Mücrim təxəllüslü şairimiz
Mücrim Kərim Vardani Oğuz (keçmiş Vartaşen) rayonunun Kərimli (keçmiş Vardanlı) kəndində anadan olmuşdur.Doğum və ölüm tarixləri bəlli deyil.
Şeirlərində toxunduğu mövzular və tarixi hadisələr
onun XVIII yüzilliyin sonlarında doğulduğunu və XIX əsrin ortalarına qədər həyatda
olduğunu göstərməkdədir.
Əlyazmalarda şairin həyatı və əsərləri barədə
çox az məlumat verilir. Əsərlərinin cüzi bir hissəsi bizə gəlib çatmışdır.
Şairin şəxsiyyətinin başqa şairlərlə eyniləşdirilməsi və ya əsərlərinin
başqalarının adına çıxılması hallarına da təsadüf edilmişdir (Molla Kərim Kəşfi,
Aşıq Ələsgər və s.)
M.Kərimin şeirlərini ilk dəfə S.Mümtaz özünün
"El şairləri” kitablarında çap etdirmişdir.Ötən əsrin 60-70-ci illərində isə
Ə.Cəfərzadə onun haqqında bir neçə məqalə yazmış və əldə olan şeirlərini
"Sünbülstan” adı ilə 1978-ci ildə "Gənclik” nəşriyyatında cap
etdirmişdir.Sonralar Ə.Cəfərzadənin tədqiqatları akademik F.Qasımzadənin "XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi” kitabına daxil edilmişdir.Son dövrlərdəki tədqiqatlarda
da M.Kərimin həyatı və əsərləri barədə müəyyən məlumatlara rast gəlmək
mümkündür. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib
və nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları " kitabında
digərləri ilə yanaşı M.K.Vardaninin də multukultural dəyərləri özündə əks etdirən,
dünyaya sülh, barış və qardaşlıq mesajları verən yaradıcılığı barədə məlumat
verilmişdir.
Əsərlərindən və müasirlərinin yazdıqlarından belə
anlaşılır ki, Mücrim Kərim öz dövrünün mədəni və savadlı şəxslərindən biri
olmuş, ərəb-fars dillərini mükəmməl bilmişdir.Təsadüfi deyildir ki, dostu
Ə.Qarağani onu "sahibkamal, alim, şair, haqq aşığı, şairlər şahı və tamam məclislərin
yaraşığı” kimi təqdim edir."M.K.Vardaninin həyat və yaradıcılığı”
monoqrafiyasının müəllifi G.Pənahın tədqiqatlarında M.Kərimin bir müddət
ikisinifli rus dilli məktəbdə müəllimlik etdiyi də qeyd olunur. O, müasirləri və
həmyerliləri olan A.Padarlı, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən və
Ə.Salami ilə sıx əlaqə saxlamışdır. Adları çəkilən şairlər M.Kərimin öz evində
təşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvləri olmuşlar.M.Kərim başda
olmaqla onların Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, o
cümlədən Şamaxıdakı "Beytüs-Səfa” ədəbi məclisində iştirak etdikləri də istisna
olunmur.
Şair səyahət etməyi çox sevmişdir.Əsərlərindən də
göründüyü kimi, o, Türkiyə, İran, Rusiya və ərəb ölkələrini gəzib dolanmış, Həcc
ziyarətində olmuş, bir müddət Türkiyə sultanının sarayında yaşamışdır (G.Pənah).Qoşmalarının
birində Ərəb, Əcəm, Dağıstanı, Gürcüstanı gördüyünü, Təkə-Türkmən çöllərini
seyr etdiyini, türklərlə çörək kəsdiyini, Noğay, Çərkəz və Rusiyanı gəzdiyini
söyləyir. "Peterburq” rədifli natamam qoşmasında isə şair burada olduğunu
bildirir və "Dəryada gövhər tək daşdı Peterburq”, "Hamı vilayətdən başdı
Peterburq” söyləyərək şəhəri tərif edir. Peterburqla İranı qarşılaşdıran
M.K.Vardani Peterburqun timsalında Qərb həyat tərzinə və Qərb mədəniyyətinə öz
münasibətini bildirir.
M.K.Vardani sözə, sənətə böyük qiymət verir,
yazarlardan elm, bilik, yüksək mədəniyyət, qavrama qabiliyyəti, ariflik və
şeirdə dürdanəlik tələb edirdi. "Bu yerlər” adlı müxəmməsində bu barədə
deyirdi:
Şairi-fərzanə gərək şeirdə,
Arifi-hər nəzmü nəsəq nəsrdə.
