adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 May 2019 17:08
16273
ƏDƏBİYYAT
A- A+

REZİDENT

SSRİ-nin xalq artisti Georgi Jjyonov Sovet məkanında çox populyar və sevilən aktyor olub. O, geniş aktyorluq diapazonuna malik teatr və kinoda bir-birinə zidd, güclü xarakterlər, müxtəlif təbiətli, sadə və təvazökar, güclü və cəsarətli insanların obrazlarını insandırıcı boyalarla göstərməklə tamaşaçı məhəbbətini qazanıb. Jjyonovun özünəməxsus təbii oyunu, plastik və aydın nitq qabiliyyəti, habelə psixoloji cəhətdən çox dəqiq və yüksək intellektual səhnə mədəniyyətilə çoxlarından fərqlənirdi. Aktyorluqdan əlavə o, istedadlı qələm sahibi kimi də bir neçə kitabın müəllifi olub.


Jjyonov Georgi Stepanoviç 1915-ci il martın 22-də inqilabdan əvvəlki Petroqradda anadan olub. Cavan Georgi əvvəlcə akrobat olmaq həvəsi ilə Leninqraddakı estrada-sirk texnikumunda təhsil alıb. Sonra meylini teatr və kinoya verib. 1935-ci ildə Jjyonov Leninqrad teatr məktəbində S.Gerasimovun sinfində oxuyub. 1938-1944 və 1949-1954-cü illərdə o qanunsuz və ədalətsiz represiyaya məruz qalaraq həbs olunub. Həbsxana həyatını yaşayarkən Jjyonov çilingər, sürücü, meşəqırıcı peşələrinə də yiyələnib. Demək lazımdır ki, kino çəkilişləri zamanı bu peşələri bilməsi ona yardımçı olub. Sonralar Jjyonov 1944-65-ci illər ərzində ölkənin müxtəlif şəhərlərinin teatr səhnələrində çıxış edib. Nəhayət, bir müddət Lensovet teatrında işləyib.1969-cu ildən isə Moskvadakı Mossovet teatrının truppasına daxil olub. Bu teatrın səhnəsində Jjyonov bir sıra tamaşalarda yaddaqala obrazları oynayıb. O cümlədən: Palçikov (A.Arbuzovun "Gecə işığı"), Norman Tayer (E.Tomsonun "Qızıl gölün sahilində"), Panayev (A.Şteynin "Qara qardemarin") və Diktator (R.İbrahimbəyovun "Kaliforniyada yas mərasimi") - premyeradan sonra bu əsər rəsmi ləğv olundu. Jjyonovun kinoda ilk çəkilişi 1933-cü ildə "Qəhrəmanın səhvi" (səssiz filmdə) Paşka Vetrov rolu olub.

Georgi Jjyonov aktyorluq sənətinin çətin və maraqlı yolunu keçib. Onun yaradıcılığının əsas mövzusu oynadığı qəhrəmanların fədakarlığı, xeyirxahlığı və işə məsuliyyətlə yanaşması olub. Aktyorun ifasında xüsusilə möhkəm iradəli xarakterə malik olan insanların obrazları daha uğurlu alınırdı. Lakin Jjyonov müsbət qəhrəmanlarla bərabər mənfi rolları da, onların mürəkkəb, insan təbiətinin bir-birinə oxşamayan xasiyyətini də ustalıqla göstərməyi bacarırdı. O ardıcıllıqla televiziya və kinoda da müxtəlif səpkili rollar oynayıb. Bu rolların sırasında avtoinspektor ("Avtomobildən özünü qoru", 1966), Muromtsev ("Mənim sevdiyim insan", 1967), Villi Stark ("Kralın bütün qoşunu", 1971, t/f), General Bessenov ("Güclü qar", 1973), RSFSR Dövlət mükafatına və Dovjenko adına gümüş medala layiq görülmüş filimlər var. Bunlardan əlavə Jjyonovun ifasında çox uğurlu sayılan Sergey Petroviç ("Gecə qonağı", 1959, t/f), Qnezdilov ("Sakitlik", 1964), Rayevski ("Eskadranın məhvi", 1966), general Timerin ("Saturna yolu" və "Saturnanın sonu", 1967, "Qələbədən sonra döyüş", 1972), Suxoxlyobov ("Doktor Vera". 1968), Emelyan Lyubavin ("Lyubavinlərin sonu", 1972), Zubavin ("Hədəf seçimi", 1976), Timçenko ("Ekipaj, 1980) və digər rolları göstərmək olar. Jjyonovun kinobioqrafiyasında masştab rollar hesab edilən Zarokov-Tulyev ("Rezidentin səhvi", 1968, "Rezidentin taleyi, 1970 və "Rezidentin qayıtması", 1982) filmlərinin qəhrəmanı daim daxilən digər personajlarla mübahisə edir və bu qarşıdurmada onun xarakterinin böyüklüyü özünü biruzə verir. Bu barədə ətraflı bir qədər sonra.

