adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2019 15:24
60122
ƏDƏBİYYAT
A- A+

İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı

( təhlil)

Məlumdur ki, XX əsrin birinci yarısında İran ərazisində dörd böyük inqilab baş vermişdir ki, onların da üçü (1905-1911-ci illər-Məşrutə inqilabı, 1918-1920-ci illər-Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941-1946-cı illər hərəkatı-"21 Azər” hərəkatı) bilavasitə Azərbaycan türklərinin adı ilə bağlıdır. Dördüncü inqilab isə 1978-1979-cu illəri əhatə edir. Bu inqilab Pəhləvilərin hakimiyyətinə qarşı çevrilmiş vəburada da aparıcı qüvvə yenə də Azərbaycan türklərinə məxsusdur.

İranda 40 milyondan çox azərbaycan türkünün məsələsi həmişə Güzey Azərbaycan ədəbiyyatında və tarixində öz aktuallığını saxlamış, bu gün də bu aktuallıq qalmaqda davam edir.

Güney Azərbaycanın 1941-1946-cı illərin tarixi hadisələrindən bir o qədər də vaxt keçməyib. Lakin bu keçən dövr ərzində problemlə bağlı yazılmış əsərlərin elmi təhlilinin aparılması vaxtı çatdığı qənayətindəyik.

Müasir Azərbaycan tarix elmində Güneydə baş vermiş 1941-1946-cı illər milli-azadlıq mübarizəs (bəzi hallarda bu hərəkata "21 Azər” hərəkatıda deyilir) ilə bağlı, sayı bir o qədər də çox omayantədqiqat əsərləri yazılıb. Bu tədqiqatların əsas istiqaməti "21 Azər” hərəkatının yaranma səbəblərini, onun ayrı-ayrı mərhələlərində görülən işlərin əhəmiyyətini, eləcə də bu hərəkatın süqutunun səbəblərini araşdırılmasına yönəlib. Onu da qeyd etmək lazımdır ki, bəhs olunan "Hərəkatı”nmüasir Azərbaycan tarix elmində tədqiq olunmasını da yetərli hesab etmək olmaz.

Güney Azərbaycanda 1941-1946-cı illər milli-azadlıq hərəkatına obyektiv və düzgün qiymətin verilməsi, əsasən Azərbaycan tarixçilərinə və həmin hadisələrin, bilavasitə iştirakçılarına məxsus olduğu qeyd olunmalıdır. Sovet ideoloji sisteminin təzyiqlərinə baxmayaraq, onlar "21 Azər” hərəkatının baş vermə səbəblərini, onun milliliyini, tarixi əhəmiyyətini daha çox başa düşmüş və dəyərləndirmişdilər.

Qeyd edək ki, problemə müraciət edənlərin böyük bir qismi, əsasən "21 Azər” hərəkatında iştirak etmiş güneyli soydaşlarımızdır. Bu da təbii qarşılanmalıdır. Çünki "21 Azər” hərəkatının sağ qalan iştirakçıları və şahidləri hadisələri daha dolğun və obyektiv şərh etmək imkanına malikdirlər.

Sovet dönəmində 1941-1946-cı illərin milli-azadlıq hərəkatının tarixinə "formaca milli, məzmunca sosialist” prinsipinə əməl etməklə elmi-tədqiqat əsərləri yazılmışdır. Sovet tarixçilərinin əsərlərinin, demək olar ki, hamısında "SSRİ-nin yardımı ilə başalanan hərəkat”, "Sovet dövlətinin diqtəsi ilə fəaliyyət göstərən hökumət”, "sovet dövlətinin yardımının kəsilməsi ilə məğlub olan hərəkat” və s. bu kimi fikirlər əsas xətti təşkil etmişdir.

