adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MƏMMƏDHƏSƏN ƏMiNiN CAHANGiR ƏSGƏROVA MƏKTUBU

AQİL ABBAS
29243 | 2009-11-06 01:30
Əzizim Cahangir bəy!
   
   Bilmirəm məni tanıyırsınız, ya yox, mən Azərbaycanda ən məşhur adamlardan biriyəm. Az qala düz 100 ildi bu xalq məni tanıyır, sevir, haqqımda kitablar yazılıb, film çəkilib.
   
   Ola bilər ki, siz tanımayasız. Mən Məmmədhəsən əmiyəm. Eşşəyini tutub Xudayar bəy aldığı Məmmədhəsən əmi. O eşşəyi ki mən onu nə təhər əzizləyirdim. Çünki o eşşəyə minib gedəcəkdim Həcc ziyarətinə. Allahın bir mömin bəndəsi kimi istəyirdim gedəm Allah evini ziyarət edəm. Amma Xudayar bəy qoymadı. Bir elə var-dövləti ola-ola, katta ola-ola məni quru yerdə qoydu, o bircəcik eşşəyimi əlimdən aldı. Nəinki Həccə gedə bildim, hətta bu yaşımda payi-piyada qaldım.
   
   Bizim o balaca ədə də bir tərəfdən eşşəkdən ötəri zırhazır ağlayıb məni də kövrəldirdi.
   
   Mənim də Xudayar bəyə gücüm çatmırdı, yazıq uşağı döyürdüm.
   
   Allah Xudayar bəyə insaf versin, payi-piyada getdim şəhərə. Eşşəyimi karvansarada tapdım, orda da məni döydülər.
   
   Yəni məni tanımanız üçün yazdım bunları.
   
   Əzizim Cahangir bəy! Ona görə bəy deyə müraciət edirəm ki, bizim vaxtımızda hallı-kallı kişilərə, var-dövlətli adamlara, vəzifəli adamlara bəy deyirdilər. Bu müəllim sözü sonradan çıxdı ortalığa.
   
   Əzizim Cahangir bəy!
   
   Bilmirəm bilirsiniz, yoxsa yox, ermənilər Naxçıvanı blokadada saxlayır. Yəni indi lap eşşəyimiz olsa belə onu minib Bakıya, Gəncəyə gəlməyə imkanımız yoxdu. Namərd uşağı namərdlər qoymayırlar. Məcburuq sizin təyyarələrinizə minib gəlib-gedək. Bu da belə oldu. Mən 75 manat pensiya alıram. Və Naxçıvanda mənim kimi pensiyaçılar da çoxdu. İldə-ayəmdə Bakıya gəlməyə məcburuq. Oxuyanımız var, xəstəmiz var, xeyirimiz-şərimiz var. 15 manat da qonşudan alırdım, qoyurdum pensiyanın üstünə Bakıya gəlib qayıda bilirdim. İndi birdən-birə təyyarələrinizin biletini qaldırıb elədiniz 75 manat, yəni mənim pensiyam qədər. İndi Bakıya gedəsi olsam gərək geri qayıtmayım, qalım elə orda. Ya da gərək Bakıda bir eşşək tapam minəm, Astaradan keçəm İrana, ordan Təbrizə, Təbrizdən Culfaya, Culfadan da bizim Culfaya. Bu da təxminən bir aylıq yoldu.
   
   Xudayar bəyin eşşəyini əlindən aldığı uşaq indi Bakıda institutda oxuyur. Sağ olsunlar, rektorlarımız da təhsil haqqını qaldırıb qoyublar atın belinə, eşşəyin belində olanların əli çatmır. Evdə nə var satıb-sovub uşağın təhsil haqqını ödəmişik. İstəyirdim gələm uşağın yanına, arvad evdə bir vay-şivən qopardı ki, ay kişi, gedəssən, qayıtmağa pulun olmayacaq, başımız kəsiləcək.
   
   Əzizim Cahangir bəy!
   
   Mən sizin və hökumətin işinə qarışa bilmərəm, ağzım nədi. Yaxşı eləyib qiymətləri qaldırmısınız. Görünür, əliniz aşağıdı. Amma bircə xahişim var, mən qoca kişiyəm, pensiyaçıyam, müharibə veteranıyam, bunları nəzərə alıb mənə bir az skidka eləyəsiniz. Mənim xətrimə eləməsəniz də, heç olmasa, Mirzə Cəlilin xətrinə edin.
   
   Cavabınızı gözləyirəm.
   
   
   
   Hörmət və sayğılarla;
   
   Məmmədhəsən əmi
   
   
   
   REDAKSİYADAN: Biz Mirzə Cəlilin və Məmmədhəsən əminin xətrinə onun bu savadsız və heç nəyə yarımayacaq məktubunu nöqtə-vergülünə toxunmadan dərc elədik. Cahangir müəllimin cavab məktubunu da nöqtə-vergülünə toxunmadan dərc etməyə hazırıq.

TƏQVİM / ARXİV