QARDAŞ OLUR HAYASTAN-AZƏRBAYCAN?!

AQİL ABBAS
27320 | 2009-10-24 02:28
Təbii ki, millətlər heç vaxt əbədi düşmən ola bilməzlər. Dünyada böyük müharibələr olub, olur, olacaq. Amma sonda bir sülh var (təbii ki, söhbət ədalətli sülhdən gedir) və bu sülhdən də sonra millətlər yenə bir-birinə qaynayıb-qarışır, nəinki dost, hətta qohum-əqrəba olurlar.
   
   Ermənilər bizə əbədi düşmənçilik eləsələr də, bu düşmənçilik hissi ilə yaşasalar da bizlər ya böyüklüyümüzdən, ya da sadəlövhlüyümüzdən heç vaxt onlara əbədi düşmən kimi baxmamışıq. Bizə qarşı nə qədər soyqırım törətsələr də sonda yenə onları bağışlamışıq. Allahın buyurduğu bu kəlamı əsas götürməmişik: "Savaş, sənə qarşı savaşanlarla savaş". Başqa bir kəlama önəm vermişik: "Allah bağışlayanları sevir". Və Tanrının bizi sevməsi üçün düşmənlərimizi bağışlamışıq. Və çox təəssüf ki, Tanrının bizi nə qədər sevdiyi haqqında məndə bir o qədər bilgi yoxdur. Və mənə belə gəlir ki, biz Tanrının yadından çıxan millətlərindənik. Və Tanrı da kim güclüdü onu sevir. Tanrının işinə qarışdığıma görə bir daha Tanrıdan bağışlanmağımı istəyirəm.
   
   Biz təbii ki, ermənilərlə əbədi düşmən qalmayacağıq. Nə ermənilər bu torpaqlardan köçüb gedəndi, nə də bizlər. İlanın zəhləsi yarpızdan gedər, Tanrı da o yarpızı gətirib əkib bizim yuvamızın ağzında.
   
   Azərbaycan xalqı ermənilərlə yenə dost olacaq, dinc yanaşı yaşayacaq, hətta əvvəlki qohum-əqrəbalıqları da, kirvəlikləri də bərpa olunacaq.
   
   Amma bunun şərtləri var. Birincisi: Ermənistan işğal etdiyi torpaqlardan qeydsiz-şərtsiz çıxarılacaq. İkincisi: hamı yurd-yuvasına dönəcək. Üçüncüsü: Ermənistan Azərbaycana vurduğu maddi və mənəvi zərərlərə görə təzminat ödəyəcək. Biz də bunun qarşılığı olaraq vətəndaşımız olan ermənilərin bütün haqq və hüquqlarını tanıyacağıq, Azərbaycan Konstitusiyasında Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuş nə varsa, hamısından erməni vətəndaşlarımız da yararlanacaq. Və Ermənistanın üzünə təkcə Azərbaycanın deyil, bütün dünyanın qapıları açılacaq.
   
   Amma indi məsələ nədi? Dünənki qəzetlərdə oxudum ki, Türkiyədə Azərbaycandan və Ermənistandan olan tələbələri görüşdürüblər. Yeyib-içiblər, zarafatlaşıblar, hətta eyni otaqda qalıblar və sair və ilaxır.
   
   Haindi sınırlar qapalıydı, bəs onda Türkiyədə Ermənistandan olan tələbələr bu ölkəyə necə gedir, bu ölkədə necə təhsil alır? Nə isə. Tələbələr də bu görüşdən çox məmnun olublar, həm ermənilər, həm də bizimkilər.
   
   Xalq diplomatiyası yenidən qızışdırılır. Qardaşlıq mahnıları yenidən oxunmağa başlayıb. Öpüşün biri bir qəpik olub, özü də "Donuz qripi"nin at oynatdığı bir vaxt.
   
   Bəli, hər il bu xalq diplomatiyasını Soros və soroslar, ermənilərin himayədarları atırlar ortalığa və bunlar müzakirə mövzusuna çevrilir, qəzetlər yazır, insanlar xalq diplomatiyası narkotikası ilə uyudulur. Və bununla xalqın nəbzini yoxlayırlar və millətə, sayın Ərdoğanın ən çox sevdiyi sözüylə desək, bunu yavaş-yavaş həzm etdirirlər.
   
