adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 May 2019 15:20
12232
ƏDƏBİYYAT
A- A+

Qəşəm, sən xöşbəxtsən ki...

Çağdaş poeziyamızın inkişafında xüsusi xidmətləri olan, bu günümüzün reallığını özündə əks etdirən, ona yeni tövhələr verən şairlərimizdən biri də Qəşəm Nəcəfzadədir. Onun poetik dünyası keçən əsrin 80-ci illərinə təsadüf etsə də, o öz yaradıcılığında müasir dünyamızın gerçəkliklərini, onun yadda qalan unudulmaz anlarını bədii boyalarla təsvir etməklə dərin ümumiləşdirmələr aparır, öz xalqının, millətinin müdrikliyini, onun psixologiyasında özünü göstərən səciyyəvi cəhətləri bütün təbiiliyi və səmimiliyilə qələmə alır. Şairin şeirləri öz əhatə dairəsinin genişliyi, zənginliyi, rəngarəngliyi və aktuallığı ilə fərqlənir. Vətənə və xalqa məhəbbət, torpağa və təbiətə bağlılıq, ülvi və pak sevgi hisslərinin tərənnümü, düşmənə qarşı sonsuz qəzəb və nifrət onun şeirlərinin ana xəttini təşkil edir.

Biz həmişə Vətən deyəndə onun uca dağları, ayna bulaqları, min bir nemət yetirən bərəkətli torpaqları, tükənməz sərvətləri, sıx ormanları, könül oxşayan gözəlliklərilə fəxr etmişik. Torpağa bağlılıq doğma Vətənimizə olan sonsuz sevgimizin ifadəsidir. Vətənimizin bir parçası olan Qarabağ torpaqları bu gün də düşmən tapdağı altında inləyir. Biz hələ də öz torpaqlarımızı azad edə bilməmişik. Vətənin bu ağır günlərində öz şair taleyini xalqın taleyinə bağlayan Q.Nəcəfzadə yüksək əxlaqı dəyərlərə sövkənən poeziya nümunələri yaradaraq Vətən oğulları ilə birlikdə bir çiyin – çiyinə dayanmağı bacardı :

Al qılıncı, vur düşməni, böl iki ,

Bu düşmənlər səni elə bölüb ki ....

İnnən belə şeir vaxtı deyil ki

Bu şeiri yazan ölsün, ay vətən !

("Ay Vətən”)

Şair erməni işğalçılarının İmişlidən olan 9 çobanın Laçın yaylaqlarında amansızlıla qətlə yetirilməsinə dözə bilmir. Bu məsum, günahsız insanların qəddarlıqla öldürülməsi onun qəlbini qana döndərir :

Doqquz çoban öldü dağlarımızda,

Yıxıldı torpağa əl ağacları.

Elə bil sıyrıldı ağacın üstən,

Körpə quzuları – tumurcuqları

Məgər bu insanların havasını udduğu, suyundan içdiyi, üstündə doğulub boya – başa çatdıqları torpaqlarımızda yaşamağa mənəvi haqları yoxdurmu ? Onları "əl ağacları” ilə birlikdə gülləbaran edən yağıların bu mənfur əməllərinə necə bəraət qazandırmaq olar?

Bax budur, boşaldı çobanın əli,

Bax budur, yıxıldı, ağacı düşdü.

Elə bil dağların qəfil güllədən

Sürüşüb çiynindən yamacı düşdü .

"Haqq nazilər, üzülməz” – deyib babalarımız. Bir gün gələr biz də öz müqəddəs torpaqlarımızı azad edərik. Onda erməni cəlladları törətdikləri bu qanlı əməllərin cəzasını çəkməli olacaqlar. Qisas heç vaxt qiyamətə qalmaz:

Yıxıldı torpağa əl ağacları,

Adamlar ağacı ağlayırdılar.

Elə bil Vətəni, torpağı, yurdu,

Dərəni, yamacı ağlayırdılar.

( "Əl ağacları”)

Yox, qardaş, insan olan kəs bu müsibətə dözə bilməz. Axı, onların evində yolunu gözləyən körpə uşaqlar var. Onlar bir elin, obanın güvənc yeridirlər. Bəs bu başsız ailələrin yetimlərinin taleyi necə olacaq? Nahaq qan heç vaxt yerdə qalmaz. Yetər bu qədər ağlayıb-sızladıq.

"Gedin düşmənə deyin” şeirində isə şair bəşəriyyəti dərindən düşündürən daha geniş, qlobal məsələlərə toxunur. Yeni-yeni silahların "doğulması” insanlığın yer üzündən silinməsinə, onun məhvinə gətirib çıxarar:

Deyin, başlarından böyük silah düzəltməsinlər,

Raketləri maşınlara yükləyib meşədə gizlətməsinlər.

