Şair Ağa Ramazan - 55
Ramazanov Ağaəli Məmməd oğlu 1964-cü il iyun ayının 30-unda Şəki şəhərində anadan olmuşdur. Şəkidə orta təhsilini başa vurduqdan sonra 1981-86-cı illərdə Azərbaycan Neft Akademiyasında təhsil almış və 1986-89-cu illərdə təyinatla Qırğızıstana göndərilib. Həmin respublikanın paytaxtı Frunze-indiki Bişkek şəhərində maşınqayırma zavodunda müxtəlif vəzifələrdə çalışmış və sonra vətənə qayıdarak Şəkidə Yerli Sənaye Kombinatında mühəndis işləmişdir. 1992-ci ildən kommersiya ilə məşğuldur.
Ağa Ramazan yaradıcılığa orta məktəb illərındən başlamışdır. İndiyə qədər Ağa Ramazanın dörd kitabı oxuculara təqdim edilmişdir. Onun şeirləri müntəzəm olaraq respublika və rayon qəzetlərində cap edilir. Ağa Ramazan səmimi, həyati şeirləri ilə öz oxucuları tərəfindən sevilir. O, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əzəmətli Böyük Oafqaz dağlarını qarış- qarış gəzə- gəzə təbiət vurğunu olan Ağa Ramazana dünyaya gəlişinin 55 illiyi münasibəti ilə təbriklərimizi çatdırır və onun son şeirlərini oxuculara təqdim edirik. Salam-əleyk, Alp Ağa şeiri sevimli oğluna həsr edilib.
Salam-əleyk, Alp Aga!
Günü 11-ci gün,
O gün sanki toy-düyün.
Ürək sən də bir öyün!
Fərəhlənib dön dağa,
Salam-əleyk, Alp Ağa!
Ayı 11-ci ay,
Allahım, ən gözəl pay!
Oynayıram a bay-bay!
Keflənmişəm ay qağa,
Salam-əleyk, Alp Ağa!
İli 11-ci il,
Ötürsən sən də dil-dil.
Qabaqdadır çox şey bil!
"Tıstaba” yox, tısbağa.
Salam-əleyk, Alp Ağa!
Yıgmısan 11-ləri,
Görəsən ərənləri.
Görmə mən görənləri.
Çatasan gözəl çağa,
Salam-əleyk, Alp Ağa!
Fəsillər
Bu gün yazdı,
Keyfim sazdı.
Nə olsun ki,
Bu dünyada,
Kimə çoxdu,
Kimə azdı.
Dünya özü,
Əzəl gündən,
Natarazdı.
Sonra yaydı,
İsti vaydı.
Qapılar da,
Taybataydı.
Bu qapıdan
Keçənlərə,
Tanrı bilir
Hansı saydı.
Bu payızdı,
Sarı qızdı.
Yarpaqlar da
Çox halsızdı.
Gah istidi,
Gah da soyuq,
Qəlbim ona,
İnamsızdı.
Sonu qışdı,
Hər günümüz,
Ehtiyaca
Çağırışdı.
Qarı da az,
Keyfim nasaz.
Keçən ömür
Aldanışdı.
Muğayat ol!
Danışdıqca çox bərbaddan,
Umma ağıl sən arvaddan.
Düşsə də söz bil urvatdan,
Sözündən muğayat ol!
Günün ağdı, ya qaradı,
Əlac, çarə pul-paradı.
Getdiyin yol bil haradı,
Gözündən muğayat ol!
Bu əyrilər düzdədisə,
Sayğacımız yüzdədisə,
Abır-həya üzdədisə,
Üzündən muğayat ol!
Çəkildikcə hər bir nazın,
Qədrini bil çoxun, azın.
Hər gələndə bahar, yazın,
İzindən muğayat ol!
Yeyilənlər dadda qalır,
Yeyilməyən yadda qalır.
Hərə bir cür yadda qalır,
Özündən muğayat ol!
