adalet.az header logo
  • Bakı 20°C
15 May 2019 15:23
15359
ƏDƏBİYYAT
A- A+

TALE FİLMİ-"MİLLƏT YADDAŞININ KEŞİKÇİSİ"

Annotasiya:

Ssenari müəllifi:-Rafael Hüseynov

Qurluşçu rejissior:- Rafael Hüseynov

Tərtibçi rəssam:- Rafael Hüseynov

...

...

Mətni səsləndirir:- Rafael Hüseynov

Bakı, "Elm və təhsil", 2018

"Məhəbbət və minnətdarlıqla

Azərbaycan Parlamentinin 100 yaşına və Məclisi-Məbusanı şərəf tariximizin parlaq səhifəsinə çevirmiş qurucu babaların işıqlı xatirəsinə ithaf edilir"

Tanıtım:

"Görkəmli pedaqoq, publisist, mətnşünas, milli mətbuat tarixinin misilsiz araşdırıcısı Şirməmməd Hüseynovun uzun ömrü boyu layiq görüldüyü çoxlu təltif və mükafatların sırasında "Qızıl qələm " də var. Əslində qızıl qələm ifadəsi və anlayışı bu mükafatsız da Şirməmməd müəllimin bütün yaradıcılığına aid edilə bilər. O, Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şəxsiyyətlərini dərindən öyrənərək bütövlüyü ilə xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət göstərir. Araşdırmaları və nəşrləri ilə o, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması üçün mötəbər təməllər yaratmış, cümhuriyyət dövrü milli parlamentimizin şanlı səhifələrini müasir və gələcək nəsillərə çatdıran qiymətli kitablar silsiləsi ortaya qoymuşdur. Azərbaycanın elmi və ədəbi mühiti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmış alim və pedaqoq, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilir".

Yəqin mütaliəsi yerində və ya qənaətbəxş olan oxucu söhbətin kimdən və nədən getdiyini yuxarıda səsləndirdiyim qeydlərdən başa düşdü və sonrakı qeydlərimi oxumağa davam edəcək. Söhbətin kimdən və nədən getdiyini ilk sətrlərdən çözə bilməyib fikrə gedənlər üçün isə deyirəm. Müraciət obyektim əsərlərini böyük şövq və ilhamla yazan və mənim də onları sevə-sevə, həm də təkrar-təkrar oxuduğum akademik Rafael Hüseynovun "Millət yaddaşının keşikçisi" kitabıdır. Bu kitabı tarixi sənədli film adlandırmağım da təsadüfi deyil. Mən qənaətlərimi sizinlə bölüşəcəyəm.

Fitri istedadın, bulaq kimi çağlayan şəffaf və təbii ilhamın işığında, ana südü qədər saf, doyumlu və duyumlu dillə yazılmış bir əsər oxucusunun fikrini yeni-yeni çalarlara yönəldə, azından onun dərkini və rəyini göz kimi "qamaşdıra" bilər.

Bu yöndə yazılmış "Millət yaddaşının keşikçisi"ni oxuyub sona çatdıqdan sonra uzun müddət tarixin yaddaşına rişələnmiş fikir və xəyallarımı ələ ala bilmədim və mənə elə gəldi ki, mən kitab oxumamışam, stolumun üstündəki də çox qiymətli məxəz-kitab deyil. Mənə elə gəldi ki, mən əvəzsiz pedaqoq, publisist və tədqiqatçı alim, böyük hərflərlə yazılan qeyrətli VƏTƏNDAŞ Şirməmməd Hüseynov haqqında ekranlaşdırılmış tarixi sənədli xronikaya-filmə baxmışam.

Ona görə də məni məzur görün, filmə baxmışam deyəndə yaddaşınızda Rafael Hüseynovun "Millət yaddaşının keşikçisi” kitabı mütaliənizin işığında səhifələnsin.

