adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2019 14:57
24725
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: Adamın yuxusuna hörməti yoxdu Bakının

Quşların da boynu çiynində,

Büzüşüb, balacalaşıb,

Dəni,

Çəyirtkəni

Unutduğu vaxtda,

Yerimin içinə qor dolur birdən–

Qaraçı köçü kimi

Cır-cındırla basıb girir yuxuma

Zibil maşınları!

Allah saxlamış zibilyığanların da,

Sözü-söhbəti – zibil kimi.

Kəlməbaşı da

Əsəbə işləyən cır armud –

Ala-kal hırıltı.

Birdən qulaqlarım

Dünyanın ən xırda sevincinə şərik olur:

–Qələm tapmışam eeeyyy... – qət təzə...

Oğluma aparacam!

Yazıq uşaq gözüyaşlı getdi məktəbə.

"Ağlama, bala, məvacibimi alanda,

Vallah, iki qələmi birdən alacam!”

"Bilmirsən ey, ay ata,

Gözümü deşir müəllimin baxışları!”

Allahın rəhmi varmış üstümüzdə,

Hələ ki, uşaqlarımızın dili var gəlib–

"Ata” deyir bizə.

Ürəyim uyar-uymaz,

Yuxarı mərtəbədən

Kefimizə soğan doğramağa başlayır

Bir məmurun özü kimi harın iti.

Bu yandan da –

"Avtoş”a qaragözlük gələn

Yol polisinin üzgörənlik fiti.

Havalanıram birdən –

Hirsimi tökməyə adam gəzirəm:

–Eheyyy... qaçqınlar!

Nə tez çıxdı kənd-kəsək yadınızdan?!

Gələndə milyon gəlmişdiniz,

İndi beş-on min də

Arta bilmirsiniz azından?! –

Bəs deyilmi ki,

30 milyonluq şəhərin

Qəbirləri düşüb qalıb

30 illik həyatınızdan?!

Bəs deyilmi ki,

Düşmən tapdağındakı

Torpaqlarınızı

Fikrinizdən perik salan

Qaz sayğacları,

İşıq sayğacları,

Su sayğacları

Çökəndə boğazınıza qışda?!

Nə görmüsünüz Bakıda,

Uşaqlarımızın canından iraq,

Bu, dağılmamışda?!