Şalvar qara, köynəyi ağ
Bu dünyanın çoxdu rəngi,
Yarımda var ən qəşəngi
Xoşdu qəlbə hər ahəngi,
Gah yaxınsan, gah da uzaq,
Şalvar qara, köynəyi ağ.
Sevməyən kəs,bil kəs deyil,
Bu il mənə,heç nəhs deyil
Incitməyin, de, bəs deyil,
Çəkdirmə gəl, sən bunca dağ,
Şalvar qara, köynəyi ağ.
Gözlərində, varsa gözüm,
Tez ol, qayıt, çoxdu sözüm
Elə bilmə, yoxdu dözüm
Dözən ürək, partlayacaq?
Şalvar qara, köynəyi ağ.
Fikrindəki, o aldanış,
Salır səni, bir az yalnış
Bunnan artıq, olmaz naxış,
Qoyma qapın bağlanacaq,
Şalvar qara, köynəyi ağ.
Ay qız danış, mənnən barış,
Edim dua, edim alxış,
Tutar səni, etsəm qarğış,
Getsən dünyam dağılacaq,
Şalvar qara, köynəyi ağ.
Bilirım ki, saf incisən,
Sən Ağanın sevincisən
Nədən küskün, sən inciksən?
Bəs məni kim saxlayacaq?
Şalvar qara, köynəyi ağ.
Don yas tutub ağlayacaq,
Şalvar qara, köynəyi ağ.
Silsilə şeirlər
( qardaşım Mirzəliyə )
Tez vurdun başa
Sənin hər baxışın nur, işıq idi
Indi bu zülmətə alışmaq olmur
Axşamki yuxular, qarışıq idi,
Insana boş əllə çalışmaq olmur
Sənin yoxluğunla barışmaq olmur.
Yaxşılıq ömrünə yaraşıq idi,
Sən axı hamıdan yaxşıydın, yaxşı!
Məqsədin, məramın barışıq idi,
Tapdın hardan belə acı naxışı?
Tutdu yaman səni iblis qarğışı!
Düzü hamı sənə çox aşiq idi,
Yaxşını həyatda kim istəməz ki?
Duruşun,baxışın tamam şux idi,
Tanrı öz bəndəsin heç pisləməz ki...
Bilmıdik Əzrayıl tez izləməz ki?
Ucalıq gətirdin qohum-qaradaşa,
Xeyirxah işlərin çıxardı başa
Indi mən bu başı, vurummu daşa?
Gözlərdən axan yaş döndükcə selə,
Ölümün bir anda yayıldı elə.
Əfsuski, ömrünü tez vurdun başa,
Ömrün çoxu kimi vəfasız çıxdı
Qorxuram bu dərdən ağlımda çaşa,
Etdiyin etibar gümanı yıxdı,
Əzəldən bu dünya, zatı qırıqdı!
Sənin hər baxışın nur,işıq idi,
Yaxşılıq ömrünə yaraşıq idi,
Düzü hamı sənə çox aşiq idi,
Ucalıq gətirdin qohum-qardaşa,
Əfsuski ömrünü tez vurdun başa.
-2-
Rəsminə baxmaq ağır
Səndən bir az aralı,
Dünya yox olur itir
Artıq qəlbim yaralı,
Içində dərdlər bitir
Itib-bitən qardaşım!
Gör özünə nə etdin...
And yerim,məhəng daşım,
Yaman narazı getdin
Bu qəbirin,başdaşın,
Rəsminə baxmaq ağır
Töküb qaş-qabağını,
Baxırsan fağır-fağır
Hey yanıram istinə,
Odlanıram tüstünə
Gözümdən yaşlar axır,
Bu qapqara büstünə
Itib-bitən qardaşım!
Ey dünənim,yaddaşım!
Son vaxt ölüm sətrinə,
Yaman qarışıb başım
Səni səbrin apardı,
Dünyamızdan qopardı
Bu vaxtsız ölümünlə,
Həyat sənə qutardı
Həm arxaydın,həm öndün
Işlərə çəmdin, yöndün
Sən hamının gözündə,
Artıq tarixə döndün.