Əgər Jjyonovun oynadığı rolları təsnifat etsək, görərik ki, onun qəhrəmanlarının əksəriyyəti hərbiçilərdir; serjant Jeltıx ("Üçüncü raketa"), batalyon komissarı ("Təslim olmayan insan"), mayor Braytsov ("Düzəlişə inanmaq") və başqaları. Jjyonov oynadığı personajların hamısını demək olar, fərdiləşdirib: təbii və inandırıcı şəkildə təsvir edib. Lakin aktyorun əsas və başlıca rolları əkskəşfiyyata rəhbərlik edən yüksək rütbəli zabitlər daha çox yadda qalır. Buna misal "Saturna yolu" və "Saturnanın sonu" ekran əsərindəki general Timerini göstərmək olar. Filmin qəhrəmanı cəbhədə şiddətli döyüşlər gedən zamanı rəhbərlik etdiyi kəşfiyyat mərkəzində oturub, gecə və gündüz düşmən arxasında məxfi iş aparan tabeliyində olanlardan məlumat aldıqdan sonra lazım olan qərarları verir.

"Hədəflənmiş atom" filminin qəhrəmanı isə bizim müasirimiz olan polkovnik Dubrovindir. O, cavan, təcrübəsiz oğlanın az qala xarici kəşfiyyat tərəfindən ələ keçirib və onu vətən xaini etməkdən xilas edir. Sonra Dubrovin Sovet ölkəsinin ərazisində təxribat işi aparan təhlükəli düşmən agentlərinin axtarıb tapılmasında həmin oğlanın köməyindən istifadə edir.

Demək lazımdır ki, Jjyonovun əkskəşfiyyatçıları hərbiçilərdən fərqli olaraq daha səmərəli üsullardan istifadə edə bilirdilər. Onlar daha dərin düşüncəyə və analitik qabiliyyətə malikdirlər.

"Rezidentin səhvi" və "Rezidentin taleyi" filmində Zarokov familiyalı xarici vətəndaş sövet ölkəsinə gəlib. Əslində o, Tulyev adı ilə emiqrant kimi özünü göstərir. Jjyonovun bu rolu indiki halda maraqlı olsa da, olduqca mürəkkəbdir. Zarokov təxribat işləri aparmaq məqsədilə xarici kəşfiyyat tərəfindən SSRİ-yə göndərilib. O, vaxtilə ölkədən xaricə qaçmış ağqvardiyaçının oğludur. Qərib ölkədə yaşadığı illərdə ona Rusiyaya nifrət hissini aşılayıblar. Lakin Rusiyaya gələndən sonra gənc psixoloji və mənəvi böhran keçirir. Tezliklə o, vətənə xəyanət etmək fikrindən vaz keçir. Təkcə ona görə yox ki, Rusiya atasının vətəndiri. Zarokov burada çox yaxşı adamlarla tanış olur və onu özünkü hesab edirlər. Bir qadını sevdikdən sonra isə Rusiyada "kök salır" və xarici kəşfiyyat üçün işləməyi başından çıxarır.

Müxtəlif obrazlar yaratmaqla bərabər, Jjyonovu xüsusi tipajları oynamaq daha çox cəzb edirdi. Özünün dediyi kimi, -"Məndə güclü xarakterlər, iradəli, dözümlü və çətin anlarda soyuqqanlı olan qəhrəmanları oynamaq istəyi var idi."

... Faşistlərin işğal etdiyi əraziyə düşmüş yaralı komissar, polkovnik Suxoxlyovu doktor Vera həyatı ilə risk edərək, onu hospitalda saxlayır. "Doktor Vera" filminin qəhrəmanı özünü aqronom kimi qələmə verir və səbrli, azdanışan, qaraqabaq adam kimi göstərməyə çalışır.

