adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 May 2019 15:16
21394
ƏDƏBİYYAT
A- A+

“ Gülüstan inciləri -9“ və “Vardır intizarı xarı bülbülün” kitablarının təqdimatı keçirilib

Quba rayon MKS-də "Gülüstan” elmi-ədəbi məclisinin 9-cu toplusunun və şair Rizvan Qiblədağlının "Vardır intizarı xarı bülbülün...” ilk şeirlər kitabının təqdimatı keçirilib. Bakıdan,Xaçmazdan,Şabrandan və Qubanın özündən olan yazarların iştirak etdiyi tədbiri giriş sözü ilə "Gülüstan elmi-ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvi Şixəmməd Seyidməmmədov açaraq, iştirakçıları salamladı.

Kitabın təqdimat mərasimində rayon MKS-nin direktoru Saməddin Nəsirov, tanınmış şair, "Şabran” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvi Qafar Süleyman, yazarlardan Pirəli Rüklü, Mehrəli Qulu, Böyükağa Ağa, Asvar Tufandağlı, Mövlud Ağamməd, Cabir Albantürk, Nəzər Mirzəyev, Rizvan Qiblədağlı, Səxavət Ənvəroğlu, Qızbəs Oruc, Emfira Ərkli, Məmmədağa Salman, Sabir Kazımoğlu, Yusif Elli, Müşfiq Fərzəliyev, Rəfail Agah, Məhərrəm Mustafa, Fizuli Baratov, Qüdrət Minhacoğlu və başqaları çıxış edərək hər iki kitab haqqında fikirlərini bildirdilər. S.Nəsirov dedi :

- "Gülüstan inciləri-9” toplusu və Rizvan Qiblədağlının "Vardır intizarı xarı bülbülün...” kitabı "Müəllim” nəşriyyatında çap olunmuşdur. Toplunun tərtibçisi və redaktoru məclisin sədri Şixəmməd Seyidməmmədov, "Gülüstanda incilər” başlıqlı "Ön söz” müəllifi isə filologiya elmləri doktoru,professor Vaqif Yusiflidir. Ümumiyyətlə şair və yazıçılarımızın bir araya gəlməsində, onların ədəbi nümunələrinin, yaradıcılıq məhsullarının bölgə,eləcə də respublika ictimaiyyətinə çatdırılmasında "Gülüstan” elmi-ədəbi məclisinin sədri, Azərbaycan Yaçızılar və Jurnalistlər Birliklərinin üzvi Ş.Seyidməmmədovun təmənnasız rolu vardır. Sevinirəm ki, gülüstançılar əvvəlki ənənələrinə sadiq qalaraq sayca 9-cu olan bu kitab almanaxda da öz yeni şeir və hekayələri ilə oxucuların görüşünə gəlib. İnanırıq ki, müasirlərimizin mənəvi aləmi, arzu və istəklərinə, vətənə,torpağa,el-obaya bağlılıqla yanaşı Qarabağ ağrılarına, xalqımızın sarsılmaz birliyinə, tarixi keçmişinə, bugünkü işıqlı gələcəyinə həsr olunmuş şeir və publisist yazılar dəyərli oxucularımız tərəfindən maraqla qarşılanacaqdır. Şair Rizvan Qiblədağlını da ilk kitabı münasibəti ilə təbrik edirəm.

Qafar Süleyman çıxış edərək qeyd etdi ki, insanların qəlbində ümid çırağı yandıran, zehninə bilik nuru çiləyən, minlərlə insanın ürəyinə şirin duyğular toxumu səpən, şeirləri ilə insan qəlbinə dərin nüfuz edən Rizvan Qiblədağlının sadə, fəlsəfi yozumlu düşüncələri hamını ovsunlayır. Şeirlərində vətən təəssübkeşliyi ön sıralarda durur. Peyğəmbərimizlə,vətənimizin bayrağı, gerbi ilə bağlı şeirlərinin hərəsi insan qəlbini bir cür duyğulandırır. Doğma elə, obaya, təbiətə məhəbbətlə səslənir. R.Qiblədağlı elinin, xalqının kədəri ilə kədərlənən, sağlam ruhlu, qayğıkeş insan və şairdir. "Gülüstan inciləri -9” toplunun tərtibçisi və redaktoru Şixəmməd müəllimə də təşəkkür edir, topluda əsərləri dərc olunan yazarların hər birinə isə yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

Daha sonra şairlər yeni qələmə aldıqları şeirlərini oxudular. Sonda Şixəmməd Seyidməmmədov və Rizvan Qiblədağlı özlərinə və yaradıcılıqlarına, "Gülüstan” elmi-ədəbi məclisinə göstərilən diqqətə görə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, "Gülüstan inciləri – 9” toplusunun ərsəyə gəlməsində, təqdimetmə mərasiminin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirdi və gələcək yaradıcılıq planlarından danışdılar.

Pirəli Rüklü, "Gülüstan”

elmi-ədəbi məclisinin üzvi,

şair.