ŞAiR XALQIN XALQSIZ ŞAiRLƏRi

AQİL ABBAS
29958 | 2009-11-02 22:01
Hamı qaçıb gizlənəndə
   
   Sınıq pəncərələrə tutulmuş qəzet kimi
   
   Şairlərə gəlir dünyanın soyuğu.
   
   
   
   Vaqif Bayatlı Odər
   
   
   
   (Əvvəli 24 oktyabr sayında)
   
   
   
   Qəribədir. Atam çox erkən qardaş-bacılarını itirib, 25 yaşlı oğlunu itirib, bir qardaşının da müharibədən qara kağızını alıb, amma ata-anasından ömürləri boyu gizli saxlayıb. Ata-anası da ölənədək elə biliblər oğulları sağdı, itkin düşüb, bundan bir təsəlli alıblar. Və atam bütöv bir nəslin yükünü də çiyinlərində daşıyıb. Heç vaxt nə biz, nə də heç kim atamın güldüyünü, toyda əl götürüb oynadığını görmədi, hətta övladlarının toyunda belə. Mənim xanımım da atasının çəkdiyi əzab-əziyyəti, ağrı-acını atası ilə birlikdə yaşadığından nə indiyədək bir dəfə ürəkdən gülməyib, nə də toyda əl götürüb oynamayıb. Hətta mənim kimi şən, zarafatçıl bir adamla 30 ildi bir yerdə yaşamasına baxmayaraq...
   
   Qəribə idi, insanlar Məmməd Arazı sevirdi, şeirlərini əzbər bilirdi, aşıqlar haqqında dastan qoşurdu. Toyxanada, yasxanada, çayxanada ondan danışırdılar. Bəzi qələm yoldaşları onu qısqanırdılar, hətta deyirdilər:
   
   
   
   - Bunu da lap
   
   Ətağa eləyiblər
   
   
   
   Doğrudan da Məmməd Arazı poeziyanın Ətağasına çevirmişdilər. Amma onu poeziyanın Ətağasına çevirənlər bircə dəfə də gəlib qapısını döymürdülər.
   
   Fikirləşirdim, görəsən altı-yeddi naxçıvanlıdan, bir-iki dost-tanışdan başqa bu qapını açan olacaqmı?! Şairin gözü həmişə qapıda olardı. Qapı isə döyülmürdü. Şair həsrətlə canından çox sevdiyi şair xalqını gözləyirdi, şair xalq isə yoxa çıxmışdı.
   
   İçimdəki bir nifrət əl-ayağıma dolaşıb bir şeyi yazmağa qoymasa da, yazmaya da bilmirəm.
   
   Ermənistanın Urud kəndindən şairin dədə-baba qohumları İsa kişi gələrdi. Söhbətcil, mehriban bir adamıydı, Məmməd Arazı çox sevərdi, qohum kimi yox, bir şair kimi. Onu da deyim ki, İsa kişi şair Musa Urudun atası idi.
   
   Bir də Nursu kəndindən Gövhər adlı bir yaşlı qadın əri ilə birlikdə ildə bir dəfə, bəzən iki dəfə bu qapını döyürdü. O qədər də pay gətirərdilər eyvan tutmazdı. Şairə yun jaket toxuyub gətirərdi, yun corab toxuyub gətirərdi, dəri gödəkçə tikib gətirərdi. O corabın birini hələ də qışda ev-eşikdə mən geyinirəm.
   
   Bir-iki gün qalardılar. Şair onları görəndə sir-sifəti açılardı, əllərinin əsməsi bir az səngiyərdi. Sanki özləri ilə Nursunun havasını, gülünün-çiçəyinin ətrini gətirərdilər. Elə bilirdim İnfil kişinin Nursuda yaşayan qohum-əqrəbalarıdı.
   
   Sonralar Ermənistandan qaçqınçılıq başlayanda gözə dəymədilər. Bir gün dedim:
   
   - Əmi, yəqin Gövhər xalagil qaçqın düşüblər. Deyirəm bir onları axtarıb-tapım.
   
   Şair tutuldu:
   
   - Gövhərgil ermənidilər, oğul.
   
   İndi hərdən fikirləşirəm, görən Qarabağda Gövhər arvadın oğlanları da analarının öz balası kimi sevdiyi şairin xalqına güllə atıblarmı?! Xocalıda soyqırımda iştirak ediblərmi?! Doğrudanmı Gövhər arvad oğlanlarını Məmməd Arazın xalqını qırmağa göndərib?!
   