G. Jjyonovun yaratdığı qəhrəmanlar müxtəlif qiyafədə, mənəvi-əxlaqi və ictimai mövqeyindən asılı olmayanlar daha yaxşı baxılırlar. Aktyorun maraqlı obrazlarından biri də Amerika yazıçısı Robert Penn Uorrenin "Kralın bütün qoşunu" romanı əsasında çəkilmiş eyniadlı televiziya filminin qəhrəmanı Villi Stark rolu sayılır. Əyalət vəkili, sonralar ştatın qubernatoru olan Villi Stark Jjyonovun ifasında asanlıqla tanınan əsl tipik amerikalı siyasətçidir. Gülərüzlü, cazibəli xarici görkəmi, demokratik xarakterli, tribunadan sərbəst, aydın nitqlə danışan centlmendir. Lakin o, gözəl çıxışı ilə utanmaz demaqoqluğunu gizlətməyi də bacarır.

Jjyonovun "Güclü qar" kinofilminin personajı general Bessanovun bütövlükdə konkret, məqsədyönlü, sifətindəki qırışlar isə yaşadığı ağır və çətin günlərin əlamətidir. Onun ifasında general Bessenovun bir fərd olması açıq-aşkar görünür. Burada aktyor böyük imkana malikdir. Çünki filmin bünövrəsini Yuri Bondarevin istedadlı romanı və aktyorun məharətli ifası ekran əsərinin müvəffəqiyyət qazanmasına səbəb olub.

Filmin əvvəlində Jjyonovun qəhrəmanı sərt və quru, hissiyatsız, sanki iradəsi bərk sıxılmış halda təsvir olunub, qaraqabaq, əsgəri ruhlandırmağa sözü olmayan komandirdir. Stalinqrad uğurunda şiddətli döyüşdə ordu generalı təkcə tabeliyində olanlarla deyil, ilk növbədə özünə qarşı sərt və amansız görünür.

Filmin bir epizodunda Bessonov hərbi şuranın üzvü komissar Vesnin ilə blindajda təkbətək söhbət zamanı mübahisə etməs onun kəskin psixologiyasını və əsəbi halda danışmasını başa düşmək çox vacibdir. Qısaca həmin dialoqa aydınlıq gətirmək üçün generalın sözlərini təkrar etmək yerinə düşər. Bessonov komissara sakit tərzdə deyir:"Əgər mən fikirləşsəm ki, onların atası, anası, uşaqları var və onları evdə gözləyirlər, o zaman əmr etmək mənim üçün çətin olar. "

Yalnız döyüş başa çatandan sonra general Bessonov sakitləşir, sağ qalmış əsgərlərin əlini sıxır, orden və medallarla təltif edir və onlara çox sağ ol deyir.

Beləliklə, demək olar, Georgi Jjyonov mətin iradəli, güclü, fədakar, vətənin azadlığı uğurunda hər bir çətinliyə dözən insanların obrazlarını sovet kinosənətində parlaq şəkildə canlandıran qabaqcıl aktyorlardan biridir. Bəlkə də birincisidir.

Sonda qeyd etmək lazımdır ki, Georgi Jjyonov "Sozvezdiye" (1992) və "Kinotavr" (1995) festivallarında kinosənəti sahəsində göstərdiyi xidmətlərə görə xüsusi mükafatlara layiq görülüb.

Böyük həyat təcübəsinə malik olan istedadlı sənətkar Jjyonov eyni zamanda bacarıqlı qələm sahibi sayılır. O, "Omçaq vadisi" (1989), "Xizəklər" (1997) və "Yaşadığım günlər" (2002) kitablarının da müəllifidir.

G. Jjyonov ömrünün axırına kimi Rusiya Federasiyasının Prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarına yardım və onların inkişafı institutlarının şurasının üzvü olub. Onun həyatı və yaradıcılığı barədə sənədli film də çəkilib.

Həyatın hər bir sınağından çıxmış, istedadlı, unudulmaz aktyor və yazıçı Georgi Stepanoviç Jjyonov 2005-ci il dekabrın 8-də 90 yaşında Moskvada vəfat edib.

Həsən Tağıyev

Tel.: 569 17 09