adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 May 2019 17:37
8582
GÜNDƏM
A- A+

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 11-ci televiziya yayım kanalının B diapazonu Bakı şəhəri və Abşeron yarımadasında DAB+ standartı üzrə rəqəmli radio yayımı aparmaq üçün ayrılıb.

Bu barədə MTRŞ-nin şöbə müdiri İsa Məmmədov məlumat verib.

O bildirib ki, bu yayım zamanı 12 radio proqramı Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 256 kbit/san sürəti ilə stereo formatında yayımlanacaq: "Bundan başqa, titrlər formasında əlavə məlumatların (dataların) verilməsi də nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Teleradio” İstehsalat Birliyi bu yayımı həyata keçirmək üçün 1 kVt gücündə olan radiovericini istismara verəcək. Radiovericinin əhatə zonası təxminən 80-90 km olacaq”.

İ. Məmmədov qeyd edib ki, Avropa ölkələrinin əksəriyyətində DAB və ya DAB+ standartlı rəqəmli radio yayım həyata keçirilir: "DVB-T standartı üzrə rəqəmli radio yayımının aparılması isə o qədər də effektli sayıla bilməz. Çünki bunu yalnız DVB-T televiziya qəbulediciləri dəstəkləyə bilir. Lakin, Norveçdən başqa, bütün ölkələrdə bu yayım analoq radio yayımı ilə paralel aparılır. Bizim ölkəmizdə də hələlik analoq radio yayımının dayandırılması gündəlikdə yoxdur”.(ONA)