Bəri başdan bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Soyadlar (Şirməmməd Hüseynov-Rafael Hüseynov) düşüncələrinizi düz yolundan sapdırmasın. Onlar nə qardaşdırlar, nə əmioğlanları. Soyadlarının eyni olması tam təsadüfidir. Bizdə "ad bostandır" deyimi var, məncə soyadların da "bostan" kimi qəbul edilməsi anlaşılan və başa düşüləndir. Onlar heç bir bölgəni də təmsil etmirlər. Hər hansı bir qohumluq münasibətləri də yoxdur.

Sözümün canı var. Onları birləşdirən xətlər və paralellər isə Rafael Hüseynovun Şirməmməd Hüseynov haqqında "tarixi sənədli film" əmələ-ərsəyə gətirməsi vətəndaşlıq, şərəf, vicdan, milli dəyərlərə sahiblik, varislik və ənənə məsələsidir. Əsərin məni sehrləməsinin bir səbəbi də Rafael Hüseynovun millət və tarix qarşısında gördüyü bu işin-bu kitabı yazmasının bir səbəbi də onu bir nəfəsə, böyük sevgi və məhəbbətlə yazması da-Şirməmməd müəllimə-böyük ustada olan xələflik borcunun məsuliyyətindən qaynaqlanır.

Kitabın özəllikləri çoxdur. Ən ümdəsi də bədii publisistika ilə ictimai siyasi publisistikanın sintezində fikir və qənaətlərin təzahür etməsidir. Bədii təsvir və ifadə vasitələrindən yetərincə, həm də düşünülmüş və məqsədyönlü şəkildə istifadə olunması müəllifin yüksək peşəkarlığından və onun böyük söz sahibi olmasından xəbər verir. "Millət yaddaşının keşikçisi" adın özü obrazlı deyilmi? Məncə, əsərə verilən bu ad böyük ustad Şirməmməd müəllimin fəaliyyətini dəyərləndirən meyarların sözün yaddaşındakı əksidir.

Kitabın dili-müəllifin təhkiyyəsi o qədər şirin və məlhəmanədir ki, çox asanlıqla və usdufca oxucunun qolundan tutub onu tarixi keçmişimizə aparır, anlatmaq və aşılamaq istədiklərini sərgilədikdən sonra, bu günümüzə qaytarır, əsas mətləblərini pıçıldayır və bənzərsiz ustalıqla onu gələcəyə hazırlayır və yoluna işıq tutur. Bu, həm də əsərin kompozisiyasını şərtləndirir.

Bizdə bir deyim var. Dili şirin, düşüncəsi sağlam, sözü-söhbəti canlara yağ kimi yayılan birisi haqqında danışanda, rəy bildirəndə deyirlər ki, ondakı o dil var ha, ilanı yuvasından çıxardar. Rafael Hüseynovun da dili barmaqla sayılacaq qədər yüksək ranqlı natiq dilidir. Yəni, şəkililərin təbirincə desək, "ilanı yuvasından çıxardan" dildir.

Tarixi faktlar-gerçəklik, həyat hadisələri və surətlər yüksək mizan-tərəzidə verildiyindən əsərin mövzu və ideyası oxucunu razı salır, həm də düşünüb-daşınmaq, özünü yaxşılıqlara: doğruculluğa, düzlüyə, mərdlik və mübarizliyə, millət və xalq sevgisinə səfərbər olunmaq üçün fakt və zaman ayırır. Elə buradaca qeyd edim ki, kitaba daxil edilmiş foto şəkillər (üz qabığının 1-4-cü səhifəsində 59, iç səhifələrdə isə 78 foto şəkildən istifadə edilmişdir.) təsadüfi xarakter daşımır. Onlar Şirməmməd Hüseynov obrazını tamamlayan, onun kimliyini, hardan gəlib hara getdiyini bələdləyən nümunələrdir. "Millət yaddaşının keşikçisi"nin portretini Rafael Hüseynovun dili ilə xatirə boxçalarının düyününü açır və oxucularını da xatirələr gülşəninə qanadlandırır.