Quş yumurtalarına topların səsi qan çiləməsin deyin.

Yüz tankın kölgəsi dərin deyil

Bir quş qanadı qədər.

("Gedin düşmənə deyin”)

Şair erməni qəsbkarlarının bu mənfur əməllərinə biganə qala bilmir. O baş verən bu hadisələri qələmə almaqla prinsipial mövqe tutur. Bəşəriyyəti ölüm təhlükəsi ilə hədələyən bu haqsızlığa qarşı öz etiraz səsini ucaldır. Dünyanın bütün sülhsevər insanların nəzər-diqqətini bu məsələyə yönəltməklə erməni xislətinin iç üzünü açıb göstərir. Eyni zamanda öz məramını, estetik idealını, sənətkar mövqeyini bir daha sərgiləmiş olur.

Hər bir şairin yaradıcılığında təbiət gözəlliklərinin bədii təsvirinə rast gəlmək mümkündür. Təbiətin gözəllikləri o zaman daha təbii və mənalı olur ki, çayların qıjıltısı da, şimşəyin çaxması da, yağışların yağması da, qartalın zirvədə qıy vurması da, lalənin yamacda tonqal kimi yanması da, yarpaqların pıçıltısı da... insanın mənəvi dünyası ilə bağlı olsun. Q.Nəcəfzadənin şeirlərində də təbiətin ürək açan füsünkar gözəllikləri insanı valeh edir.Şair qələmə aldığı hər hansı təbiət hadisəsini poetik bir dillə mənalandırmağı bacarır. O, insanın təbiətlə vəhdətdə təsvirini verməklə onu təbiətin bir parçası sayır. Buludlardan torpağa yağış damlaları yox, sanki bənövşə ləçəkləri yağır. Elə buna görə də daşlara toxunan hər yağış damlası bənövşə ləçəklərini xatırladır.

Saçımda, boynumda yağış qoxusu,

Üstümüz, başımız gül ləçəkləri.

Əlimi cibimə atdım; bənövşə,

Cibimə düşmüşdü damcının biri.

Asvaltın üstündəki çala su ilə doludur. Ancaq o sudan əl uzadıb bir ovuc götürən də yoxdur. Əgər o sudan götürsən o zaman "əlində çiçəklər baş qaldıracaq”. Sən bu çiçəklərin əsrarəngiz sehrinə düşəcəksən. Hərgah o suya əl vurmasan o çiçəklər ayaqlar altında qalıb məhv olacaq. O damcılardan saçlarına düşsə orada bənövşələr bitəcək. Gedib öz körpə balanı qucağına götürsən bu bənövşələr onun ruhuna keçəcək:

İpək saçlarında bənövşə bitir,

Gülümsünür sənə çiçək Allahı.

Yeri, qucağına balanı götür,

Keçəcək balana bənövşə ruhu!

("Hər yağış damlası bir bənövşədir”)

Bənövşə haqqında Aşıq Qurbanidən tutmuş, S.Vurğuna, M.Yaquba kimi onalrla şairlərimiz şeirlər yazıb. Hər bir şair onu öz şeirlərində istədikləri kimi mənalandırıblar. Q.Nəcəfzadəin şair Xəqani Həbiboğluna ithaf etdiyi "Məni bir az gözlə” şeiri isə tamam başqa ovqat üstündə köklənmişdir:

Məni bir az gözlə Xəqani müəllim,

Bənövşəyə salam verib gəlirəm.

Bir gül də var səndən salam gətirib,

O salamı güldən dərib gəlirəm.

(" Məni bir az gözlə”)

Nə üçün şairlər bənövşəni bu qədər ürəkdən sevir, onu müqəddəsləşdirib vəsf edirlər? Mərhum tənqidçi-alim Qulu Xəlilov yazır ki, "Çünki Bənövşə daim öz anasının, Vətən torpağının üzünə baxmaqdan yorulmur”

Şairin yaradıcılığında sevgi motivləri daha çox üstünlük təşkil edir. Onun şeirləri ilk baxışdan monoton təsiri bağışlasa da, inikasın dərinliyi,həyat və həqiqət rəngləri onun şeirlərinə polifonik ruh verir, bədii idrakın üfiqlərini genişləndirir:

Adına yazmışam isti bir şeir,

Bir az kəndimizdən qatmışam ona.

Gülüm, insanlardan işıq gətirdim

Şeirimin qaranlıq misralarına.

Bəzən lirik qəhrəman həsrət və vüsal düşüncələri içərisində çırpınır. Onun, sevgi yolları enişli, yoxuşlu olsa belə, "ipə-sapa” yatmayan bu misralarda sevən bir qəlbin ürək döyüntüləri eşidilir, alova çevriləcək sevgi qığılcımları görünür:

Mənim ürəyimin sevgi yolları

Enişdi, yoxuşdu, dərədi, düzdü.