Sovet ideoloji sisteminin sərt senzurası altında Güney Azərbaycandakı milli-azadlıq hərəkatından bəhs edən tarixçi üçün obyektiv elmi-tədqiqat əsəri yazmaq nəinki çətin idi, ümumiyyətlə mümkün deyildi. Olsa-olsa, yalnız problem haqqında müəyyən olunmuş "qırmızı xətt”ə qədər yazmaq olardı. Ondan o yana keçmək olmazdı. Düzdür, hərdən bir Şimali Azərbaycanda yaşayan güneyli soydaşlarımız yazmış olduqları məqalələrində tarixi həqiqətləri olduğu kimi tərənnüm etməyə çalışmışdılar. Buna misal olaraq, Sovet hakimiyyəti dövründə 1946-1947-ci illərdə nəşr olunan və Azərbaycan sovet Yazıçıları İttifaqının bədii ədəbiyyat, icəsənət və ictimai-siyasi məcmuəsi olan "İnqilab və mədəniyyət” jurnalının ayrı-ayrı saylarında "21 Azər” hərəkatına aid məqalə, hekayə və şeirlərin çap olunduğunu qeyd etmək olar. "İnqilab və mədəniyyət” jurnalının bir neçə sayında Mirzə İbrahimovun "Cənub hekayələri” adı altında 1941-1946-cı illər hərəkatına aid sil-silə hekayələri çap olunmuşdur.

Ümumiyyətlə, problemlə bağlı sovet dövründə yazılmış əsərlərdən M.İbrahimovun "Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında” məqaləsini, H.M.Həsənovun "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)” (bu əsər H.M.Həsənov tərəfindən 1970-ci illərdə doktorluq işi kimi yazılmış, amma müdafiə olunmamış və nəticədə işıq üzü görməmişdir. Əsər yalnız 2004-cü ildə çap olunmuşdur), Z.Z.Abdullayev və N.M.Aqasinin birgə yazdıqları "Müasir İran”, C.X.Hacıyevin 1949-cu ildə yazmış olduğu "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq ideyaları (1905-1946-cı illər)” adlı doktorluq dissertasiyasını” və s. göstərmək olar.

Mirzə İbrahimov "Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında” adlı məqaləsində Azərbaycan xalqının azadlıq mübarizəsinə işarə edərək yazırdı: "Bütün dünya gördü ki, əsrlər boyu davam etmiş ağır tarixi şəraitə, coğrafi və siyasi vəziyyətinin törətdiyi böyük əngəllərə və məruz qaldığı istibdad və əsarətə baxmayaraq bu xalq əsrin mədəni və azad xalqları sırasına çıxmağa can atır. Bundan əlavə, təcrübə göstərdi ki, demokratik hərəkatın həqiqətə çevirmək istədiyi qayə və məqsədlər ictimai varlıq və nəzəriyyəçinin xülysı deyildir. Onların həyata keçirilməsi üçün cəmiyyətin özündə maddi və mənəvi imkanlar yetişmilşdir. O biri tərəfdən demokratik hərəkatın irəli sürdüyü məsələlər yalnız bugünki həyatın yetişdirdiyi məsələlər deyildir. Onları Azərbaycan xalqının bütün tarixi inkişafı hazırlamışdır”. Bu fikirlər İranda Azərbaycan türklərinin apardığı milli-azadlıq hərəkatının əsas səbəblərini özüdə əks etdirir.

Məlumdur ki, Cənubi Azərbaycanda başlanan milli-azadlıq hərəkatı (1941-1946-cı illər) İran dövlətindən ayrılıb müstəqil dövlət qurmaq deyil, İranın tərkibində muxtar özünüidarəetmə hüququnu əldə etməkdən ibarət olmuşdur.

M.İbrahimov Güneydəki Milli hökumətin süqutunda Sovet hökumətini günahlandırmamış, əsas diqqəti İranın fars rejiminə yaxından köməklik edən ABŞ və İngilis hökumətlərinə yönəltmişdir. Əlbəttə, sovet rejimində yaşayıb yaradan insanlar başqa cür yaza bilməzdilər.

Azərbaycan sovet tarixçilərindən Z.Z.Abdullayevlə N.M.Aqasinin birgə yazmış olduqları "Müasir İran” adlı əsərdə, müəlliflər İranın yaxın keçmişi və xüsusən, onun ictimai-iqtisadi vəziyyəti haqqında ümumi məlumat verməyi qarşılarına məqsəd qoymuşdular. Bu əsərdə tədqiq olunan problemlə bağlı müəyyən məlumatlar əldə etmək mümkündür. Bu məlumatlar Güney Azərbaycandakı 1941-1946-cı illərin milli-azadlıq hərəkatı haqqında deyil, həmin dövrdə baş vermiş hadisələrə ümumiran kontekstindən yanaşıldığını görmək mümkündür. Müəlliflər Güney Azərbaycanda milli-azadlıq hərəkatını İranda milli-azadlıq hərəkatı kimi göstərmiş və bu hərəkatın səbəblərini "Sovet İttifaqının Böyük Vətən müharibəsi cəbhələrində əldə etdiyi tarixi qələbələrlə və faşizmin darmadağın edilməsi nəticəsində Avropada xalq demokratik dövlətlərinin yaranması ilə, Uzaq Şərqdə və Cənub-Şərqi Asiyada imperializmə qarşı milli-azadlıq hərəkatının yeni yüksəlişi” ilə əlaqələndirmişdilər.