Mövzunun böyüklüyü və genişliyi başqa bir söhbətin əsası ola bilər. Axı eyni mövzuya müxtəlif baxış bucaqlarından, müxtəlif prizmalardan, müxtəlif meyar və dəyərlərlə yanaşma nümunələri mövcuddur. Onun sələfləri on illərdir ki, öyrənilir, ancaq yenə də onlar öyrədir və bu missiyalarını bu gün də davam etdirirlər.

Rafael Hüseynov kiçik qardaşın böyük qardaşa "Həsən bəy Zərdabinin Mirzə Fətəli Axundzadəyə ünvanladığı məktubunu xatırlayaraq yazır: "Möhtərəm Mirzə Fətəli! Yazırsınız ki, yaşınız yeni əsər yazmağa imkan vermir. Çox heyf!

... Dincəlmək istəyirsinizsə, Allah sizə rahatlıq versin! Amma düşünməyin ki, xalqın maariflənməsi bir məqalə, ya pyeslə alına bilər. Xeyir, burada qat-qat artıq əzab-əziyyət var ki, bir, ya hətta on rəhbərin də ömrü və zəhməti buna azdır. Bəlkə sizi dayandıran odur ki, axı niyə başqası deyil, siz çalışmalısınınz, özü də havayı və bir "sağ ol" eşitməyə ümid olmadan. Belə halda izah etməyi vacib bilirəm ki, söhbət xalqa məhəbbətdən, bəndəyə məhəbbətdən, nadanları maarifləndirməkdən gedirsə, bu suala yer yoxdur. Kim bizlər kimi xalqın, həm də bu avam xalqın maariflənməsinə ömrünü həsr edirsə, onu belə düşüncə dayandırmamalıdır. O özü mükafatını tapır, vicdanını paklaşdırır".

Rafael Hüseynovun tərəddüd etmədən gəldiyi qənaət isə belədir: "Professor Şirməmməd Hüseynov bir ömürdür ki, beləcə, babasının tapşırdığı kimi vicdanını paklaşdırmaqla məşğuldur!.." Vicdanının paklaşması isə "İşıqlanmaq ehtiyacı" və "Bir qutu xatirə"nin işığında fokslanır.

Rafael Hüseynov polad yaddaşının xalq, Vətən yolunda şam kimi əridənləri və böyük mənəvi miras qoyub gedənləri məhəbbətlə xatırlayır, onların gəldikləri qənaətlərə sığınaraq, çağdaş ziyalılığa da öz münasibətini bildirir: "Çalxantılı zəmanədə millətin ayaqlarının torpaq üzərində, yeniləşən dünya içərisində möhkəm yer tuta bilməsindən ötrü, keçmişləri yerli-yataqlı, olduğu kimi bilməsinin vacibliyini hiss edən uzaqgörən Məhəmməd Əmin Rəsulzadə etibarlı övlad canıyananlığı ilə yurdunun aydınlarına səslənirdi".

"Türk tarixi tarixlərin ən az tədqiq olunmuşu, ən az öyrənilib yazılmışıdır.

Bu xüsusda biz azərbaycanlılar hamıdan çox işıqlanmaq ehtiyacındayıq"

Müəllifin qənaətincə bu vəsiyyətləri Şirməmməd müəllim bütün fəaliyyəti ilə, həm də, yüksək səviyyədə, kimsənin yerinə yetirə bilməyəcəyi dəqiqlik və sevgiylə həyata keçirir.

"... hər kəs yaxşı-yaman daş daşımaq imkanındadır.

Vətən daşını daşıya bilmək isə ağırlardan ağır əməkdir və burada ortabab, alababat söhbətinə yer yoxdur.

Millət naminə nə edirsənsə, ali səviyyəli olmalıdır.

Vətənin daşını çiynində yox, ürəkdə daşıyırlar!

Vətənin daşını çəkə bilməkçün ilk növbədə böyük hərflərlə VƏTƏNDAŞ olmağın vacibdir.