"Bir mənəm ancaq ki, olan şəhrdə, dürri-girənmayə
kimi bəhrdə” deyən M.Kərim hələ sağlığında özünü əsl şair kimi təsdiq etmiş, həm
mənzum, həm də mənsur (qismən) əsərlər yazmışdır.
M.Kərimin Əlyazmalar İnstitutunda saxlanılan və
121 vərəqdən ibarət olan A-347 şifrəli əlyazmada "Sünbülstan” adlı divançası
qorunur.Bu divança avtoqrafdır, müəllif tərəfindən 1840-1841-ci illərdə
köçürülmüşdür.Divança dibacə (müqəddimə) ilə başlanır və 23 qəzəli əhatə
edir.Dibaçədə isə nəzm və nəsr bir-birini izləyir. Divançanın adı barədə müəllif
belə bir qeyd vermişdi: "... gahi giley-güzarlıq bina qılıb gahi həmdü səna
qıldım və ol məcməi "Sünbülstan” adlayıb şakər isminə tapşırdım. Qərəz bu ki, rəğbət
olunub məhafil və məcalisdə oxunsun və "Sünbülstan” adlanmaqda qərəz odur ki, mənim
mürği-ruhum onun daimi təsxirində müqəyyəddir”.
Onun yaradıcılığının əsasını xalq (aşıq) və
klassik şeir tərzində yazdığı əsərlər təşkil edir.Xalq (aşıq) şeiri tərzində
olan əsərləri qoşma, təcnis, gəraylı, bağlama və bayatı, klassik şeir tərzində
olan əsərləri isə qəzəl, müxəmməs, müstəzad və mürəbbe şəkillərindədir. O,
klassik şeir tərzində yazdığı əsərlərdə əruzun 6 bəhrindən istifadə etmişdir.
Şairin yaradıcılığına xalq (aşıq) ədəbiyyatı, M.Füzuli və M.P.Vaqifin təsiri
daha çox duyulur.
M.Kərimin yaradıcılığında müxtəlif mövzulara
müraciət olunsa da, aparıcı mövzu məhəbbətdir.
Şairin əsərlərində saf və təmiz məhəbbət tərənnüm
olunur.Təsvir olunan gözəllər real həyatda yaşayırlar.Amma bu gözəllərin heç cənnət
bağında da tayı bərabəri yoxdur, onların hüsnü göydə Günəşi və Ayı
utandırır.
Camalın artıqdır şəmsü qəmərdən.
Yolunda keçmişəm can ilə sərdən,
Biçarə Kərimi salma nəzərdən,
Əgərçi kafərəm, gəldim imanə.
M.K.Vardaninin məhəbbət mövzusunda olan şeirlərində
sevən ürəyin döyüntülərini, aşiqin çəkdiyi ahu zarı və intizarı aydın görmək
mümkündür:
Fələyin əlindən qılan ahu zar,
Biri mənəm, biri, ya rəb, kim ola ?
Gülü-rüxsarına çəkən intizar,
Biri mənəm, biri, ya rəb, kim ola ?
Şair sevdiyi gözələ "şahü sərvərim”, "şahi-zəmanə”,
"sultanım, sərdarım, ağam”, "sonam”, "təbibim” deyə müraciət edir, "Şahbazi-aləm
mən səni billəm” söyləyir. Sevdiyinin "fəraqü hicrində qalan” aşiqin dili ilə
deyilir:
Ey ağalar, könlüm çapdı ələmlər,
Sultanım, sərdarım, ağam gəlmədi.
Dərdü qəm tapdağı olmuşam həmin,
Göz qaldı yollarda, sonam gəlmədi.
Lirik qəhrəman çəkdiyi əzab-əziyyətdən usanmır,
"Əritdi canımı atəşi hicran”, "Gözüm yaşı oldu dəryayi-ümman” desə də, qətiyyən
bədbinliyə qapılmır, şükr edir, gələcəyə nikbin baxır:
Ağlama zar, ey Kərim, şükr elə allahına,
Rəyin ilə dövr edər gərdişi-dövran bu gün.
M.Kərim gözəlin daxili və xarici aləmini vəhdətdə
götürür.Şairə görə, zahiri gözəllik gözün, daxili gözəllik ruhun sevdiyi, dəyərləndirdiyidir.
Görsəm günəş cəmalın zahidlərə nümayən,
İbadətin unutsun hər alimi-abidat....
Göftarə gəl, həbibim, şəkkərfəşanlıq eylə,
Ta heyrətə boyansın hər aqilu kamilat.
