adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 May 2019 15:21
18583
ƏDƏBİYYAT
A- A+

QƏBİRİSTANLIQDA

Yaşarmış gözlərini soyuq başdaşından ona sarı boylanan şəkildən çəkə bilmirdi. Yarım saatdan çoxuydu ki, baxışlarını həmin o şəkilə zilləyib düz bir il bundan əvvəl qırxıqbaşların Moskvada qanına qəltan elədikləri dostunun ölüm ayağında dediyi sözləri dönə-dönə xatırlayır və hirsindən bığlarını gəmirərək əli heç yana çatmadığına görə Allahdan özünə ucuz bir ölüm arzulayırdı. Niyazın son nəfəsində dediyi sözləri bir daha yadına salıb titrək əllərilə yaşarmış gözlərini sildi və bir andaca əli heç yana çatmadığına görə dostunun soyuq başdaşından ona sarı boylanan baxışlarından utanan kimi oldu. Elə bu utancaq görkəmlə də başını qaldırıb ətrafına boylandı. Qəbiristanlıqdakı məzarların sayı aydan-aya çoxalırdı. Qəbiristanlıqdakı məzarların sayı çoxaldıqca kənddə başıpapaqlıların sayı da azalırdı. Elə bil ki, əli silah tutanı ya müharibəyə aparır, ya da ki, gedər-gəlməzə göndərirdilər. Kəndin adamları sevinməyi, gülməyi yadırğamağa başlayırdı. Düz üç iliydi ki, adamlar «vağzalı»ya həsrət qalmışdılar. Düz üç iliydi ki, kənddə toy olmurdu. Yas mağarları küçədən-küçəyə daşınırdı.

Zakir bir neçə metr irəli gedib qara mərmərdən yonulmuş bir məzar daşının yanında dayandı. Bu qəbirdə Nəsib yatırdı. O, Murovda qar uçqununa düşsə də sağ qalmışdı. Onu düz üç gündən sonra tapmışdılar. O, bərk qorxuya düşmüşdü. Bərk qorxuya düşdüyünə görə də bir dəri, bir sümük qalmışdı. Güclə nəfəs alırdı. Elə bil ki, müqəvva idi. Onu tanımaq olmurdu. Anası onu görən kimi özündən getmişdi və yazıq arvad elə o gündən ürək xəstəliyi tapmışdı.

Bir aydan sonra əmisi oğlu Nəsibi özüylə Tümenə apardı, onu müalicə elətdirdi, sonra da bazarda yer alıb alış-verişlə məşğul olması üçün köməklik göstərdi. Nəsib bir ildən sonra kəndə gələndə dərisinə sığmaz olmuşdu. Həm də özüylə xeyli pul gətirmişdi. Özüylə xeyli pul gətirdiyinə görə də qara rəngli bir «mersedes» aldı və həmin o qara rəngli «mersedes»lə rayon mərkəzinə gedəndə yol polisi onu saxlatdırıb düz üç yüz manat pul istəyəndən sonra aralarında mübahisə yarandı. Elə bu mübahisəyə görə də Nəsib beş min manat sayandan sonra belə yaşayışa tüpürüb təzədən Tümenə yollandı və bir aydan sonra onu da orada güllələdilər. Nəsibin ölümündən sonra düz beş ailə çörəksiz qaldı. İndi Nəsib Xabarovsk şəhərində döyülüb öldürülmüş xalasıoğluyla yanaşı yatırdı. İkisinə də qara mərmərdən başdaşı qoyulmuşdu.

Nəsibin sağ tərəfində kor İslamın beş qızdan sonra dünyaya gələn oğlu yatırdı. Kor İslamın oğlu Vladivostokda mühəndis işləyirdi. Pis qazanmırdı. Hər ay evlərinə pul göndərirdi, atası kor İslam da Allaha şükürlər oxuyub təzəcə sevinməyə, təzəcə qarındolusu çörək yeməyə başlamışdı ki, ölüm xəbəri onun da qapsını döydü və bununla da kor İslamın beli qırıldı. Ağlamaqdan onun sol gözü də tutuldu və həmişəlik olaraq işıqlı dünyaya həsrət qaldı. Zakir kor İslamın vaxtilə Vladivostokda mühəndislik eləyən oğlunun başdaşından gözlərini çəkib qeyri-ixtiyari olaraq başını qaldırıb göyə baxdı. Göydə lələkli buludlar hərlənirdi. O, bir müddət həmin o lələkli buludlara baxdı, sanki həmin o lələkli buludların arxasından dostu Niyazın ruhu ona baxırdı. Zakir günahkar adamlar kimi gözlərini həmin o lələkli buludlardan çəkib yetim uşaqlar kimi boynunu bükdü. Niyazın son nəfəsində dediyi sözlər yenidən qulaqlarında cingildədi. İstər-istəməz barmaqlarının ucunu qulaqlarına soxdu. Başında bir küyültü vardı, elə bil ki, başının içində soyuq küləklər əsirdi.