Üstəlik, ürəyində gərək xalqına sonsuz sevgi daim nəbz kimi vura, qan kimi damarlarından axa.

Millətə və torpağa sədaqət, fədakarlıq, dözüm, ardıcıllıq, təpər, görəcəyin işlərin böyüklüyü və kiçikliyindən asılı olmayaraq, bir saniyə belə səngiməyən məsuliyyət, cavabdehlik hissi, üstəlik də əməlinin bəhrələrini hər kəsin qəlbinə yata bilməsindən ötrü bilik, zövq, şövq, qaynar həvəs, yorulmazlıq və yüksəkdən-yüksək peşəkarlıq".

Rafael Hüseynov daş daşımağın " zəhmətlərin ən ağırı, fəhlə işlərinin ən çox güc istəyənlərindən" olduğunu təsdiqləməklə Şirməmməd müəllimin fəaliyyətinin daha ağır, daha çətin, daha şərəfli işlə məşğul olduğunu, xalqın ehtiyaclarını ödəmək istiqamətində yazıb yaratdıqlarını dəyərləndirir və göstərir ki, Şirməmməd Hüseynov "yazılmalı olanları yazıb və yazır"

"Milli haqq və ədalət axtarışında" (Bakı, "Adiloğlu", 2004), "Mətbu irsimizdən səhifələr" (Bakı, "Çənlibel", 2007), "Publisistik miras və müasirlik". (Bakı, "Elm", 2007),"Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr" (Bakı, "Elm", 2009), "Üzeyir Hacıbəyli Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri" (İki cilddə, Bakı, "Elm", 2009, 2010), Məhəmmədəmin Rəsulzadə. Əsərləri" ( Beş cilddə, Bakı, "Təhsil", 2014), "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" (Üç cilddə, Bakı, "Qanun", 2015, 2016, 2017).

Müəllif göstərir ki, xalqların və millətlərin onları yaxşı xalq, kamil millət edəcək kitablara da həmişə ehtiyac olub, bu ehtiyac heç vaxt da tükənməyəcək.

"Şirməmməd Hüseynov bu qəbil kitabları xalqınkı,millətinki etməklə məşğuldur".

Rafael Hüseynov yazır: "Şirməmməd müəllimin hər çıxışı, hər yazısı, hər kitabı və o sıradan bu cildlər ("Azərbaycan" qəzetində "parlament hesabatları və şərhlər" üç cildliyi nəzərdə tutulur-R.O) heykəllərdir."

Rafael Hüseynov bir qədər də irəli gedərək, inamına sığınaraq ürəyinin başında düyümlənən və közərən istəyini dilə gətirir və sanki böyük ustada təsəlli və təskinlik verərək deyir: "Gördüyünüz çoxlu və çox faydalı işlərlə siz çağdaş gəncliyin milli şüurunun oyanmasına güclü təsirlər göstəribsiniz. Tarix və qananlar bunun qiymətini əlbəttə ki, verəcək!"

Rafael Hüseynov isə çoxsaylı pərəstişkarları ilə üz-üzə, göz-gözə akademik natiqliyini davam və inkişaf etdirərək gur səsi ilə səslənir: "Tanrı, tale, tarix Şirməmməd Hüseynov kimi fövqəladə insanları millətə göndərir ki, cərəyan ötürən naqilə çevrilsinlər, qoymasınlar yaddaş qırılsın, imkan verməsinlər keçmişlə rabitələr kəsilsin.

Şirməmməd Hüseynov milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsüdür. Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə istiqbalımız arasındakı körpü."

Rafael Hüseynov bir tarixi gerçəkliyi də göstərir ki, milləti tarix sınaqlarından zədəsiz çıxaran, həmişə ayaq üstə saxlayan, güclü edənsə məhz tarixi yaddaş, belə sarsılmaz (Şirməmməd Hüseynov kimi-R.O) körpülər olub.