Bununla belə, əsərdə 1945-ci ilin sonunda Güney Azərbaycanda yaranmış milli hökumətlər İran daxilində muxtariyyət haqqında xalqın iradəsini həyata keçirdiyi və ölkədə demokratik qüvvələrin rəğbətini qazandığı göstərilimişdi. Əsərdə İran Azərbaycanında milli hökumətin həyata keçirmiş olduğu siyasi, iqtisadi və mədəni tədbirlərdən geniş bəhs olunmasa da, hər halda, ümumi formada olsa da, burada siyasi, iqtisadi və mədəni tədbirlər həyata keçirildiyi, bu inqilabin təsiri bütün İranda əks-səda tapdığı göstərilmişdi. Daha sonra müəlliflər, bu dövrdə milli-azadlıq və fəhlə hərəkatının S.C.Pişəvəri, M.Qazi və R.Rusta kimi siyasi liderləri yetişərək bütün ölkədə kütlələrin hörmətini qazanmış olduqlarını yazmışdılar.

Əsərdə Güney Azərbaycanda milli-azadlıq hərəkatının məğlub olma səbəbini İran hökumətinə ABŞ-ın köməyi ilə əlaqələndirilmişdi. Əsərdə qeyd olunurdu ki, ABŞ-ın bilavasitə köməyinə arxalanaraq, İran hökuməti 1946-cı ilin dekabr ayında bütün ölkədə demokratik və azadlıq hərəkatının ön cəbhəsinə çevrilmiş İran Azərbaycanına qoşun yeritdi, buradakı demokratik qüvvələrə qarşı qırğın başlandı. Buradan göründüyü kimi, Z.Z.Abdullayevlə N.M.Aqasinin birgə yazmış olduqları əsərdə Güney Azərbaycanda milli-azadlıq hərəkatının boğulmasını ABŞ-ın İran hökumətinə etdiyi köməyi ön plana çəkilmiş, SSRİ-nin adı isə çəkilməmişdir. Yalnız əsərin 159-cu səhifəsində müəlliflər yazırdılar ki, İkinci dünya müharibəsindən sonrakı ilk illərdə, xüsusən 1946-cı ildə İranda milli-azadlıq, demokratik və fəhlə hərəkatları boğulduqdan sonra daxili irtica ilə imperialistlər arasında qüvvətlənmiş ittifaq şəraitində Sovet-İran əlaqələri xeyli məhdudlaşmışdı. Yuxarıda qeyd olunduğu kimi, sovet dönəmində yaşayan və sərt ideoloji sistemin qayda-qanunlarından kənara çıxa bilməyən tarixçilərdən bundan artığını gözləmək mümkünsüzdür. Tarixi sənədlərdən isə məlumdur ki, Sovet dövləti əvvəlcə Güney Azərbaycandakı milli-azadlıq hərəkatına kömək etmiş sonra isə kənara çəkilmişdir (Güney Azərbaycan Milli Hökumətinin süqut etməsinin səbəblərindən biri kimi bu amil əsasdır).

Müasir dövrdə İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı ilə bağlı ardıcıl məqalə və kitablar yazan, həmin dövrün hadisələrinin canlı şahidi olmuş Əkrəm Rəhimlinin (Bije) adı xüsusi olaraq qeyd olunmalıdır. Ə.Rəhimli "Mübarizə burulğanlarında keçən ömür-Seyid Cəfər Pişəvəri” adlı monoqrafiyasında S.C.Pişəvərinin həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs etməklə yanaşı, araşdırılan problemin bir çox məqamlarına aydınlıq gətirilməsinə yardımçı olur.

Ümumiyyətlə, S.C.Pişəvərinin həyat və mübarizəsini dərindən öyrənmədən "21 Azər” hərəkatının əsas qayəsinə aydınlıq gətirmək çox çətindir. S.C.Pişəvərinin həyat və mübarizəsinin öyrənilməsi, elə "21 Azər” hərəkatının öyrənilməsi deməkdir. Neçə deyərlər, 1941-1946-cı illərin milli-azadlıq hərəkatı S.C.Pişəvəri ilə birgə doğulmuş və birgə də süqut etmişdir.

