib çıxmaq baxımından

Ramazanın sülh və məhəbbət, qardaşlıq və həmrəylik ayı olması Allah əmridir. Bu əmrə əməl edilməsi torpağının 20 faizi düşmən tapdağı altında olan Azərbaycan üçün xüsusilə vacibdir. Buraya özünü beynəlxalq hüququn qoruyucusu kimi təqdim edən bəzi dövlətlərin müxtəlif diplomatik gedişlərlə təcavüzkarı dəstəkləməsini, digərlərinin isə onunla hərbi-iqtisadi əlaqələr qurmasını əlavə etsək, onda Ramazanı milli birlik və vətəndaş həmrəyliyimizin qarantı kimi də qiymətləndirmək olar. Qeyd edək ki, bu qarant həm də multikulturalizm, dini dözümlülük və milli tolerantlıq kimi unikal dəyərlərlə bərqərar olub. Həmin səbəbdən ölkəmizdəki sabitlik, aparılan sosial-iqtisadi islahatlar, rüşvət, korrupsiya və digər neqotivlərlə mübarizə də Ramazanın tələb etdiyi prinsiplərlə həmahəngdir.

Ramazan müxtəlif səbəblərdən oruc tutmayan məmurlar üçün də bir fürsətdir. İlahi bir şans və avans kimi verilən Ramazanda "mənəmlik" iddiasında olan məmurlar "bizdən daha qüvvətli kim ola bilər?!" (Fussilət 15) - deyənlərin aqibətindən ibrət almalı, vəzifəyə gələrkən "məmur" sözünün mahiyyətini anlamalı, işləri ilə virtual yox, bilavasitə xalqla ünsiyyətdə olan canlı asan xidmətə çevrilməlidirlər. Bu prinsip "onlar üçün həm də Ramazan kəffarəsidir" - desək, məncə yanılmarıq.

Ramazan oruc tutmayan qələm sahibləri, ziyalılar üçün də bir qurtuluş və xilasdır. Onlar söz, əməl və Rəbbin and içdiyi qələmlə cəmiyyətin vicdanı olmalı, yazdığını yaşamalı, yaşadığını yazmalıdırlar. Peyğəmbər (ə) məhz belə alimlər üçün buyurub: "Alimin mürəkkəbi şəhidin qanundan üstündür".

Beləliklə, hər birimiz və bir ümmət olaraq hamımız dinimizin namus pərdəsi olan Ramazanı qurtuluş və xilasa aparan bir sınaq, imtahan ayı kimi qəbul edib, "vətən ümandandır, bayraq toxunulmazdır" məfkurəsi ilə yaşamalı, yaratmalı və yarışmalıyıq. Əks halda, Qarabağda ağ qar üzərində al qanları ilə "Allahu-Əkbər, Vətən" yazan şəhidlərimizin əlləri qiyamətə qədər boğazımızda olacaq.

Tövbə üçün gözəl fürsətdir Ramazan. Çünki Rəhman və Rəhimdir Yaradan. Fəqət niyyəti zülm olanın günahı bağışlanmaz. Hər gününü Ramazandan hesab edənlərin nəsibdar olmaları isə, şübhəsizdir. Allah oruc, dua və tövbələrimizi qəbul etsin. Amin!

P.S. Müxtəlif səbəblərdən oruc tutmayan şəxslər davranış və yemək-içməklərində çox ehtiyatlı olmalıdırlar. Bu, həm mənəvi cəhətdən doğru, həm də oruclunun iradına tuş gəlməmək üçündür. Bu hikməti qəsdən, nümayişkəranə pozanlar bilməlidir ki, bununla onlar İslam dinin namus pərdəsi olan Ramazana qəsd etmiş sayılırlar. Ramazana qəsd edənlərin cəzasını isə yalnız onun sahibi - Allahu-Təalə verəcək.