   Əgər göndəribsə, bu insanlığın sonu deməkdir! Qiyamət günü deməkdir!
   
   Söhbət təkcə dündən, bu gündən getmir.
   
   
   
   Dünya poeziyasının peyğəmbəri Məhəmməd Füzuli
   
   
   
   Osmanlı imperatoru Sultan Süleymanın ona kəsdiyi 9 axçalıq təqaüdü almaq üçün girir mühasibatlığa. Təsəvvür edin! Peyğəmbər girir bir otağa, onun ayağının tozu olmayanlardan biri də başını qaldırıb onun salamını almır.
   
   
   
   Salam verdim
   
   rüşvət deyil deyə almadılar.
   
   
   
   Üstündən 400 il keçir. Azərbaycanın xalq şairi Hüseyn Arif qəbul otağında xeyli gözlədikdən sonra bir məmurun kabinetinə girir, nəsə bir sənəd lazımıymış.
   
   
   
   Məmur deyir:
   
   - Mən sizi tanımıram.
   
   Şair özünü sındırmır və acı-acı gülərək söyləyir:
   
   
   
   Tanımadım dedin, bu düz.
   
   Qarın şişib, enlənib üz,
   
   Mən bir şair, sən bir öküz!
   
   Hardan tanıyasan məni?!
   
   
   
   Hələ də anlaya bilmirəm ki, ayağının tozu olmayanların peyğəmbərin salamını almayan vaxt necə olub ki, Füzulinin ürəyi partlamayıb? Və sonra da fikirləşirəm, bütün peyğəmbərlər sağlıqlarında elə bu əzabı, bu faciəni yaşayıblar. Və görünür onlar insanlardan çox yüksəkdə dayandıqlarından görürlər ki, onlara atılan daşlar göy üzünə atılan daşlar kimidi.
   
   
   
   Ramiz Rövşən:
   
   
   
   Göy üzü daş saxlamaz...
   
   
   
   Hə, əziz qardaşlar! Nə Səməd Vurğun, nə Hüseyn Cavid... Şair xalq heç Füzulinin qapısını döyməyib. Döysəydi "kimi kim bivəfa dünyada görüb, bivəfa görən" şair yazmazdı:
   
   
   
   Kimsə döyməz qapımı
   
   badi-səbadan qeyri...
   
   
   
   Şair xalqının gözünün qabağında
   
   
   
   Haqq mənəm, haqq məndədir, haqq söylərəm -
   
   
   
   deyən, özündə iki cahanı sığışdırıb, özü bu cahana sığmayan:
   
   
   
   Səni bu hüsnü camal ilə,
   
   kamal ilə görüb
   
   Qorxdular həqq deməyə döndülər insan dedilər.
   
   
   
   Bu camal ilə, kamal ilə görüb haqq deməyə qorxub şair dedikləri Tanrı üzlü Tanrı elçisi Nəsimini diri-diri soyurlar.
   
   
   
   Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
   
   Gər bu miskin aşiqi sərpa soyarlar, ağrımaz!
   
   
   
   Şair xalq dillənmir.
   
   
   
   Nəimini diri-diri atların quyruğuna bağlayıb parça-parça edirlər, şair xalq qımıldanmır.
   
   
   
   Bir təsəlli
   
   
   
   Nəimini dörd yerə parçalayanlar bilmədilər ki, əslində bu peyğəmbəri milyonlarla zərrələrə parçalayıb bir bərəkət toxumu tək bütün yer üzünə səpələdilər.
   
   
   
   Nazim Hikmət:
   
   
   
   Şəhidləri
   
   bərəkət toxumu tək
   
   basdırırıq torpağa!
   
   
   
   Nəimiləri, Nəsimiləri də bərəkət toxumu tək basdırırlar torpağa, bunu cahillər anlamaz.
   
   
   
   Şair xalqın dərdindən vərəmləyən
   
   
   
   Bənzər bir qocaman dağa ki dəryada duran
   
   
   
   Sabir kimi bir oğlunun müalicəsi üçün şair xalq beş qəpiyindən keçmir.
   