Misralar sən üçün darıxdığından,

İpə-sapa yatmır qafiyəsizdi.

Şairin şeirlərinin mayası həsrətdən yoğrulub. Bu dərdin, ağrının həsrəti gerçək həyat həqiqətlərilə bağlı olub, şair ömrünün acılı-şirinli günlərini özündə etiva edir:

Dünya sevgimizdən asılı imiş,

Dağlar da, göylər də, durna səsi də.

Getmisən, gör dünya necə dəyişdi,

Artıb müharibə təhlükəsi də.

("Qayıt”)

Dünya o vaxt bütövlüyünü saxlayır ki, insanlar öz sevgisinə sadiq qalsınlar. Bir-birindən ayrı düşməsinlər. Qəlbən bir-birinə bağlı olsunlar. Dünyamız onda daha əzəmətli, daha gözəl olar.

Qəşəm həssas qəlbli bir şairdir. O şeirlərində hiss və duyğularını, arzu və düşüncələrini poetik bir dillə mənalandırmanı bacarır. Bir gün şəhərdən kəndə qayıdan şair çəpərdən boylanaraq Qəşəmi çağırır. Ana öz oğlunu tanıya bilmir. O elə zənn edir ki, oğlunu səsləyən başqa birisidir. Ancaq sonradan oğlunu tanıyan ananın sevinci yerə-göyə sığmır:

Anamın saçları qaralır bu dəm,

Çiçəyi çatlayır qocalığının.

Səsimi o elə qucaqlayır ki,

Əyilir "beli” də ucalığının.

Anamın qolunda qalıbdır yuvam,

Gombul körpəliyim əlimi sıxdı.

Aman fikirləşir, neyləsin balam,

Şəhərdə olanın hamsı arıqdı.

( "Kəndə qayıdanda”)

Bu şeirdə şair anaya olan sonsuz məhəbbətini dilə gətirməklə onu bir daha bizim gözümüzdə ucaldır.Burada fəlsəfi ümumiləşdirmə səviyyəsinə qalxan konkret, canlı, yaşanmış bir fərdilik vardır. Məhz bu keyfiyyət poetik və pafoslu, coşqun və təntənəli sözlər olmadan da bu şeiri yüksək bədii fəlsəfi səviyyəyə qaldırır. Poetik ideya oğulluğun bütünlüklə analığa olan məhəbbəti şəklində ümumiləşir.

Həqiqi şairlər kimi Qəşəm müəllimin də şeirlərinin pridmeti şairin özüdür. Onun ən yaxşı şeirləri təsvirdən, tərənnümdən öncə özümü təhlildən başlayır:

Bütün günü qocalmağa tələsirəm,

İstəyirəm əllərim qocalıq puluna

təhvil verilənə kimi – Qocalmaq...

Günlərin bir günü , Qəşəm,

Qocalıq pulu gecikəndə

Qoyarsan kartını ayağının altına

Çıxarsan üstünə...

Başlayarsan ötən illərini ayaqlamağa...

( "Qocalıq”)

Budir, şair ömrünün ümidsizlikdən doğan kədərli anları. Lakin o, pessisizimə qapılıb qalmır, düşdüyü bu çətin vəziyyətdən çıxış yolu arayıb axtarmağa çalışır. Şair sanki öz-özünə təsəlli verirmiş kimi "Gülümsə, Qəşəm, gülümsə” – deyir:

Qəşəm, xoşbəxtsən ki, səndə bir sirr var,

Ələnir başına yarpaqlar,quşlar, yağışlar...

Topu sənin ayağına vurur uşaqlar,

Gülümsə, Qəşəm ...

("Gülümsə, Qəşəm”)

Şair şeirin sonrakı bəndlərində müəyyən həyat həqiqətlərilə əlaqədar olaraq, onu narahat edən, düşündürən fikirlərini şərh etmişdir.

Bədii dil və üslub baxımından Qəşəmin şeirləri diqqətəlayiqdir. Onun poeziyasında obrazlı təfəkkür, həyat hadisələrinə fəal münasibət, aydınlıq və axıcılıq diqqəti cəlb edir.Şeirlərindəki səmimilik oxucunu ruhlandırır. Qələmə aldığı mövzunu çox vaxt bitkin bir dillə, poetik bir şəkildə oxucuya çatdıra bilir.

Bu gün qələm dostumuz Qəşəm müəllimin 60 yaşı tamam olur. Bu gözəl gündə şairə mənalı ömür, can sağlığı və həyatda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Vəliyulla Novruz.