Rafael Hüseynov bir qənaətini də sidq-ürəkdən oxucuları ilə bölüşür ki, xalqını xoşbəxt edə bilmək üçün hər məhrumiyyətə qatlaşmağa hazır olmuş və bunu möhtəşəm yolu və gələcəkdəkilərə ərməğan etdiyi istiqlal irsi ilə sübut etmiş Məhəmməd Əmin Rəsulzadəni ömrüm boyunca heç kəslə müqayisə edilə bilməyəcək qədər atəşin məhəbbətlə sevən iki nəfəri görüb:

"Biri mərhum doktor Cavad Heyət, biri də fövqəladə müasirimiz Şirməmməd Hüseynov".

Siyasi müstəvidə gündəmdə olan hər kəs üçün gün kimi aydındır ki Şirməmməd Hüseynov millətin mühümdən-mühüm işıqlanmaq ehtiyacını qarşılamaqdan ötrü ürəyini şam kimi yandırıb, ömrünü bağışlayıb.

Xatirə qutusunu açıb şəkilləri bir-bir sərgiləyərək Rafael Hüseynov Şirməmməd müəllimin həyat yolunun şəkillərin yaddaşında qalan anlarını heyranlıqla təqdim edir. Hər epizodu hər adama görünməyən bu tale filmində-"Millət yaddaşının keşikçisi"ndə müəllifin gəldiyi əsas nəticə isə belədir: "Şirməmməd Hüseynovun kimliyini ən dəqiq ifadə edən tək söz elə MÜƏLLİM kəlməsidir"

Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Məqalə və çıxışlarında, araşdırmalarında və kitablarında da milli mətbuatımıza, onu yaradanlara, Demokratik Cümhuriyyətə və onun qurucularına, millətə, xalqa və Vətənə olan sevgisində də özünü böyük hərflə yazılan MÜƏLLİM kimi təsdiqləyib.

Rafael Hüseynov da binlardan oxucularına ağızdolusu, fərəhlə söhbət açır, tale filminin kadrları dəyişdikcə bələdçilik əzmini bir az da dərinləşdirir.

Böyük Azərbaycan ziyalısı Şirməmməd Hüseynovun ömür salnaməsi olan bu filmin görünməyən kadrlarını, eşidilməyən səslərini isə tükənməyən enerjisi və məhəbbətlə əmələ-ərsəyə gətirdiyi əsərləri söyləyir.

Elə burada ömür yolunun 50 ildən çoxunu bir yerdə çiyin-çiyinə keçirdiyi, əqidə və məslək yoldaşı, unudulmaz Bəxtiyar Vahabzadənin məşhur "Muğam" poemasından o yanıqlı misraları xatırlayıram:

Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu”, "Salı yandırdı” muğam.

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam...

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

Və birdən mənə elə gəldi ki, böyük şair bir sıra əsərlərinin mövzusunu vermiş Şirməmməd müəllimə "Muğam" deyərək səslənir. Xəyallardan özümə qayıdan kimi deyirəm ki, yox, Rafael Hüseynov tale filmi ilə oxucularına çox mətləbləri- Şirməmməd Hüseynovun kimliyini ahəstəcə anlatdı.

Müəllifin Şirməmməd Hüseynovdan gətirdiyi dördcə kəlmə sözü də dilə təqdim edirəm: "Maraqlananlar üçün faydasız olmaz".

Hələlik burada çox hörmətli Rafael Hüseynovun "Millət yaddaşının keşikçisi" kitabının üz qabığının son səhifəsində oxucularına ünvanladığı akademik sualına oxucu cavabımla nöqtə qoymaq istəyirəm:

-Şirməmməd ustadın yaşı bir əsri haqlayır və bu uzunluqda ömür boyunca daim millət eşqi ilə, yurda fayda verməklə yaşamış, həmişə göründüyü kimi olub, olduğu kimi də görünmüş daha neçə həmvətənimiz var?

-Hər kəsin bir əlinin barmaqları ucunda saya biləcəyi qədər?!.

Ramiz Orsər