Zakir yay kimi sıxılırdı, ürəyi çırpınırdı. Ona görə də durna qatarı kimi sıralanmış məzar daşlarına daha baxmaq istəmirdi. Ürəyində qəflətən baş qaldıran ağrılar onun bu istəyini daha da tezləşdirdi. Amma buna baxmayaraq bu istəyini içində boğaraq başqa bir məzara yaxınlaşdı. Bu məzarda Afiq yatırdı. Afiq universiteti qırmızı diplomla qurtarmışdı. Özünə iş tapa bilmədiyinə görə də Surqut şəhərinə yollanmışdı. Bazarda yük daşıyırdı. Qəflətən xəstəliyə tutuldu. Üç günün içində saralıb-soldu. Zakir daha dözə bilmirdi. Qəbiristanlıqdan çıxmaq istədi, amma nə fikirləşdisə də iki ay bundan əvvəl torpağa tapşırılan şofer Qaranın oğlu Nəbinin məzarına sarı addımladı. Nəbinin bığları doğrudan da Qaçaq Nəbinin bığları kimi eşmə-eşməydi. Kənddə onun qolunu buran, kürəyini yerə vuran olmazdı. Bir yumuruğa beş-altı kişini tir kimi yerə uzadardı. Bir yumuruğa beş-altı kişini tir kimi yerə uzadan Nəbinin birdən-birə dünyasını dəyişməsi hələ də sirr olaraq qalırdı. Deyilənə görə Nəbi rayon polis şöbəsində ürək tutmasından keçinmişdi. Nəbinin polis şöbəsində müəmmalı ölümündən üç gün əvvəl onunla sahə müvəkkili arasında narazılıq yaranmışdı. Narazılıq yaranmışdı deyəndə Nəbi Maqadandan gələn günün axşamı «uçastkovu Qəzənfər»lə onun arasında belə bir söhbət oldu:

