BİR OVQATIN ŞƏKİLİ - Əbülfət MƏDƏTOĞLU yazır
Göy diksindi, silkələnən buludlar
gilə - gilə yer üzünə töküldü...
İçimdəki milyon illik umudlar -
ilmə - ilmə, köynəyim tək , söküldü...
Tüstüləndi "Ah!" sinəmdən göylərə...
gözlərimin qaranlığı qayıtdı...
İnanmırdım ruhum belə kövrələ -
bir baxışın şehi məni ayıltdı...
Baxıb gördüm otaq olub yelçəkən
Torranıbdı köhnə , təzə yaddaşım...
Ürəyimdən ürəyinə tel çəkən -
Qorranıbdı , köhnə səsə yaddaşım...
İndi qəmə əl ağacı kimiyəm
Tərpənəndə, əl uzadıb götürür...
Yer gəzirəm - bucağında kiriyəm -
Kimsə məni, gözü yaşlı ötürür...