   Mirzə Cəlil "Molla Nəsrəddin"də Sabirin müalicəsi üçün şair xalqa müraciət edir. Şair xalq hamamda yatdığından, başları it boğuşdurmağa, xoruz döyüşdürməyə, sonyalara klip çəkdirməyə, brayzalara toy eləməyə, ya Qarabağı dirildəcək şeyxnəsrullahlara qarışdığından Mirzə Cəlilin fəryadını eşitmir.
   
   
   
   Vaqif Bayatlı:
   
   
   
   Donurdu Hadinin əlləri,
   
   Qapılılar qapısını bağlamışdı,
   
   pəncərəlilər pəncərəsini.
   
   Buzdan, şaxtadan yollar da qalın,
   
   qara torpaq da qalın, qalın -
   
   üstündə nə qəbir qazılar,
   
   nə dua oxunar.
   
   Allah da bağlamışdı
   
   O dünyanın yolun.
   
   
   
   Üstündə nə qəbir
   
   qazılan, nə "Quran" oxunan
   
   
   
   üzünə hətta Allahın yolu bağlanan Azərbaycanın görkəmli filosofu Məhəmməd Hadi (Hadi şair deyil, Şopenhauer kimi, Nitsşe kimi bir filosofdu, sadəcə olaraq öz fəlsəfəsini Nəimi kimi, Nəsimi kimi, Cavid kimi nəzmlə yazıb) bir tikə çörək pulu üçün küçələrdə oturub əlyazmalarını su qiymətinə satır. Onun yan-yörəsindən ötən şair xalqın anyalara, sonyalara milyonlar xərcləyən, villalar tikdirən, "Range Rover" bağışlayan oğulları filosofu acından ölməyə qoymamaq üçün beş qəpiyindən keçmir.
   
   Və şair günlərin birində Gəncədə xəstəxanada yatarkən bir qəzetin küncündə belə bir elan oxuyur: "Şair Məhəmməd Hadi öldü".
   
   
   
   Acı-acı gülüb deyir:
   
   
   
   - Ey şair oğlunu diriykən öldürən millət.
   
   
   
   Və günlərin birində hansısa bir xəstəxana küncündə kimsəsizcəsinə dünyadan köçür. Onun necə öldüyünü, harda dəfn olunduğunu şair xalqı heç indi də bilmir.
   
   
   
   Məhəmməd Hadi bunu görürdü və yazırdı:
   
   
   
   İnsanları sevirəm, pəki
   
   uzaqdan...
   
   
   
   Millətinin vicdanı olan Hüseyn Cavidi
   
   
   
   şair xalqının gözünün qabağında əllərini qandallayıb göndərirlər Sibirə. Mənə həmişə elə gəlirdi ki, Cavidi Sibirdə torpağa elə əlləri qandallı basdırıblar. O qandalı açmağa qorxublar.
   
   Yaxşı, xalqın niyə susduğunu az-çox başa düşdük. Bəs Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrulun şair xalqın gözü qarşısında acından vərəmləyib ölməsini necə başa düşmək olar? Bu günahı kimin ayağına yazaq? Mələk kimi qızı Turan xanımın qapısını bir elçi döymür, buna nə ad qoyaq?
   
   ... Tanrı, sən saxla! Sən bizi böyüklüyünə və adilliyinə bağışla! Sən bizi nizamilərin, xəqanilərin, füzulilərin, nəsimilərin, mirzə cəlillərin üzünə bağışla! Kim bilir, bəlkə də Tanrı bizi elə onların üzünə bağışladığına görə bu gün varıq və varlığımıza görə onlara borcluyuq.
   
   Şair və müsəlman xalqımız Mirzə Fətəli Axundov kimi bir mütəfəkkir oğlunun üzünə hətta qəbiristanlıqların qapısını qapayır...
   
   ... Mirzə Cəlil övladlarının soyuqdan donmaması üçün əlyazmalarını yandırırdı.
   
   Halbuki Qarabağda yoluxucu xəstəliklər tüğyan edəndə təkcə həyat yoldaşı yox, həm də məsləkdaşı olan Həmidə xanımla kənd-kənd, qapı-qapı düşüb öz vəsaitləri hesabına şair xalqını bir tibb işçisi kimi peyvənd edirdi. Yalnız bircə dəfə Hacı Zeynalabdin Tağıyev kömək üçün onlara 10 min manat pul göndərmişdi.
   