-Bizə də bir görüm-baxım elə.
- Əl çək məndən. – Nəbi hirsləndi. Sonra da hirsli-hirsli dedi: - De görüm, camaatdan nə istəyirsən? Niyə yetənə yetib, yetməyənə bir daş atırsan? Camaata gün verib, işıq vermirsən?
- Kim? Mən? – Elə bil ki, sahə müvəkkilinə od vurdular.
- Əlbəttə sən. – Nəbi ciddiləşdi. Elə bilirsən ki, tutduğun işlərdən xəbərim yoxdu? Rayonda hələ kıraşalıq elədiyin gözəlçələri demirəm. Ay yazıq, sorağın bütün Rusiya bazarlarına yayılıb. Sənin şər-xatandan uzaq olmaq üçün uşaqlar evlərinə gəlməyə də qorxurlar.
- Bəri bax, Nəbi. Yaman çərənləyirsən ha… And olsun Allaha, səni bircə ayın içində məhv eləməsəm hökumətin verdiyi bu papaq mənə haram olsun, - deyərək başındakı «furaşka»nı çıxarıb hirslə yerə çırpdı. «Furaşka» dığırlana-dığırlana gedib mal təzəyinin üstünə düşdü. Nəbi mal təzəyinin üstünə düşən «furaşka»ya baxaraq gözləri yaşaranacan güldü və gülə-gülə də dedi:
- Sən adam döyülsən, Qəzənfər.
- Mən adam döyüləm, bəs nəyəm? – «Uçastkovu Qəzənfər» hirsindən turp kimi qızardı.
- Sən… - Nəbi yan-yörəsinə boylanıb baş barmağıyla şəhadət barmağını uc-uca tutuşdurub əmələ gələn dairəni sahə müvəkkilinə göstərdi.
Baş barmağıyla şəhadət barmağını uc-uca tutuşdurub əmələ gələn dairəni sahə müvəkkilinə göstərəndən düz iki saat sonra Nəbinin qollarını qandallayıb rayon mərkəzinə apardılar. Nəbinin cibindən 2 qram heroin çıxdı. «Uçastkovu Qəzənfər» özünü canıyanan kimi göstərib Nəbiyə belə dedi: - Hələ şükür elə ki, evinizdə axtarış aparmırıq… Əlin cibində olsun, bu işi yoluna qoymaq asandı. – Amma Nəbidə pul yox idi. Nəbidə pul olmadığına görə də «uçastkovu Qəzənfər»in dediyi kimi bir ay keçməmiş dağ boyda kişini torpağa tapşırdılar. Bununla da onun kitabı bağlandı, daha doğrusu Nəbinin kitabını «Uçastkovu Qəzənfər» bağlatdırdı. Bunu kənddə hamı bilirdi. Hamı onu da bilirdi ki, «Uçastkovu Qəzənfər»in yeznəsi Nazirlər kabinetində işləyir. Onun yeznəsi Nazirlər Kabinetində işlədiyinə görə də «Uçastkovu Qəzənfər»in qılncının dalı da kəsirdi, qabağı da… və hamı onu da bilirdi ki, dul Sənəmin gəliniylə «uçastkovu Qəzənfər»in arasından heç su da keçmir. Onların aralarından su keçmədiyinə görə də kənddə kimin cibində beş-üç manatı olsaydı, yaxud kim kimin toyuğuna «kiş» desəydi, dul Sənəmin gəlini «Uçastkovu Qəzənfər»in qulağına pıçıldayırdı. Dul Sənəmin oğlu Krasnoyarsk şəhərində işləyirdi. Evlənəndən 6 ay sonra Krasnoyarsk şəhərinə getmişi. Üç ildən çoxuydu ki, kəndə gələ bilmirdi. Özündən 17 yaş böyük bir qadınla yaşayırdı. Elə Nəbinin uzaq Maqadandan cibi dolu gəldiyini də «Uçastkovu Qəzənfər»ə dul Sənəmin gəlini çuğullamışdı. Onda Nəbi dördyol ayrıcında cibindən bir qalaq pul çıxarıb ayaqqabısının dabanları yeyilmiş Əliş müəllimə bir göy yüzlük verdi. Sonra da Əliş müəllimi bağrına basaraq belə dedi: - Əliş müəllim mənə bir dəfə də olsun «dərslərini oxu» demədi. Bir dəfə də olsun məni dərs üstündə danlamadı. Yazı taxtasının qabağına çıxarıb uşaqların içində qızartmadı. Əgər mən də oxuyub müəllim-zad olsaydım indi acımdan günorta dururdum. – Nəbinin bu sözlərini Sərdar müəllim də təsdiqlədi: - Ə, kişinin oğlu düz deyir, vallah. İndi zəmanə iki eşşəyin arpasını bölə bilməyənlərindir. Adama cibinin puluna görə hörmət eləyirlər. İndiki uşaqlar bizi heç müəllim yerinə də qoymur. Hansını dindirirsən belə deyir: - Müəllim, tutalım gedib universitetdə oxudum. Diplom aldım, lap alim də oldum. Nə olsun axı? Ömrümü yalan yerə 4-5 il universitetdə çürütməkdənsə voenkomata görüm-baxım eləyib rusetə getmək ondan min dəfə yaxşıdı. Dədəmin bir ayda bazarda qazandığını siz heç bir ildə qazana bilmirsiniz. Mən də on biri qurtaran kimi dədəmin yanına gedəcəyəm. – Susdu. Az sonra Nəbiyə baxıb dedi: - Ay oğul, indi adamlığı da pulnan ölçürlər. Bu gedişlə udduğumuz havaya görə də sinəmizə sayğac quraşdıracaqlar. Bir Allah şahiddir ki, çoxumuz işığın, qazın pulundan artırıb ayağımıza corab da ala bilmirik. – Sərdar müəllim bu sözləri deyəndə dul Sənəmin gəlini çəpərin o tayından kişilərə qulaq asırdı. Və o kişilərə qulaq asa-asa həm də «Uçastkovu Qəzənfər»ə əl telefonunda «mesaj» yazırdı.

