adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 May 2019 17:14
14907
SİYASƏT
A- A+

Amerikalı ekspertdən Paşinyana kəskin cavab

"Paşinyan bu özəl müsahibəni rus mətbuatına verərkən Ermənistanın rus tərəfdaşlarının əhvalını yumşaltmağa çalışıb. Birləşmiş Ştatlarda onun tənqidlərini eşidirlər”.

Adalet.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Karnegi fondunun əməkdaşı, amerikalı ekspert Pol Stronski bildirib. 

O qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan nəhayət iş aparmağa başlamalıdır.

"Şikayət edib, ittiham etmək əvəzinə Paşinyan nəhayət Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində iş aparmağa başlamalıdır. Yeri gəlmişkən, son vaxtlar rus mətbuatından birinə verdiyi müsahibəsində Baş nazir Nikol Paşinyan özünü ABŞ hakimiyyətini ən fəal tənqid edən şəxs kimi təqdim edib” , - deyə Stronski əlavə edib.

Paşinyanın tənqidlərinə haqlı olaraq etiraz edən Stronski qeyd edib ki, onun qeydləri Paşinyanın xüsusi müsahibəsinə aiddir: "Mətbuat orqanlarından birinə verdiyi həmin müsahibəsində Paşinyan, guya ABŞ tərəfini ən çox tənqid edən Ermənistan rəhbəri olduğunu iddia edib. ABŞ ümumiyyətlə Ermənistan üçün müsbət tərəfdaş olub. ABŞ və Ermənistan müqaviləli müttəfiq deyillər, nə də eyni iqtisadi zonada yerləşmirlər. Lakin 1991-ci ildən başlayaraq Ermənistan yardım şəklində 1 milyard dollar verilib. Ermənistan bir nəfəsə ABŞ-dan ən çox yardım alan ölkələrdən biridir. ABŞ bu yardımı edərkən digər ölkələrdən fərqli olaraq, ona hər hansı siyasi, iqtisadi və ya təhlükəsizlik bloklarına qoşulmağa vadar etmir. Bu 1 milyard dollar amerikalı vergi ödəyicilərinin hesabına formalaşan və rəsmi kanallarla gələn yardımdır. Amerikadakı fond və xeyriyyə təşkilatları da Ermənistana yardımlar edir.

Paşinyan bu özəl müsahibəni rus mətbuatına verərkən Ermənistanın rus tərəfdaşlarının əhvalını yumşaltmağa çalışıb. Birləşmiş Ştatlarda onun tənqidlərini eşidirlər. Bu addım onun özü kimi insanların da Ermənistanı dəstəkləməsi məsələsini mürəkkəbləşdirir”.

Ermənistanla münasibətlərdə hansı problemlərin olmasına və ikitərəfli münasibətlərin inkişafı üçün hansı tədbirlərin görülməsinə zərurət olduğuna gəldikdə isə Stronski qeyd edib ki, Ermənistan-ABŞ münasibətlərində zidiyyət var.

"Bir çox dövlətlərin ziddiyyətləri var, Ermənistan baxımından İranla bağlı Tramp administrasiyasının kəskin yanaşması narahatlıq mövzusu ola bilər. Bunun İranla yaxşı münasibətlər saxlamağa məcbur olan Ermənistan üçün çətinliklər yaratdığı anlaşılandır. ABŞ baxımından isə ermənilərdən ibarət hərbi heyətin Suriyada yerləşdirilməsi narahatlığa əsas verən səbəblərdən biridir.

ABŞ və Rusiya Suriyada qarşıdurma həddinə çatıblar. Buna görə də, ABŞ-da hazırlıq keçən minalardan təmizləmə üzrə mütəxəssislərin Rusiyaya dəstək məqsədilə Suriyada yerləşdirilməsi Vaşinqtonda narahatlığa səbəb olub” , - deyə amerikalı ekspert bildirib.

Paşinyanın bu tənqidlərinin ikitərəfli münasibətlərə necə təsir edəcəyinə və ya Birləşmiş Ştatlarda necə qarşılanacağına gəldikdə isə o qeyd edib ki, bu addım Ermənistan-ABŞ münasibətləri üçün faydalı deyil: "Paşinyan nəhayət Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində iş aparmağa başlamalıdır. İran istiqamətində Tramp administrasiyasının fövqəladə şəkildə cəmləşməsi və ABŞ-ın yüksək vəzifəli məmurlarının cəlb edilməməsindən məyus olunduğu məlumdur.

İran siyasətində məyusluq olsa da, istənilən halda bu tənqid münasibətlərə müsbət təsir etməyəcək. Bununla yanaşı bu tənqidlər Ermənistanın arzu etdiyi kimi, Tramp administrasiyasının Ermənistan üçün daha əlverişli ola biləcək İran istiqamətində siyasətinə dair aydınlıq əldə edilməsinə kömək etməyəcək, nə də Tramp administrasiyasının yüksək səviyyədə diqqətini cəlb etməyəcək”.

Stronski xatırladıb ki, Ermənistanın yeni hakimiyyəti bir il əvvəl inqilab dövründə verdiyi vədləri yerinə yetirməyə əsas diqqətini ayırmaqla, yeni hökumətin vədləri icra etməyə qadir olduğunu göstərməlidir.

"Ermənistanın yeni hakimiyyətinin son bir il ərzində fəaliyyətinin Rusiyaya daha meyilli olması açıq şəkildə görünür. Keçmiş hökumət daha çoxşaxəli tarazlaşdırılmış xarici siyasətə malik idi. Bununla yanaşı, Ermənistanın öz siyasətini apardığını və Ermənistanın təhlükəsizliyində Rusiyanın əsas tərəfdaş rolunu dərk edirik. Paşinyanında məqsədi, həmçinin bundan ibarətdir.

Ancaq bununla yanaşı Paşinyanın həyata keçirdiyi islahatlar Rusiyanın uzunmüddətli maraqlarına ziddir. Ermənistandakı şəffaf siyasət Rusiya üçün əlverişli deyil. Rusiya qeyri-şəffaf siyasət dövründə öz təsirini daha geniş yaymaq iqtidarına malikdir. Elə bu qeyri-şəffaf siyasət nəticəsində Rusiya öz mövcudluğunu bölgədə son 10-15 il ərzində artırıb və ümumiyyətlə qorumağa nail olub. Buna görə də, Ermənistan hökumətinin islahatları sözsüz ki, Kremli əsəbləşdirir. Onun qarşısında mürəkkəb problemlər dayanır”, - deyə Stronski sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bu yaxınlarda Pol Stornskinin "Twitter”dəki qeydləri erməni mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. O, "Twitter”dəki yazısında bəyan edib ki, inqilabdan sonra ABŞ-ın Ermənistana yardım etmədiyinə dair Paşinyanın verdiyi bəyanat doğru deyil, xüsusilə inqilabdan sonra Ermənistana yalnız ilk 6 ay ərzində əlavə olaraq 14 milyon dollar verilib.