Yuxarıda adı çəkilən əsərdə Ə.Rəhimli haqlı olaraq yazır ki, pəhləvilərin "... milli zülmü böyük tarixə və zəngin keçmişə malik olan bir xalqın – Azərbaycan türklərinin bir millət kimi "əridilməsi” cəhdi bu ərazidə yaşayanların mövcud rejim əleyhinə və onun yerlərdəki dövlət strukturlarına qarşı nifrət və barışmaz əhvali-ruhiyyə yaratmışdır. Buna göə də müttəfiq qoşunların İran ərazisinə keçməsi ilə siyasi ab-havada qismən yumuşaqlığın əmələ gəlməsindən istifadə edən Azərbaycandakı milli qüvvələr dirçəlməyə və açıq mübarizə meydanına atılmağa imkan tapdılar”.

Bəzi tarixçilər yazır ki, "21 Azər” hərəkatını yaradan SSRİ dövləti olmuşdur. Bunu deyən və yazanlar əslində mühüm bir məsələni yaddan çıxardırlar ki, əgər millətin iradəsi və onun qabaqcıl ziyalıları olmasaydı, həmin ziyalılar Vətənin milli-azadlıq mübarizəsinin önündə getməsəydilər, əcabə görəsən SSRİ və ya hansısa başqa bir dövlət Güney Azərbaycanda hansı qüvvəyə arxalanacaqdır.

Ə.Rəhimli "21 Azər”i milli zəmin üzərində yarandığını və XX əsrin əvvəlində baş vermiş xalq hərəkatlarının daha geniş, daha əhatəli, daha kəskin davamı kimi qiymətləndirir. "21 Azər” hərəkatını yaradan səbəblər qısa deyilsə, bunlardır: "Pəhləvilər rejiminin Azərbaycan türklərinə qarşı etdiyi zülm, ayrı-seçkilik siyasəti, Azərbaycan sərvətlərinin və gəlirinin böyük bir hissəsinin Tehrana aparılması, Azərbaycandakı ağır, dözülməz sosial-iqtisadi vəziyyət və siyasi-mədəni durum”.

Bununla belə, etiraf olunmalıdır ki, Sovet dövləti özünün siyasi və iqtisadi mənafeyi naminə Güneydəki milli-azadlıq hərəkatının genişlənməsinə və silah-sursat, maddi yardım və s. ilə təmin olunmasına köməklik etmişdir. Bu faktın danılması tarix həqiqətlərin saxtalaşdırılması demək olardı.

Digər bir tarixçi Xaqani Balayev "Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-cı illər) məğlubiyyəti: siyasi və geosiyasi səbəblər” adlı əsərində güneydəki inqilabi hadisələri geniş şərh edir.

Müəllif, Cənubi Azərbaycandakı hərəkat Sovet İttifaqının yardımı ilə başlayıb və onun tərəfindən himayə olunsa da, bunun üçün əsaslı sosial-iqtisadi və siyasi şəraitin olduğunu göstərir.

M.M.Çeşmazərin "S.C.Pişəvərinin Azərbaycan demokrat partiyasının və Azərbaycan milli hökumətinin yaranması uğrunda mübarizədə rolu”ndan bəhs edən məqaləsində 1941-1945-ci illər inqilabının əsas səbəblərini: 1. İranın siyasi-iqtisadi həyatında şahlıq rejimi; 2. irticaçı və imperialistpərəst hakimiyyətin siyasəti; 3. hakim dairələrin milli zülmü; 4. Şahlıq rejiminin mövcud irticaçı quruluşu saxlamaq və möhkəmləndirmək məqsədilə azadlıq və demokratik hərəkatı boğmağa cəhd göstərməsi; 5. "Iranın fəhlə sinfindən, kəndlilərdən, sənətkarlardan və azadxah ziyalılardan və onlara mənsub İran xalq partiyasından, İran fəhlə və zəhmətkeşlər həmkarlar ittifaqında və İran Azadlıq cəbhəsindən ibarət olan demokratik qüvvələri ölkədə həqiqi demokratik rejim qurulması və ictimai azadlıqlar uğrunda, diktatorluq, istibdad rejimi və imperializm əleyhinə mübarizə” etmələrində görmüşdür.

