adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 May 2019 15:57
12480
ƏDƏBİYYAT
A- A+

MƏHSULDARLIQ MÜCƏSSƏMƏSİ

Vaqif İsaqoğlunu uzun illərdir ki, tanıyıram. Xətrini istədiyim adamlardandır.sözümüz-söhbətimiz həmişə tutur. Tez-tez hər birimizə doğma olan «Azərbaycan» nəşriyyatında oturub çay içirik. Ən adi mövzular barəsində də elə ürəkdən, elə şövqlə danışır ki, elə bil Amerikanı təzədən kəşf edib.

Birincisi, Moskva xatirələri. Mən bir çox illər ərzində müxtəlif qəzetlərin Rusiya Federasiyası üzrə müxbiri olmuşam. O, isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hər ikimizin bu meqapolisə vurğunluğumuzdan qaynaqlanan Moskva ilə bağlı söhbətlər, xatirələr bitib-tükənmək bilmir. İkincisi, Vaqif qardaşım ailəcanlı, ev canlı bir insan olduğuna görə nəvələr haqqında da söhbətlərimiz baş alıb gedir. Onun bu keyfiyyətinə də ürəkdən hörmət bəsləyirəm. Maşallah, Tural kimi mükəmməl bir qələm sahibinin atasıdır. O öz yerində. Digər danışmaqdan doymadığımız mövzu isə nəvələrimizdir. Onların hərəkətləri, hoqqaları barədə gaplaşdıqca həm ürəyimiz riqqətə gəlir, həm də ovqatımız təzələnir.

Vaqif İsaqoğlundakı hətta bir tərəfi sadəlövhlüyə söykənən səmimiyyət, onda Allah vergisi bir məziyyətdir ki, hamımız onu belə çox istəyirik…

Ancaq Vaqif deyəndə, onu görəndə, danışıb-gülündə, hər hansı bir olayısa müzakirə edəndə bir məsələ məni həmişə düşündürür: təvazökarlıqdan uzaq olsa da, mən də ətrafımızdakılar da, azdan-çoxdan qələm sahibləriyik, mənim də xeyli sayda kitablarım çap olunub. Və mən yaxşı bilirəm ki, yazmaq, kitab çıxarmaq nə qədər məşəqqətdir və nə boyda fərəhdir…

Di gəl ki, mənim sayın qardaşım Vaqif İsaqoğlu lap «ağ eləyib». Ay kişilər, adamın 76 kitabı nəşr edilər? Əgər ciddi mülahizə eləsək, bu cür yaza bilmək əsl fədakarlıqdır, zəhmətsevərlikdir, böyük qələm eşqidir, özünü ədəbiyyata həsr etməkdir. Vallah, başqa söz tapa bilmirəm…

Tezliklə Vaqif İsaqoğlunun 60 yaşının işığının ətrafına toplaşacağıq. Bu gedişlə getsə, ömür vəfa eləsə, Vaqif qardaşımın 70 illik yubileyində onun neçə kitabı çıxacağını təxminən də olsa təsəvvür edən oğul istəyirəm ki, çıxsın ortaya.

Bir daha 60 illik yubileyin mübarək, qardaşım!

Nizami Rəhmanlı,

yazıçı, jurnalist,

Prezident təqaüdçüsü