   Amma əlyazmalarını yandırıb uşaqlarını donmağa qoymayanda, daha sonra Sovet hökuməti Həmidə xanımı "xalq düşməni" elan edəndə qapı-qapı düşüb ölümün pəncəsindən qurtardıqları şair xalq nəinki qapılarını döydü, heç salam da vermədi.
   
   Nəhayət, bir gün
   
   
   
   Mircəfər Bağırov
   
   
   
   Ağdamda olarkən Həmidə xanımla maraqlanır, necədi, necə dolanır. Bağırov xalqının alqışını Səməd Vurğuna qaytardığı kimi Həmidə xanıma da qaytarır. Həmidə xanım isə nə Bağırovun dəvətini qəbul edir, nə də Bağırovun qaytardığı xalq alqışını!
   
   Sadıq Murtuzayev Ağdamda katib işləyərkən onun dediyi məşhur bir kəlamı xatırlayıram:
   
   - Natəvan sağ olsaydı Qarabağda yüz kişiyə heykəl qoydurmuşdu. Amma Qarabağın yüz min kişisi Natəvana bir heykəl qoymayıb, heç olmazsa qəbrini götürtməyib.
   
   Qəbri götürtmək nədi, qardaşım?! Ağdamda bir məmur Xan qızının mərmər sinə daşını aparıb qoydurmuşdu həyətdə pilləkanının qabağına. Sonra üstü açılanda aparıb atdılar Qarqarda xəlvət bir yerə, itdi-batdı.
   
   Natəvan! Xan qızı Natəvan! Şairə, rəssam Natəvan! Şair xalqını susuzluqdan xilas etmək üçün bütün var-dövlətini xərcləyən, hətta barmağındakı atası Mehdiqulu xandan qalmış qiymətli üzüyünü də barmağından çıxarıb sataraq Şuşaya ilk dəfə su çəkdirən Xan qızı Natəvan!
   
   
   
   Amma adamın
   
   Allahı olar
   
   
   
   Natəvan Şuşada rəhmətə gedəndə Qarabağ camaatı Xan qızına olan borclarını belə qaytarmışdılar: onun nəşini Şuşadan Ağdama - 37 kilometrlik bir məsafə - çiyinlərində gətirmişdi.
   
   Natəvanı 37 kilometr çiyinlərində daşıyan kişilərin nəvələri isə Xan qızının sinə daşını oğurlayıb öz ayaqları altına qoymuşdular.
   
   Mən nə zaman Qarabağa gedirəm əzizlərimin məzarını ziyarət etdiyim kimi Mirzə Cəlillə Həmidə xanımın evini də, Həmidə xanımın atası Əhməd bəy Cavanşirin (Məmməd bəy Cavanşirin nəvəsi) məzarını da ziyarət edirəm. Mirzə Cəlilin qardaşı Ələkbərin də məzarı həmin qəbiristanlıqda Əhməd bəyin məzarının yanındadı. Xanımımla da bu evi, bu məzarları ziyarət etmişik və xanımım Həmidə xanım haqqında bir telefilm də çəkib.
   
   Əvvəllər Həmidə xanımın evi qaçqınların sığınacağına çevrilmişdi, burda bir neçə ailə yaşayırdı.
   
   7-8 il əvvəl mən Sadıq Murtuzayevin sözlərini Ağcabədinin o vaxtkı icra başçısı, Həmidə xanımın nəslindən olan Fəxrəddin Həsənova danışdım. Sağ olsun, Fəxrəddin Həsənov qaçqınları başqa bir yerdə yerləşdirdi, öz hesabına Həmidə xanımın evini yüksək səviyyədə təmir elətdirdi. İkimiz birləşib binaya muzey statusu da aldıq. Fəxrəddin Həsənov kəndin mərkəzində öz hesabına Həmidə xanımın büstünü də qoydurdu. Əhməd bəyin də ruhu sevindi, Mirzə Cəlilin də, Həmidə xanımın da!
   
   Görəsən niyə on illər boyu Kəhrizli camaatı (olsun Qarabağ camaatı) Həmidə xanıma belə bir sayğı göstərməyib? Mən ildə bəlkə iyirmi dəfə Kəhrizlidə oluram, bircə dəfə də o büstün önündə bir dəstə çiçək görməmişəm...
   
    (Ardını izləyin)

TƏQVİM / ARXİV