adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2019 14:54
19716
SİYASƏT
A- A+

ZELENSKİ PARLAMENTİ BURAXA BİLƏCƏKMİ?

Ukraynanın yeni seşilmiş prezidenti Vladimir Zelenski Ali Radaya ünvanladığı videomüraciətdə inaqurasiya mərasiminin 19 maya təyin edilməsini tələb edib. "Bunu Ukrayna xalqı tələb edir, o xalq ki, siz onun maraqlarına uyğun hərəkət etməyə and içmisiniz” – deyə müraciətdə bildirilir.

Ukrayna qanunlarına görə yeni seçilmiş prezidentin inaqurasiya mərasimi seçkilərin yekun nəticələrinin elan edilməsindən sonra maksimum bir ay ərzində keçirilməlidir. Nəzərə alcaq ki, Mərkəzi Seçki Komissiyası son seşkilərin nəticəsini aprelin 30-da elan edib, deməli, mayın 30-u son müddətdir.

Ancaq Zelenskinin hövsələsini daraldan tezliklə prezident kürsüsündə oturmaq həvəsi yox, başqa məqamdır. Məsələ burasındadır ki, yeni prezident nəyin bahasına olursa-olsun parlamenti buraxmaq istəyir. Düzdür, hazırkı parlamentin ömrü o qədər də uzun deyil, vur-tut 6 aydan sonra başa çatacaq. Ancaq heç bir siyasi partiya, parlament fraksiyası, hətta kiçik bir dəstək qrupu da durmayan bir prezident üçün 6 ay da böyük müddətdir.

Heç vaxt siyasətlə məşğul olmayan Zelenski birdən-birə onun olimpinə yüksələrək, məşhur serialda oynadığı rolunu real həyatında da yaşamalı oldu. Real həyatınsa filmlərdən fərqli olaraq sonu "həpi end”lə bitən hazır senarisi olmur.

Üstəlik, Ukraynada parlament prezident aparatının "sözəbaxan”bir əlavəsi deyil. Ölkə parlamentrespublikasıdır, parlament isə hərəsinin ağzından bir avaz gələn xeyli sayda partiya, siyasi qrup və fərdlərin ideoloji, merkantil maraqlarının daim toqquşduğu söz və əlbəyaxa savaş meydanıdır.

Zelenski də bunun fərqindədir. Odur ki, elə kürsüyə əyləşən kimi bu qurumu buraxaraq onunla birdəfəlik vidalaşmaq fikrindədir. Şübhəsiz, yeni parlamentdə təşkilatlanmış bir prezident partiyası görmək ümidilə.

Parlamenti buraxmaq haqqında o hələ 12 mayda başqa bir video- müraciətlə çıxış etmişdi. Bu müraciətin ünvanısa Ukrayna xalqı idi. Prezident qərara gəlib ki, əgər müraciətə cavab olaraq bir milyon ölkə vətəndaşı onu dətəkləsə bu addımı atacaq.

Ancaq parlamentin buraxılması ideyasını bir yox, on milyonadam da dəstəkləsə, hazırda onu gerçəkləşdirmək üçün vaxt problemi, seytnot məsələsi var.

İstənilən halda inaqurasiya ən geci mayın 30-kimi keçirilməlidir. Bu qanunun hökmüdür. Zelenskiyəsə bu məhz ayın 27-dən tez lazımdır.

Çünki parlamentin səlahiyyət müddətinin bitməsinə 6 aydan az vaxt qalarsa, prezident onu buraxa bilməz. İndiki haldabu müddət mayın 27-dəbitir. Qısası, prezident hamin günə kimi parlamenti buraxa bilməsə sonra buna hüququ olmayacaq.

Zelenski MSK-nın ünvanına da tənqidlər söyləyib və bildirib ki, qurum seçkilərin son nəticələrinin elan edilməsini qəsddən yubatmaqlaonun parlamenti buraxmasına mane olmağa çalışıb.

İnaqurasiyanın vaxtı parlamentin ümumi yığıncağında sadə səs şoxluğu ilə qəbul olunmalıdır. Əgər deputatlar konkret gün müəyyənləşdirə bilməsələr (sadə səs çoxluğunu yığa bilməmək bu ölkənin parlamentində adi haldır) onda Ali Radanın başçısı bunu müstəqil şəkildə özü təyin edə bilər.

Andiçmə mərasiminin prezidentin istədiyi gündə, yəni 19 mayda keçirilməsi təklifinə isə hələlik yalnız Yuliya Timoşenkonun rəhbərlik etdiyi "Baktivşina” partiyasından dəstək gəlib.

P.S. Bir neçə gün əvvəl deyilirdi ki, parlament mayın 14-də keçirəcəyi toplantıda inaqurasiya gününü təyin edəcək. Amma səhər saatlarında məlum oldu ki, Ali Radanın reqlament komissiyası məsələni sabah müzakirəyə çıxaracaq.Bəs, plenar yığıncaq nə vaxt baxacaq? Bax, bunu bilən bir kimsə hələ ki yoxdur.

M. Məmmədov