Məqalədə hadisələr 1946-cı ilin yanvar ayındək (yanvar ayı da daxil olmaqla) davam edir. Ona görə də əsərdə Güney Azərbaycan milli-azadlıq hərəkatının məğlub olma səbəbləri və Sovet dövlətinin bu inqilabda oynadığı rolu haqqında əhatəli bəhs olunmamışdır.

M.Çeşmazərinin əsərini təhlil edərkən belə nəticəyə gəlməyə imkan verir ki, Güney Azərbaycanın azadlıq hərəkatı olduqca qüvvətli olmuş və İran hakim dairələrini qorxuya salmışdır. Xaricdən Sovet hökumətinin siyasi və hərbi yardımlarına baxmayaraq (M.M.Çeşmazəri bu məsələlərə yer verməmişdir), Güney Azərbaycanın milli-azadlıq hərəkatı, əsasən qabaqçıl ziyalıların və xalqın qüvvəsinə arxalanmış və ona güvənmişdir.

Qulamrza SəbriTəbrizi "Azərbaycan Milli hərəkatında ana dili faktoru” adlı əsərində haqlı olaraq qeyd edirdi ki, Azərbaycanın parçalanması və millətin böyük bir parçasının İran fars rejiminin əsarəti altında yaşamağa məhkum olunması məsələsi müstəqil Azərbaycan Respublikasında toplumu düşündürən, ictimai-siyasi düşüncəni narahat edən problemə çevrilməlidir.

H.M.Həsənov da "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)” adlı əsərində Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin əsas səbəbləri kimi iqtisadi, siyasi və mənəvi amilləri göstərmişdi. Müəllif demokratik qüvvələrlə irtica qüvvələri arasında mübarizədən xüsusi olaraq bəhs etmişdir. Müəllif İrandakı Sovet İttifaqı qoşun kontingentinin rəhbərliyi və digər rəsmlərin təşkil etdikləri müxtəlif tədbirlər Cənubi azərbaycanlıların siyasi, ictimai, mədəni fəallığının artmasını stimullaşdırdığını göstərmişdir. H.M.Həsənov qeyd edirdi ki, Rza şah diktaturası süqut etdikdən sonra ölkədə, xüsusən şimal vilayətlərində demokratik hərəkat üçün bəzi şərait yaranmışdı. Buna, burada Sovet ordu hissələrinin olması da şərait yaratmışdı.

Məhəmmədtağı Zehtabinin "21 Azər hərəkatının yaranması” adlı məqaləsində bu hərəkatı "ikinci Dünya müharibəsindən sonra ümumən İran azadlıq hərəkatının, xüsusən milli azadlıq hərəkatının zirvəsi” adlandırmışdır. Onun fikrincə, bu hərəkat heç bir xarici əl vasitəsilə yaranmamışdı, bu hərəkat o dövrdən ictimai hadisələrin qucağında tədriclə, təbii halda və xalq hərəkatının istəyi və iradəsi ilə yaranmışdı.

M.Zeytabi İranın, bütün İran millətləri kimi azərbaycanlıların və bütün İran türklərinin də qədimdən vətəni olduğunu göstərməklə yanaşı,başqa İran millətləri kimi azərbaycanlılar və bütün İran türkləri bundan sonra keçmiş kimi hüquqsuz yox, azad, bərabərhüquqlu bir millət kimi varlıq, dil, ədəbiyyat və milli xüsusiyyətlərini qorumaqla azad şəkildə İranda yaşayacağını yazmışdı. Müəllif "21 Azər” hərəkatının son hədəfinin İranda azadlıq, demokratiya və konstitusiyanı bərqərar etmək olduğunu da göstərmişdi.

Şövkət Tağıyeva "21 Azər Hərəkatı ilə bağlı bəzi mülahizələr” adlı məqaləsində Milli hökumətin yaradılmasına aparan yolda hərəkata Sovetlərin arxa durduğunu qeyd etmişdir.

Müəllif tərəfindən "... Sovetlərin təklifinə razı olaraq 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsini (partiyasını) yaratmaq, Güney Azərbaycanda demokratik seçkilər yolu ilə Milli Hökuməti təşkil etmək və Güneydə sosial-iqtisadi, siyasi, mədəni islahatlar və quruculuq işlərinə başlamaq düzgün seçim və son dərəcə zəruri bir addım” kimi dəyərləndirilmişdi.