Bir az səndən aralı,
Dünya yox olur,itir
Artiq ürək yaralı,
Içində dərdlər bitir
Itib-bitən qardaşım!
Rəsminə baxmaq ağır
Neynəyim mən bu axşam?
Üstünə yağış yağır.
-3-
Üstünə yağış yağır,
Üstünə yağış yağır,
Xəbərin var yağışdan?
Ey təmkinli qardaşım,
Yarımadın naxışdan
Üstünə yağış yağır,
Islanır hey başdaşı
Əlimdən heç nə gəlmir,
Yastığımda göz yaşı
Indi orda zəhləni,
Tökən yoxdu, qardaşım!
Daha sənin bəhrəni,
Sökən yoxdu, qardaşım!
Bəlkədə anam indi,
Qəbirdə saçın yolur
Sən demə bu həyatda,
Olanlar bir anda olur
Bəlkədə səndən qabaq,
Ölməsəydi o yazıq
Öldürərdi özünü,
Təzə qəbir qazardıq
Üstünə yağış yağır,
Üşüsən məni çağır
Bu dünyada yaşamaq,
Ordakındanda ağır
Qalxıb hövlank yerimdən,
Üz-gözümü silirəm
Artıq yoxsan həyatda,
Bu mənanı bilirəm
Itirib vuran qolu,
Üstəlik sağı,solu
Gəlirəm evdən çıxıb,
Yolum məzarlıq yolu
-4-
Yolum məzarlıq yolu
Yolum məzarlıq yolu,
Hər yan qəbirlə dolu
Fanarım işıq salır,
Seçirəm sağı-solu
Yolum məzarlıq yolu,
Dərdimin boldan bolu
Görürəm şəklindəki,
O biləyi, o qolu
Necədə sağlam idin,
O əzələ, o güclə
Ölüm nə tez dayandı,
Boğazında ülgüclə
Sən dünyaya gələndən,
Səni talan etdilər
Bütün həqiqətini,
Tamam yalan etdilər
Puç olduqca diləklər,
Yıxdı səni kələklər
Aldı səni əlimdən,
Şeytan xislət mələklər
Mən çoxdandı özümlə,
Olammıram, qardaşım!
Yanında bunnan artıq,
Qalammıram, qardaşım!
Səndən ötrü darıxıb,
Qayıtmağım bilki var
Hamı səndən öyrənsin,
Nədir həyat, düz ilqar.
Yolum məzarlıq yolu,
Hər yan məzarla dolu
Burda MİRZƏLİ yatır,
Ürəyidə dopdolu.
Qəlbinə, xətrinə dəyməsəm olmaz!
( Xəzangül xanıma )
Sən məni o qədər incitmisənki,
Mən sənin xətrinə dəyəsi oldum.
Yumşaldıb o qədər incəltmisənki,
Bir azda qəddimi əyəsi oldum,
Bu qəddi,qaməti əyməsən olmaz?
Sən mənim xətrimə dəyməsən olmaz?
Nə deyim sözlərim xoş gəlsin sənə,
Həmişə yaxşılar tuş gəlsin sənə,
Yediyin,içdiyin nuş gəlsin sənə,
Bu sevda yolunda,cuş gəlsin sənə,
Demirsən sən məni,öyməsən olmaz?
Qəlbimə,xətrimə dəyməsən olmaz?
Könlümün qismətə etirazı çox
Məəttəl qalmağın bir mənası yox
Mən sevən gözləri görməmişəm tox
Sevdalı baxışlar,həm iti,həm ox
Eh,dikib gözünü,döyməsən olmaz?
Qəlbimə,xətrimə dəyməsən olmaz?
Dünənin səhvləri,bu günə xəta,
Sən mənə bəxşişsən,Tanridan əta,
Bir əldə gül-çiçək,bir əldə buta,
Gəl elə etmə ki,hər bir şey bata
Bu işi bağlayıb,düyməsəm olmaz!
Qəlbinə,xətrinə dəyməsəm olmaz!