O, İ.Nəsimi kimi kamil insanı "canımın cananəsi”
hesab etməklə "insan yer üzünün əşrəfidir” hökmünü bir daha təsdiq edir. M.Kərim
yüksək qiymət verdiyi insanın alçaldılmasına, onun əzablara qatlaşmasına,
amansız istismara məruz qalmasına, cahilliyə, "dərbədər” və "qəmxar” olmasına
dözə bilmir, acı-acı şikayətlənir:
Mənə ol qədr təğafül elədi munca zaman,
Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.
Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin,
Həmdəm ol bir neçə dəm mən kimi qəmxarə, sabah.
"Çıxıbdır” adlı qoşmasında isə şair "Bizim zəmanənin
zayı çıxıbdır” deyərək konkret içtimai nöqsanlardan və yaramazlıqlardan söz
açır:
Naçalniklər alıb qoyun-quzunu,
Kafər görsün pristavın üzünü,
Demək olmur bircə sözün düzünü,
Gərilmiş kamanın yayı çıxıbıdr.
Yüzbaşı aparır dəni, samanı,
Kəndxuda söyləyir hərzə, yamanı,
Mollanın, qazının çıxıb yalanı,
Əfəndilər lap hərcayı çıxıbdır.
Şairin yaradıcılığında vətən gözəlliklərinin təsviri,
vətənin tərənnümü və vətənə məhəbbət qırmızı xətlə keçir.Bunu onun 16 bəndlik
naməlum bir şairə qarşı yazılmış hərbi-zorba səciyyəli "Bu yerlər” rədifli müxəmməsində
daha aydın görmək mümkündür.Bu əsər Vətənə özünəməxsus ekskursiya təəssüratı
oyadır.
Müxəmməs şairin doğma yurduna və onun şanlı
tarixinə məhəbbət hissi ilə yazılmışdır. M.Kərim fəxrlə "bu yerləri” – Vətəni
"gürz ilə qalxan”, "sahibi ürfan”, "sünbülü reyhan”, "baği gülüstan”, "sərvi
xuraman”, "pələngü aslan”, "Mücrimi Vardan” yeri adlandırır. O, məmləkətin qədim
tarixə malik olduğunu, bilikli adamların, ürfan sahiblərinin diyarı olmasını, vətən
övladlarının böyük qəhrəmanlıqlara qadir olduğunu nəzərə çatdırır. Yadelli
işğalçılara, "şahi-firəng”lərə nifrətini bildirir, onlara "it kimi üstümüzə
hürmə, gürz ilə başını əzərik” deyir.Ə.Cəfərzadənin qənaətinə görə, bu müxəmməs
M.F.Axundzadənin "Hekayəti-Molla-İbrahim Xəlil kimyagər” əsərində toxunulan
hadisələrlə səsləşir.
Vətən torpağını "göz dərmanı” sayan M.K.Vardani
hər dəfə səyahətə çıxanda bir ovuc torpaq götürər, yad eldə Vətənin qoxusunu bu
torpaqdan alarmış. O, qurbətdə şah olmaqdansa, öz ölkəsində dilənib gəzməyi
üstün tutur və bu barədə bayatılarının birində belə söyləyir:
Əzizinəm, dilən gəz,
Süsən, sünbül, dilən gəz.
Kərim, Rumda şah olma,
Vardanlıda dilən gəz.
M.Kərimin nəsri də maraq doğurur.Bura onun
divançasının dibaçəsində nəsrlə yazılmış parçalar və əlyazmalarının birində
Fövqü Şirvaninin Məhərrəm Pəhlivan barəsindəki şeirinə verilimiş şərh aid edilə
bilər.
Birincidə, ədib illərlə uğrunda cəfalar çəkdiyi
dostundan zülm və xəyanət gördüyündən söz açaraq M.Füzulinin məşhur "Vəfa hər
kimsədən, kim, istədim, ondan cəfa gördüm” başlıqlı qəzəlini xatırladır və
deyir: "Bəs hər yerdən əlim üzülüb, bir yari-vəfadar
qalmayıb”.
İkinci nümunədə isə, ləzgilərin Şəkiyə hücumu, Şəki
üsyanının aqibəti, Məhərrəm Pəhləvan və İlisu sultanı Danyal bəy haqqında
izahat verilir.Ədibin nəsr əsərləri XIX əsr nəsr dilini öyrənmək baxımından
faydalı mənbədir.
İmran VERDİYEV
Oğuz rayon Yaqublu kənd tam orta
məktəbinin müəllimi, Əməkdar müəllim.