   Bizim tələbələri Ermənistan tələbələri ilə görüşdürməkdə mamaçalıq edən qardaş Türkiyəni başa düşürəm. Çünki elə bu günlərdə AKP hökuməti şəhid anaları ilə onların uşağını şəhid edən PKK-çıların analarını öpüşdürmək cəhdində bulundu və öpüşdürdü, amma buna xalqın təpkisi çox böyük oldu. İndi Türkiyə hökuməti şəhid ailələrin və qazilərin mitinq və küçə yürüşlərinin qarşısını ala bilmir.
   
   Bilmək olmaz, bir də gördün ABŞ, Soros və Avropa ölkələri Azərbaycanda da beş-altı şəhid ailəsi tapdı və apardı Tiflisdə, Parisdə, ya nə bilim hansısa xarabada erməni terrorçularının anaları ilə öpüşdürdü. İşlər belə gedərsə, buna da təəccüblənməyin. Çünki xalq diplomatiyası yenə meydana atılıb. Biri buna pis baxır, biri yaxşı baxır.
   
   Qəzetələrdə oxudum ki, bir qrup jurnalist yenə Dağlıq Qarabağa səfər etməyə hazırlaşır.
   
   Artıq erməni jurnalistləri ilə belə görüş Moskvada baş tutub. Bu görüşün iştirakçılarından biri "New. az" agentliyinin rəhbəri Elnur Baimov nə deyir: ""...E.Baimov dedi ki, söhbətlərdə əsas mövzu Ermənistan və Azərbaycan mediasından düşmən obrazının yığışdırılması olub: "Yəni məqsəd odur ki, mediada təhqiramiz məqalələr yayımlanmasın, millət söyülməsin. Birinci şəxslər, qadınlar, ənənələr barədə təhqirə yol verilməsin. Razılığa gəldik ki, ilin axırında daha da geniş tərkibdə görüşək, Azərbaycanı, eləcə də Ermənistanı daha çox sayda jurnalist, media kapitanları təmsil etsin. Sonra erməni jurnalistlərindən ibarət böyük bir qrup Bakıya gələcək. Onun ardınca isə bizlərdən ibarət böyük bir qrup İrəvana gedəcək. Axırıncı mərhələdə isə rus, erməni və azərbaycanlı jurnalistlərdən ibarət heyətin Xankəndinə səfəri nəzərdə tutulub" ("Yeni Müsavat" 3 noyabr)".
   
   Deməli, biz Sərkisyana indən belə sayın, əziz, qardaş, ağsaqqal deyə müraciət edəcəyik. Erməni xalqını sühsevər, humanist xalq kimi təqdim edəcəyik. İrəvana gedəndə də yəqin ki, jurnalistlərimiz "uydurma soyqırım" abidəsinə əklil qoyacaq. Necə ki, Qırğızıstanın keçmiş prezidenti papağı yeməli Əsgər Akayev qoymuşdu. Yəqin ordan gələn jurnalistləri də Şəhidlər Xiyabanına apararlar ki, bir həzz alsınlar və sair və ilaxır.
   
   Arı yeyib, namusu da belimizə atacağıq!
   
   Yaxşı, NTV-nin iki müxbiri Dağlıq Qarabağa gəldiyinə görə hörmətli Elmar Məmmədyarov Türkiyə Böyük Elçisinə bir nota təqdim elədi. İndi bizim bir topa jurnalistimiz Dağlıq Qarabağa gedəcək, onda Elmar Məmmədyarov özü özünə nota verəcək?!
   
   Başınızı çox ağrıtmayım, onsuz da belə axmaq və mənasız yazıları və xəbərləri oxumaqdan başımızda başlıq da qalmayıb.
   
   Biz heç kəsə düşmənçilik eləmirik, ermənilər də bizimlə dost və qonşu yaşamaq istəyirlərsə, yuxarıda dediyimiz şərtlərə əməl etməlidirlər. Əks halda geci-tezi arxalarında kimin durmasından asılı olmayaraq, hansı kərtənkələlərdən zəhər almalarına baxmayaraq, bu dünyanı ermənilərin başına dar edəcəyik.

TƏQVİM / ARXİV