Sıxmışam köksümə nimdaş dərdimi
(Qara Əhmədliyə)
Yaradan yaradıb bu cürə məni,
Elə bil bir məsum uşaq kimiyəm
Yandırıb yaxıbdı hər cürə məni,
Qırılmış bir tarın qəmli simiyəm
Elə bil bir məsum uşaq kimiyəm
Atdılar,getdilər tez tərk etdilər,
Hələdə anamın gözləri yaşlı
Həmişə hər şeyi gec dərk etdilər
Olsada yollarım çınqıllı,daşlı
Hələdə anamın gözləri yaşlı
Unudub bir azca tənhalığımı,
Sıxmışam könlümə nimdaş dərdimi
Yığıb-yığışdırıb başa ağlımı,
Tapaydım namərdlə,həm də mərdimi
Sıxmışam köksümə nimdaş dərdimi
Öldükcə doğmalar,bir də tanışlar,
Qırılır qəlbimdə ruhun yarpağı
Vaxt gələr sevdiyim məni bağışlar,
Tökdükcə qəbrimə göz yaşı,ağı
Qırılır qəlbimdə ruhun yarpağı
Yaradan yaradıb bu cürə məni,
Elə bil bir məsum uşaq kimiyəm
Yandırıb yaxıbdı hər cürə məni,
Qırılmış bir tarın qəmli simiyəm
Elə bil bir məsum uşaq kimiyəm
Vaxt artıq düşmənimdir
Vaxt artıq düşmənimdir,
Zamansılıq istəyirəm
Bir azcada bu qəlbimdən,
Amansızlıq İstəyirəm
İstəyirəm qəzəbimlə,
Haqsızlığa mane olum
İstəmirəm əvvəlki tək,
Hər bir şeyə qane olum
Ölüb-itən vaxtım üçün,
Hesabatda aparmıram
Yatıb-batan baxtım üçün,
Vay-şivəndə qoparmıram
Vaxt artıq düşmənimdir,
Baxt artıq düşmənimdir
Bircə onu bilirəmki,
İkisidə mənimkidi
İki qorxu bir ölümdü,
Demə ölüm lap zülümdü
O avara, mənsə veyil,
Ölüm artıq düşmən deyil
Bəs nədən,niyə?
Şirini,acını dadmışam bir az,
Başımı dərdimlə qatmışam bir az
Üstəlik yorulub yatmışam bir az
Dünənim sabaha çıxmadı yiyə,
Baş aça bilmədim,bəs nədən,niyə?
Bu gündə mən buyam,sabahda buyam,
Bir əli odamsa,bir əli suyam
İstərəm keflənib lap tamam uyam,
Nələri görmüşdüm oldu fərziyə,
Baş aça bilmədim,bəs nədən,niyə?
Bu həyat işgəncə,ömür işgəncə,
Oyanıb yuxudan gəlmişəm təngə
Gedirəm beləcə sonuncu zəngə,
Dünyanın özüdə ağlar mərsiyə,
Kişisən baş aç ki,bəs nədən,niyə?
De gəlsənə!
Görünmürsən çoxdandı qız!
De gəlsənə,de gəlsənə
Keçən ömür yoxdandı qız!
De gəlsənə,de gəlsənə
Bu sitəmlər nələr yaxdı,
Olanlarda bizə haxdı
İtib-batdın gör nə vaxtdı,
De gəlsənə, degəlsənə
Əsdiklərim mehin üstə,
Gəzdiklərim şehin üstə
Nə deyirsən,başım üstə,
De gəlsənə,de gəlsənə
Gözdən yaşlar axdırımmı?
Gedib fala baxdırımmı?
Qapı-qapı axdarımmı?
De gəlsənə,de gəlsənə
Ağız dolu varsa sözüm,
Bu hicrana yoxsa dözüm
Öldürərəm səni özüm,
De gəlsənə,de gəlsənə
Hər oyuna fənd olmağa,
Şirin,şəkər,qənd olmağa,
Ağayada bənd olmağa,
De gəlsənə,de gəlsənə!