Ş.Tağıyeva 1945-1946-cı illərdə Güneydəki hərəkatın dərslərindən bəhs edərkən haqlı olaraq yazırdı ki, 1) Ən mühüm dərs bundan ibarətdir ki, heç vəchlə, heç bir vaxt, heç bir mühüm məsələnin həllində (elə qondarma Qarabağ probleminin özündə olduğu kimi) Moskvaya tam arxalanmaq olmaz; 2) hərəkatdan çıxan ikinci mühüm nəticə, zənnimcə, bundan ibarətdir ki, Azərbaycan xalqı öz taleyüklü məsələlərini həll etdikdə quzeyli-güneyli bütün xalqın birliyinə arxalanmalıdır.

Adıgözəl Məmmədov problemlə bağlı davamlı olaraq bir neçə məqalə çap etdirmişdi. Həmin məqalələrdə, müəllif Rusiya arxiv sənədlərinə istinad etməklə İranda baş vermiş milli-azadlıq hərəkatının gedişində daha çox SSRİ-nin rolunu qabarıq şərh edir.

Rus tarixçilərindən M.S.İvanovun redaktorluğu altında nəşr olunmuş "İran tarixi” adlı əsərdə ölkədə demokratik hərəkatın dirçəlməsi və inkişafını faşist Almaniyası ilə əlaqələrin kəsilməsi, Rza şahın taxt-tacdan əl çəkməsi və sovet qoşunlarının İrana daxil olması ilə əlaqələndirilmişdi.

"İran tarixi” əsərini yazan sovet tarixçiləri İranda baş vermiş kütləvi nümayişləri az qala SSRİ-nin müdafiəsi üçün baş verdiyini göstərirdilər. Halbuki, İranda baş verən narazılıqlar Rza şah Pəhləvi hökumətinin yürütdüyü daxili və xarici siyasətə qarşı idi. Bu barədə də məqalənin əvvəlində qeyd olunub.

İ.V.Qaydukun "BMT və İran böhranı (1946-cı il)” adlı məqaləsində isə 1946-cı ildə İranda yaranmış böhranı BMT-nin məşğul olduğu ilk böhran adlandırmışdı. Müəllif yazır ki, əgər bu münaqişənin əsas tərəflərindən biri İranın Pəhləvi hökuməti ilə Güneydə qurulan Milli hökumət idisə, digər tərəfini SSRİ, ABŞ və Böyük Britaniyanın maraqlarının toqquşması tuturdu. Bu üç dövləti Yaxın və Orta Şərqin mühüm strateji əhəmiyyət daşıyan zəngin neft ehtiyatları cəlb edirdi.

Beləliklə, problemlə bağlı yazılmış əsərlərin bir qisminin təhlili onu göstərir ki, 1941-1946-cı illərdə İranda milli-azadlıq hərəkatının irəli sürdüyü məsələlər yalnız bugünki həyatın yetişdirdiyi məsələlər deyil, Azərbaycan xalqının bütün tarixi boyu hazırladığı bir məsələ olmuşdur.

Müasir Azərbaycan tarix elmində İranda Azərbaycan türklərinin 1941-1946-cı illər milli-azadlıq mübarizəsi ilə bağlı yazılmış elmi-tədqiqatlar əsərlərində bu hərəkatın ayrı-ayrı mərhələlərində görülən işlərin əhəmiyyəti və onun süqutunun səbəblərinin araşdırılması onu göstərir ki, soydaşlarımızın problemləri hələ də həll olunmamış qalır. Bu baxımdan da problemin aktuallığı qalmaqdadır.

Bu gün İranda yaşayan 40 milyondan çox Azərbaycan türkü XXI əsrin əvvəllərində də öz ana dilində təhsil ala bilməməsi, dövlət müəssislərində, yazışmalarda və s. münasibətlərdə ana dilindən istifadə edə bilməməsi narahatçılıq doğurmaya bilməz.

Problemin tarixşünaslıq baxımından araşdırılması bir daha onu göstərir ki, tədqiq olunan problemin daha geniş və hər tərəfli araşdırılmasına ehtiyac duyulmaqdadır.

Sonda onu da qeyd etmək lazımdır ki, İranda Azərbaycan türklərinin milli-azadlıq mübarizəsinin məğlubiyyətlə nəticələnməsinə baxmayaraq, mübarizə bu gün də davam edir.

Vaqif Abışov

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

tarix üzrə fəlsəfə doktoru, dosent