O günü Nəbinin qardaşı oğlu da balıq kimi «Uçastkovu Qəzənfər»in toruna düşdü. Nəbinin qardaşı oğlu əmisini müdafiə eləmək istəyəndə onu da qamarlayb maşina basdılar. Nəbinin qardaşı oğlu rəisin stolunun üstünə bir qalaq pul qoyandan sonra canını «it damı»ndan azad elədi. O canını «it damı»ndan azad eləyən günü qatara bilet alıb kənddən çıxdı. Kənddən çıxmazdan əvvəl isə dönüb həsrətlə hələ tikintisi yarımçıq qalmış evlərinə baxdı. O həsrətlə baxdığı evinin hər daşını gözlərilə oxşadı. Bu evin daşını daş üstə qoymaq üçün illərlə tərəzi dalında durmuşdu. Qışın şaxtasında, yayın cırhacırında, payızın zəhlətökən yağışlı günlərində səhərdən-axşama kimi ayaqüstə dayanıb alış-veriş eləmişdi, qazandığı pullarla özünə təzəcə ev-eşik düzəltdirməyə başlamışdı. Nəbinin qardaşı oğlu evinin hər daşını gözlərilə oxşayandan sonra bağa keçdi. Təzəcə bağ salmışdı. Bu bağın nübarını dərmək ona qismət olmadı. Əmisinin ölümündən düz yeddi ay sonra onu nübarını dərə bilmədiyi bağın bir küncündə yuyub kəfənə bükdülər. Bütün bunlar Zakirin gözləri qarşısında baş vermişdi. Hiss elədi ki, gözlərindən yaş axır. Bir də onu hiss elədi ki, iki-üç addımlığında bir-birindən balaca üç uşaq yan-yana durub ona baxır. Zakir bir-birindən balaca həmin o körpə uşaqların baxışlarını kürəyində, boynunun ardında hiss eləyib sıxılan kimi oldu. Az sonra yaşarmış gözlərini şəhadət barmağının ucuyla silib arxaya çevrildi və həmin o körpə uşaqların üzünə gülümsədi. Bir-birindən balaca həmin o uşaqlar onun gülümsəməyinə heç bir reaksiya verməyib key-key onun üzüna baxırdılar. Uşaqların üçünün də ayaqları yalın idi. Üçünün də çuxura düşmüş gözlərindən bir kədər boylanırdı. Elə bu kədərin özündən də hiss eləmək olurdu ki, onların üçü də yetimdir. Və bu yetim uşaqların gözlərindən boylanan kədəri silib-təmizləmək mümkün olmayan işdir. Zakir bir andaca onu da yəqin elədi ki, bu uşaqların gözlərindən boylanan kədərin bir səbəbi var. Zakir öz-özlüyündə bu kədərin səbəbini uşaqların yetim qalmasında axtarmaq fikrindən uzaqlaşıb bu yetimliyin yaranma səbəblərini düşündü. Bu uşaqların yetim qalması sinəsi al-qana bələnən kişilərin günahı deyildi. Günahı Rusiya bazarlarında qarabığlı azərbaycanlıları bir-bir aradan götürən başıqırxıqlarda, nə bilim qoluzorlu «OMON»çularda da axtarmaq fikrinə düşmədi. Bu günahlar bəs kimin ayağına yazılmalıydı? Bəs körpələrin atasız böyüməsində, ər evinə köçənlərin bir üzü qız, bir üzü gəlin qocalmasında, Dubaya, Türkiyəyə…üz tutub gedən qız və gəlinlərin əxlaqsızlıqla məşğul olmalarında kim məsuliyyət daşımalıdır? Bəlkə heç günahkar axtarmağa dəyməz. Bəlkə heç günahkar yoxdur. Yox. Yox. Günah varsa, deməli, günahkar da var. – Zakir bir-birindən balaca həmin o ayağıyalın uşaqların gözlərinin içinə çox baxa bilmədi. Onların bulaq suyu kimi dumduru gözlərindən utanıb üzünü yana çevirdi. Və birdən-birə Zakirin özünə də, çuxura düşmüş gözlərindən kədər boylanan həmin o uşaqlara da yazığı gəldi. Bir-birindən balaca həmin o körpə uşaqların gələcəyini düşünəndə isə ürəyi ağrıdı. Amma buna baxmayaraq özünü tarazlayıb yenidən uşaqların üzünə gülümsəməyə çalışdı. Elə bil ki, onun qarşısında üç körpə uşaq yox, üç müqəvva dayanmışdı. Zakir həmin o «müqəvva-uşaqlardan» aralanıb qəbiristanlıqdan uzaqlaşmağa tələsdi. O, bir də qəbiristanlığın çıxacağında ayaq saxladı, amma dönüb geriyə baxmadı. Moskvada bıçaqla deşik-deşik edimiş Niyazın sözlərini bir də xatırladı: «Zakir, qadan alım, çıx get, buralardan, şələ-küləni yığışdır, get bu xarabadan. Get, özünə ailə qur, arvad-uşaq yiyəsi ol. Amma, kiminlə evlənirsənsə evlən, amma damarlarında təmiz azərbaycanlı qanı axan qızla evlənmə. Yoxsa işsiz-gücsüz qalacaqsan, cibin pul tanımayacaq. İnsan kimi ömür sürə bilməyəcəksən. Bax, sözümə əməl elə, ha…» – Niyaz bu sözləri deyib onun qolları üstündə keçinmişdi.

Az sonra Zakir istər-istəməz geriyə boylandı. Və birdən-birə ona elə gəldi ki, Niyaz öz qəbrinin yanında dayanıb ona baxır.

İyun 2019